İlham İSMAYIL
Psixologiya dərsi idi. Müəllimimiz, gənc kapitan seminar dərsi keçirdi. Qapı döyüldü, kursun növbətçisi içəri girdi:
– Yoldaşlar, kursun rəhbərliyinin tapşırığı ilə bir xəbəri diqqətinizə çatdırmalıyam. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid İliç Brejnev vəfat edib.
Növbətçi gedəndən sonra sinfə sükut çökdü. Bir neçə saniyədən sonra müəllimimiz əlini əlinə sürtüb:
– Neynək (nu çtojjj…). Gəlin ayağa qalxaq, bir dəqiqəlik sükutla xatirəsini yad edək – dedi və üzündə hətta xəfif sevinc hisslərinin yarandığı diqqətimizdən yayınmadı.
Ayağa qalxıb məlum rituala əməl edəndən sonra dərs davam etdi, amma hamımızın fikri aldığımız xəbərin yanındaydı.
Sonrakı mühazirələrdə müəllimlər böyük dəyişiklik olacağından danışır və dəyişikliyin bizim təşkilatdan da yan keçməyəcəyini söyləyirdilər.
Yuri Andropov ölkə başçısı oldu, Heydər Əliyevi də Moskvaya aparıb Siyasi Büro üzvü seçdirdi.
Bir müəllimimiz yeniliklərə belə reaksiya vermişdi: “В Москве говорят, что уже не ЦК Политбюро, а ЧК Политбюро”.
Açığı, ölkədəki rəhbər dəyişikliyindən bütün Ali Kurs məmnun idi. Andropovun, Əliyevin, Çebrikovun ölkə rəhbərliyində olması bizim məslək sahiblərində qürur, fəxarət hisslərini coşdurmuşdu.
Bakıda isə respublika rəhbərliyinə Kamran Bağırovun gətirilməsini kursumuzdakı azərbaycanlılarla müzakirə edirdik. Açığı, heç birimiz bu təyinatı gözləmirdik. Fikirləşirdik ki, ya Həsən Həsənov, ya da Vaqif Hüseynov olacaq.
Nəsə, siyasi bir qurumda təzəcə addımlar atmağımıza baxmayaraq siyasətdən hələ çox-çox uzaq və naşı idik. Biz sadəcə böyük siyasətin icraedici kiçik əsgərləri olmağa hazırlaşırdıq. Həm də o vaxt klassik siyasət yox, vəzifəyə hansı yollarla, hansı vasitə ilə çatmaq siyasəti vardı. Ölkənin daxili, xarici siyasətini rejimin mahiyyəti müəyyənləşdirirdi. DTK-nın da hərbi qurumdan çox siyasi qurum olduğunu, ölkənin “siyasi gücü” hesab edildiyini müəllimlərimiz tez-tez vurğulayırdı.
Yeni il yaxınlaşırdı, həm də imtahanlar, zaçotlar…
Məktəbin qarşısındakı binada yaşayan bir ailə ilə dostluq edirdik. Ər Lyonya, arvadı Lena. Bizdən əvvəlki azərbaycanlı kursantlar, hətta bizdən sonra gələn yerlilərimiz bu ailəni bir-birinə isnad verir, dostluq münasibətləri davam edirdi. Onlar sonra Azərbaycana gəlib qonaq oldular da…
Yeni ili birlikdə qarşılamağı qərara almışdıq. “Planeta” mehmanxanasında Yeni il şənliyi üçün masa sifarişimiz oldu. Sevlan, mən dost olduğumuz ailə ilə birlikdə gözəl bir yeni il qarşıladıq.
1980-ci ilin Moskva olimpiadasının bir sıra oyunları Minskdə keçirildiyindən bu oteli o zaman tikmişdilər. Minsk restoranları, orda istirahət edən kontingent o qədər səmimi və sevimli idi ki, ordakı musiqi, rəqslər, masa arxasında xorla oxunan mahnılar bu gün də ən gözəl anlar kimi yaddaşımdadır. Mən sonralar Nyu-Yorkun, Las-Veqasın, Parisin, bir çox Avropa ölkələrinin restoranlarında oldum, amma Minsk restoranlarından aldığım ləzzəti, könül rahatlığını, ən əsası o kontingenti heç birində görmədim.
