Sinif yoldaşları (3)
- 28 Avqust 2017
- comments
- Novator.az
- Posted in AktualManşetTribuna
Povestin əvvəlki hissələrini buradan oxu: 1 2
Xülya CƏFƏROVA
Sinif yoldaşları
(povest)
4
9 oktyabr, 2205
Əziz gündəliyim,
Bu sətirləri ağlaya-ağlaya bölüşürəm səninlə… İki gün öncə baş verənlərdən sonra özümdə necə güc taba bildiyimi heç özüm də anlamıram. Bircə onu bilirəm ki, ruhumu sarsıdan, mənliyimə toxunan bu hadisəni kiminləsə bölüşməsəm rahatlıq tapan deyiləm. Nə edək, mənim də gücüm yalnız sənə – dilsiz-ağızsız, sükutu ilə mənə təsəlli olan yeganə ruh ortağıma çatır. Sənə indi heç olmadığı qədər çox ehtiyacım var…
Hər şey iki gün əvvəl coğrafiya dərsində başladı. Həmişəki kimi sinfin yarısı dərsə qulaq asırdı, digər yarısı öz aləmində idi. Mən isə bütün diqqətimi müəllimin nümayiş etdirdiyi təqdimata cəmləmişdim. Çünki mövzu olduqca maraqlı idi – son iki əsr ərzində nüvə partlayışları nəticəsində xəritədən silinmiş ölkələrdən, şəhərlərdən bəhs olunurdu. Təhlükənin, təhdidlərin, hədə-qorxuların qoynunda dünyaya göz açmış bizlər – gənc nəsil üçün daha maraqlı mövzu təsəvvür edə bilmirəm. Amma çoxları gündəlik məişət “libasının” rəngarəngliyinə, sonsuza kimi təkrarlanmağı vəd edirmiş kimi görünən yalançı yeknəsəqliyinə o qədər aludə olub ki, ölümün hər saniyə burunlarının ucunda olduğunu görə bilmirlər…
Elina və dəstəsi dərsin ortasında arsız qəhqəhələrlə diqqəti özlərinə çəkməyə başladı. Yəqin yenə aralarında kimisə lağa qoyurdular. Onların bəsitliyini və cılızlığını heç vaxt qəbul edə bilməmişəm. Lakin fikrimi çox vaxt ürəyimdə saxlamışam. Bu dəfə isə özümü saxlaya bilməyib onların üstünə qışqırdım. “Bəsdir də! İmkan verin dərsə qulaq asaq!” – dedim. Səncə Şahzadə söz altında qala bilərdi? Əlbəttə ki, yox. Cavab qaytardı: “Bizimləsən?! Nə eləyəcəyimizi səndən soruşmayacağıq ki!” Özünü həqiqətən də şahzadə kimi aparırdı. Dumanın verdiyi ləqəb bu gözəlçəni bir az da şişirtmişdi. “Mən dərsə qulaq asmaq istəyirəm. Siz isə mənim hüququmu pozursunuz!” – deyə cavab verdim. Qızlar mənə baxıb nə isə pıçıldaşdılar və bu dəfə daha bərkdən, kinayə ilə gülməyə başladılar. Bayaqdan ağzına su alıb oturmuş müəllimimiz yalnız bundan sonra müdaxilə elədi və aranı sakitləşdirdi.
Tənəffüs olan kimi ayaqyoluna üz tutdum. Elina, Arzu və Çiçək də arxamca gəlirdilər və mənə söz atırdılar. “Arzu, sakit ol, bir nəfər dərsə qulaq asır. Ha-ha-ha!”, “Çiçək, görürsən? Camat alim olmaq istəyir. Biz geridə qalmışıq. Ha-ha-ha!” və sairə bu kimi yüngül atmacaları eşidə biləcəyim bir tonda səsləndirirdilər. Onlara fikir verməməyə çalışırdım. İçəri girdim. Ardımca daxil oldular. Güzgüdə saçıma əl gəzdirdim. Əslində məqsədim saçımı düzəltmək deyildi. Sadəcə onlara kefimi qətiyyən pozmadıqlarını, əksinə – xarici görünüşümün qeydinə qalacaq qədər nikbin əhval-ruhiyyədə olduğumu göstərmək istəyirdim. Sonra da kabinələrdən birinə daxil olub qapını qıfılladım.
