Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5 6 7
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
3-cü gün
Sığınacaqdakı növbəti gün hər kəs daha bədbin ovqatda idi. Səhər yeməyi zamanı yeməkxana o qədər səssiz idi ki, milçək vızıldasa eşidilərdi. Sabah müəllimə ilə Səda hamıdan axırda gəldi. Klara dünəndən bəri Sabah müəlliməyə çoxlu maye içirtmiş, ilk yardım göstərmişdi. Artıq temperaturu enmiş, zəhərlənmə əlamətləri aradan qalxmışdı. Klaranın anası tibb bacısı idi. Ona görə də ilk yardım barəsində müəyyən qədər məlumatı vardı.
Hər kəs sakitcə əyləşib yerində qurdalanırdı. Ümumi bir ümidsizlik dalğası hər kəsi öz ağuşuna almışdı. Cabirlə Xürrəm səhər yeməyi üçün bu dəfə olduqca az ərzaq işlətdilər. Əldə olan ərzaqlardan minimum istifadə etməklə, 10 ədəd müxtəlif tərkibli omlet bişirdilər. Xürrəm masanı hazırlamağa başladı. Cabir isə içəri girən kimi üzünü gənclərə tutub az qala səsi əsə-əsə dedi: “Ərzağın bir hissəsi yoxa çıxıb!” Masa arxasından müxtəlif səslər eşidildi.
– Necə yəni yoxa çıxıb? – Kərəm hiddətlə dedi.
– Mən də elə bu sualı sizə vermək istəyirəm. Dünən axşam yuxarı qalxmazdan öncə siyahını dəqiqləşdirmişdim. İndi yoxlanda gördüm ki, nə qədər əskiyimiz var. Kimsə götürüb. – Cabir dedi.
Duman qəzəblə yumruğunu masaya çırpdı:
– Bircə bu çatmırdı! – dedi. – Sən niyə qapını qıfıllamamışdın ki? – Qınaq dolu bir tərzdə soruşdu.
– Çünki kiminsə oğurluq eləyəcəyini gözləmirdim! – Cabirin səsində qətiyyət hiss olunurdu. Onduz da qidanın oğurlanmasına görə kifayət qədər narahat olmuşdu. Hələ üstəlik bu məsələyə görə mühakimə olunmaq fikrində deyildi.
– Hardan bilirsən ki, oğurluq edilib? – Afşin soruşdu. – Bəlkə səhv hesablamısan?
Cabir cibindən bir kağız çıxarıb oxumağa başladı:
– Deməli, bir qutu peçenye, 2 litr su, 1 ədəd balıq konservi, 1 ədəd tərəvəz konservi, 2 ədəd alma, 1 portağal və 1 qutu qidalandırıcı həb. – O, sadaladıqca gənclərin gözlərindəki təəccüb daha da artırdı. – Bir sözlə, kimsə özünü yaxşıca sığortalamaq fikrinə düşüb.
– Şübhələndiyin kimsə var? – Duman soruşdu.
Bayaqdan qanıqara halda süfrəni hazırlayan Xürrəm nəhayət söhbətə qoşuldu:
– Bizdən başqa ərzaq anbarına kiminsə girdiyini görməmişik. Ərzaqdan da eybi yox, amma həblərin oğurlanmasına görə çox pis oldum. Orada ərzağımız qurtarsa belə, hamımıza 3-4 gün bəs eləyəcək qədər həb var idi. Heyf! – Xürrəm dedi. – Nə yaxşı ki, ikinci qutunu götürməyib. Lap arxaya qoymuşdum. Yəqin oğru hər kimdirsə, görməyib.
