Hörmətli Azər bəy! Təzəcə pərvazlanan saytınıza hörmətimi bildirərək sizə bir yazı təqdim eləmək barədə düşünəndə sovet illərinin 1 nömrəli qəzeti “Kommunist”də dərc olunmuş yazım ağlıma gəldi. Onun örnək olası bir cəhəti var: o dövr üçün bu mövzu partiya (elə qeyri-partiya) mətbuatında əsla işlənməmiş bir mövzuydu.
Yazını XX əsrdə Azərbaycanın barmaqla göstəriləsi üç-beş QƏZETÇİsindən biri olan redaktor (indiki anlamda baş redaktor) Cəmil Əlibəyova təqdim eləyəndə mənim yanımdaca oxudu və adətən, müəllif üslubunu saxlayan, müəllif sözünün rəngarəngliyinin, tamının dəyişmədən qəzet səhifəsinə gətirilməsinə üstünlük verən redaktor olsa da bu dəfə bəzi deyimlərə ehtiyatla yanaşmağı, müəyyən ixtisarlar eləməyi və başlığı dəyişməyi məsləhət gördü.
Cəmil müəllimin bu cür redaktorluğu məni – o vaxtlar yazılarına əl vurulmayan jurnalisti incitsə də dediyini elədim.
Məqalə “Özümüzü korluğa vurmayaq!..” başlığıyla dərc olundu və… Naxçıvandan tutmuş Ağdama, Mingəçevirə, Gəncəyə qədər hər yerdə qəzəb və hiddətlə qarşılandı, redaksiyanın qarşısında “yiyəsiz qadınlar”ın geniş tərkibli piketi oldu. Yeganə irad bu idi: “Millətin bu günündə bu nə yazıdır belə?”.
Təəssüflə burasını deyim ki, həqiqətən biz, yəni həm redaktor və həm də yazı müəllifi olaraq mən zaman amilini nəzərə almamışdıq, üstəlik də “geniş ictimaiyyət”in ağıla və ağıza gələn bütün şər-şəbədəsi müəllifə yox, qəzetin redaktoruna yönəldilmişdi…
Bax, bu haray-həşir zamanı Cəmil müəllimin redaktor uzaqgörənliyinin dəyərini anladım.
Amma onu da deyim ki, elə hay-küy ucbatından həmin yazı çap variantında arxivimə düşmək hüququ qazandı…
İndi oxuyuram və görürəm ki, sanki söhbət keçən əsrdən getmir və yazı da 28 il (!) öncə yox, elə bizim bugünkü günümüzdə yazılıb…
Şakir YAQUBOV
Üzündə göz izi var…
Jurnalistlik təcrübəmdə ilk dəfədir ki, bu qədər götür-qoy edirəm: yazım, yazmayım?
İlk baxışda adi işdir: yazı dərc etdirmişəm, ona rəylər gəlib – kimi mövqeyimlə razılaşır, kimi razılaşmır, bir başqası da məsələni öz bildiyi, anladığı şəkildə yozur. Açığı, “Böyüyün böyük yeri” adlı qeydlərin (“Kommunist”, 11 fevral 1989-cu il) bu cür əks-səda doğuracağını, əsil mənada söz-söhbətə səbəb olacağını güman etməzdim. Əslinə baxanda həmin “Əxlaq haqqında düşüncələr”dən məqsədim kiməsə əxlaq dərsi keçmək deyildi, əksinə, həmin dövrdə “Meydan epopeyası” barədə qəzetimizdə tez-tez dərc olunan yazıların bəzi müəlliflərinə və dəymədüşər oxuculara xatırlatmaq idi ki, böyük oturmayan yerdə Allah da oturmaz; ülvi niyyətlərlə başlanmış xalq hərəkatının aqibəti ona görə uğursuz oldu ki, Meydanda əsil ağsaqqal yox idi: kütlə ağsaqqal səviyyəsinə, dərəcəsinə ucaltdığı, ağıllı hesab etdiyi adamların sözüylə axıradək durub-oturmadı.
Təəssüf edirəm ki, bu xoş məramım çox halda diqqətdən yayınıb, rəy bildirənlər az qala üçüncü dərəcəli hesab elədiyim cəhətləri ön plana çəkiblər, hətta ayrı-ayrı rəsmi məclislərdə müzakirə hədəfinə çeviriblər. Xoşbəxtlikdən suala cavab verməli olan şəxslər məsələyə obıvatelcəsinə yanaşmayıblar…
“Böyüyün böyük yeri” yazısında bircə cümlə, daha doğrusu, həddən artıq uzun cümlədən bir fikir bəzi oxucuları xüsusilə qəzəbləndirib: müəllif hansı haqla “tinlərdə “Jiquli” gözləyən kəndli qızları” ifadəsini işlədir?..