Mən içəridə olanda qızlar hələ də atmacalara davam edirdilər. Sonra kimsə mənim olduğum kabinənin qapısını qurdalamağa başladı. Düşündüm ki, yəqin kimdirsə girmək istəyir və içəridə adam olub-olmadığını yoxlayır. Elə bu vaxt Elinanın həyasız səsini eşitdim: “Bacarırsansa bundan sonrakı dərslərə də gəl, qulaq as! İndi görəcəyik nə dərəcədə yaxşı şagird olduğunu”. Nə demək istədiyini anlamadım. Qızlar gülüşərək çıxıb getdilər. Zəng vuruldu. Qapını açmaq istədim. Açılmadı. Yalnız indi Elinanın nə demək istədiyini başa düşə bildim. Bayırdan qapıma necəsə müdaxilə eləmişdilər. Məni darısqal kabinəyə kilidləyib getmişdilər.
Qapını nə qədər açmağa çalışsam da, açılmırdı ki açılmırdı. Qışqırıb kömək istədim. Səsimə səs verən olmadı. Beləcə, dərsin sonuna qədər təsəvvür edə biləcəyin hər yola əl atdım: kömək istədim, var gücümlə qışqırdım, qapını qırmağa çalışdım, nə isə görmək ümidiylə əyilib altdakı boşluqdan baxdım… Təəssüf ki, kabinələrin yuxarı hissəsi tavana qədər uzanırdı. Ona görə də yuxarıdan dırmaşıb çıxmaq kimi şansım yox idi. Dəli kimi tərləməyə və əsməyə başladım. Amma tənəffüsə az qalmışdı. Mütləq kimsə gələcək və mənə kömək edəcək deyə düşünərək, özümə təsəlli verirdim. Zəng vuruldu. Həqiqətən də gələnlər oldu. Özü də düz 3 nəfər: Elina, Arzu və Çiçək. Özlərindən başqa heç kəsi ayaqyoluna buraxmadılar. Arzu qapını taqqıldatdı və “Sağsan, ya ölmüsən?” deyə soruşdu. Var gücümlə qapını döyəcləməyə və ağlıma gələn hər cür hədə-qorxu dolu sözü qışqırmağa başladım. Onlar isə nə desəm gülür və məni bir az da yandırıb yaxırdılar. Axırda “Səni çıxmağa qoyan deyilik. Gecəni burdasan” – Elina dedi və çıxıb getdilər.
Növbəti tənəffüsə qədər gəlib-gedən olmadı. İçəridə nəfəsim çatmırdı. Ürəyim sanki sinəmi yarıb çıxacaqdı. Sinəmə qəribə bir ağrı qonmuşdu. Sanki ürəyim zəif işləyən bir su kranı idi və hansısa bir canlı vücudumun qan dövranını tənzimləyən bu kranı var gücü ilə sıxaraq, həmişəlik bağlamaq istəyirdi. Yanaqlarımın alışıb yanmağından hiss edirdim ki, get-gedə qızarıram. Başım gicəllənir, tez-tez gözüm qaralırdı. Bir ara dəli kimi susadığımı və tərəddüd etmədən duşdan ovcuma su tökərək içdiyimi xatırlayıram. Qarnımda sanki kəpənəklər uçuşurdu…
Beləcə, 2-ci dərsdən düz 8-ci dərsə qədər Elinagil hər tənəffüsdə gəldilər. Heç kəsi içəri keçməyə qoymadılar və özbaşına kəsdikləri hökmə uyğun olaraq məni azadlıqdan məhrum etdilər. Mən içəridə havasızlıqdan havalanmaq üzrəykən, müəllimlər dərsdən qaçdığımı zənn edərək ata-anama xəbər veribmiş. Yəqin ki, onların təlaşla məktəbə gəlməkləri qəsdimə durmuş qızları da qorxutdu. Sonuncu dərsdə gəlib qapını açdılar. Yadımdadır ki, qapı açılan kimi onların üstünə atılıb gücüm yetdiyi qədər hər birini əzişdirmək istədim. Amma huşum tam özümdə deyildi. Ətrafda uçuşan əcaib həşəratların hansının gerçək, hansının xəyal olduğunu ayırd edə bilmirdim. İçəridə qaldığım müddətdə zaman anlayışını sanki itirmişdim. Gah düşünürdüm ki, saatlarla küncdə yatıb qalmışam və uzağı bir saat oyaq olmuşam, gah da mənə elə gəlirdi ki, gecəni də ayaqyolunda keçirmişəm və bu gözəlçələr yalnız növbəti dərs gününün sonunda insafa gələrək məni buraxıblar.
