Bir ana, bir qadın (Hekayə)
Aynur MƏSİMOVA (TƏMKİN)
Alnından gözünə süzülən təri silmək üçün əlini bir anlıq saxlayıb nəfəsini dərdi. İsti havanı ciyərlərinə çəkdi, sanki ciyərləri od tutub yandı. Yapışqanlı əlini qeyri-ixtiyari gözünə çəkdi, pul bibər gözünü qovurdu. Qadın ağrının təsirindən müvazinətini itirdi, səyirləndi. İnsanların günün bu saatında sərinləməyə yer axtardıqları bir vaxtda gənc qadın tütünü ipə düzür, dayanmadan çalışırdı. Heç özü də bilmədiyi səbəbdən səhər durandan gərgindi. Böyük qızından narahatdı. Hamilə qızının yanına getməyə pul tapa bilmirdi, bitib tükənməyən qayğılardan üzülmüşdü. Ağrının şiddətindən gözündən şırıl-şırıl yaş süzülürdü.
Oturub dizlərini qucaqladı. Gözü bir zamanlar dəbdə olmuş konfet qutusunun üzərindəki aktrisanın fotosunda ilişdi qaldı. Paxıllıq bilməzdi. Amma indi nədənsə qibtə etdi. Kövrəldi:
– Niyə, axı, niyə? – deyə özünü sorğuya çəkdi. – Niyə axı həyat mənə bu qədər amansız oldu? – deyə hönkürdü. – Mən sənə neyləmişəm, ay Allah! Mənim səndən tək istəyim sakit bir həyat, bir tikə çörək idi. Var istəmədim, qızıl istəmədim. Balalarımı atalı-analı böyütmək, onların xeyrini görmək idi diləyim. Hər işə, hər əziyyətə qatlanardım, yetərdi ki, sevdiyim yanımda ola idi. Bir gün görmədim, ürək dolusu sevinmədim. Hamıdan bir addım kənar durdum. Qorxdum, qorxdum ki, dul deyərlər, nəfəsi var deyərlər. Özümdən aşağısına da dözdüm, yuxarısına da, – deyə özünə sitəm etdi. Uşaq kimi harayla ağladı. Bir qədər sakitləşdi, bir də coşdu.
Xeyransə xala Mahizəri pərişan görərək arxadan ona yaxınlaşdı. İstədi onu sakitləşdirib ürək-dirək versin, ancaq fikrini dəyişdi: “Qoy ağlasın, anası ölməmişin dərdi çoxdur. Yazığın bir üzü gəlin, bir üzü qız qaldı. Bir başqası onun yerində olsaydı, Allah bilir nə hoqqalar durğuzardı. Kişinin qızı halal süd əmib, vallah. Uşaqları dədəlilərdən seçilmir. Hər şeylərini arvad canıynan yaradıb. Hələ bir böyütdüyü, tərbiyə verdiyi balalarına bax. İşli-güclü, tərbiyəli, qanacaqlı. Maşallah olsun, namxudalar həm də gözəl-göyçək. Anası ölməmiş barı onlara baxıb fərəh götürsün. Allah bu yazığa bir də belə dərd verməsin” – deyə öz yerinə qayıtdı.
Mahizər kipriklərinə yığılıb qalmış yaş damlalarını yaylığının ucu ilə sildi. Xəyallar onu yaxın keçmişə apardı… O zamanlarda arıq, uzun, qara bir qız idi Mahizər. Sakit, zəhmətkeş ailələri vardı. Varlı olmasalar da keçinib gedirdilər. Əslində çox bəxtəvərdi. Sevən ata-anası, mehriban bacı-qardaşı vardı. Qonşu kənddən bacısıgilə qonaq gələn ləzgi balası ilk gördüyü andan aşiq olmuşdu ona. Əslində hamı təəccüb edirdi oğlanın bu qəribə sevgisinə. Mehman nə qədər cürətli və yaraşıqlıydısa, qız bir o qədər çəlimsiz idi. Elçilər hər dəfə əliboş geri döndükcə oğlanın qıza olan sevgisi daha da şiddətlənmişdi. Və günlərin bir günü oğlan qızı zor-güclə qaçırmışdı. İlk vaxtlarda Mahizər ərinə uyğunlaşa bilməsə də, sonradan gənc qəlbi sonsuzadək ona bağlanmış, məhəbbəti saniyələrlə böyüyərək, ayrılmaz varlığa cevrilmişdilər…
Düşündükcə Mahizər xatirələrin içinə batır, kədərlənirdi. Ara-sıra zərif dodaqlarının xətt düşmüş kənarlarında kövrək təbəssüm yaranırdı. Deyəsən, ağrı-acını bir qədər unutmuşdu. Hətta torpağı qovurğa kimi qovuran isti belə daha onu təntitmirdi… Yadına ilk qızlarının doğulması düşdü. Mehman xəstəxanadan yenicə gəlmiş körpəni bağrına basaraq necə məhəbbətlə öpmüşdü. İkinci qızları doğulanda da o, körpəni sevgiylə qarşılamışdı. Yoxsul olsalar da, bəxtəvərdilər. Torpaq alıb birtəhər ev də tikmişdilər. Əziyyətləri çox olsa da, o zamanlar necə məsuddular. Yenə kövrəldi. Yenə dinməyən yaraları sızladı.
