Terroristlərə qarşı nou-hau
Niyazi MEHDİ
Konspiralogiyanın yanlışlarından
Çağımızda Amerikadan tutmuş Rusiya və Qafqazacan hər yerə yoluxmuş konspiraloji düşüncə paradiqmaları çox nəsnədə xəlvət qurğular tapdığı kimi islamda da tapır. Örnəyin konspiraloji düşüncə daşıyıcısı güman edə bilər ki, fundamentalistlər, radikallar, cihadçılar, İŞİD-çilər hansısa islam düşməni tərəfindən müsəlmanları gözdən salmaq üçün yaradılıb.
Konspiraloji nəzəriyyələrdən birini adı yadıma düşməyən guya ki, ağıllı adamdan eşitmişəm: Batı İŞİD-i onun üçün yaradıb ki, bütün dünyadan “passionar” müsəlmanlar İraqa və Suriyaya axışsınlar. Beləcə, onları bir yerə toplamaq proqramı yerinə yetirilib, yetirilməsəydi, bu qədər gənci sonalamaq saman içində iynə axtarmaq olardı. Bu proqramın toplamaq fazası yerinə yetiriləndən sonra ikinci fazası – onları qırmaq fazası işə düşüb…
Başqa konspiarloji düşüncə Putinlə bağlıdır (çox ciddi politoloqlar sayır ki, rəngli devrimlərin ABŞ tərəfindən yaradılması inamının özü də Putinin başındakı konspiralogiyadan törəmədir). Batıda düşüncə var ki, Putin Avropaya qaçqınlar axınını şitəndirib ki, orada aranı qarışdırsın və madam Li Pen kimi radikalları, populistləri siyasətdə populyar etsin.
Mənim düşüncəmə görə, dünyada iri miqyaslı konspiraloji ssenarilər ola bilməz, ancaq fraqmentar, bir-iki günlük ola bilər. İnsanın və ya hər hansı qurumun planla işləyə bilməsi konspiraloji gümanları yemləyir və fraqmentar konspiralogiyaları ola bilər edir. Məsələn, ola bilər ki, Qarabağ savaşının başlanmasında Rusiyadan kimlərinsə planı olub. Ancaq sonradan bu savaş elə nəsnələrə gətirib çıxarıb ki, daha ssenari-filan işləmir və savaşın sonucları həmin kimlərinsə bütün planlarını dağıdır…
Bu kimi faktlara görə də mənim konspiralogiya ilə bağlı düşüncəm belədir: çox uzaqda duran mənzilə çatmaq yarışında yarışmaçılar yorulmuş atlarını yolda rastlarına çıxan atlarla dəyişməlidirlər. Oxşar olaraq kimlərsə məqsədlərinə çatmaq üçün hansısa konflktə “minib nə qədərsə” çapa bilər, hansısa terroristə yardım edib yönəldə bilər, ancaq bu konspiralogiyanı bir-iki il çəkən ssenariyə çevirə bilməz. Dünyada böyük zaman sürəsində tendensiyalar dalğası yaratmaq olar, ancaq ssenarı qurub onu çəkmək olmaz. Ona görə də vəhabiliyin Britaniya kəşfiyyatının qurğusu olması haqqında filmlərin, kitabların konspiralogiyasını qəbul etmək elmiliyə uyğun deyil, ancaq Britaniyanın Yaxın Doğuda, Osmanlının Balkanlarda tendensiyalar yaratmasını qəbul etmək olar.
Korlanmalara və dirilmələrə gətirən bölünmələr
Mən elmi düşünüşə əngəl olan konspiralogiyadan çox yazmışam, istəyən onu “110 nəsnə” kitabımdan oxuya bilər. Burada isə bir nəsnəni deyim: bütün ortaya çıxan nə varsa, bölünən hüceyrə prinsipində çoxalmağa məhkumdur. Sənət beləcə cərəyanlara, fəlsəfə məktəblərə, dinlər təriqətlərə bölünür. Bu bölünmənin isə iki sonucu olur, ya bayağılaşmağa, mənasızlaşamğa, əttökənliyə aparıb çıxarır, ya da yüksəklərə qaldırır.
Mənim bir düsturum belədir: mədəniyyətdə yaxşı olanı iki cür qorumağın yolu var. Bir yol qorumaq üçün konservləşdirir, dondurub saxlayır, o biri yol isə qorumaq üçün dəyişdirir ki, hər yeni durumda mədəniyyt üçün dəyərli nədirsə, diri qalsın. İslamda modernləşmə hərəkatları bölünən hüceyrə və qorumaq, saxlamaq üçün dəyişdirmək eyləmlərinə parlaq örnəklərdir.
Çağımızda islamsevərlərin qarşısında düran ən ciddi öhdəlik onu sübut etməkdir ki, bütün bu sünni-şiə terrorçularının hərəkatları, qrupları bölünən hüceyrə prinsipində ölüm gətirən budaqlanmalardır: yaxşı yadıma düşdü, xərçəng özü də hüceyrənin dəlicəsinə bölünməsidir ki, axırda ölüm gətirir. Deməli, ən ciddi öhdəlik bütün bu terror qruplaşmalarının xərçəng kimi metastaz verməsini sübut etməkdir. Halbuki Batının və Doğunun bir xeyli gəncinin gözündə İŞİD sıralarında gedib vuruşmaq romantik yaşam kimi görünərək sanki onları mənəvi darıxdırıcılıqdan qurtarır.