Səmimiyyətlə boynuma alıram: fikrin ifadəsində qeyri-dəqiqlik olmuşdur, lakin bununla belə şəhərliləri kənd adamlarına qarşı qoymaq ağlıma gəlməyib, sadəcə, əsrlər boyu təşəkkül tapmış əxlaq prinsiplərinin tədricən dəyərsizləşdiyi yerdə kənd qızlarının – əxlaqi meyarı “Filankəsin qızı filankəsin oğlu ilə danışırdı, xeyir ola?!” prinsipi üstündə qurulan adamların övladlarının şəhərə gəldikdən az sonra ağlasığmaz dərəcədə ucuzlaşması mənə yer eləyir. Bu da mənə ağır gəlir ki, kəndin bütün maddi və mənəvi sərvətlərin ilkin mənbəyi olması barədə arada-bərədə ağızdolusu danışdığımız halda bərkə düşəndə mövqeyimizdən asanlıqla geri çəkilirik. Halbuki elə həmin anda çox yaxşı başa düşür və qəlbən hiss edirik ki, bizi mövqeyimizdən uzaqlaşdıran məhz şəhər mühitidir, “geridə qalıb” damğasını üstümüzə götürməmək istəyidir. (Kənddə heç kim heç kimi köhnəliyə uymaqda, anaxronizmdə təqsirləndirməz.) Bəs elə isə bu yalançı təəssübkeşlik kimə lazımdır?
…Qarşımda bir vərəq var. Rəsmi idarədən alınmış adicə arayış. Beləsini çox görmüşük, çox oxumuşuq. Beləsinimi?
Diqqət yetirin: “1988-ci ildə fahişəlik edən 364 qadın, o cümlədən yetkinlik yaşına çatmamış 22 qız aşkara çıxarılmışdır. Təkcə Bakıda ötən il fahişəliklə məşğul olan 153 qadın uçota götürülmüşdür.
1989-cu il yanvarın 1-dək respublikada uçotda 436, o cümlədən yetkinlik yaşına çatmamış 12 fahişə vardır. Uçota alınanlardan 167 nəfəri (onlardan 2 nəfəri yetkinlik yaşına çatmayanlardır) heç yerdə işləmir və oxumur.
Fahişəliklə məşğul olduğuna görə 61 nəfər inzibati qaydada cəzalandırılmış, qalanlarına qarşı ictimai təsir tədbirləri tətbiq olunmuş, belə tüfeyli həyat tərzi keçirməyin yolverilməzliyi barədə onlara xəbərdarlıq edilmiş, ictimai faydalı əməklə məşğul olmayanların işə düzəldilməsi üçün tədbirlər görülmüşdür…”.
“Qəzəbli məktub” müəllifləri sezməmiş olmazlar: bu qeyri-adi arayış Pribaltikada, Moskvada, Kiyevdə, Dnepropetrovskda və ya başqa bir yerdə yox, Bakıda – Azərbaycan SSR Daxili İşlər Nazirliyində tərtib olunmuşdur, ittifaq nazirliyini və respublika hökumətini məsələdən hali etmək məqsədi güdür.
Bəs kimdir onlar? Əxlaq normalarımız ilə daban-dabana düz gəlməyən “peşə”yə niyə adətkərdə olublar?
