Sinif yoldaşları (6)
- 20 Sentyabr 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3 4 5
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
7
30 oktyabr, 2205
Əziz gündəliyim,
Yenə kimlərsə yuxarıda bərk dava edirlər. Əvvəlcə səmanın qanı qaralır, sonra göy qəzəbli gurultularla çalxalanır…. Birdən tərəflərdən biri o birinə sərt bir “şimşək” çəkir və nəhayət məğlub tərəf ağlayır…
Yağmurun nəfis ətri otağımın açıq pəncərəsindən içəri dolur. Arabir özü ilə saf damlalardan da gətirir. Bu sirrli və mistik abu-havada çarpayımda uzanaraq, sənə günümü necə keçirdiyimi danışmağa hazırlaşıram.
Deyirlər, qulaq hər gün bir söz eşitməsə, kar olar. Bu gün məktəbdə məni xeyli təəccübləndirən bir hadisə oldu.
Nahar fasiləsi idi. Məktəbin həyətində, əllərim cibimdə, arabir çisələyən yağışın altında hərlənirdim. “Tanrının göz yaşları”nda rahat islanmaq istəyirdim. Mənə elə gəlirdi ki, bu yolla ona ürəyimi açacağam. Tanrı öz göz yaşları ilə məni sığallayacaq, bununla da ruhuma toxunacaq, onun hansı sınaqlardan keçdiyindən xəbərdar olacaqdı…
Bu romantik hava məndə özümlə tək qalmaq istəyi yaratdı. Məktəbin arxa tərəfinə yollandım. Burda həmişə uşaqların sayı az olardı. İndi isə heç kəs gözə dəymirdi. Başımı bozumtul səmaya qaldırdım. Onun kədərinə gözlərimi bağlayıb, ruhumu həlim bir sevgiylə qucaqlayan həzzə meydan verdim. Əllərimi iki tərəfə uzadaraq, getdikcə güclənən damcıları ovcuma toplamaq istədim. Onlar isə bütün gücləri ilə ovcuma bircə yumruq vurur, sonra isə yoxa çıxırdılar.
Elə bu vaxt zəif bir səs eşitdim. Kimsə ağacların arxasında astadan ağlayırdı. Bir anlıq yerimdən tərpənmədən dayanmaq istədim. Zəif inilti yağmurun və küləyin səsinə qarışaraq elə gözəl ahəng yaradırdı ki, onu pozmaqdan qorxdum. Yaralı ruhunu sağaltmaq üçün göz yaşlarını axıdan bir qızın həzin səsi təbiətin hüznlü melodiyasını daha da mükəmməlləşdirirdi…
Bu qədər romantika bəs idi! Bəlkə də o ağlayan qız hər kimdirsə, köməyə ehtiyacı vardı. Mən isə dəli kimi gözlərimi bağlayıb onun “melodiya”mı gözəlləşdirmək üçün ağladığını fikirləşirdim. Sən bir eqoya bax!
Gözlərimi açdım. Səs gələn tərəfə boylandım. Çox düşünmədən asta addımlarla həmin istiqamətə üz tutdum. O da addım səslərimi eşitdi. Ağlamağı kəsib mənə tərəf çevrildi. Gördüyüm sima məni heyrətləndirdi. İşə bir bax! Ağlayan qız bizim Səda imiş ki! Heç vaxt dediyindən döyməyən, hamı ilə sona qədər mübarizə aparan, danışmaqdan yorulmayan, dərslərdə dayanmadan ağlını nümayiş etdirməyə çalışan Səda.
