Eşq və xəyanət
- 31 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Novator.az Aynur Məsimovanın (Təmkin) “Eşq və xəyanət” povestinin təqdimatına başlayır. Povest ilk dəfədir dərc edilir.
Aynur Məsimova Şəki şəhərində ziyalı ailəsində doğulub. Şəkidə orta məktəbi, Bakıda Əzim Əzimzadə adına rəssamlıq texnikumunu bitirib. Bir müddət Şəki Şəhər Rəsm Qalereyasında elmi işçi vəzifəsində çalışıb. 1999-cu ildən Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin rəssamlıq söbəsinin müəlliməsidir. 2016-cı ildə ilk fərdi rəsm sərgisi açılıb. 2017-ci ildə “İtirilmiş səadət” adlı hekayələr kitabı işıq üzü görüb.
Aynur MƏSİMOVA (TƏMKİN)
Eşq və xəyanət
(Povest)
Nihalın ağlamaqdan gözləri qıpqırmızı qızarmışdı. Qadın içini döyə-döyə ağlayır, gah da çılğıncasına yerindən qalxıb o yan-bu yana gəzinirdi. Göz qapaqları o qədər şişmişdi ki, ağırlıq edir, kipriklərinə yığılıb qalan yaş damlaları yanağı boyu yuvarlanırdı. Nihal bu otaqda, Şahanə öz otağında sanki zindanda imiş kimi çırpınırdılar.
Hər ikisi öz aləmlərinə görə haqlı idi. Şahanə sevgisinin bu qədər gözlənilməz qarşılanacağını ağlına gətirməmişdi. Qız bir xeyli vaxt otağın qapısına söykənəli qaldı. Öz-özünə söylənərək nələrin baş verdiyini anlamağa çalışırdı. Həmişə anlaqlı, mülayim olan anası onun hisslərini başa düşməmişdi. Axı niyə? Sevmək qəbahətdir məgər? Ailə qurmaq, ev-eşik sahibi olmaq onun haqqı deyildimi? Axı anam niyə belə edir? Qız anlaşılmazlıq içində fikirləri ilə boğuşur, fəqət səbəbini tapa bilmirdi. Bir yandan da anasına üzülürdü. İçində bir qorxu, bir əzab vardı. Anasının onsuz da zəif olan ürəyi narahat olub, təzyiqi qalxa bilərdi. Bunu da Şahanə özünə bağışlaya bilməzdi.
Cəld otaqdan çıxıb anasına yaxınlaşdı. Ehmalca əlini onun çiyninə qoydu. Nihal başını qaldırıb gözlərini qızına zillədi. Şahanə bu an anasının üzündə elə bir ifadə gördü ki, gözləri doldu. Anasının bu hala düşəcəyini təxmin edə bilməmişdi. Qəlbində özünü lənətlədi. Və həmin andaca qərarını verdi. Heç nə, heç kim anasına olan sevgisinin, istəyinin qarşısını kəsə bilməzdi. İçində nəsə güclü bir hissin qırıldığını hiss etdi. Ürəyinin başında yaranan küt ağrı sinəsi boyunca yayıldı. Bəlkə bu onun ən böyük səhvi, acizliyi idi. Amma olsun. Anası onun üçün dünyanın ən əziz varlığı, həyatda ən böyük sevgisi idi.
– Ana, qurbanın olum, daha bəsdi, – deyə hönkürüb Nihalı quçaqladı. – Sənin canına and içirəm ki, mən bütün hisslərimi bu an qəlbimə gömdüm. – Əlləri əsə-əsə anasının gözlərini sildi. – Bağışla, ana, bağışla, sənə qurban. Mən sənin bu qədər üzülə biləcəyini düşünməmişdim. Daha üzülmə. Sənə söz verirəm. Ərə getmək söhbətinə birdəfəlik nöqtə qoydum. Təhsilimi davam edəcəm. Nə Məşədi Əliabbas nəslinin adını çəkəcəm, nə Raufun.
