Sinif yoldaşları (4)
- 06 Sentyabr 2017
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Povestin əvvəlki hissələrini buradan oxu: 1 2 3
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
5
1-ci gün
Əsəblər tarıma çəkilmişdi. Hamı gərgin, narahat, amma eyni zamanda ümidli idi. Texnoloji inkişafın ən yüksək həddə çatdığı bir dövrdə sığınacaqda uzun müddət qalası deyildilər ki. Ən azından, içəridəki 20 nəfər belə düşünürdü. Lakin xarici aləmlə xəbərləşmək üçün nəzərdə tutulan bütün avadanlıqlar – kompyuterlər, monitorlar, səsötürücü qurğular, sığınacaqlardan məsul olan qurumlara S.O.S siqnalı ötürən cihazlar hələ işlək vəziyyətdə deyildi. Görünür, sığınacağın tamamlanması üçün hələ azı 1-2 həftə gərəkliymiş. Beləliklə, məlum oldu ki, heç Afşin belə buradakı vəziyyətdən tam olaraq xəbərdar deyilmiş.
– Telefonlar da işləmir. Əlbəttə, işləməz. Cəhənnəmin dibindəyik. – Elina əlindəki telefonu qurdalaya-qurdalaya deyinirdi.
– Uşaqlar, bəs izaxtaranlar necə? Onlar da burada işləmir? – Çiçək soruşdu. O, doğulan kimi bütün körpələrin sol qolunun yuxarı hissəsinə yeridilən mikroçipləri nəzərdə tuturdu. Az qala mikroskopik ölçüdə olan bu qurğu dünyanın hər yerindəki insanların izlənməsini təmin edirdi. Cəmi yüz ilə yaxın idi ki, bu texnologiya tətbiq olunurdu. Onun sayəsində qəza vəziyyətində olan, fövqəladə halla üzləşən və ya terrora qurban getmək üzrə olan insanlar bir çox halda vaxtında xilas edilə bilirdi. Əlbəttə, bu cihaz insanların bir-birlərini izləməsi üçün nəzərdə tutulmamışdı. Bu hüquq yalnız ayrı-ayrı hökümətlərin təyin etdiyi məsul qurumlara məxsus idi.
– Aaa, doğrudan! Bu ki heç ağlımıza gəlməyib! – Xürrəm sevincək dedi.
Uşaqlıqda olduğu kimi, söhbət texnologiyadan gedirsə, fikir bildirməyi özünə borc bilən Səlim bu dəfə də bildiklərini yoldaşlarından əsirgəmədi:
– Mənim də ağlıma elə birinci bu gəlmişdi. Lakin məsələ burasındadır ki, o cihazlar yerin üstündə işləyir, altında yox.
– Onda daha nəyə lazımdır ki? – Bir anlıq çöhrəsində ümid işığı yaranan və Səlimin sözlərindən sonra yenidən üzünə qaranlıq çökən Arzu əsəbləşdi.
– İzaxtaranlar yerin üstündəki fövqəladə vəziyyətlərdə köməyə gəlir. Onlar yeraltı üçün nəzərdə tutulmayıb. İşdir, birdən izaxtaranlardan məsul olan qurumlar terror qruplaşmaları tərəfindən ələ keçirilərsə, sığınacaqların dəqiq yerinin və içəridə kimlərin olduğunun bəlli olmaması üçün onlara belə bir funksiya əlavə edilməyib. Sığınacaqların hamısında xəbərləşmə üçün cihazlar quraşdırılır. Onların hər biri yalnız içəridən razılıq bildirən düymələrə basılandan sonra bayırdakı instansiyalara xəbər ötürə bilər. Həmin qurumlarda pult başında oturanlar isə müəyyən gizli şifrələri yığdıqdan sonra sığınacaqla əlaqə saxlaya bilərlər. – Səlim dedi və köks ötürərək davam etdi: – Bizim bəxtimizdən də burada həmin cihazlar quraşdırılmayıb.
Hamının qanı daha da qaraldı. Heç kəs çarəsizliyi qəbul etmək istəmirdi.
– Nə isə bir çıxış yolu olmalıdır axı! – Arzu az qala ağlayaraq dedi.