Özümə gələndə başımın üstündə anamla atam, Sabah müəllimə və məktəbin həkimi Zara xanım vardı. Sən demə, qapı açılanda huşumu itirmişəm. Qızlar məni elə ordaca qoyub qaçıblar. Çox keçmədən yuxarı siniflərdən bir qız məni görüb və Sabah müəlliməyə xəbər verib. Məni kimin kilidlədiyini isə bilmirdilər.
Ayılan kimi baş verənləri bütün təfərrüatı ilə müdriyyətə danışdım və o azğınlaşmış yaratıqların məktəbdən qovulmasını tələb etdim. Hər kəs məni sakitləşdirməyə çalışaraq, bu qəddarlığın cəzasız qalmayacağını deyirdi. Mən parçalanmış, əzilmiş və məhv olmuş bir halda evə gəldim. Anamgil də qəzəbli və pərişan idi, amma mənim fikrimi başqa yerə yönəltməyə, sakitləşdirməyə çalışırdılar.
Gecə boyu bir an belə gözümü qırpmadım. Nədənsə mənə elə gəlirdi ki, gözlərimi bağlayan kimi məktəbin qaranlıq, vahiməli, darısqal ayaqyoluna qayıdacağam. Elinanın iyrənc səsi, kəskin sözləri qulağımdan getmək bilmirdi.
Səhəri gün anamın bütün israrlarına rəğmən məktəbə getdim. Elinaya, Arzuya və Çiçəyə cəza verilərkən orada olmaq istəyirdim. Qızların 3-ü də dərsə gəlməmişdi. Gün boyu heç bir xəbər çıxmadı. Yenidən müdriyyətə və Sabah müəlliməyə şikayət etdim. Məni səbirli olmağa çağırdılar. Bu minvalla da günü başa vurduq.
Və nəhayət bu gün… Gəlmişdilər. Yenə atmacalar, nifrət dolu sözlər havada uçuşdu. Lakin bu dəfə davanı başladan mən idim. Dərs başlamazdan əvvəl qızlar sinfə girən kimi üstlərinə gedərək, “artıq səltənətlərinin süquta uğradığını və daha heç kəsi incidə bilməyəcəklərini” bağıraraq dedim. Onlar da mənim “bəzəkli sözlər”imi lağa qoymağa başladılar. Sinif yoldaşlarımız araya girməsəydi, çox güman, əlbəyaxa olacaqdıq.
Dərs başlayan kimi Sabah müəllimə dördümüzü də yanına çağırdı və aqibətimizi elan etdi: Elina, Çiçək və Arzu hər biri 3 gün müddətinə məktəbdən uzaqlaşdırılacaqdı. Vəssalam! Bu qədər! Bu vəhşilər məni az qala öldürdüklərinə görə 3 günlük istirahətə layiq görüldülər! Hə… İndi isə növbə gəlib çatdı mənə… Aha! Sabah müəllimə əslində mübahisəni başladan tərəfin mən olduğuma, hamının içərisində qızlara çəmkirdiyimə eyham vurdu. Amma əlbəttə, bunun onların etdiklərinə heç bir halda haqq qazandırmadığını və cəzalarını çəkəcəklərini dəfələrlə vurğuladı. Dəhşət cəzadır ki! Axı onların 3 gün məktəbdən və məktəbdəkilərin diqqətindən kənar qalmaqları mənim yaşadıqlarımla müqayisədə hədsiz dərəcədə gülüncdür! Guya bu cəza onların şəxsi işlərinə də yazılacaq. Doğrusu, artıq heç bir sözlərinə inanmıram… Bəs ədalət hardadır? Həqiqət hardadır? Məktəb müdriyyətinin hər dəfə “vəzifələrimiz”ə yamaq eləyərək dönə-dönə təkrarladığı o hüquqlarımız harda qaldı?
Hamısı boş imiş… Sonsuzluğun içərisində hər biri saniyəyə bərabər olan cılız ömürlərimiz ədalətə layiq deyilmiş… Əziz sirdaşım, sənə söz verirəm ki, mən nə olursa olsun heç vaxt kiməsə qarşı haqsızlıq etməyəcəyəm!
(Ardı var)