İlham İSMAYIL
Jurnalist kimi fəaliyyətə başlamamağım, açığı, məni bir o qədər də təəssüfləndirmədi. Rayon qəzetində xariqələr yaradası deyildim ki. Zəhmətkeşlərin həyatından, sosializm yarışından boz yazılardan başqa yeni şeylər yazmaq inqilab kimi bir iş olardı və o “inqilabı” heç kəs, qəzetin redaktoru İnqilab müəllim isə heç bağışlayası deyildi.
Universitetdən birbaşa raykomda işə başlamaq karyeranın uğurlu başlanğıcı idi və belə də oldu.
Komsomol həyatının yaddaqalan günləri az olmadı, yeri gəldikcə yazımda xatırlanacaq, amma məqsədim bu deyil. Hər gün Bərdədən 10 kilometr məsafədə olan kəndimizə gedib gəlir, aldığım 130 rubl maaşın yarısı elə yola xərclənirdi.
Üç aydan bir az çox idi işləyirdim, bir gün rayon İcraiyyə Komitəsinin sədri Sabir Quliyevin kabinetinə gedib hansısa sənədi ona təqdim etdim. Kabinetdə hal-əhval tutduq, işimdə möhkəm olmağımı tapşırdı və perspektivdə partiyanın üzvü olmağın vacibliyini deyib komsomol, partiya xətti ilə inkişaf etməyi tövsiyə elədi. Bu vaxt içəriyə orta yaşlı bir kişi girdi, Sabir müəllim mənimlə xudahafizləşib, gələn adamı qarşıladı. Gələn mənə baxıb “Sabir müəllim, bu cavan oğlan kimdir, indiyədək heç görməmişəm” dedi.
Sabir müəllim kimliyimi deyəndən sonra o mənə baxıb: “Sənin hündür boyun, universitet təhsilin var, komsomolda işləyirsən, sən əsil bizim kadrsan. KQB-də işləmək istəməzsən?” soruşdu.
Mən Sabir müəllimin üzünə baxanda o, Səyyaf Zeynalovun KQB işçisi olduğunu, Ağdamda işlədiyini dedi.
Qapıdan çıxanda Zeynalov “Fikirləş, səninlə görüşəcəyəm” dedi.
Kabinetdən çıxıb iş yerimə tərəf gedir, amma fikrim indicə mənə edilən təklifin yanındaydı. KQB barədə bir az xof, bir az romantika, bir az da xoş olmayan təsəvvürüm vardı və nə edəcəyimi, nə cavab verəcəyimi bilmirdim. Elə bilirdim ki, razılıq versəm, sabahdan işə çıxacağam.
Beləcə, fikirli-fikirli evə gəldim. Anama vəziyyəti danışdım. Çox sakit qarşıladı və pilləkənlərdə oturub qayğı dolu baxışlarla bir müddət əlindəki çubuqla yeri cıza-cıza nəsə fikirləşir, hərdən dərindən köks ötürürdü. Nəhayət, ayağa qalxıb: “Olar yaxşı, olmaz lap yaxşı” dedi.
***
Anam bəy qızı idi, babam Nüsrət bəy Temirxanbəyov Agdərənin İmarət Qərvənd kəndinin bəyi olub. Babamın babası Temirxan bəyə “çinli Temirxan bəy” deyərmişlər.
Kolanı bəylərindən olan ulu babam Temirxan bəy Rusiya-İran müharibəsində xüsusi şücaət göstərdiyinə görə ona rütbə verirlər. Nənəm Nisə xanım deyirdi ki, Xurşidbanu Natəvanın atasının göstərişi ilə Ağdərənin İmarət Qərvənd kəndi və ətrafında 70 desyatin torpaq Temirxan bəyə verilibmiş.
Temirxan bəyin iki oğlu olub: Paşa bəy, Əli bəy.
Paşa bəy babam Nüsrət bəyin atası, Əli bəy isə nənəm Nisə xanımın atasıdır. Babamla nənəm əmioğlu-əmiqızı olublar. Nənəmin atası Əli bəy Port-Artur müharibəsinin iştirakçısı, zabit rütbəsində geri dönən bəy olub. Elə bu şücaətinə görə də Vəzirovlardan qız alanda tərəddüd olmayıb, Güllü xanım Vəzirova Əli bəy Temirxanbəyova verilib.