Məşədi Əliabbas adını eşitcək qadının gözlərində qorxu qarışıq bir qəzəb yanıb söndü. Lakin qızının söylədikləri onu bir qədər sakitləşdirib içində bir ümid yaratdı. Nihal da bütün analar kimi qızının ailə quracağı günü xəyal edir, onun yaxşı bir insanla ailə qurmağını arzulayırdı. Arada söz eşitdirən, qulağını çəkənlər olur, o da bütün bunları xoş qarşılayaraq heç kimi üzmədən, qəlbinə dəymədən: “Hələ mənim qızımın ailə qurmağına çox var” deyib onları yola salırdı. İnsan qəlbinə dəymək, onu incitmək bu qadına yad hiss idi. İllər öncəsi çox önəm verdiyi, gələcəyinə ümid bəslədiyi bir tələbəsinin yaşının ən gözəl çağında ailə qurub sənəti tərk etməsi ona bərk təsir etmişdi. Gözəllər gözəli Ayanın başına gələnləri eşitdikdə qadının tükləri biz-biz olmuşdu. Ayanın kasıb ailəsi oğlanın hərbə-zorbasına tab gətirməyib, qızlarını cəhənnəmin oduna ataraq, onun gənc ömrünü puç etmişdi. Hamilə vəziyyətdə masanın üstünə stul qoyub kəmərlə döyülə-döyülə çilçıraq sildiyini eşitdikdə Nihal Ayan üçün göz yaşı axıtmışdı. O zamandan bəri qadın Məşədi Əliabbas törəsindən olan hər kəsə nifrət etmişdi.
Bir zamanlar oğurluqla, cibgirliklə məşğul olan Əliabbasın necə Məşədi olduğunu heç kəs bilmirdi. Var-dövləti oğru damğasını onun üstündən çoxdan silib atmışdı. Bütün pisliklərdə əli olan Məşədi özündən sonra büyük nəsil qoymuş, onlara da bütün xüsusiyyətlərini vermişdi. Bu nəslin oğlanları bir qıza göz qoydusa, mütləq onun olmalı idi. Xoşla verməsələr ata-anasına silah çəkib zorla, hərbə-zorbayla özlərinə arvad edər, qadınları qır-qızıla tutar, lakin olmazın əziyyətlər verərdilər. Onların qapısından içəri girən heç bir gəlinin üzü bir daha görünməz, bütün haqları əllərindən alınardı. Məşədi Əliabbaslar şəhərdə müştəbeh gəzər, dünya-aləmi babalarının varidatı sayardılar. Əyri yollarla əldə etdikləri gəlirləri yüngül həyat sürən qadınlara sərf edən bu adamlar öz qadınlarını döyüb söyməkdən çəkinməzdilər.
Bütün bunları bilən hansı ana qızını bu od-alovun içinə atardı? Bəlkə bunlar elə deyillər. Bəlkə onların içində ən yaxşısıdır. Amma olsun. İlanın ağına da lənət, qarasına da. Mən nəinki qızımı, heç onun dırnağını da onlara vermərəm. Vermərəm. Nihal ani tərəddündən sonra ayağa qalxdı. Bir anlıq Şahanə olan otağa boylanıb həyətə endi.
Gecə boyu yağan yay yağışı kəsmiş, dağları çənginə alan boz buludlar seyrəlmiş, günəş nazlı gəlintək isti ləçəklərini aləmə yaymışdı. Bununla belə hava yenə çox sərindi. Şahanə nazik adyalın altında büzüşüb uzanmışdı. Səhərəcən göz yaşları yastığını islatmış, səhərə yaxın gözlərini yuxu tutaraq onun yorğun beynini dincəltmişdi. Gənc qızın yenicə üzdüyü eşq dənizində gəmisi sal daşa dəyib parçalara bölünmüşdü. Artıq onların bir araya gəlməsi, bir-birinə qovuşması təqdiri-allaha qalmışdı.
Şahanə öz-özlüyündə bilirdi ki, dünyada ən çox sevdiyi anasına verdiyi sözə heç zaman xilaf çıxmayacaq, sevgisini içinə göməcək, verdiyi vəddən dönməyəcəkdi. Telefonun titrəyişindən diksinərək gözlərini açdı. Bir anlıq çaşqınlıq içində qaldı. Amma yavaş-yavaş özünə gəldi. Yarı yuxulu halda telefonu götürüb baxdı. Açmağa cəsarət etmədi. Raufa nəyi, necə deyəcəyini bilmədi. Qalxıb yastığa söykəndi. Nə çox sevdiyi yasəmən ətri, nə parıltılı yağış damlaları, nə günəşin boz buludlar arxasından batıb çıxması onun kədərini dağıtmırdı. İndi bu dəqiqə, bu an onun fikirləri ucu dolaşıq düşmüş kələfə dönmüşdü. Özünə acımırdı. Bu hissə nifrət edirdi. Amma nə edəcəyini də bilmirdi. Çarəsizlikdən çaşmışdı. Raufa verdiyi sözə dönük çıxmışdı. İndi onunla danışmağa cəsarət etmirdi. Ancaq əvvəlində-sonunda qız ona açıqlama verməyə məcburdu. Oğlanın bütün bunları bilməyə haqqı vardı. Daha məsələni çıxılmaz vəziyyətə gətirməyin anlamı yox idi.