Yenə həyatının ən xoş günü yadına düşdü. O məsum gün Mehmanın cansız bədənini gətirdikləri zaman nə çəkdiyini, nələr yaşadığını bir özü bilirdi, bir də Allah. Arzuları, istəkləri, qadınlığı həmin gün onunla birgə məzara gömülmüşdü. Arxdan yıxılaraq oradaca keçinən Mehmanın göyərmiş meyitini qucaqlayaraq özündən getmişdi. Ayıldıqda nə Mehman qalmışdı, nə qonşular. Özünü unutmuşdu. Dünyanı unutmuşdu. Hətta qadın olduğunu belə unutmuşdu. Varlığını Mehmanın yadigarlarına bağlayıb, həyatını balalarına həsr etmişdi. Gecə-gündüz gah kərpic zavodunda, gah tütün sahəsində çalışıb qızlarına atalarının yoxluğunu hiss etdirməməyə çalışmışdı. İllər ötdükcə yaraları qaysaq bağlamağa başlamışdı. Bir-iki dəfə arvadı ölmüş, boşanmış kişilər üçün qapılarını döyən olsa da, Mahizər acı-acı gülümsəyərək onları geri qaytarmışdı. O, bir də kiminləsə bir yastığa baş qoymağı ağlının ucundan belə keçirtməmişdi. O, bunu özünə də, Mehmanın ruhuna da təhqir hesab edirdi. Mahizər razı ola bilməzdi ki, kimsə onun balalarına ögey atalıq etsin. Qızları onun hər şeyi idi. Toxunulmaz varlıqları idi. Və hər şeyə rəğmən Mahizər balalarını dişi, dırnağı ilə qoruyacaqdı.
Qızları onun həyat amalı idi, boz dünyasının isti şəfəqləri idi, nurlu günləri idi. Bir gün qızları ondan qəlbini istəsələr tərəddüd etmədən çıxarıb verəcək qədər sevirdi onları. Böyük qızını “Mehman qoxulu balam” – deyə oxşar, sinəsinə çəkib qoxlardı. Bir gün yenə onu elə qoxlayıb, xəlvətə çəkilərək ağlamışdı. Bəzən uşaqları qayınanasına, baldızına tapşıraraq günlərlə fəhlə qadınlarla sahələrdə gecələmiş, aldığı məvacibi qəpik-qəpik toplamış, lakin heç darılmamış: “Neyləyək, bu da mənim alın yazımdır” – deyərək köks ötürmüşdü. Neçə soyuq qış gecəsində soyuqdan dona-dona həyət-bacalarda iş görmüşdü. Neçə yandırıcı yay günlərində kösöv kimi qapqara yanaraq traktorda, yük maşınlarında sahəyə getmişdi. İllər onun acı yaralarına məlhəm olmağa başlamışdı ki, qızına gələn elçilər onun bu kövrək yarasını yenidən qopardaraq qanatmışdı. Onları tək qarşılamalı olan Mahizər Mehmanın yoxluğunu ilk dəfə bu qədər dərindən duymuşdu. Sonra toy. Tamadanın ata-ananı çağırdığı vaxt döyükə-döyükə irəli çıxaraq xeyir-dua verməsi onun yadından ölüncə çıxmayacaqdı. Düzdür, qardaşı və qaynı irəli çıxaraq onu tək buraxmamışdılarsa da, Mahizər özünü çox yalqız hiss edərək qəlbində nə qədər üzülmüşdü. Həmin an Mehmanın onun yanında olmasını heç zaman olmadığı qədər arzulamışdı.