Məni görəndə nə edəcəyini bilmədi. Lakin yerindən də qalxmadı. Yaxınlaşıb yanında əyləşdim. İkimiz də bir müddət susduq. Nə deyəcəyimizi bilmədik. Yaxın münasibətimiz yox idi. Ünsiyyətimiz dərslər, ev tapşırıqları ilə bağlı olan söhbətlərdən o tərəfə keçməzdi. Amma sözə hardansa başlamaq lazım idi. “Bölüşmək istəyirsən?” – deyə soruşdum. Susdu. “Getməyimi istəyirsənsə, problem deyil” – dedim. Onu narahat eləmək yox, yardımçı olmaq niyyətində idim. “Yox, getmə” – dedi. Sonra isə əlavə etdi: “Elina ilə bağlı dediklərində haqqlı imişsən. O, şeytanın özüdür ki var!” “Nə olub?” – deyə soruşdum. Elə bir himə bənd imiş kimi başladı hönkürə-hönkürə mənə ürəyini boşaltmağa…
Son günlərdə Sədanın arabir Elina ilə söhbətləşdiyini görürdüm. Ümumiyyətlə, bir-birlərini xoşlamırlar (Elina özündən başqa kimi xoşlayır ki?). Səda sinif rəhbərinin qızı və sinif nümayəndəmizdir. Qayda-qanuna riayət edən, ədəb-ərkana önəm verən, səliqəli, dərsə həmişə hazır gələn nümunəvi şagirddir. Amma bu obraza girmək üçün o qədər dəridən-qabıqdan çıxır ki, çoxumuzda ona qarşı bir ikrah hissi baş qaldırıb. Onun hər sözə fikir bildirməyi, ağıllı görünmək üçün təzə sözlər öyrənib yerli-yersiz işlətməyi bizi qıcıqlandırır. Həmişə müəllimlərin tərəfini tutur və hər mövzu ilə bağlı danışmağa nə isə tapır. Duman ona əbəs yerə “demaqoq” ləqəbini qoymayıb ki… Özünü elə aparır ki, sanki bizlər yolunu azmış, günahkar, islaholunmaz adamlarıq, o isə hamıdan ali bir varlıqdır.
Sədanın nizam-intizama riayət etməyən sinif yoldaşlarına münasibəti hamımıza bəllidir. Xüsusilə də Duman onun gözünün düşmənidir. Heç vaxt sözləri düz gəlmir. Duman ona tez-tez sataşır, o da cavab qaytarır, mübahisə edirlər. Sabah müəllimə isə qızı ilə “sevimli” şagirdinin arasında qalmaqdan bezir…
Sədanın bu gün ağlaya-ağlaya danışdıqları çox fəxr etdiyim müşahidə qabiliyyətimin əslində nə qədər zəif olduğunu üzə çıxartdı. Sən demə, Səda Dumana qarşı gizli bir sevgi bəsləyirmiş. İndi Dumanın ona sataşanda nəyə görə bu qədər kəskin reaksiya verdiyini daha yaxşı anlayıram. Daha da betəri odur ki, mənim sərt, möhkəm zənn etdiyim Səda sadəlövhcəsinə bu sirri Elina ilə bölüşübmüş. Daha doğrusu, bir neçə gün öncə Elina Sədanın Dumana tuşlanan gizli baxışlarını görəndən sonra ona yaxınlaşıb və deyib ki, onun Dumana olan hisslərindən xəbərdardır. Səda əvvəlcə inkar eləyib. Sonra isə görüb ki heç cür vəziyyətdən çıxa bilmir. Ona görə də etiraf edib və duyğularını ağla gələ biləcək ən axırıncı adama daşınıb. Elina da başlayıb ona təsəlli verməyə. O “tülkü” gözlərini qıyaraq, öz qlamur həyatının “keşməkeş”lərindən danışmaqla Sədanı necə ovcunun içinə aldığını təsəvvür edə bilirəm…
Oğlanların Elinaya olan heyranlığına haqq qazandırıram. Həqiqətən çox gözəldir. Uzun, ipək saçları, hamar dərisi, qələmlə çəkilmiş kimi gözəl üz cizgiləri, hündür boyu ilə həqiqətən də “Şahzadə”yə bənzəyir. Lakin qızların onun qarşısındakı zəifliyini anlaya bilmirəm. Heç kəs onu ürəkdən sevmir. Bununla belə, onun əhatəsində olmağa can atırlar. Elina özünün qayğısız, zəngin həyatından danışaraq asanlıqla onları ələ alır. Yəqin ki həmin qızlar onun timsalında öz xəyallarındakı gələcəyi görürlər. Elinanınki kimi bir həyatları olacağına dair inamları yaranır. Həm də məktəbin ən gözəl qızı tərəfindən “təsdiq olunmaq” istəyirlər. Elina o avamların quş beyinlərinin təsəvvür etməyə qadir olduğu yeganə “güclü qadın” modelidir. Və nədənsə, insanlar çox zaman gücün yanında olanda, elə bilirlər ki həmin gücə ortaqdırlar (Arzu və Çiçək, Tunar və Torpaq kimi). Beləliklə, onların şüarı belədir: Gücə yaltaqlan! Nəticədə, bir nəfərin yanında zəif olsan da, yerdə qalan hamıdan güclü ol!