Onun nəzərdə tutduğu doyurucu həblər 20 ildən çox idi ki, kütləvi şəkildə istifadə olunurdu. Bu həblərin tərkibində olan xüsusi maddələr insan bədəninin qidaya olan tələbatını tam olaraq ödəyirdi. Gündə 2 həb bəs edirdi ki, şəxs dilinə heç nə vurmadan günü başa vura bilsin. İştahı küsdürür, pəhriz saxlayanların işini asanlaşdırırdı. XXIII əsrdə xarici görünüşünün və sağlamlığının qeydinə qalan hər kəs, ələlxüsus da xanımlar bu həblərdən geniş istifadə edirdilər. Lakin mütəxəssislər bildirirdilər ki, onlarıdan ən çoxu həftənin 3 günü istifadə eləmək məsləhətdir. Bu həblərin fasiləsiz istifadəsi mədənin sıradan çıxmasına, xərçəngə və digər həyati əhəmiyyətli xəstəliklərə gətirib çıxara bilərdi.
Afşin duyduğu təəssüf hissini boğa bilmədi:
– Mən bilirdim ki, axrı bu işin bir zibili çıxacaq. Ciddi nəzarət eləmək lazım idi!
Duman elə bunu gözləyirmiş kimi onun üstünə çəmkirdi:
– Sənə görə oldu da! Ərzağa qənaət eləyək, çatmayacaq, hələ çox qalacağıq deyə-deyə dəlinin yadına daş saldın!
– Eeee… Sən də boğaza yığmısan məni! Elə bil hər şeyin günahkarı mənəm! Öz için qurdludur, elə bilirsən hamı sənin tayındır! – Afşin hirsləndi.
– Bura bax! Ağzının danışığını bil, yoxsa yaxşı olmaz! – Duman qışqırdı.
– Neyləyərsən? Sən kimsən axı? Nə qoçulanırsan üstümə?
– Səni ayağımın altına salıb əzərəm! O dediyin balaca qurdlar kimi!
– Əz, görüm necə əzirsən! – Afşin dedi və Dumanın üstünə yeridi. Əlbəttə, Duman da tərəddüd etmədən onun üzərinə atıldı. Ətrafdakıların çoxu qladiator döyüşünə tamaşa edirmiş kimi sakitcə baxırdılar. Çox keçmədən Kərəm və Torpaq araya girməyə cəhd etdi. Tunar, Azad və Adnan da qoşuldu. Amma Afşinlə Duman bir-birlərini nifrətlə əzişdirməyə elə aludə olmuşdular ki, onları ayırmağa çalışanlar da yumruqlardan payını alırdı. Qəzəbdən şirə dönmüşdülər. İkisi də elə hiddlətlə bir-birini qamarlayıb yerə çırpır, yumruqlarla ağız-burnunu döyəcləyirdi ki, elə bil hər şeyin – burada əsir qalmaqlarının, ərzağın oğurlanmasının, lap elə baş verən terror hadisəsinin günahkarı indicə öldürməyə hazır olduqları adamdır.
İkisi də iri cüssəli və güclü idi. Məğlubiyyətlə barışmaq hər ikisinin təbiətinə yad bir xüsusiyyət idi. Qızların çoxu qorxub kənara çəkilmişdi. Oğlanlar onları aralamaq üçün əllərindən gələni edirdilər. Nəhayət, Afşinin bir anlıq zəifliyindən istifadə edən Duman onu yerə yıxa bildi. “Səni öldürməməyim üçün mənə bir səbəb de!” – o, ətrafa toplaşan izdihamın qarşısında qazanmaq üzrə olduğu qələbənin dadını bir az erkən çıxarmağa çalışdı. Afşin heç nə demədi. Var gücü ilə sağ əlini Dumanın sol dizinin altından dartdı və peşə vərdişi olan cəldliyi sayəsində silahı cibindən vaxtında çıxara bildi. Bu dəfə o, Dumanın bir anlıq çaşqınlığından istifadə elədi və onu itələyib ayağa qalxdı. Silahı Dumana tərəf tuşlayaraq dedi:
– Çünki buna cəhd eləsən, özün öləcəksən, balaca qurd! – Üzündə nifrət və istehzanın vəhdətindən doğan vəhşi bir ifadə vardı.