Bir müddət heç kimdən səs çıxmadı. “Özünütəsdiq” motivi daşıyan görüş birdən-birə “özünütəslim” halını almışdı. Dəfnə köhnə adəti üzrə, öz küncünə çəkilib yoldaşlarını müşahidə edirdi. Arzunun qorxaqlığı, Afşinlə Dumanın bir-birlərinə tuşlanan qəzəbli baxışları, Sabah müəllimənin içəridə qapalı qalmaqdan savayı digər əndişəsi (O, məktəb rəhbərliyinin xəbəri olmadan gəncləri sığınacağa toplamışdı. Əgər Afşin öz işinin başında olsaydı, bəlkə də hadisədən vaxtında xəbər tutar və xeyli şagirdin həyatını xilas edə bilərdi. İndi buradan çıxan kimi hadisəyə müvafiq don geyindirmək lazım gələcəkdi.), Xürrəmin təəccüblənəndə daha da iriləşərək az qala hədəqəsindən fışqıracaq domba gözləri, anasına qısılsa da, baxışları böyüklərinkindən daha müdrik təsir bağışlayan balaca Nilin təmkini təkcə Dəfnənin diqqətində idi. O, düşdüyü hər vəziyyətdə soyuqqanlı davranmağı güc-bəla ilə də olsa özünə təlqin edə bilmişdi. İstənilən situasiyada həm çıxış yolu tapmağa çalışar, həm də düşdüyü vəziyyəti lazımınca müşahidə edərək, öz əqlinin süzgəcindən keçirərdi. Hərçənd indi onun da ağlına bir şey gəlmirdi…
Beləcə, bir neçə saat keçdi. Daha bayırdan heç bir səs gəlmirdi. Duman təklif etdi ki, qapını Afşindəki kartla açmağı yoxlasınlar. İşdir, bəlkə alındı? Onun fikrincə, Afşin içəridəki vəziyyətdən yetərincə xəbərdar deyildi: xəbərləşmə üçün nəzərdə tutulan cihazların quraşdırılmadığını belə onlarla eyni vaxtda öyrənmişdi. Deməli, ola bilsin ki, kart məsələsində də yanılır.
Dumanın təklifi ürəklərə yeni bir ümid qığılcımı gətirdi. Afşin əvvəlcə etiraz elədi, amma sonra gördü ki, haqqlı olduğunu əyani şəkildə sübut etməkdən başqa əlacı yoxdur. Ona görə də razılaşdı. Səlimlə Azad da etiraz etdilər. Əgər qapı açılarsa, bayırda onları nəyin gözlədiyini bilmədiklərinə görə ehtiyat edirdilər. Bəlkə terrorçular düz elə başlarının üstündədir? Ya da kim zəmanət verə bilərdi ki, havava heç bir zəhərli qaz buraxılmayıb? İkinci ehtimal gəncləri daha çox qorxutdu. Ona görə də gecəyə qədər gözləməyə qərar verdilər. Əgər yenə də heç bir səs-küy eşidilməsə, oğlanlardan ibarət bir qrup gedib kartı yoxlayacaqdı. Qapı açılarsa, onlar bayıra çıxıb vəziyyəti öyrənəcək və gəlib içəridə qalanları çıxaracaqdılar. Əgər açılmasa, onda itiriləsi heç nə yox idi.
Gecə yarısına az qalırdı. Planı həyata keçirməyin vaxtı gəlib çatmışdı. Qrupa Duman, Torpaq, Afşin, Kərəm və Azad daxil edildi. Tunarla Səlim də qoşulmaq istəyirdi. Lakin Duman onlara vəziyyətə içəridən nəzarət etməyi tapşırdı. O, Səlimi təhlükəyə atmaq istəmədiyini bildirdi. Əgər başlarına nə isə gələrsə, Səlim içəridəkilərə lazım olacaqdı. Yüksək texnologiya ilə təchiz edilmiş (bir çox funksiya işlək vəziyyətdə olmasa da) bir sığınacaqda ən gərəkli adam, təbii ki, texnologiya dühası olan Səlim idi. Tunarı isə Duman min bir bəhanə gətirərək başından elədi. Qrup böyük ümidlərlə qapının olduğu girişə yollandı. Çox keçmədən, əlləri ətəklərindən uzun qayıtdılar. Afşin haqlı çıxmışdı. Hamı çarəsiz halda düşünməyə başladı. Dəfnə sinif yoldaşlarına kənardan baxaraq ağlından keçirirdi ki, çıxış yolunun olmaması hətta eqosu ən yüksək olanları belə yazıq hala sala bilərmiş…
Afşin ümidsizlik dolu sükutu pozdu:
– Uşaqlar, artıq gecdir. Gedib yataq. Səhər durub ayıq başla nə edəcəyimizi götür-qoy edərik.
