Naxçıvanda konfrans: yazıçılar kəskin tənqid olundu
- 20 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
Oktyabrın 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin III konfransı keçirilib.
Novator.az saytı Naxcivantv.az-a istinadla bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov konfransdakı çıxışı zamanı birliyin üzvlərini xeyli tənqid edib.
O deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və qayğısı sayəsində muxtar respublikada Yazıçılar Birliyinin fəaliyyəti, o cümlədən ədəbiyyatın və mədəniyyətin inkişafı üçün əlverişli şərait yaradılıb: “Birliyin 2012-ci ildə keçirilən konfransında Ali Məclisin sədri Yazıçılar Birliyinə muxtar respublikada ədəbi prosesin və bədii yaradıcılıq işinin gücləndirilməsi, bədii tərcümənin, uşaq ədəbiyyatının və dramaturgiyanın inkişaf etdirilməsi, eləcə də kitab müzakirələrinin təşkili ilə bağlı tapşırıqlar verib.
Ötən 5 ildə Yazıçılar Birliyi bu istiqamətdə fəaliyyətini qurmağa çalışıb, bir sıra işlər görülüb, tədbirlər keçirilib. Lakin etiraf etməliyik ki, görülən işlər Ali Məclis sədrinin qarşıya qoyduğu tələblər səviyyəsində deyil. Yazıçılar Birliyinin yeni seçiləcək İdarə Heyəti işdə dönüş yaratmalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qarşıya qoyduğu vəzifələr əsas fəaliyyət istiqaməti olmalı, bununla bağlı tədbirlər planı hazırlanaraq icra edilməlidir.
Yazıçılar Birliyinin İdarə Heyətinin iclasları mövcud vəziyyəti əks etdirməli, birliyin üzvlərinin, digər ədəbi qüvvələrin əsərlərinin müzakirə və təhlilləri aparılmalı, ədəbi tənqid, bütövlükdə ədəbi proses diqqətdə saxlanılmalıdır.
Muxtar respublikada yaradıcı insanların fəaliyyəti üçün imkanlar böyükdür. Bunun nəticəsidir ki, çap olunmuş əsərlərin sayı xeyli artıb. Lakin bu əsərlərə diqqət yetirdikdə aydın görünür ki, yazıçı, şair və dramaturqlarımız mövzu seçimində çətinlik çəkirlər. Dəfələrlə deyilməsinə baxmayaraq bu sahədə problemlər aradan qaldırılmayıb.
Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyi yaradıcı insanlara, xüsusən də gənclərə köməklik göstərməli, onların yaradıcılığını istiqamətləndirməli, ədəbiyyatda vətənpərvərlik mövzusuna geniş yer verilməlidir. Kitabxanalarda və mətbuat orqanlarında yeni nəşr olunan əsərlərin təqdimatı keçirilməli, imza və kitab müzakirəsi günləri, yazıçılarla görüşlər təşkil olunmalıdır”.
Əli Həsənov qeyd edib ki, dünya klassiklərinin əsərlərindən tərcümə sahəsində müəyyən işlər görülüb: “Lakin klassik şair və yazıçılarımızın, eləcə də muxtar respublikanın müasir ədəbi qüvvələrinin əsərlərinin xarici dillərə tərcüməsi sahəsində fəaliyyət hiss olunmur. Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzinin fəaliyyətini gücləndirməli, tərcümə işini günün tələbləri səviyyəsində qurmalıdır.
Etiraf edək ki, Naxçıvan ədəbi mühitində uşaqlar üçün yazılan əsərlər azlıq təşkil edir. Digər tərəfdən çap olunan kitablar çox vaxt uşaqların maraq dünyasına uyğun gəlmir. Uşaqlar üçün dram əsərlərinin yazılmasında da çatışmazlıqlar var. Bunun nəticəsində muxtar respublikanın uşaq teatrlarının dram əsərlərinə olan tələbatı tam şəkildə ödənilmir. Bu acınacaqlı vəziyyət tək uşaq dramaturgiyasına yox, bütövlükdə dramaturgiyaya aiddir. Naxçıvan Dövlət Musiqili Dram Teatrının hər il tərtib olunan repertuarında muxtar respublika dramaturqlarının əsərlərinin azlıq təşkil etməsi bizi düşündürməlidir.
Bu gün muxtar respublika rəhbərinin himayəsi ilə tariximizə aid ciddi elmi-tədqiqat materialları nəşr olunur. Muxtar respublika tarixinin qaranlıq səhifələrinə aydınlıq gətirilir. Bunun müqabilində Yazıçılar Birliyi üzvlərinin tariximizi əks etdirən dram və nəşr əsərlərinin yazılmasına laqeyd münasibəti başa düşülmür. Yazıçılar Birliyi muxtar respublikada uşaq ədəbiyyatı, eləcə də dramaturgiyanın və nəşrin inkişafı istiqamətində ciddi tədbirlər görməlidir”.
Ali Məclis Aparatının rəhbəri deyib ki, təşkilatçılıq işi gücləndirilməli, elm və ali təhsil müəssisələri, o cümlədən kütləvi informasiya vasitələri ilə yaradıcılıq əlaqələri davamlı xarakter almalıdır: “Yazıçılar Birliyinin Gənclər Təşkilatı gənclərlə işi gücləndirilməli, istedadlı gənclərin üzə çıxarılması istiqamətində tədbirlər görməli, onların yaradıcılığını istiqamətləndirməlidir. Muxtar respublikada ictimai təşkilatlar əhatə etdikləri sahələr üzrə yaradıcılıq müsabiqələri keçirirlər. Yazıçılar Birliyi də bu sahədə fəaliyyətini gücləndirməli, gənc istedadların aşkara çıxarılmasına nail olmalıdır”.