Nə isə. Qayıdaq mövzuya. Elina Sədaya and içib ki, sirrini qoruyacaq. Heç kəsə deməyəcək. Həqiqətən də qoruyub. İndiyə qədər bu barədə heç kimə bir söz deməyib. Buna baxmayaraq, bu gün sinifdəki uşaqların əksəriyyəti (mən 1-ci dərsdə iştirak etmədiyimə görə xəbərim olmayıb) günün əvvəlində sinifdə yeni bir cütlüyün yarandığını öyrəniblər. Bu cütlük Elina və Dumandır. Elina və Duman! Təsəvvür edirsən? Artıq sinfimizdə Bonni və Klayddan daha təhlükəli sevgililər var!
Sədaya ən çox pis təsir edən Elinanın hərəkətləridir. Onun dərdinə şərik olan qayğıkeş “rəfiqə”si indi gözü qarşısında onun sevdiyi oğlanla flirt edir. Üstəlik, baxışları və hərəkətləri ilə də Sədaya acıq verir. Nahardan sonrakı dərslərdə özüm də fikir verib gördüm ki, düz deyir. Elinanı Dumandan da çox Sədanı yandırıb yaxmaq maraqlandırır. Axı niyə? Bu necə bir vicdansızlıqdır?
Səda ilə zəng vurulana qədər danışdıq. Onu dinlədikcə, halına ürəkdən yanırdım. Amma bir tərəfdən də daxilimdəki iblis məni dümsükləyərək deyirdi: “Səda da bütün məktəb kimi sənə qarşı edilən haqqsızlığa göz yummadımı? Heç olmasa anasını bu vəhşiliyə ortaq olmamağa, Elinagili cəzalandırmağa razı sala bilməzdimi?” Haqqsızlığa göz yummaq elə ona ortaq olmaq deməkdir və əvvəl-axır həmin ortaq da qurban olmağa məhkumdur. Bu dəfə Səda qurban idi. Qurbanı mühakimə etmək isə mənə yaraşmaz…
Sinfə qayıtmazdan öncə onu ayaqyoluna aparıb əl-üzünü yumasına kömək etdim. Saçlarına əl gəzdirdim. Ona özünü əzdirməməyi, heç nə olmamış kimi davranmağı, qətiyyən əsəbi, gərgin, kobud və ya yazıq, çarəsiz kimi görünməməyi məsləhət gördüm. Elina Sədaya qarşı mənə etdiyi kimi vəhşilik eləməmişdi. Bu, açıq-aşkar mübarizə aparılacaq, dava ediləcək tipdə bir məsələ deyildi. Ona görə də bildirdim ki, qalib gəlməyin yeganə yolu Elinaya nə qədər bəsit və dəyərsiz olduğunu laqeyd davranmaqla nümayiş etdirməkdir.
Sinfə girməzdən öncə Səda son bir təsəlli üçün gözlərimin düz içinə baxdı və soruşdu: “Səncə Duman onu sevir?” Baxışları üç hərfli sözü deməyim üçün sanki yalvarırdı. İnsanların daxili dünyalarını bilmədən onların hissləri barəsində konkret fikir yürütməyi xoşlamasam da, ona istədiyi cavabı verdim: “Yox.” Dərindən nəfəs aldı və içəri keçdi.
Əslində necə düşündüyümü bilmək istəyirsən? Məncə sevgi ən saf, müqəddəs duyğudur və yalnız daxilən saf olanlar, ya da bu yolda addımlayanlar onu duya bilərlər. Mən nə Elinanın, nə də Dumanın mənəvi baxımdan saf olduğuna inanmıram. Onların münasibəti məktəbin ən populyar oğlanı ilə ən gözəl qızının ənənəvi, gələcəyi olmayan qısamüddətli məşğuliyyətdən başqa bir şey deyil. Bəs Sədanın sevgisi necə? Bu gün etdiyimiz söhbətdən sonra onun mənəvi cəhətdən inkişafa doğru irəlilədiyinə inanmağa başladım. Onun hissləri mənə səmimi gəlir.
Bax belə… Yağış hələ də davam edir. Mənə elə də dəxli olmayan üç müxtəlif insanın məhəbbət üçbucağı barəsində danışmaq məni acdırdı. Yadıma indi düşdü ki, axırıncı dəfə səhər tezdən yemişəm. Nə məktəbdə, nə də evə gələndən sonra iştahım olmayıb. Həyatdakı tək-tük bacarıqlarımdan biri uzun müddət ac qalmağa dözmək qabiliyyətimdir. Lap dəhşət bacarıqdır ki! Görəsən bu “istedad” mənə hansı işimdə kömək edə bilər? Nə vaxtsa, kimsəsiz bir adaya düşsəm, yəqin ki karıma gələr. Mənim tənha adada nə işim olacaq ki? Nə isə. Yaxşısı budur, gedib bir şey yeyim.
(Ardı var)