Mahizər kiçik qızının ali təhsil almaq istədiyini eşitdikdə nə qədər həyəcanlanmışdı. Mahizər heç vaxt qızlarını fəhləlik etməyə qoymayacağına and içmişdi. Qadın halal zəhmət haqqını almaq üçün günlərlə süründüyünü, sonra isə dabanlarının ağrısından necə sızıldadığını unuda bilmirdi.
Deyəsən, axı, sakitləşmişdi. Büllur dənələri gözlərinin küncünə yapışaraq günəşin bərq vuran şüaları altında parıldayırdı. Əlini başına vurdu. Ona elə gəldi ki, beyni qaynayır. Şüşədəki suyu süzdü. Yüksək hərarətdən su da od kimi qızmışdı. Əlinə töküb üzünə çilədi. Bir az toxdadı. Yenə hamilə qızı yadına düşdü. Qəlbi sıxıldı, amma bu dəfə ağlamadı. Torpağa diz çöküb əllərini göyə açdı, Tanrıya yalvarıb, qızına dua etdi. Yenə fikirlər onu ağuşuna alıb apardı:
– Necə olacaq, görəsən? Bu qız yanında ana olmadan neyləyəcək? İki dünya bir olsa, Ayişəni uzağa vermərəm.
Telefonu tapıb nömrəni yığdı. Ancaq gözləməyib söndürdü. Düşündü ki, bəlkə yatır. Bir az keçdi, yenə yığdı. Telefon çağırır, zaman keçir, Mahizər həyəcanlanırdı. Kürəkəninin nömrəsini yığdı. Yenə cavab almadı. Qadının qəlbinə təşviş düşdü. Qorxu hissi bir anda qəlbinə hakim kəsildi. Sonuncu dəfə bir gün əvvəl danışmışdı. Onda da qız “hələ vaxtıma var” deyə onu sakitləşdirmişdi. Ananın qəlbi partlayırdı. Özünə yer tapmır, sakitləşmirdi. Dünya başına fırlanırdı. Əli heç yana çatmırdı. Nə qədər etdisə, qudasının nömrəsini xatırlaya bilmədi. Artıq taqətdən düşdüyünü, bədəninin əsdiyini hiss etdi. Gözü heç nəyi seçmir, qulaqları uğuldayır, nəbzi sürətlə vururdu. Yavaş-yavaş dizləri bükülürdü… Bu zaman… bu nədir, telefon zəng çalır, yoxsa ona elə gəlir… Dayan, dayan… Doğrudan telefon zəngidir. Birtəhər özünü ələ aldı, sürünə-sürünə telefon olan yerə çatdı. Saniyələr ona saat kimi uzun gəldi. Qorxa-qorxa açdı…
Bir ana vardı, kədərlə sevinc arasında qalan. Bir ana vardı, cəhənnəm kimi yanan sahədə bu yarpaqdan o biri yarpağa açan. Bir ana vardı, dünyadakı bütün pislikləri unudub, təkcə yaxşıları düşünən. Bu an hər şeyi saralmış tarla, qupquru qurumuş ağac, nikotinin torpağa qarışmış kəsif iyi ona ayrı cür gözəl görünürdü. Çünki o, xoşbəxtdi. Çünki o, bəxtəvərdi. Çünki ana eyni anda hər iki övladından xoş xəbər almışdı. Mahizər sürətlə işləyirdi. Artıq heç nə onu üzə bilməzdi. Həyatın ağrı-acısı, dözülməz çətinlikləri daha onu qorxutmurdu. Qadın günlərlə məvacib dalınca süründüyünü unutmuşdu. Çibində bir manatdan artıq pul olmaması da onu məyus etmirdi. Mehmanı itirdikdən sonra ilk dəfə idi ki, Mahizər özünə bu qədər yüngül gəlirdi. Bir zəng, bir xəbər ananın boz dünyasını bir andaca rəngarəng etmişdi. Qadın bu gün həm nənə, həm də tələbə anası olmuşdu.
Yenə gözü bayaqkı konfet qutusuna sataşdı. Şəkildəki qadının yalançı mələk baxışlarına gülməyi tutdu. Var gücüylə qutunu tulladı. Əlinin tozunu silib gülümsədi. Bayaqkı qadından əsər-əlamət qalmamışdı. Bədbəxt Mahizər getmiş, yerinə daha canlı, daha bəxtəvər bir ana gəlmişdi. Çünki o, qalib idi. Həyatla mübarizədən çıxan bir qalib.
Müəllifin başqa yazıları: • İtirilmiş səadət • Gecikmiş etiraf