O vaxt Raymond Paulsun Alla Puqaçovanın ifasında olan mahnıları dəbdə idi, amma mənim üçün o mahnılar əbədi dəbdir. O mahnıları bu gün də eşidəndə ən gözəl illərimi – gəncliyimi xatırlayıram. Təəssüf ki, Allanın oxuduğu mahnıdakı kimi, “жизнь невозможно повернуть назад”…
Hərdən lirik haşiyələr çıxmaqda məqsədim odur ki, KQB məktəbində rejim ağır idi, əgər hərdən mədəni tədbirlər keçirməsəydik, psixologiyamızda travmalar əmələ gələ bilərdi. Ali Kursda bizdən əvvəl belə bir hadisə olmuşdu. Hədsiz çalışqan bir kursantın foyedə Dzerjinskinin böyük portretinin qarşısında əyilib “dəmir Feliksin” çəkmələrini sildiyini müşahidə ediblər. Kursantda psixi problemlər yaranıbmış. Tezliklə onu məktəbdən xaric etmişdilər. Bunu müəllimlərimiz də bilirdi və hərdən icazə alıb belə tədbirlər keçirməyimizə mane olmurdular.
Zaçotları verdik. İmtahanlar başlayırdı. Üç imtahan verdim, üçündən də 4 aldım. Orta məktəbi, universiteti Azərbaycan dilində bitirmiş, həm də orta məktəbi kənddə oxumuş bir gəncin tezliklə rus dilində imtahan verməsi asan deyildi.
Qiymətlərimdən razı idim. Rusların, rusdillilərin 3 almasına təəccüb edirdim. Axı onlar üçün daha asan olmalıydı.
Bir aylıq tətil-ixtisasartırma üçün Bakıya qayıtmağımıza bir neçə gün qalırdı. Vətən üçün, doğmalar üçün çox darıxmışdım.
***
İlk dəfə vətəndən bu müddətə uzaq olmuşdum. Bakıya enəndə içimdə iftixar, qürur və tezliklə doğmalarımı görmək sevinci yüksək əhval-ruhiyyə yaratmışdı. Cəmi 3 gün istirahət vermişdilər. 3 gündən sonra mərkəzdə bir aya yaxın ixtisas artırmaya başlamalı idik.
Bakıda qardaşımla görüşəndən sonra kəndə getdim, həmişəki kimi qatarla. Bacım Bəsti məni kəndimizdəki evimizdə gözləyirdi.
Qatardan düşüb evimizə gəlməyimin yaddaqalan tərəfləri bu gün də mənim üçün əzizdir. Universitetdə oxuyanda hər fəsildə imkan tapıb kəndə gəlirdim. Payız, qış aylarında gələndə qaranlıq olurdu. Ağdam qatarı saat 6-da Bərdəyə çatırdı. Yolun kənarında maşından düşüb evimizə heç iki yüz metr olmayan yolu gələr, bir qədər qalmış yoldan həyətimizin itini səsləyər, it səsimi eşidəndə bir ağız hürüb o qədər sürətlə yola, məni qarşılamağa gələrdi ki…
İtimizi səsləməkdə məqsədim onu məni qonşu itlərdən qoruyub evə çatdırması idi. İtimiz əvvəlcə ayaqlarımı iyləyər, bir neçə dəfə ətrafıma fırlanıb sevinclə qabağa qaçar, bir də sevinclə geri dönüb yenə ayaqlarımı iyləyər, düz qapının ağzına kimi müşayiət edər, sonra da təkəbbürlə hürərdi, yəni mənim sahibim gəldi.
Anam həmişə deyərdi ki, it kişi xeylağını çox sevər, ona kişi yemək, yal verəndə, açıb-bağlayanda daha şad olur, nəinki qadın.
Hər dəfə tətilə gələndə qapını anam açar, “ooy, İli balam gəldi” deyib boynuma sarılardı. Bu dəfə illərlə adət etdiyim qarşılanma olmadı. Bu nisgilli hisslərlə bir müddət şüşəbənddə dayanıb fikrə getdim.
Bacılarımla görüşdüm, qohumlar, qonşular görüşümə gəldi. Gələnlər geyimimə baxıb sual verirdilər ki, bəs niyə formada deyilsən. Hərbi formada şəkillər göndərmişdim, elə bilirdilər ki, elə burda da formada olmalıyam.
Atamın, anamın qəbrini ziyarət etdim. Fürsət tapıb Bərdədə keçmiş iş yoldaşlarımla da görüşdüm.
Bakıya qayıdıb DTK-ya gəldik. Bakıda evi olmayanlara “Azərbaycan” mehmanxanasında dövlət hesabına otaq verdilər. İxtisas artırma dövründə orda qaldım, işə bir neçə addımlıq olması rahatçılıq idi.
(Ardı var)
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri: 1 2 3 4 5 6