Fəzail İsmayıl Böyükkişi
Haqq aşığı Dədə Ədalət Məhəmmədəli oğlu – saz havalarının bənzərsiz və yaradıcı ifaçısı sentyabrın 14-də Bakıda, iyirmi ilə qədər kirayədə qaldığı mənzildə uzun sürən amansız xərçəng xəstəliyindən sonra haqq dünyasına qovuşdu…
Ədaləti xalqımız 4-5 yaşında ilahi yanğı ilə yana-yana saz çaldığı vaxtlardan sevib. Sonrakı nəsillər də onu 4-5 yaşlarından sevib və sevəcək. Kim türkdürsə, o, Ədaləti sevməlidir, çünki Ədalətin çaldığı saz havaları türkün ruhudur! Kim insandırsa, Ədaləti sevməlidir, çünki Ədalət insanlıq korifeyi idi.
Amma Aşıq Ədalət elə bəsit adam deyildi ki, onu hamı anlayaydı, hamı sevəydi…
Ədalətin cahil, çərənçi, eqoist, tamahkar, namərd adamları görən gözü yox idi. Belələri ilə o qəti kəlmə kəsmək istəməzdi. Amma elmli, ədəbli, mərd adamlara canını da qurban verərdi.
Ədalətlə qonşu olandan sonra onun necə dərin təfəkkür, parlaq zəka sahibi olduğunun şahidi oldum. Ədalət harda yaxşı kitab olduğunu eşitsəydi, onu ələ gətirib təşnə-təşnə oxuyardı. Ədalət Allah adamı idi, “Məhəmməd peyğəmbər istəklimdi, imam Əlinin nökəriyəm, atam da ustadım da Məhəmmədəlidir” deyərdi. Aşıq Sadığı, Aşıq Əmrahı ustadları kimi çox yüksək tutardı. Aşıq Ədalət bütün şagirdlərini sevərdi, Aşıq Xanlarlasa fəxr eləyərdi, onun vaxtsız itkisini ən ağır itkisi bilərdi.
İndi də ən ağır itkimiz olan Dədə Ədaləti itirdk. Təəssüf ki, Ədalətin qədrini bilmədik, onu qorumağı bacarmadıq. Əslində Ədalət vətənin ən ali, dünyanın da ən yüksək mükafatına layiq idi. Bu mükafatlar kamil insan olan Ədalətə lazım deyildi, kamilləşmək istəyən imkan sahiblərinə lazım idi. Onlar bu mükafatları Ədalətə verməyi bacarmadılar. “İncil”də deyilir ki, müdriklər dar qapıdan keçir, qoyun sürüsü genişliyə can atır. Ədalət müdrik insan idi. “Quran”da deyilir ki, kamil insanlar kamil olur, qalan insanlarsa nankor, naxələf, naqis məxluqlardır. Ədalət kamil insan idi!
Kamil insan olan Ədalət əmim gözəl bilirdi ki, mən heç kimin və heç nəyin fanatı ola bilmərəm, bunu yalnız sərsəm adamlar belə hesab edə bilər. Bəli, məni kimsə təsiri altına sala bilməz, mənim hər yetən insana da könlüm qızınmaz, kamil olmayan insan məni heyrətə gətirməyi bacarmaz…
Ağır insult xəstəsi olduğumdan yüz kilometrlərlə yolu gedib, Qazaxda Ədaləti son mənzilə yola sala bilmirəm. Odur ki, istəkli dostum Muraddan xahiş etdim ki, mənim əvəzimdən Dədə Ədalətin qəbrinin üstünə bir ovuc torpaq töksün. Özüm də göz yaşlarım içində Dədə Ədalətin ağır itkisinə “Kimsə ağlayammaz qara saz kimi” və “Elə ağla ki” şeirlərini yazdım. İnşallah, Dədə Ədalətin qırxına qədər onun adına layiq “Sazın, sözün fatehi” kitabımı istəkli oxucularıma çatdırıram.
KİMSƏ AĞLAYAMMAZ QARA SAZ KİMİ
Leyli Məcnununu,
Ana Körpəsini,
Qara saz da Ədalətini itirdi.
