İlham İSMAYIL
Səhəri Ağdama getdim. DTK-nın rayon bölməsinə yaxınlaşdım, qapıçı məni Zeynalovun, o da rəisin yanına apardı.
Rəis Əvəz Quliyevin ilk sualı rus dilini necə bilməyim oldu. Sonra söhbət rus dilində aparıldı. Rəis nəticədən razı qaldığını, amma çalışmamın vacibliyini deyib, tərcümeyi-halımı rus dilində yazıb Zeynalova verməyimi tapşırdı.
Avtobioqrafiyamı rus dilində yazıb təhvil verdim, bir az da həyəcanlıydım ki, qrammatik səhvlərim olsa nə deyəcəklər?
Yazdıqlarıma baxıb yaxşı yol dedilər və özləri əlaqə saxlayacaqlarını deyib xudahafizləşəndə bir daha tapşırdılar ki, bu barədə heç kimə bir kəlmə də danışmayım.
Ağdamdan qayıdanda fikirləşirdim ki, yəqin bir neçə günə işə başlayacağam. Təxminən iki ay keçmişdi, öz-özümə bu qənaətə gəlirdim ki, yaddan çıxmışam, bu da bir iş idi, maraqlandılar və hər şey bitdi.
İyun ayı idi, səhər iş otağıma yenicə girmişdim, zəng gəldi, KQB-dən Zeynalov idi, tapşırdı ki, Ağdama gəlim.
DTK-nın Ağdam bölməsi Ağdamdan başqa Ağcabədi, Bərdə, Tərtər rayonları ərazisində xidməti funksiya həyata keçirirdi. Bu zəngdən sonra məndə yenidən yaxşı əhval və sevinc dolu ümid yarandı.
Ağdamda rəis qəbul edib söylədi ki, hamını yoxladıq, cavablar müsbətdir, qaldı sağlamlığın, sonra da əlavə etdi: “Bir xəstəliyin, filan yoxdur ki?”
Yox cavabımdan sonra sağ olan dayılarım, əmilərim, bacılarımın yoldaşları barədə də yazılı informasiya alıb, çağıracaqlarını deyib yola saldılar və həmişəki kimi heç kimə heç nə danışmamağımı xatırlatdılar.
Bölmədən çıxandan sonra anlayırdım ki, məsələ düşündüyüm kimi sadə deyil. Ailəmiz, yaxın qohumlar yoxlanır, özüm yoxlanıram, mənə nəzarət olunur. Yoxlama mexanizmlərinin necə olduğunu bilmirdim və yalnız işə qəbul olandan sonra bu prosesin necə həyata keçirildiyini öyrəndim, daha doğrusu, öyrətdilər.
Sadə görünən isə rayon bölməsindəki iş otaqları, işçi sayının az olması, başqa idarələrin iş otaqlarından xüsusi bir fərqin olmaması idi. Amma bundan sonra hər şey görünən sadəlikdən mürəkkəbliyə doğru inkişaf etməyə başladı.
Avqust ayında Zeynalov məni yenə Ağdama çağırıb DTK-nın poliklinikasına göndəriş vərəqəsi verdi. Bakıya gedib poliklinikada həkim komissiyasından keçdim. Hər bir yoxlamadan sağlam çıxdım, dişlərimdən başqa. Komissiya müalicəlik bir neçə dişimin olduğunu söyləyib müalicədən sonra gəlməyimi bildirdi.
Bu faktı yada salmaya bilərdim. Yazmaqda məqsədim odur ki, KQB-də, xüsusi xidmət orqanlarında həqiqi hərbi xidmətə qəbul olunananlara ciddi yanaşma vardı. Bəlkə də deyə bilərdilər ki, komissiyadan səni keçiririk, amma get dişlərini müalicə et. Xeyr. Xüsusi xidmət orqanında münasibətlər çox ciddi, prinsipial, professionallıqla qurulmalıdır. Burda ilkin münasibət həm də xarakter formalaşdırır, bu isə keyfiyyətli xidmətin başlanğıcıdır, zabitin gələcək işinə prinsipial yanaşma tərzidir, burda “qanunun yanından keçmə” anlayışı olmamalıdır, çünki bu cür yanaşma əvvəl bir nəfərin işini, sonra bütöv bir qurumu, nəhayət, adından göründüyü kimi, dövlətin təhlükəsizliyini təhlükəyə sala bilər. Yaxın tariximizdə biz bu vəziyyətin şahidi olmuşuq.
Tez bir zamanda dişlərimin müalicəsi başa çatdı və təkrar komissiyadan uğurla keçdim.