Bu təklif heç kəsin ürəyincə deyildi. Amma razılaşmaqdan başqa çarə yox idi. Cabir yatmazdan öncə nə isə yemək istədiyini bildirdi. Anbara düşəcəyini dedi və ona qoşulmaq istəyənin olub olmadığını soruşdu. Onun bu təklifi Afşini təşvişə şaldı. Afşinin qəfildən dəyişən siması Dəfnənin də nəzərindən yayınmadı.
Afşin ehtiyatla sözə başladı:
– Cabir, yaxşısı budur, bu gecəni birtəhər dözək. Yəqin ki, uşaqların çoxu acdır. Başa düşürəm. Elə mən də günorta yediyimin üstündəyəm. Amma…
– Amma nə? Onsuz da sabah bir variantla buradan çıxacağıq da. Nəyə görə imkan vermirsən bir şey yeməyə? – Duman bayaqdan bu fürsəti gözləyirmiş kimi Afşinin üstünə çəmkirdi. Lakin bu əsəbi səs tonunun altında gizli bir qorxu var idi. Bunu isə illərin müşahidə vərdişinə yiyələnmiş Dəfnədən başqa heç kəs duymadı.
– Duman, gəl real düşünək. Burada nə qədər qalacağımızı heç birimiz bilmirik. Bəlkə sabah axşama qədər burda olacağıq? Ya da bir neçə günü burda keçirəcəyik? Ərzağa qənaət eləmək lazımdır. – Afşin təmkinini pozmadı və bayaqdan dilinin altında gizlətdiyi sözləri dedi.
– Nə?! Səni bilmirəm, amma mənim burda günlərlə qalmaq planım yoxdur. Onsuz da sənə görə burda taxılıb qalmışıq. O zibilə qalmış kartı götürsəydin, indi hamı öz evində, eşiyində olardı! – Duman qışqırdı. Kənardan bir neçə nəfər də onun fikrinə şərik olduğunu bildirən nidalar səsləndirdi.
– İçəriyə beşcə dəqiqə girmək üçün baş-beynimi aparan siz deyildiniz?! – Afşin Dumana, ona dəstək olan Arzuya, Xürrəmə və Tunara baxaraq qəzəblə bağırdı. – Mən sizin ucbatınızdan indi burdayam! İş növbəm başa çatmaq üzrə idi. İndi ailəmin yanında ola bilərdim. (Əslində iş növbəsi başa çatmaq üzrə deyildi. Sadəcə boşluqdan istifadə edərək, aradan çıxmağı planlaşdırırdı). Əlbəttə, əgər siz yalvar-yaxar eləyib məni özünüzlə bura sürüməsəydiniz… – Afşin birdən özünü sinfə təzə gələn məktəbli kimi hiss etdi. Sinif yoldaşları onu təkləyir, aralarına buraxmırdılar. Afşinə elə gəlirdi ki, hamı ona qarşı birləşib. Səs-küy yaranmağa, hər ağızdan bir söz çıxmağa başladı.
Nəhayət, Kərəm sakitliyi bərpa edə bildi:
– Dalaşaraq heç nəyi həll edə bilmərik, uşaqlar. İndi düşmən olmaq vaxtı deyil. Hamımız birləşib əlimizdən gələni eləməliyik. Gəlin, indi gedib yataq. Afşin dediyi kimi, sabah ayıq başla düşünərik.
Hamının simasından yorğunluq yağırdı. Heç kəs etiraz edəcək halda deyildi. Ona görə də qruplara bölündülər və yataq otaqlarına üz tutdular.