Müəllif
Ədalətim köç eləyir dünyadan,
Ona bütün Azərbaycan deyir can,
Qazax camaatı qoparır fəğan,
Gözümdən yaş axır Kür-Araz kimi,
Kimsə ağlayammaz qara saz kimi.
Köçür bu dünyadan ərzi titrədən,
Allah belə yaratmışdı fitrədən,
Susub qan-yaş tökür anamız Vətən,
Qalıb boynu bükük, nataraz kimi,
Kimsə ağlayammaz qara saz kimi.
Tarixə ibrətdir Dədənin yası,
Aşığa urvatıdır eli, obası,
Ağköynək bürünüb matəm libası,
Bu cümə günündə, yayda yaz kimi,
Kimsə ağlayammaz qara saz kimi.
Nizami, Ədalət – şeyxdir qərəzi,
Ziyarətgah olar şeyx məqbərəsi,
Fəzail, pozulmaz mizan-tərəzi!
Din-iman xoş gələr kam-muraz kimi,
Kimsə ağlayammaz qara saz kimi.
ELƏ AĞLA Kİ…
Öz elimə qurban olum Dədə Ədalət.
Müqəddəs məhəbbətim, nifrətim,
Alçaqların qılığına girmədim.
Müəllif
Dünya başıma uçdu,
Qollarım köksümü qucdu.
Aşıq Ədalət dünyasını dəyişdi…
Bəd xəbər varmıdır bu qədər acı?
Başınız sağ olsun,
Dədə Ədalətin yadigarları –
Hekayət qardaş,
Kamalə, Şəlalə, Vüsalə bacı.
Başınız sağ olsun,
Dostum Murad, Aslan, Rasim…
İstəkli dostumuz Ədalət
Gəldi-keçdi,
Axır ki, köçdü…
Bu pis dünyadan,
Xəbis dünyadan…
Doğrudan da Ədalət kimi dostu itirmək
Çox ağır dərddir,
Axı Ədalət, namərd deyil, mərddir!
Başın sağ olsun,
Uşaq vaxtdan Ədalətin sevdiyi Dilcan dərəsi,
Başın sağ olsun, Oğuz türkü.
Başın sağ olsun sənin də, bütün yer kürəsi,
Başın sağ olsun,
İnsanlığını itirməyən
İnsan övladı insan,
Yer üzündə var hər nə ki?!
Səni anlaya bilməz nadürüst, nadan
Sümük gəmirib, ənsə qartan
Köçdü haqdan coşub-qaynayan,
Fələklərlə oynayan.
Ağlını başına yığmayan,
Asimana, kəhkəşana sığmayan
Haqq aşığı Dədə Ədalətdi insanlıq korifeyi.
Necə olub Cəlaləddin Rumi,
Vilyam Şekspir,
Rabindranat Taqor,
Çarlz Çaplin,
Ernest Hemenquey.
Başın sağ olsun, Qazax camaatı,
Dünyaya ən qüdrətli
Dahilərini yetirən Qazax torpağı
ən elmli,
ən helimli
Oğlun Ədaləti öz vəsiyyətiylə,
Ağköynək kəndinin əzəmətli dağ döşündə,
Allahın bu ən əziz cümə günündə
Öz qoynuna çəkirsən,
Gözlərindən leysan yaşları tökürsən.
Ağla, Qazax camaatı.
Qoy qalan camaat da
Ürəyində ağlasın,
Ürəyində sinəsini dağlasın.
Sənsə hönkürüb ağla,
Hönkürüb sinəni dağla…
Al Günəşdən gerçəyə.
Ədalətin ata-ana yurdu
Göyçəyə, Dərəçiçəyə…
Ağla, Qazax camaatı,
Ağla, bütün Azərbaycan,
Səni anlayınca, səni duyunca…
Ağla, Dəli Kürün,
Ağla, Xan Arazın boyunca,
Elə ağla ki, buna Allah da
fəryad qoparsın,
Elə ağla ki,
Dinsizləri, qansızları sel aparsın.