Hamı mat-məəttəl qalmışdı. Silah Dumana tərəf tuşlansa da, digərləri də təşvişə düşmüşdülər. Dumanın hiss etdiyi qorxu onu yerindən tərpənməyə qoymasa da, dilini saxlamasına bəs eləmədi:
– Deməli, bizdən silah gizlətmisən?! İki silah tapmısan, amma bizə birini göstərmisən?
– Bu mənim öz silahımdır. Burdan tapmamışam! – Afşin kobud tərzdə dedi.
– Nə? Bəs mənə söz vermişdin ki… – Sabah müəllimə özünü saxlaya bilmədi.
– Hə, söz vermişdim, amma üstündə durmadım. Yaxşı ki, durmamışam! – Afşin bu dəfə nisbətən daha mülayim formada dedi.
– Hamımızı aldatmısan?! – Çiçək heyrət içərisində dedi.
– Bəlkə sığınacağa gələndə kartı da bilərəkdən götürməmisən? İndi sənə niyə inanaq ki? – Səda soruşdu.
– Ona görə ki, əlində silah olan mənəm! – Afşin hakimiyyətin əlində olmasından sonsuz bir həzz alırdı.
– Bəlkə də kartı götürmüsən və hamımızı aldadırsan? Bizi bilə-bilə içəridə saxlayırsan? – Duman kinayə ilə ona tərəf tuşlanan silahın sahibinə dedi.
– Zibilin biri zibil! Səni it kimi peşman eləyəcəyəm! – Torpaq başını yelləyərək dedi.
– Nə?! Deyirsən bizi bilərəkdən burda həbs eləyib? – Klara Dumandan soruşdu.
– Əgər elədirsə, onda bizdən qorx! – Elina da özündə cəsarət tapıb qoşuldu. – Səndən bunun əvəzini çıxacağıq!
Arzu yenə sevimsiz qəhqəhəsini səsləndirdi:
– Bravo, Afşin! Səndən belə cəsarət gözləməzdim!
– Eeee! Hamınız kəsin səsinizi! – Afşin qışqırdı və silahı gah Arzuya, Elinaya, gah da Torpağa tərəf çevirdi. Sonda yenə Dumanın üzərində saxladı. – Bu dəqiqədən etibarən mən nə desəm, o da olacaq! Sözümdən çıxan olsa, özündən küssün! – Sonra isə bir-bir otaqdakılara göz gəzdirdi. Bildiyi qədərilə, hamı yeməkxanada olmalı idi. Amma atmacalara cavab verməkdən heç cür onları saymağa fürsət tapa bilmirdi.
Duman isə gözlərini Afşinin gözlərindən çəkmir, özünü soyuqqanlı aparırdı. Bu, Afşini daha da qıcıqlandırırdı. Çünki məqsədi Dumanı qorxutmaq idi. Duman isə ağıllı tərpənərək, qrupun üzvlərinin ürəyinə şübhə toxumları səpmişdi. İndi hamı ən yaxşı halda Afşinin nə isə gizli niyyəti olan bir yalançı, ən pis halda isə qana susamış bir manyak olduğunu düşünürdü. Məqsədi hamını öz tərəfinə çəkib Dumanı təkləmək olan Afşinin istəyi iflasa uğramışdı. Ona görə də məcburən özünümüdafiəyə keçdi. Bununla da bilməyərəkdən özünün təklənməsinə səbəb oldu.
– Bizimlə tanış olmaq istəyirdinsə, sadəcə yanımıza gələ bilərdin. Daha sığınacaqda əsir eləməyə gərək yox idi. – Duman ironiya ilə dedi.
– Bir də ağzını açsan, beynini dağıdacağam! – Afşin qışqırdı.
Elə bu vaxt qəfildən kimsə onu arxadan itələdi. Nə olduğunu anlamayan Afşin üzü üstə yıxılhayıxılda tətiyi bas bildi. Atəş səsi və dörd bir tərəfə qaçışanların hayqırtısı otağı lərzəyə saldı. Lakin artıq güllə öz yuvasından çıxmışdı və yeni “sığınacağ”ına doğru sürətlə irəliləyirdi…
(Ardı var)