Əli Həsənov xatırladıb ki, Ali Məclisin sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Ali Məclis Aparatının rəhbəri vurğulayıb ki, bu, Naxçıvanda kitab mütaliəsinin inkişaf etdirilməsinə xüsusi dövlət qayğısının olduğunu bir daha sübuta yetirir: “Yazıçılar Birliyi də bu istiqamətdə fəaliyyətini gücləndirməli, müzakirələr keçirilməli, təhlillər aparılmalıdır. Həmçinin birliyin üzvləri tarixi keçmişimizlə, milli dəyərlərimizlə bağlı ədəbiyyatların gənc nəslə çatdırılmasını, onlarda mütaliə mədəniyyətinin artırılmasını diqqətdə saxlamalıdırlar”.
Daha sonra Əli Həsənov bildirib ki, Yazıçılar Birliyinin Mətbuat Şurası ilə əlaqəsi zəifdir: “Bunun nəticəsidir ki, ədəbi mühit mətbuatdan uzaqlaşıb. Muxtar respublika mətbuatında ədəbi nümunələrə az rast gəlinir. Bu səbəbdən də qəzetlər oxunaqlı olmur. Yazıçılar Birliyi Mətbuat Şurası ilə əlaqələri gücləndirməli, sanballı və günlə səsləşən ədəbi nümunələrin, şair və yazıçıların publisistik çıxışlarının mətbuatda dərc edilməsinə nail olmalıdır.
Yazıçılar Birliyinin muxtar respublikanın digər yaradıcılıq təşkilatları, xüsusilə Bəstəkarlar Təşkilatı ilə də yaradıcılıq əlaqələri təmin edilməli, Naxçıvanı tərənnüm edən və müasir dövrlə səsləşən sanballı mahnılar ortaya qoyulmalıdır.
Bu gün muxtar respublika rəhbərinin himayəsi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi müasir çap texnologiyaları ilə təchiz olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığına əsasən nəşriyyatda kitab çapı ilə əlaqədar qiymətlərə də yenidən baxılıb, çap məhsullarının qiyməti xeyli aşağı salınıb. Buna baxmayaraq ziyalılarımızın nəşriyyatla əlaqələri zəifdir. Yazıçılar Birliyi muxtar respublikada yaşayıb-yaradan yazıçı və şairlərin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi ilə əlaqələrini gücləndirməlidir.
Yazılan hər bir əsər, nəşr olunan hər bir kitab bu günümüzün tarixidir. Bu baxımdan muxtar respublikanın müasir tarixinə, aparılan genişmiqyaslı quruculuq tədbirlərinə həsr olunmuş əsərlərin yazılmasına diqqət artırılmalıdır. Muxtar respublikanın kəndlərində yeni kənd mərkəzləri tikilib, zəngin fonda malik olan kitabxanalar və müasir iclas zalları istifadəyə verilib. Lakin Yazıçılar Birliyi bu imkanlardan lazımınca faydalanmır. Birlik üzvlərinin kənd mərkəzlərində oxucularla görüşləri keçirilməli, kitab müzakirələri aparılmalıdır.
Qarşıdakı 5 il ərzində Yazıçılar Birliyinin yeni tərkibi ciddi çalışmalı, birliyin nizamnamə tələbləri və buradan irəli gələn vəzifələr diqqətdə olmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov Yazıçılar Birliyinin, bütövlükdə yaradıcı ziyalılarımızın fəaliyyətinə mühüm əhəmiyyət verərək qarşıda konkret vəzifələr qoyub və deyib: “Naxçıvan Muxtar Respublikasında yaradıcı ziyalıların öz imkanlarını ortaya qoymaları üçün hər cür şərait yaradılıb. Bu şəraitdən səmərəli istifadə olunmalı, oxucuya, ictimai fikrə təsir göstərən, xalqımızın milli maraqlarına cavab verən əsərlər yaradılmalı, bədii əsərlər günümüzün salnaməsinə çevrilməlidir”.
Əli Həsənov muxtar respublika rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında Yazıçılar Birliyinin üzvlərinə, bütün yaradıcı ziyalılara uğurlar arzulayıb.
Sonra Yazıçılar Birliyinin sədri Asim Əliyevin (Asim Yadigar) hesabat məruzəsi dinlənilib. O qeyd edib ki, muxtar respublikada yaşayıb yaradan şair və yazıçılara hərtərəfli diqqət və qayğı göstərilir. Asim Əliyev bu diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib. Eyni zamanda o, fəaliyyətlərini gücləndirəcəklərinə, muxtar respublikada nəsr, dramaturgiya, uşaq ədəbiyyatı, tərcümə, bədii publisistika sahəsindəki nöqsanların tezliklə aradan qaldırılacağına, teatrların sanballı əsərlərlə zənginləşdiriləcəyinə, milli dəyərlərin, tarixi abidələrin bədii əsərlərdə daha geniş təbliğ ediləcəyinə söz verib.
Konfransda Asim Əliyev yenidən 5 il müddətinə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilib.
Birliyin üzvü Akif İmanlının sədrliyi ilə keçirilən konfransda həmçinin Yazıçılar Birliyinin 5 nəfərdən ibarət idarə heyəti, Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin 80 nəfərə yaxın üzvü var.