Telefon aramsız zəng çalırdı. Şahanə ümidsizlikdən başını itirmiş halda vurnuxa-vurnuxa qalmışdı. Telefon əlində bir xeyli dayandı. Tərəddüdlə telefonu açdı.
– Alo.
– Şahanə, salam.
– Salam, Rauf.
Oğlanın həyəcanlı səsi qəlbini titrətdi.
– Sən haralardasan, Şahanə? Niyə telefonu açmırsan? Səndə heç insaf yoxdurmu, ay qız. Danışa bilmirsən, barı bir şey yaz.
– Nə yazım, nə deyim?..
– Bu nə deməkdir, Şahanə?
– Nə olar, Rauf, bir mənə qulaq as. Səni nə qədər sevdiyimi bilirsən. Sənə olan hisslərim o qədər saf və təmizdir ki, anlatmağım belə çətindir. Amma ondan da çətini səndən ayrılmağımdır.
Rauf nəsə söyləmək istədi, Şahanə macal vermədi:
– Səni üzməyə haqqım yoxdu. Səni sevdim, sonunacan sevəcəm də. Amma bizim bir araya gəlməyimiz mümkün deyil. Bəlkə də səni yarı yolda qoyduğum üçün mənə nifrət edəcəksən. Əslində haqqın da var. Amma nə olursa olsun, qəlbim səndə qalacaq. Ona görə də səndən xahiş edirəm daha məni gözləmə. Çalış xoşbəxt ol. Həyatını qur, mənim varlığımı da unut.
Göz yaşları sözünə baxmadı, yanaqları boyu süzülüb boyun-boğazını islatdı. Dili-dodağı titrəyə-titrəyə kresloya oturub, dizlərini qucaqladı. İlk dəfə olaraq özünə acıdı. Hönkürərək yastığı üzünə tutdu:
– Bağışla, bağışla, bağışla, Rauf! Mən sevgimə sahib çıxa bilmədim. Demək ki, sənin məhəbbətinə layiq deyiləmmiş…
Elgiz qızının hər zaman deyib-gülməsindən nəşələnər, bir ata qüruru ilə ona baxıb fəxr edərdi. Qızı isə lap körpəlikdəki kimi atasının hər gəlişində qaçıb onun boynuna sarılar, atasını o ki var öpüb-qoxlayardı. İndi ata qızının səssiz-səmirsiz durmasından narahat olub elə hey Nihalı sorğu-suala tutur, lakin heç nə öyrənə bilmirdi. Atanın get-gedə təşvişi artır, üzüntü içində qızını qıraqdan-qırağa seyr edirdi. Şahanənin hər keçən gün rəngi daha da solur, gözlərinin altı halqa salırdı. Ailənin dadı-duzu qaçmış, sanki hər şey əvvəlki rəngini itirmişdi.
Rauf neçə vaxtdı məhəllədə vurnuxur, qızı bir anlıq görmək üçün səhər-axşam onların qapılarının ağzından əl çəkmirdi. Diqqət çəkməmək üçün hər dəfə maşını dəyişir, məhəllə sakinlərinin dilinə düşməkdən çəkinirdi. Şahanənin qəfil hərəkəti oğlanı tərs şillə kimi tutmuşdu. Qızın zənglərə, mesajlara laqeyd qalması onu bərk təşvişə salmışdı. Oğlan qızın hərəkətlərini anlamağa çalışır, amma bir nəticəyə gələ bilmirdi.
Yox, bu belə olmayacaqdı. Onun qızla görüşməsi labüddü. Hər şeyin yolunda getdiyi bir vaxtda baş verənlər onun üçün çox gözlənilməz olmuşdu. Evlənməyi düşündüyü qız indi birdən bütün xəyallarını alt-üst edərək, onu sözün əsil mənasında dəliyə çevirmişdi. Oğlan səhər erkəndən məhəlləyə gəlir, maşında oturub qapını gözətləyirdi.