***
Otaq yoldaşları çoxdan yuxuya getsə də, Dəfnəni yuxu tutmurdu. Sabahın nə gətirəcəyini bilmədən belə rahat yata bildiklərinə görə hətta onlara təəccüblənirdi. Otaqda iki ədəd ikimərtəbəli çarpayı vardı. Aşağıda Dəfnə, yuxarıda isə Qəmzə yatırdı. Səda ilə anası isə üzbəüz çarpayılarda şirin yuxuya qərq olmuşdular.
Dəfnə bir xeyli yerində eşələnəndən sonra qalxıb əynini geyindi və yuxarı qalxdı. Kitabxanaya üz tutdu. Yuxusu gəlməyəndə kitab oxumağı xoşlayardı. İçəri girən kimi avtomatik işə düşən bəyaz işıqlar böyük rəfləri aydınlatmağa başladı. Dəfnə rəflərin arasında gəzərək, ona maraqlı gələn kitablara bir-bir nəzər yetirirdi. O, kitabxanaları çox sevirdi.
Müasir dövrdə çox az adam kitabxanaya gedərdi. Çünki hər bir uşaq doğulan kimi onun şəxsi hesabı yaradılırdı. Həmin şəxsi hesabda bəşər tarixi yarandığı gündən bugünə qədər olan bütün məlumatlar – janrından asılı olmayaraq dünyanın bütün dillərində bütün kitablar, dərsliklər, jurnallar, tarix boyu nəşr olunmuş bütün qəzetlərin arxivi, tarixi materiallar, bir sözlə, xüsusi səlahiyyət tələb edən gizli sənədlər xaricindəki hər şey öz əksini tapırdı. Şəxs monitoru olan istənilən elektronik cihaz vasitəsilə istənilən yerdə həmin materiallara baxa bilərdi. Ona görə də, XXIII əsrdə kitablar keçmişin qalığı sayılırdı. Buna baxmayaraq, onlar olduqca baha qiymətə satılırdı. Çünki yalnız kitab qoxusuna, keçmişə marağı olan zəngin kolleksionerlər kitab alırdı.
Dəfnənin şəxsi kitabxanası olmasa da, nə vaxtsa bu arzusunu reallaşdıracağına inanırdı. O, incə barmaqlarını kitabların üzərində gəzdirərək, ona tanış olan adlardan birinin – “İlahi komediyanın” üstündə dayandı. Kitabı əlinə alıb vərəqləməyə başladı. Dante Aligyerinin 9 əsr öncə qələmə aldığı bu möhtəşəm əsəri az-çox anlaya bilməsi üçün 3 dəfə oxuması lazım gəlmişdi. Sonuncu dəfə oxumağının üstündən isə azı 7 il keçirdi.
O, əvvəldəki səhifələrdən birini açıb oxumağa başladı:
Bu dünyada ömrümün yarısı keçəndə
Mən girdim zülmət kimi qaranlıq bir meşəyə,
İtirdim doğru yolu zülmət dərə içində…
Nədənsə, zövqlə oxumağa başladığı sətirlər Dəfnəyə narahatlıq hissi gətirdi. Görəsən o da bu zülmət dərə – sığınacaq içində öz yolunu itirməyəcəkdi ki? Kitabı vərəqləməyə başladı. Səhifələrə ötəri nəzər saldıqca özünü kitabda sözü gedən “Əraf”da hiss etdi. Ona elə gəldi ki, sığınacaq bu 20 nəfərin öz günahları və savabları ilə üzləşəcəyi bir “Əraf”dır. Buradan sonra isə onları ya “Cənnət”, ya da “Cəhənnəm” gözləyir. Təsəvvüründə canlandırdığı məcaz Dəfnənin ürəyinin bir az da sıxılmasına səbəb oldu. Kitabı bağlayıb yerinə qoydu və kitabxanadan çıxdı.
***
Otağına qayıdarkən aşağı mərtəbələrdə ayaq səsləri eşidildi. Dəfnə ondan başqa da kiminsə yuxusunun qaçdığını yəqin edərək fikir vermədi. Fikirli halda qaranlıq otağına girən kimi qorxudan səksəndi. Sığınacağın yuxusu qaçmış digər sakini – balaca Nil qapının ağzında heykəl kimi dayanaraq kimisə gözləyirdi.