…G.-nın 22 yaşı var. Peşə məktəbini bitirib. “Əzəldən ev qızı” olduğu üçün indi də heç yanda işləmir, tikiş maşınında xırda-para şəxsi sifarişləri yerinə yetirir. “Nə üçün?..” – sualına cavabı belədir: “Vaxtımı keçirirəm”. “Vaxtı”nın isə… qiyməti var. Əvəzi ödənilməlidir. Yalnız pulla! G.-nın sosial portretində əhəmiyyətsiz olmayan daha bir cizgi: o nişanlıdır…
…Otuz beş yaşlı R. kinoteatrda işləyir. Rayondan gəldiyi 20 ilə yaxındır. Vaxtilə “böyük şəhər”in işıqları ona gəl-gəl demişdi, indi isə haram qazanca qızırqalanmayan harın kişilər deyir. R. keçmişini itirib, gələcəyinə də, özü demişkən, heç bir gümanı yoxdur. “Neyləyim, 70 manatla dolana bilmirəm. Kirayədə qalıram, aylıq qazancımın 50 manatını ora verirəm”, – deyir…
…E. orta məktəb müəllimidir, əri və 11 yaşlı qızı var. “Gündüzlər? Qətiyyən yox! İmkan eləyə bilmirəm, qız ki, uşaq deyil – onu aldatmaq olmur. Axşamlar bir-iki saatlığa çıxıram. Burada nə var ki?! Dərs dediyim şagirdi pis yola çəkmirəm, oğurluq eləmirəm, soyğunçuluq eləmirəm…” – E. özünə beləcə haqq qazandırır və… hər gün də beş sinifdə qızı yaşında və daha yaşlı uşaqlara ağıl-bilik öyrədir, “tərbiyə” verir…
…N. ali məktəbin dördüncü kursunda oxuyur. “Rəfiqəmgildə bir şey var, ona baxmaq istəyirəm”, – adıyla hərdənbir “qonaqlığa” gedir və qəribədir ki, hər dəfə də onu “rəfiqəsigilə” heç şeydən şübhələnməyən sadəlövh qardaşı ötürüb-gətirir. “1700 manat borcum var. Onu qaytarmalıyam…” – deyir. Borc haradandır? “Bəs bu geyimləri havayı verirlər?”, – cavabı belə olur.
…K. da nişanlıdır. Aldığı maaş kifayət eləmir – çertyojçudur, cəmi 90 manat alır, aylıq ənlik-kirşanına zorla çatır. Üstəlik, cer-cehiz üçün pul lazımdır. Bəs?.. K. sualın hansı məqsədlə verildiyini başa düşür və əlüstü “təbabətin əlində nədir ki?” məntiqi ilə özünə haqq qazandırır…
436-dan beşi. 436-mı? Görkəmindən, ədasından, anket məlumatından abır-həya tökülən bu subay qızlara, ərli-uşaqlı qadınlara baxanda, onların kənardan heç kəsdə şübhə doğurmayan əməllərini emosiyalara uymadan, təmkinlə ağıl, fikir süzgəcindən keçirəndə 436-nın real rəqəm olduğuna heç cür inana bilmirsən. “Həyatın dibi”nə işıq salmağı bacaran mütəxəssislər – “əxlaq milisi”nin nümayəndələri də şübhələrimizə şərik çıxır və məzlumcasına bildirirlər: “Həftədə 2-3 dəfə öz evində “qonaq” qəbul edən, ya da kiməsə “qonaq” gedən adamdan necə yapışasan ki, belə deyil, elədir?”.
Bununla belə, milisin aciz qalmadığı hallar da az olmur. Yenə həmin arayışa müraciət edək. Ötən il daxili işlər orqanları Bakı, Sumqayıt, Mingəçevir və Ağdam şəhərlərində yeddi (1987-ci ildə üç) əxlaqsızlıq yuvası aşkara çıxarmışlar. 16 yaşına çatmamış qızları cinsi əlaqəyə girməyə cəlb etmək üstündə 13, mənəvi pozğunluq üstündə 24 cinayət işi qaldırılmışdır.
Mingəçevir şəhərinin sakini Y. əxlaqsızlıq yuvası açdığına və məişət pozğunları arasında vasitəçilik etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Ağdam şəhərində A. və N. müəyyən qədər haqq almaq hesabına öz evlərində kişilərlə qadınları “görüşdürmək”də ittiham edilmişlər.
Babək rayonunun sakini O. yetkinlik yaşına çatmamış S.-nin qızlıq bəkarətini pozduqdan sonra onu daha üç nəfərlə “görüşdürmüşdür”…
Bu siyahıda qeyri-azərbaycanlı millətdən olan vətəndaşların adını çəkməyə ehtiyac duymuram, çünki məqsədim heç də respublikada əxlaq pozğunluqlarının ümumi mənzərəsini vermək deyil – bu, ayrıca mövzudur və o halda təşəkkül tapmış əxlaq normalarından sapmaların səbəbləri də araşdırılmalıdır.
Səbəblər isə həddən artıq ümumidir, deyək ki, Paris, hətta bu mənada xüsusi sosioloji tədqiqat aparılmış Tbilisi üçün də eynidir – əmtəə-pul münasibətləri mövcud olduqca “bədən alveri”, “bir saatlıq məhəbbət” alveri də qalacaqdır.
