Seymur KAZIMOV
ABŞ-dan olan jurnalistika professoruna məqaləmin ilk qaralamasını elektron poçt vasitəsilə göndərdikdən sonra otağına getdim, “ingiliscə akademik səviyyədə yazmamışam, xahiş edirəm bu faktoru nəzərə alın” dedim. Eynəyini çıxardı və təbəssümlə cavab verdi: “Hələlik bu, çox xırda məsələdir. İndi əsas odur ki, yazında hər şey doğru olsun, faktlar yerində işlənsin, balansı gözləyəsən, ən əsası da oxucunu aldatmayasan”. Eynəyini taxdı və mənə qapını göstərdi.
Avqustun 15-də Milli Televiziya və Radio Şurası Azərbaycan telekanallarında ədəbi dil normalarının vəziyyəti ilə bağlı monitorinqin nəticələrini yaydı. Məlum oldu ki, normaların kobud şəkildə pozulması halları mövcuddur. Monitorinq prosesində iştirak edənlər hansı verilişdə hansı aparıcının hansı səhvləri buraxdığını xırdalıqlarınacan araşdırıb təqdim ediblər. Amma bu verilişlərin arasında bir dənə də olsun ictimai-siyasi yönümlü veriliş və proqrama rast gəlmək olmur.
Monitorinq zamanı 850 pozuntu qeydə alınıb. Bunlardan 371-i fonetik, 177-i leksik, 200-ü qrammatik pozuntu, 104-ü üslub pozuntusudur. Monitorinq prosesinə İTV, ATV, “Space”, “Lider”, “Xəzər” və ARB telekanalları cəlb olunub.
ARB televiziyasında qeydə alınan norma pozuntularının 45 faizi fonetik, 11 faizi leksik, 16 faizi morfoloji, 6 faizi sintaktik pozuntu, 24 faizi üslub xətası olub. Dil normalarının fonetik səviyyədə pozulması ən çox İTV-də, sonra ATV, “Xəzər”, “Lider” və “Space”də qeydə alınıb.
Dil normalarının leksik səviyyədə pozulması halları daha çox “Space”də, morfoloji səviyyədə pozulma “Lider”də, sintaktik səviyyədə pozulma daha çox ATV-də, üslub pozuntusu isə ən çox ARB-də, ən az İTV-də qeydə alınıb.
AzTV monitorinqə ümumiyyətlə cəlb olunmayıb.
Nə üçün monitorinqlər yalnız dil normaları pozulanda yada düşür? Təbii ki, dilimizin qorunması vacibdir, amma etiraf edək ki, bu gün Azərbaycan jurnalistikası daha çox dil normalarının pozulmasından deyil, jurnalistika prinsiplərinin, standartlarının, dəyərlərinin pozulmasından ziyan çəkir.
Azərbaycanın televiziya məkanında efirə gedən xəbər buraxılışlarının 95 faizinin süjet xətti eynidir. Hətta xəbərlərin düzülüşü də eynidir. Bu gün (əslində, bu gün deyil, bir neçə ildir) Azərbaycan televiziyalarında tamaşaçıya alternativ informasiya verilmir, efirdə işıqlandırılan problemlər isə “JEK” səviyyəsindən o tərəfə keçmir. Əvəzində Avropa ölkələrindəki etiraz aksiyaları, Afrikadakı, Amerikadakı daşqınlar, yanğınlar, Antarktidada buzlaqların əriməsi barədə süjetlər təqdim olunur. Bunlar da lazımdır, amma özümüzdəki reallıqları təqdim etdikdən sonra.
Bir anlıq təsəvvür edək ki, teleməkanda xəbərlərin hamısı Azərbaycan dil normalarına ən yüksək səviyyədə riayət olunmaqla verilir. Maraqlıdır, tamaşaçını aldatmağa görə, yalan danışmağa görə kim məsuliyyət daşıyacaq?
Azərbaycanda teleradio fəaliyyətinin əsas prinsipləri ilə bağlı monitorinq keçirilibmi? Həmin prinsiplər “Televiziya və radio yayımı haqqında” qanunda əksini tapıb və informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik, insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi kimi şərtləri ehtiva edir.
Milli Televiziya və Radio Şurası dil normaları ilə bağlı son monitorinqində qaydaları ən çox İTV-nin pozduğunu göstərir. “İctimai televiziya və radio yayımı haqqında” qanunda söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlanması, informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü, vətəndaşların cavab vermə hüququnun təmin edilməsi ilə bağlı məqamlar əksini tapıb. Bu məsələlərin monitorinqini aparmaq kimin üzərindədir? İTV bu tələblərin neçə faizinə əməl edir?
Bu gün Azərbaycan televiziya məkanında mütləq həqiqət kimi təqdim olunan hadisələrin əksərinin reallıqla əlaqəsi yoxdur. Televiziya kanallarında ictimai-siyasi mövzular ya müzakirə olunmur, ya da birtərəfli müzakirə edilir, xəbər buraxılışlarının işi insanların beynini lazımsız məlumatla yükləməkdən ibarətdir. Yəni fonetik, leksik, qrammatik və üslub normalarına əməl etdi-etmədi, teleməkandan evlərə yalanlar ayaq açır.
Sizcə, bütün ölkə əhalisi dəli ola bilərmi? İnformasiya müharibəsi həm də yerli əhaliyə qarşı aparılır. Reallıq, fakt manipulyasiya edilir və mütləq həqiqət kimi təqdim olunur. İnformasiya müharibəsinin isə hədəfi, bəlli olduğu kimi, insanların ürəyinə, beyninə təsir etmək və davranışını yönəltməkdir.
Ədəbi dil normaları həm də ona görə qorunmalıdır ki, efirdən, qəzet səhifələrindən tamaşaçıya, oxucuya doğru, dəqiq məlumat verilsin. Sözlərin quruluşu gözəl, mahiyyəti eybəcər olanda ədəbi dil normalarının bir əhəmiyyəti qalmır.
Müəllifin başqa yazıları: