Emin HÜSEYNZADƏ
Dəfələrlə olub ki, internetdə və ya digər yayım vasitələrində çox maraqlı başlığa rast gəlmisiniz, üstünə klikləyib məzmunu oxuyanda istədiyiniz məlumatı tapa bilməmisiniz və ya başlıqla məzmunun fərqini hiss etmisiniz. Niyə belə olur?
Son illər Azərbaycan mediasında – internetindən tutmuş televiziyalarına qədər “klikbeyt” deyilən xəstəlik yayılıb. Klikbeyt “klik qarmağı” deməkdir. Yəni belə başlıq qoymaqda məqsəd nə olursa olsun istifadəçinin onu klikləməsinə, səhifəyə keçməsinə nail olmaqdır. İstifadəçinin məzmunda nə qədər qalacağı, yazını oxuyub-oxumayacağı belə başlığı qoyan media sahibləri və idarəçiləri üçün o qədər də maraqlı deyil. Əsas odur ki, siz yazıda “olmusunuz”. Bu statistikaları da reklamverənlərə “oxucu” adı ilə təqdim edəcəklər.
Başlığın klikbeyt olub-olmadığını necə müəyyən edək? Klikbeytin özünə məxsus qaydaları var. Konkret qanunauyğunluqları olduğu üçün redaksiyalar onları rahatca tətbiq edə bilir. Deməli, biz də onları rahatca müəyyən edib qoruna bilərik.
Bəzən “bu”, “bax”, “belə”, “bunu”, “bunlar” sözləri ilə başlayan başlıqlar məzmunun konkret nədən bəhs etdiyini bildirmir və yalnız klikləmək üçün maraq oyadır.
Yaxud başlıqlar adətən istifadəçiyə “siz” əvəzinə, “sən” deyə müraciət edir. Sanki siz onun dostusunuz və yazar belə rahatlıqla danışa bilər. Nümunə:
Adətən klikbeyt başlıq iki hissədən ibarət olur. Birinci hissədə vəziyyət təsvir olunur, ikinci hissədə isə qeyri-adiliyə işarə edilir və maraq oyadılır. Ümumiyyətlə, klikbeytlərin əksəriyyəti uzun olur. Redaktə işi görünməyən başlıqlarda dilin qaydalarına, vurğu, nöqtə və vergüllərə nəzarət edilmir.
Mübaliğələrdən istifadə yəqin ki, klikbeytin ən çox görünən tərəfidir. Həddən artıq şişirtmə, adi hadisələri qeyri-adi başlığa çevirməyə cəhd saysız-hesabsızdır.
Şişirtmədə klikbeytə məxsus müxtəlif sözlərdən də istifadə olunur: dahi, dəhşətli, qeyri-adi, şok, inanılmaz və s.
Hiperbolalardan istifadə, gözlənilməyən, vahimələndirən, təəccübləndirən, çaşdıran mənzərə yaratmaq klikbeyt müəlliflərinin adətidir.
Gördüyümüz kimi, başlıqlar bir sıra hallarda klikbeytlərə aid müxtəlif texnikaların qarışığından hazırlanır və hər bir halda yazının içində olanlardan çox az – minimum xəbər verir.
Məzmun göstəricilərini və statistikalarını öyrənən “BuzzSumo” şirkəti 2017-ci ilin yayında 100 milyon başlığı araşdırıb (http://buzzsumo.com/blog/most-shared-headlines-study/) və belə nəticəyə gəlib ki, hətta sosial şəbəkələrdəki istifadəçilərin 73%-ni məzmunun özü deyil, onun başlığı maraqlandırır. Ona görə sosial şəbəkələrdə klikbeyt daha geniş istifadə olunur.
Ən cəlbedici başlıqların siyahısına başçılıq edən ilk 10-luq:
– Məcbur edəcək;
– Buna görə;
– Təsəvvür edin;
– Yalnız X adam;
– Səbəbi;
– İnanılmaz;
– X super foto;
– Sevinc göz yaşları;
– Sonra baş verənlər;
– Göz yaşlarınızı tuta blməyəcəksiniz.
Sonuncu sözləri Google-da axtarışa verib, belə nəticəyə gəldim:
Klikbeytin həm də sosial şəbəkələrdə yayılan kliktivizmlə əlaqəsi var. Onlayn sosial şəbəkələrdə yardım istəyən, köməyin lazım olduğunu yazan və ya üzücü xəbərləri yayanlar az deyil. Belələri çox vaxt konkret addım atmağa çağırır. Məsələn, uşaq evi üçün kitab toplama aksiyasının yerini və vaxtını deyir. Bu fikirləri yüzlərlə adam “bəyən”ir. Amma elə işlərin təşkilatçılarıyla söhbət əsnasında müəyyənləşdirmişəm ki, bu kollektiv bəyənmələrin nəticəsi olmur, cəmi 3-4 nəfər həmin yerə gəlir və kitab gətirir. Yəni klikdən o tərəfə keçməyən aktivizm yalnız görüntü məqsədi ilə edilir, real həyata təsir göstərmir.
Klikbeytdə də sizin yazını oxumağınız tələb olunmur. Redaktorların və başlıq hazırlayanların məqsədi yalnız yazıya keçiddir. Deməli, belə yazılara keçid heç də ictimai marağın göstəricisi deyil. Klikbeytlə toplanan statistika ölkə əhalisinin hansı tip məzmunu əldə etmək istədiyini göstərə bilməz.
Əslində bu yazının başlığı da bir klikbeyt nümunəsidir. Klikbeytin fərqli xüsusiyyətlərini bir yazıda yerləşdirmək mümkün deyil. Bu haqda yaxın günlərdə yenə yazacam.
Müəllifin başqa yazısı: Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir