Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5 6
Xülya CƏFƏROVA
8
Gecənin qaranlığında bir cüt göz tavana zillənmişdi. Afşin baş verənləri və onlardakı rolunu götür-qoy edirdi. Onu sığınacaqda dustaq olmaqdan çox tanımadığı adamlarla bir yerdə qalmaq narahat edirdi. Üstəlik bu insanların demək olar ki, hamısı bir-biri ilə öncədən tanış idi. “Əgər vəziyyət daha da çətinləşsə, aclıq, susuzluq yaransa, bu mədəni adamlar vəhşi heyvanlara çevriləcəklər” – deyə ağlından keçirdi. “Və özlərinə hədəf axtarmağa başlayacaqlar. İlk hədəf kimi yəqin ki, məktəb dövrünə mənsub olmayanlar seçiləcək” – o, zehnində təhlil aparırdı. “3 nəfər yad adam var: Mən, Cabir və Nil. Cabir həm Xürrəmin əridir, həm də yemək işinə baxır. Nil də Arzunun qızıdır. Onsuz da uşaqla hələ ki, heç kimin işi olmaz. Mən isə heç kəsin heç nəyi deyiləm. Uşaqlıq xatirələrində də yoxam. Deməli, burada ən lazımsız adam mənəm.”
Otağın zülməti Afşinin üzündəki narahatlığı, çatılmış qaşlarını və qorxularını ört-basdır edirdi. Qaranlıq tavan onun üçün bir növ monitor rolunu oynayırdı. Həmin “monitor”da içəridə olduğu müddət ərzində baş verənləri canlandırırdı. “Duman məni görən gündən qaralayıb. Yanındakılar da həmçinin” – o, Tunar və Torpağı nəzərdə tuturdu. “Səlimin heç kəslə işi yoxdur. Sabah müəllimə canının hayındadır. Adnanın baxışları birtəhərdir. Ondan nə gözləyəcəyimi bilmirəm. Sonra…” – o, zehnində bir-bir sığınacaqdakı bu “oyun”un “iştirakçı”larını canlandırır, hansının nə dərəcədə təhlükəli olduğunu qiymətləndirirdi. “Arzunun başı xarabdır. Cabir qorxağın biridir. Bircə çırtma vursan, ağlayar. Kərəm və Azadla aram yaxşıdır. Yaxşı ki, onlarla münasibət qurmuşam. İkisinin də sinif yoldaşları arasında hörməti var” – deyə düşündü və sağ tərəfdəki ikimərtəbəli çarpayıda yatan Kərəm və Azada tərəf çevrildi. Azad astadan xoruldayırdı. Kərəm də çoxdan yuxuya getmişdi. Qaranlıqda heç birinin üzü seçilmirdi. Yenidən öz “monitor”una qayıtdı: “Hmm… Sonra… Diyar sümsük gədənin biridir. Mənə ilişməz. Yerdə qalanların da heç birinin başı işləyənə oxşamır” – deyə düşündü. Qadınların gücünü küçümsəyirdi, amma daxilində nə isə narahatlıq da vardı. “Səda boşboğazdır. Dəfnə də dindirməsən danışmaz. Nə ətdir, nə balıq. Elina… Elina lazım ola bilər. Gözəldir, imkanlıdır. Hamıya maraqlı gəlir. İstəsə, çoxuna hökmünü yeridə bilər. Gərək onunla ünsiyyət yaradım. Heç olmasa bir neçəsini öz tərəfimə çəkməsəm, hədəf olaraq qalacağam.”
Təhlilini başa çatdırandan sonra üzü üstə çevrildi. Sağ əlini çarpayının divara söykənmiş tərəfindən aşağı uzadaraq döşəyin altına saldı və gizləncini çıxardı. “Tangoflio T95” markalı silah onun iri əllərinə yaraşıq verdi. Əlləri ilə silahın lüləyini, tətiyini, tutacağını sığallaya-sığallaya yenidən arxası üstə çevrildi. Üzündə hiyləgər bir təbəssümlə baş verənləri yadına saldı. Sığınacağa girməzdən öncə Sabah müəllimə Afşindən xahiş eləmişdi ki, silahını mühafizəçilərin otağında qoysun. Çünki Torpağın uşaqlıqda silahlara qarşı xüsusi bir marağının olması müəllimənin xatirində qalmışdı. Qorxurdu ki, Torpaq hələ də bu həvəsi itirməmiş olar və Afşinin silahını qurdalayaraq nə isə xəta törədər. Afşin Sabah müəllimənin xahişini yerə salmamışdı. Lakin ona yalan demişdi. Silahından ayrılmağı xoşlamırdı. Ona görə də silahı uniformasının içəridəki gizli cibində gətirmişdi.
Üzündəki təbəssüm yavaş-yavaş silindi. “Monitor”a kilidlənmiş gözlər qısıldı, qaşlar çatıldı, dişlər bir-birinə sıxıldı. “Nə olursa olsun, burdan sağ-salamat çıxacağam!” – deyə qətiyyətlə pıçıldadı.
***
– Dəfnə, yatmısan? – Qəmzə soruşdu. Dəfnə üzünü divar tərəfə çevirib fikrə getmişdi.
– Yox. Gözümə yuxu getmir, – o, cavab verdi.
– Nə fikirləşirsən?
– Fikirləşirəm necə eləyim ki, heç nə fikirləşməyim. – Dəfnə asta səslə dedi.
Qəmzə gülümsədi:
– Bilirsən, məncə bütün bu baş verənlərin nə isə bir səbəbi var. Neçə ildən sonra birtəhər planlaşdırıb görüşdük, amma ayrıla bilmədik. Deməli, hələ natamam qalan şeylər var…
– Məsələn nə kimi? – Dəfnə soruşdu.
– Hmm… Dəqiq bilmirəm. Amma həmişə fikirləşirdim ki, təzədən o illərə qayıtsam nəyisə dəyişərdim. Nə bilim… Məsələn, daha ünsiyyətcil olardım, xarici görünüşümə daha çox fikir verərdim, dərslərə bir o qədər də baş qoşmazdım… – O, üzündə təəssüf dolu bir təbəssümlə sadaladı və ürəkdən ah çəkdi.
– Qəmzə, zamanda səyahət etməmişik. Heç nəyi dəyişə bilməzsən. Sadəcə davam edə bilərsən. – Qəmzənin uşaqsayağı sözləri Dəfnənin üzündə gülüş doğurmuşdu.
– İstəsəm sinif yoldaşlarımın haqqımdakı fikirlərini indi dəyişdirə bilərəm. – Qəmzə bu dəfə daha ciddi tərzdə dedi.
– Amma heç kəs keçmişi unutmayıb, unutmayacaq da. Sadəcə hamı özünün böyüdüyünü, yaxşıya doğru dəyişdiyini göstərmək istəyir. Sən tək deyilsən. – Dəfnə dedi.
Qəmzə bir qədər fikrə gedəndən sonra çiyinlərini çəkərək:
– Eh… Nə isə” – dedi və mövzunu dəyişdi. – Dumanla Elinaya fikir vermisən? Bir-birlərinə necə baxırlar!
– Necə baxırlar ki? – Dəfnə kinayə ilə soruşdu.
– Sevgiylə, maraqla…
– Məncə, əksinə, nifrətlə! – Dəfnə dedi. – Deyəsən onların o vaxt necə ayrıldıqlarını unutmusan. Hələ də bir-birlərinin üzünə baxa bilirlərsə, böyük şeydir. Üstəlik, mən bilən, Elina ailəlidir.
– Hmm… – Qəmzə fikrə getdi. Bir qədər sonra dedi: – Bura artıq uyğunlaşmağa başlamışıq. Bu, qətiyyən yaxşı hal deyil. Heç kəs açıq-aşkar etiraf eləmir, amma belə görünür ki, çıxış yolumuz yoxdur.
– Bu qədər bədbin olma. Səlim bir yol tapar.
– Səlim heç nə eləyə bilmir. Bütün gün yanında olmuşam. – Qəmzə ümidsiz bir tonda dedi.
– Asan məsələ deyil. Məncə, uzağı 1-2 günə bizi buradan çıxaracaq. – Dəfnə dedi.
– Təki sən deyən olsun. Gecən xeyrə qalsın.
– Sənin də. – Dəfnə dedi və yenidən divara tərəf çevrildi. O, bütün gün kitabları ələk-vələk etməkdən yorğun düşmüşdü. Gözünə yuxu getməsə də yatmağa çalışdı. Sabah sığınacağın çertyojunu axtarmağa davam edəcəkdi. Çertyoj olmasa belə ümumiyyətlə bu cür kütləvi sığınacaqlar üçün ortaq xüsusiyyətlərin göstərildiyi hansısa qeydləri tapa biləcəyinə inanırdı. Bəlkə də Səlim yeganə ümid yeri deyildi. Kim bilir?
(Ardı var)