– Nil, nə isə olub? – Dəfnə həyəcanla soruşdu.
– Mənimlə ayaqyoluna gələrsən? Tək qorxuram. – Nil dedi. O, qorxmuş bir qız üçün kifayət qədər təmkinli təsir bağışlayırdı.
Dəfnə anası yanında ola-ola qızın onu çağırmağına təəccüblənsə də, özünü o yerə qoymadı:
– Əlbəttə, gedək.
Ayaqyolu mərtəbənin qurtaracağında idi. Nil, anası, Elina və Çiçək Dəfnə ilə qonşu otaqda qalırdılar. Həmin otağın qapısı açıq idi. Yanından keçəndə Dəfnə gözucu içəri baxdı. Qaranlıqda içərini aydın görmək olmurdu. Amma deyəsən hamı yatmışdı.
Yol boyu Nil daha heç nə demədi. Lakin qayıdarkən üzünü Dəfnəyə tutaraq:
– Yəqin indi fikirləşirsən ki, nəyə görə anamı yox, səni çağırdım, – dedi.
– Yox, əzizim. Yəqin ki, ananı oyatmaq istəmədin. Mənim də səsimi eşidib yanıma gəldin. Nə problem var ki? – Dəfnə bayaq otaqdan içəri baxdığına görə ürəyində özünü danladı. Görünür, bu, Nilin diqqətindən yayınmayıbmış.
– O mənim anam deyil, – balaca qız qətiyyət və soyuqqanlılıqla dedi.
Dəfnə nə deyəcəyini bilmədi. Nil davam elədi:
– Arzu mənim ən böyük düşmənimdir. Onun ucbatından atam anamdan ayrıldı. Bir ildən çoxdur ki, anamı görə bilmirəm.
Dəfnə qulaqlarına inana bilmirdi. Axı Arzu Nili hər kəsə öz doğma qızı kimi təqdim eləmişdi.
– İnanmırsan mənə? – Nil Dəfnənin tərəddüd dolu baxışlarına biganə qala bilmədi. – Səni baş düşürəm. Arzu mənə hədə-qorxu gəlmişdi ki, sizin yanınızda heç nə bildirməyim.
– Arzu niyə hər şeyi olduğu kimi demir ki? – Dəfnənin nəhayət ki, dili açıldı.
– Bilmirəm. Yəqin sizin yanınızda ailə dağıtmış kimi görünməkdən qorxur. Sizin yanınızda nə isə deyib onu pis göstərərəm deyə məni danışmağa da qoymur. – Nil cavab verdi.
– Bəs atan ananla görüşməyinə icazə vermir ki? – Dəfnə soruşdu.
– Arzu atamı anama qarşı doldurur. Atam doğma anamın mənə pis nümunə olacağını fikirləşir. – Araya səssizlik çökdü. – Xahiş eləyirəm ki, dediklərim aramızda qalsın, – Nil əlavə etdi.
– Əlbəttə, əzizim. Narahat olma. – Dəfnə nəvazişlə dedi.
O, Nili ötürəndən sonra öz otağına üz tutdu. Elə bu vaxt ayaq səsləri yenidən eşidildi. Nil otağından çıxmamışdı. Səslər isə bayaq eşitdiyinin eynisi idi. Dəfnə otağına girib qapını bağladı. Yerinə girdi və eşitdiyi səsləri yaddan çıxarmağa çalışaraq gözlərini yumdu. Bir gün üçün bu qədər təəccüb yetərli idi. Qonşu otaqda onu illər öncə darısqal kabinəyə kilidləyən qızların yatdığı, az öncə yenicə tanış olduğu bir qızcığazın ona həyatının faciəsini danışdığı, saatlar əvvəl çoxu azyaşlı uşaqlardan ibarət olan, bəlkə də yüzlərlə günahsız insanın öldürüldüyü bir vaxtda, Dəfnəni həmin cəsədlərin qalıqlarının səpələndiyi yerin altında, sığınacaqdakı rahat çarpayısında yatmaqdan başqa heç nə maraqlandırmırdı. O, gözlərini yuman kimi sabahın nə gətirəcəyini bilmədən yuxunun şirinliyinə təslim oldu…
(Ardı var)