KQB-nin yoxlamaları isə davam edirdi. Orta məktəbdə ədəbiyyat müəlliməmizlə, direktorla barəmdə söhbət etdiklərini bir neçə gündən sonra eşitdim. Universitet müəllimlərimlə, dekan Tofiq Rüstəmovla söhbətlərini də sonralar öyrəndim, qiymət cədvəlimə qədər baxmışdılar.
Bir gün Zeynalov iş yerimə gəlib bir sənəd verdi, ordakı suallar və tezislər əsasında avtoreferat yazmalı olduğumu söylədi. Bir ay vaxtım olduğunu deyib getdi. Sənəddə xeyli sual vardı, avtobioqrafik suallarla yanaşı dostluq və dostlarım haqqında, hobbi, maraq dairəsi, ədəbiyyat, sevdiyim yazıçı, bəstəkar haqqında, musiqiyə, hətta heyvanlara münasibət barədə suallar qoyulmuşdu.
Azərbaycan dilində referatı hazırlayıb, Leninqradda təhsil almış qohumum Cavanşir müəllimin yanına gedib bir yerdə tərcümə etdik. Maraqlı avtoreferat alınmışdı, yəni oxunaqlı idi, suallar nə qədər rəsmi olsa da, cavablarda bədii detallar, hətta romantika vardı.
Bərdədə işləməyimin bir ili tamam oldu. Kommunist Partiyasına üzv olmağım vacib şərtlərdən idi. Ərizə ilə müraciət etdim. Partiyaya qəbul edənlərlə bir binada otururdum, hər gün görüşdüyüm adamlar heç bir bürokratiyaya yol vermədən məni üzvlüyə namizəd qəbul etdilər.
Ağdama gedib məlumat verdim. Yadımdadır, rəis Əvəz Quliyev Bakıya zəng edib hazırladığı kadrın, yəni mənim artıq partiyaya qəbul olunduğumu dedi və əlavə etdi ki, gəlin bu məsələni uzatmayaq, bu oğlanı ya birbaşa işə götürün, ya da məktəbə oxumağa göndərin, bizim də adımızı o qara siyahıdan çıxarın.
Telefonu yerinə qoyub “Yəqin avqustda səni oxumağa göndərəcəklər” dedi. Hələ yoxlamaların bitmədiyini deyib hərəkətlərimə diqqət etməyimi tövsiyə etdi.
May ayı gəldi, məzuniyyətə çıxdım və Moskvada komsomolun Mərkəzi Komitəsinin “Yoloçka” istirahət mərkəzinə getdim. Kaş getməyəydim. Bu, ömrümün ən kədərli, heç vaxt yaddan çıxmayan, həmişə əzabla xatırlayacağım məzuniyyətim oldu.
Anam məni qapıya qədər yola salıb üzümdən öpdü. Hər dəfə məni Bakıya yola salanda, ya vacib bir işin arxasınca gedəndə, bir uzaq yerə səfər edəndə məndən əvvəl darvazadan çıxıb yola baxar, qarşıma ilk kimin çıxmasına fikir verər, əgər yolda uğursuz bir adam olsa əli ilə işarə edərdi ki, geri qayıt, yox, münasib birini görsəydi, yenə əli ilə çağırardı ki, gəl.
Anam adətinə xilaf çıxmadı, bu dəfə də missiyasını yerinə yetirdi, məni hifz etdi, amma özünü yox.
Qayıtmağıma bir həftə qalmışdı. İstirahət mərkəzinə mayın 22-də qardaşımdan teleqram gəldi: “Anan ağır vəziyyətdədir, təcili gəl”.
Axşamtərəfi idi. Əşyalarımı yığışdırıb aeroporta gəldim. Bakıya heç bir reysə bilet yox idi, teleqramı göstərdim, xeyri olmadı. Tbilisiyə bilet olduğunu öyrənib gecə reysinə bilet aldım. Uçuş boyu Allaha yalvarırdım ki, bircə anamı sağ görə bilim. Onun həyatda olmadığını fikirləşəndə göz yaşlarımı saxlaya bilmirdim.
Tbilisidə düşüb bir taksiylə Gəncəyə gəldim. Gürcü sürücü Gəncəyə qədər gedə biləcəyini söyləmişdi. Gəncədən də bir taksiyə əyləşib kəndimizə yol aldım.
Kəndə yaxınlaşdıqca həyəcan məni boğurdu, yol kənarında anamın dayısı və bibisi oğulları İslam dayıyla Fərrux dayını görüb maşını saxlatdım. Maşına minib kədərlə üzümə baxdılar, o an yəqin etdim ki, anam artıq həyatda yoxdur. İslam dayı dedi ki, orda adamlar var, özünü sakit apar, sən daha yekə kişisən.