Günün birində Elgizlə Nihal çıxıb getdikdən sonra oğlan maşından tələsik enib o yan-bu yana boylandı. Küçə boşdu. Rauf darvazanın önündə durub zəngi basdı. Qapı açılan kimi həyətə girib qapını arxasından bağladı. Qız oğlanı qarşısında görüb çaşdı. Ürəyi əsdi, dodaqları səyridi. Sevdiyi oğlan qarşısında durmuşdu, həm də burada onun öz evində. İçindən uşaq tək oğlana sığınmaq keçdi. Amma özünü ələ aldı:
– Rauf, sənin nə işin var barada! Niyə gəldin? Səni burada görsələr mən kimə nə cavab verəcəm.
Oğlanın həm qəzəbli, həm məlul baxışları altında nitqi qurudu, daha bir kəlmə deyə bilmədi. Raufun amiranə səsi onu silkələdi:
– Mənə deyəcəyin heç nə yoxdur? Bu nə deməkdi?! Bəlkə səni inçitmişəm, qəlbinə dəyəcək nəsə etmişəm. De, mən də bilim, könlünü alım. Şahanə, nə sən uşaq deyilsən, nə də mən. Əgər bir səhvim olubsa, günahımı yumağa hazıram. Amma belə səssiz durma. De ki, nə baş verdiyini bilim. Susma, qız. Səbrimi daraltma, Şahanə. Mən bir yola çıxdım. Yoldaş da səni seçdim. Sən məni, mən də səni sevdim. İndi bunun qarşısında durmusan ki, ay nə bilim məni unut, nə bilim neylə…
Qız dərsini bilməyən uşaq tək oğlanın qarşısında durub, key nəzərlərlə onu süzürdü. Rauf qızın dinmədiyini görüb daha da hiddətləndi. Axı o haqlı deyildimi, Şahanə bir səbəb göstərib açıqlama verməli deyildimi?
– Nə desən haqlısan, Rauf. Amma neyləyim. Anam evlənməyimizi qəbul etmir, – deyə qiz dilləndi.
– Niyə? Nihal müəllimə heç məni tanımır da. Nə səbəbə istəmir ki? – Rauf təəccüblə soruşdu.
– Anam səni yox, sizin… – Sözü dilinin ucundan geri qaytarıb, udqundu. Ürəyində deyindi: “Axı necə deyim ki, sizin nəsli istəmir…”
Oğlan gülümsədi:
– Hə, nəslimizi deyir, eləmi? Düzü, anlamağa çətinlik çəkirəm. Axı biz kimə neyləmişik ki, bu camaat bizdən çəkinir. Hər nəsildə pis də var, yaxşı da. Bir-ikisinə görə bütün nəsli qara siyahıya salmaq doğru deyil məncə… – Oğlan bir anlıq susdu. Diqqətlə qızın gözlərinə baxdı. – Sən məni necə sevdin, Şahanə? Hələ ilk həmlədə geri çəkildin. Mənsə sənə görə nələr etməzdim.
– Rauf, heç ağlıma gəlməzdi ki, kimisə sevə bilərəm. Ancaq sevdim. Sənə bağlandım. Mənim sənə olan hisslərim o qədər güclüdür ki, bəzən özüm də çaşıram, özümü tanıya bilmirəm… – Dərindən ah çəkdi. – Sən onu bil ki, nə olursa olsun səni sevməkdən heç zaman vaz keçməyəcəm. Mən heç kəsə nə yar olacam, nə qadın. Amma səninlə də ata-anamın xeyir-duası olmadan evlənməyəcəm. Əgər bacarsan məni bağışla. Sən düz deyirsən, mən elə ilk həmlədən geri çəkildim. Amma peşman deyiləm. Mən sənə olan eşqimdən ölməyə hazıram. Amma elə olsa belə anamı incidə, ona verdiyim sözü poza bilmərəm. Məndən üz çevirsən, nifrət etsən, haqqın var. Nə deyə bilərəm ki?.. Xoşbəxt olmaq, ailə qurmaq sənin haqqındır. Evlən, məni də unut. – Dili-dodağı titrədi, qəhərdən boğazı yandı.
– Nə evlənmək, ay qız! Dəlisən, dəli. Mən iki dünya bir ola, yenə ancaq səninlə evlənəcəm. Bunu bil. İndi gedirəm. Amma yenə dönəcəm. Bu sevdadan nə vaz keçənəm, nə də kiminləsə evlənən. Ölsən də, qalsan da mənim olacaqsan.
Qızın ağlar gözləri Raufun qəlbini parçaladı. Onu daha artıq üzməmək üçün çevrilib qapıdan çıxdı.
Qəribə tarixçəsi vardı bu sevginin…
(Ardı var)