Əli bəyin üç oğlu, üç qızı olub: Azadxan, Muradxan, Temirxan, Nisə, Zəriş, Şirin.
Nisə xanım nənəmdir. Ağlım kəsəndən nənəmə ətrafdakıların Nisə xanım deyə müraciət etdiklərini eşitmişdim. Paşa bəyin isə üç qızı və bir oğlu – babam Nüsrət bəy Temirxanbəyov olub.
Babamın ilk övladı – qızı, anam Firəngiz, oğlanları Paşa, Kamal, Valeh, Qəzənfər – yəni mənim dayılarım olub.
Sovet hakimiyyəti gələndə, kollektivləşmə başlayanda babama münasibət pisləşir. Babam bir müddət qaçaq kimi yaşayır, sonra başqa bir tayfa ilə qan davası da düşür. Babamı axtarırlar, amma tapa bilmirlər. Sovet hakimiyyəti babamı tərksilah etmək üçün bütün ailəni həbs edib Ağdərə zindanına salır. O vaxt anamın 13 yaşı varmış. Bir aydan çox zindanda saxlayırlar nənəmgili. Bir gün gəlib deyirlər ki, bəy tutuldu, azadsınız, amma kənddə yaşaya bilməzsiniz. Nənəmgili İmarət Qərvənddən sürgün edirlər.
Anam danışardı ki, iki arabaya yorğan-döşək, bəzi əşyalar götürməyə icazə veriblər. Arabanı sürən ermənilər olub. Tapşırıblar ki, bu ailəni Yevlax dəmiryol vağzalına aparıb düşürün, hara istəyirlər getsinlər, bircə geriyə dönməsinlər.
1934-cü ilin yayında nənəm Nisə xanım, anası Güllü xanım, beş övladı, iki bacısı iki araba yüklə sürgün edilirlər.
Kəndimiz Sarıcalının yanından keçəndə kəndin adamlarından Sarı Hüseyn arabaya baxıb nənəmi tanıyır. Anam deyirdi ki, Hüseyn cavan oğlan idi, gəlib nənəmgilin kəndinin yanındakı meşədən, babamdan icazə alandan sonra, ağac kəsib odun aparırmış.
Nənəm o vaxtlar meşədə azan bir qız uşağını – Tellini evində saxlayırmış, biləndə ki, Hüseyn subaydır, deyir gəl bu qızı verim sənə, yetim qızdır, evlən onunla. Hüseyn razı olur, Tellini özü ilə aparır. Sonralar Hüseyn dayı, Telli xala kimi tanıyacağımız kəndimizin adamları.
Mən universitetdə oxuyanda Telli xalanın qohumlarının tapıldığını eşitdik. Göyçənin Zod kəndindən gəlib Xanlar rayonunda məskunlaşmışdılar.
Həmin Hüseyn kişinin evi yolun kənarındadır. Arabada nənəmi görüb, arabanı saxlatdırır, soruşur ki, Nisə xanım, bu nə köçdür belə? Nənəm Nüsrət bəyin tutulduğunu, onları da sürgün elədiklərini deyir.
Hava çox istiymiş. Dağdan enən erməni arabaçılar da lap təngnəfəs olubmuşlar. Hüseyn kişi arabaçılara deyir: “Ya Yevlaxa apardınız, ya burda düşürdünüz, nə fərqi var, qayıdanda deyin ki, Yevlaxda düşürdük”.
Birtəhər erməni arabıçıları razı salırlar. Nənəmgil kəndə düşürlər. Bir gündən sonra nənəm deyir ki, el elə sığar, ev evə sığmaz, kənddə ev satan olmaz? Anam danışırdı ki, dedilər kolxozun sədri köçüb gedir, evini də satır. Nənəm iki qızıl onluğa (bəy arvadının ehtiyatı həmişə olub) evi, həyəti alır.