Elə bu sözə bənd idim. Maşının qabaq hissəsindən arxaya çönüb hönkürə-hönkürə: “Axı niyə orda adamlar var, niyə orda adamlar var?” deyirdim.
Maşın həyətimizə girdi, bacılarım, qardaşım başıma yığışdılar.
Anamı son mənzilə yola sala bilməməyim yaşadıqca mənim əbədi əzabımdır. Bu mənim qismətimmiş.
Atam da, anam da 62 yaşında bu dünyadan köç etdilər. Qardaşım da 60 yaşında dünyaya vida edib. Sonralar söhbət düşəndə övladlarımın yanında deyirdim ki, ailəmizdə 62-ni o yana keçən yoxdur, yəqin mən də 62-dən artıq yaşamayacağam.
Bir gün oğlum Cavidan həyəcan və sevinclə gəlib boynumu qucaqladı: “Ata, təbrik edirəm, sən çox yaşayacaqsan”.
Soruşdum: – Hardan bildin?
Cavidan: – Dilşad bibimin (böyük bacımın) 63 yaşı oldu, deməli, sən də çox yaşayacaqsan.
Güldüm, sən demə, uşaq ürəyinə salıbmış ki, əgər ailəmizdə bu yaşda dünyadan köçürlərsə, onda atam da 62 yaşında öləcək.
Bu sətirləri yazanda 59 yaşım var, necə olacağını Allah bilir…
Qırx mərasimini verəndən sonra hər kəs evinə getdi. Bacılarım hərdən kəndə yanıma gəlir, məni tək qalmağa qoymurdular.
Hələ də dəqiq bilinmirdi ki, məni oxumağa göndərəcəklər, ya yox.
İyul ayında məni Bakıya, kadrlar şöbəsinə çağırdılar. Orada mənim işimi hazırlayan Fərəcov soyadlı əməkdaş DTK sədrinin kadr üzrə müavini Xalıkov Əbdül Süleymanoviçlə görüşəcəyimizi və qərar veriləcəyini nəzərimə çatdırdı.
Günortadan sonra general-mayor Xalıkov məni və Fərəcovu qəbul etdi. Avtobioqrafiyama, işimə aid suallar verdi, sonra avtoreferatıma baxıb “Çox gözəl referat yazmısan, çox xoşuma gəldi, amma səhvlərin də var”.
Fikirləşdim ki, yəqin qrammatik səhvlərimi deyir.
General eynəyini taxıb “Bax, burda yazırsan ki, çox sevdiyin bəstəkar Üzeyir bəy Hacıbəyovdur. Yadında saxla, sən Üzeyir bəy deyə bilməzsən, Üzeyir Hacıbəyov deyə bilərsən. Üzeyir bəyi Niyazi, Fikrət Əmirov deyə bilər, sən yox”.
Bəy sözünə hələ də “sovet prizmasından” baxılırdı, xeyli zaman keçsə də…
Sonra bir neçə tarixi dəqiqləşdirmə də aparıb dedi: “Azərbaycan DTK-sı səni Minsk şəhərinə, SSRİ DTK-nın bir illik Ali Kursuna göndərməyi qərara alıb. Bilməlisən ki, sən DTK-ya qəbul olandan sonra əmrə tabe hərbiçi olacaqsan, harda desələr, orda da xidmət keçəcəksən. Sən lazım gəlsə soyuq Sibirdə, lazım gəlsə isti Afrikada xidmət edəcəksən. Yəqin Fərəcov səni təlimatlandırıb”.
Sonra əlimi sıxıb uğurlar arzuladı və nə vaxt yola düşəcəyimi xəbər verəcəklərini dedi.
Təxminən avqustun ikinci yarısında Minskə gedəcəyim bəlli oldu.
1982-ci ilin avqust ayında iş yoldaşlarımla, qohumlarımla, doğmalarımla xudahafizləşdim.
Dostlar yenə də məni qatarla yola salırdılar, bu dəfə Bərdədən Bakıya. Bakıda DTK-nın kadrlar şöbəsində göndəriş sənədlərini və təyyarə biletlərini alanda məlum oldu ki, Azərbaycandan 6 nəfər Minsk Ali Kursuna göndərilir. Yoldaşlarım yaşda məndən böyük idilər. Beş azərbaycanlı və Şamaxıdan olan bir erməni Minskə yola düşdük.