Söhbət bəşər cəmiyyətinin bütün tarixi boyu davam edən mənəvi aşınma, əxlaqi deformasiya prosesində AZƏRBAYCANLI qadının, qızın iştirakından gedir. Gətirdiyim faktları da məhz bu prizmadan baxmaqla, məhz bu meyarla seçib götürmüşəm, özü də həmişə – on əsr əvvəl də, dünən də mövcudluğunu qəbul etmək istəmədiyimiz, elə bu an da qəbul etmədiyimiz “fəaliyyət dairəsi”ndən götürmüşəm…
Axşamlar Bakının küçə və meydanlarından, prospekt və parklarından keçin, ilin-günün istənilən vaxtı kinoteatrların tamaşa salonlarına, irili-xırdalı kafelərin “kabinet”lərinə, mehmanxanalara, gecə barlarına baş çəkin. Necə deyərlər, canında, qanında bir qırnıq müsəlmançılıq olanların heç biri özünə rəva görməz ki, həmin anlarda rast gəldiyi zənən xeylağının yerində öz arvadı, bacısı, qadın qohumu olsun. Daha doğrusu, belə bir varianta inanmağım gəlmir.
Ancaq həqiqət budur ki, çöldə – camaatın gözü qarşısında “məhəbbət”ini nümayiş etdirənlər, barda düz-əməlli tanımadığı kişinin qucağında oturub siqaret tüstülədənlər, kafe “kabinet”lərində abır-həyasını, namusunu qurban verənlər arasında pasportunun “milliyyəti” qrafasında “azərbaycanlı” sözü yazılanların sayı gündən-günə artır. “Niyə”sini bilmirəm.
“Böyüyün böyük yeri” yazısına rəy vermiş həmkarlarımdan biri soruşdu: “Böyük-kiçikliyə məhəl qoyulması durğunluq dövrünün mənəvi aşınmalarının nəticəsi deyilmi?”.
Fikirləşirəm ki, qadın ismətinin bir belə ucuzlaşmasını, müqəddəslik, ülvilik zirvəsindən düşməsini də bu cür yozmaq olar, müəyyən mənada həm də yerinə düşər. Durğunluq illəri təkcə olmayan məhsulu hesabatda qat-qat artığına göstərmək deyildi; durğunluq – mənim nəzərimdə pulagirliyin, maddi harınlığın və mənəvi kasıblığın sinonimidir. Bütün fikri-zikri qaz vurub qazan doldurmaq, idealı-amalı var-dövlət, cah-cəlal yığmaq olanların xəbəri yoxdu ki, həmin “quduz pullar” onların övladlarının, qızlarının namusunu, əxlaqını güvə kimi gizlin-gizlin yeyir. Əli “quduz pullar”a çatmayan adamların isə öz tamahını boğa bilməyən qız-gəlinləri tədricən harınların təsiri altına düşürdülər, “mən kimin qızından əskiyəm?!” – xudbinlik prinsipinin qurbanı olurdular.
Azərbaycanlı-kəndli qızına qara yaxdığımı güman edənlərə bir faktı da misal gətirmək istəyirəm. 1988-ci ildə narkoman kimi uçota götürülmüş 29 qadından 18 nəfəri – təqribən üçdə ikisi yaşı 18-dək olanlardır. Onların da əksəriyyəti azərbaycanlıdır. Məgər bütün bunlar özlüyündə heç nə demir?
Azərbaycanlı qadını və ərinin, əsil-nəcabətinin şərəfinə, özünün ləyaqətinə xəyanət. Azərbaycanlı qadını və içki məclisi. Azərbaycanlı qızı və siqaret, narkomanlıq… Başdan-başa təzadlı kəlmələrdir, həm də təsəvvürlərimizlə təzad edən mənzərədir. Nə qədər iyrənc, nə qədər üfunətli, ürəkblandırıcı olsa da, real mənzərədir. Elə bir mənzərədir ki, hiddətimizi, nifrətimizi məhz ona yönəltməliyik, həqiqət olan sözə yox!
Oxucu soruşur: “Əgər qadın-qız məsələsində hər şey sizin yazdığınız kimidirsə, bəs onda biz kəndir götürüb özümüzü niyə asmırıq?”. Sual vermək – asan, yol göstərmək – asan, cavab tapmaq, iş görmək isə çətindir. Dünən də belə idi, bu gün də belədir. Oxucunun sualına cavab verməyi oxucuların öz öhdəsinə buraxıram.
…Qulaqlarımda tanış bayatının misraları səslənir:
Əzizim, baxdı yarım,
Könlümün baxtı, yarım.
Üzündə göz izi var, —
Sənə kim baxdı, yarım?!
Böyüklərimizin əxlaq meyarı bu olubsa, biz özümüzü niyə korluğa, karlığa vururuq?!