Elə həmən il – 1934-cü ildə sovet hakimiyyəti babam Nüsrət bəyi 34 yaşında güllələtdirib.
Güllü xanım iki qızının və nəvəsi anamın ərə verilməsini vacib sayır. Deyərmiş: “Ərlik qızlardır, dünyanın da pis vaxtıdır, bəy qızlarına sataşarlar, biabır olarıq, ağlı başında olan biriləri ortaya çıxanda qızları vermək lazımdır”.
Atam bəyliyi tanıyan, hörmət edən kişi olub. Böyük qardaşlarını elçi göndərib, anamla 1936-cı ildə evlənmişdi. Sürgün olmuş, hökumətin gözündə hələ də düşmən olan bir bəy qızı ilə evlənmək də o vaxtlar hər kişinin işi deyildi.
Dayım Paşa İkinci Dünya müharibəsindən 1945-ci ildə qayıdanda onun görüşünə gələn nənəmin baldızı oğlanları, yəni anamın maması oğlanları nənəmə deyirlər ki, hamımız Goranboyun Xanqərvənd kəndinə yığışmışıq, sən də gəl köçək ora. Nənəm razılaşır və qohumlarının yanına köçür. Köçəndə evini, həyətini anama verib gedir. Nənəmin anası Güllü xanım artıq rəhmətə getmiş, bacıları Zəriş, Şirin də ərə getmişdilər. O ev, o həyət mənim dünyaya göz açıb, boya-başa çatdığım ata-ana yurdumdur.
Anamın qayğılanmasını çox sonralar dərk etdim. NKVD qorxusu, bu ad gələndə keçmişin faciə dolu günlərini xatırlaması və qayğılanması təbii idi. Sovet hökumətinin qorxusu hələ yaddaşlarda idi və anam neçə illər keçsə də həmişə deyirdi: “Çuğul hələ ölməyib”.
Balalarına görə, qardaşlarına görə hər şeyin yenidən çözülməsindən çəkinirmiş. Hərçənd illər keçmiş, Stalindən sonra ölkədə yumşalma dövrü başlanmışdı. Babamın güllələnməsindən 30 il sonra Kamal dayımı respublikanın ən böyük kolxozlarından birinə – Goranboyun Xanqərvənd kəndinə, Lenin adına kolxoza sədr təyin etmişdilər və dayım 10 il bu vəzifədə işləmişdi, sonra da başqa vəzifələrdə.
Kiçik dayım Valeh Paşayev Leninqradda elmi işini müdafiə edib kənd təsərrüfatı elmləri namizədi adını almış və respublikanın elmi-tədqiqat əkinçilik institutunda şöbə müdiri, partkom vəzifələrində çalışmışdı.
Bir məsələni vurğulamaq istəyirəm. Dayılarım Paşayev (babaları Paşa bəyin adı ilə) soyadını daşısalar da, anamın soyadı vəfat edənədək pasportda Temirxanbəyova qaldı. Anamı əvvəllər sovet hökuməti kolxoza üzv kimi qəbul etmədi, illər keçəndən sonra, yumşalma dövründə isə anam özü istəmədi.
***
Qaranlıq düşmüşdü, yaz axşamında evə adətən gec girər, həyət-bacada xırda-para işlər görərdik. Bu vaxt həyətimizə bir maşın gəldi, böyük bacımın yoldaşı Məzahir müəllimin sürücüsü idi. Məzahir müəllim Tərtər Rayon İcraiyyə Komitəsinin sədri işləyirdi.
Sürücü yaxınlaşıb “Məzahir müəllim dedi ki, sabah Ağdama, KQB-yə getsin, amma bu barədə heç kimə bir kəlmə də danışmasın” dedi.
Bir anlığa özümü vacib, maraqlı bir adam kimi hiss etdim.
Sirr saxlamaq! Bu zəruri məziyyət sonra həyatıma hakim kəsildi, amma onun ilk duyğusunu həmin yaz axşamı kənddə, evimizin pilləkənləri qarşısında yaşadım.
Səyyaf Zeynalov qohumluğumuzu öyrənib və Məzahir müəllimə zəng vurub məsələni ona söyləyibmiş…
(Ardı var)