Çağımzda müsəlman vicdanının ciddi sorumu (məsuliyyəti) islamafobiyadan şikaytlənmək yox, islam terroristlərinə öz suçu kimi baxmaq və ondan sağalmaq yollarını aramaqdır. Öz suçu kimi baxmaq mədəniyyətlərin yüksək qatda olmasını göstərən çox önəmli ölçüdür. Yaponların İkinci Dünya savaşı dönəmində koreyalılara etdikləri zülmə görə üzr istəməməsi onların ayıbıdır. Almanların yəhudilərdən üzr istəməsi isə onların baş ucalığıdır. İslam terrorizminə görə, sözsüz, Batıının suçu var. Ancaq bu, çağımızda islama görə sorumlu olan adamların suçunu istisna etmir. İslamafobiya təkcə başqalarının suçu deyil. O həm də bizim suçumuzdur. Müsəlman intellektualları isə islamafobiya üstündə başqalarının sorumluluğundan ağız dolusu danışırlar, öz məsuliyyətlərindən danışmırlar. Müsəlman qaçqınlarının arasından çıxan bombaçılar, cihadçılar və başqa terroristlər bizim yaxınlarımızın yaşamını zəhər etsəydi, dünyanı dağıdardıq (baxın, necə ərəb turistlərinə nifrət yaranıb). Bəs yazıq avropalılar neyləsin, müsəlmandan qorxmasın?!
İslam dünyasından bu qədər qaçqının və əmək mühacirlərinin Batıya axışması, əslində, islam vicdanına utanc gətirməlidir. Sən nə qədər Batını pozğunluqda, maddiyyatçılıqda, dinsizlikdə suçlasan da bu fakt deyir ki, sənin öz durumun elə pisdir ki, Batını bəyənməməyə haqqın yoxdur. İnanclı adama yaraşmaz desin ki, deməli, islam xristianlıqdan pisdir. Ancaq inanclı adam deyə bilər ki, deməli, islam dünyasında onu doğru anlayıb doğru tətbiq etməklə bağlı ciddi problemlər var. Əslində, xristianlığın da elə problemləri var, ancaq Batının irəlidə olması göstərir ki, bizə baxanda onun problemləri çözmək uğurları qat-qat çoxdur. Bax, bu durumda qaçqın uşaqlarının, Avropadakı müsəlman icmalarının balalarının Qərbə nifrəti, adamları küçələrdə, vağzallarda partlatmaları vicdanlı müsəlmanlarda qəzəb doğurmalıdır: “Necə yəni, gəlib xalxın çörəyinə bais olursan, hələ bir bəyənmirsən də. Bəyənmirsən, get gəldiyin yerə!”
Beləliklə, nankor qaçqınlar, nankor əmək mühacirləri həm Batının, həm də müsəlmanların problemidir. Uyqarlıqların (sivilizasiyaların) çarpışmaması üçün hamımız çalışmalıyıq. Bu müstəvidə mənim ağlıma gələn nou-haunu danışım.
Batı dövlətlərinin potensial terroristləri, dini radikalları üzə çıxaran ayrıca proqramı olmalıdır. Bu proqramın texniki vasitəsi “yalan detektoru” (poliqraf) cihazlarıdır. Həmin proqrama əsasən emiqrantlar, vətəndaşlığa diləkcə vermiş adamlar, müsəlman icmalarının balaları “yalan detektoru”ndan keçirilir və terrorizmə, radikalizmə meyilli olanlar siyahıya alınır. Bu proqam gizli güvənclik xidmətlərinin işi ilə birlikdə güclü təhlükəsizlik mühiti yaradır. Ən önəmlisi isə proqram artıq başlananda yüksək təsir, etgi göstərir, potensial terroristlər özlərini qaranlıq görünməzlikdə bilmirlər.
Əgər adamları məcburi “yalan detektoru”ndan keçirmək insan haqlarını pozursa, bunu könüllülük əsasında etmək olar. O zaman könüllü keçmək üçün müraciət etməyənlər özlərini elə də rahat duymayacaqlar, çünki könüllü keçməyə razı olmamaları hər halda üstlərinə şübhə kölgəsini salacaq.
Bəzi Avropa ölkələrində “yalan detektoru”nun tətbiqi yasaqdır, deməli, qaçqınlar arasından potensial terroristlərin tapılması bu yasağa yenidən baxmağı zorunlu edir. “Yalan detektoru”nu nadir hallarda aldatmaq olur, onun sübutları tam qarantiyalı deyil, ona görə də məhkəmə gücündə olmur. Ancaq potensial terrorçuları aşkar etmək məsələsində “yalan detektoru” polisin ciddi ölçü götürməsi üçün deyil, şübhəlilərin nəzərə alınması, nəzərdə saxlanması üçündür.
Sözsüz, Avropada bu proqramı gerçəkləşdirmək üçün ərəb, fars, türk, rus dillərini bilən çoxlu mütəxəssis lazımdır, onun üçün də bizim söylədiyimiz proqramın işə düşməsinə ciddi hazırlıq dönəmi lazımdır. İndilik əsas məsələ bu təşəbbüs üzrə diskussiyaların yaradılmasıdır.
Onu da deyim ki, söylədiyim proqram terrordan üzülən Türkiyə, İsrail üçün də aktualdır.
P.S. Məqalə üçün dəyərli məsləhətlərinə görə Stefan Ruhlaya minnətdaram.
Müəllifin başqa yazısı: Ənənələrin geyim məsələsində çaşbaşlığı