Adil QEYBULLA
professor
Fəzaili ilk dəfə tələbə skamyasından odlu-alovlu, sazlı-sözlü, aşırı dərəcədə duyğusal, duyğusal olduğu qədər də əqidəli, vətənini, millətini sevən şair kimi tanıdım.
Hər ikimiz Tibb Universitetinin müalicə fakültəsində oxuyurduq, hər ikimiz də eyni yataqxanada, eyni mərtəbədə qalırdıq. Onun şairlik istedadını tanıdığı hər kəs qəbul edirdi. Fəzail Tibb Universitetində mütəmadi olaraq keçirilən ədəbi gecələrdə sovet dövrünün standartlarını aşan, məzmun yüklü cəsarətli şeirləri ilə çıxış edərdi. Daim düşüncəyə qapılmış kimi görünən, öz dünyasında var-gəl edən Fəzailin nəğməli şeirləri onun daxili aləmindəki ikinci səsdən – vətəndaş hayqırtısından qidalanırdı. Əslində o özünə yəqin etmişdi ki, şair fikri müxalif ruhlu olmalı, cəmiyyətin naqisliklərinə, antiinsani nəsnələrə qarşı çıxış etməli, ictimai müqavimətin bir elementinə çevrilməlidir. Çünki şeiriyyət dili ilə ifadə ustalığı Allahın fitrətidir. Şeiriyyət dilində bir ilahi saflıq, ilahi səmimiyyət vardır. Süni, mənəvi dünyadan gəlməyən şeirlər, bütləri vəsf edən şeirlər sünidir, süni olduğu qədər də ikrah doğurur.
Fəzailin şeirlərini ilk vaxtlar çap etmirdilər. Çünki senzura vardı, Fəzaili isə senzuraya salmaq mümkün deyildi. Şairin gileyi şeirində belə səslənirdi:
Bu axşam göylər də şairanədir,
Bəs kədər gətirən könlümə nədir? –
Məni qorxutmurlar, yazma demirlər,
Yazdıqlarımısa çap eləmirlər.
Onlar çap etməsin, yazsam bəsimdir,
Şeirim ilk nəfəsim, son nəfəsimdir.
Artıq bizim tələbəlik həyatımızın ikinci yarısında – 80-ci illərin əvvəllərində dünyada neftin qiymətinin enməsi ilə təməli qoyulan qlobal siyasi-iqtisadi kataklizmlər başlayırdı. İqtisadiyyatı neftdən birbaşa asılı olan dövlətlər üçün neftin dəyərdən düşməsi böyük bir fəlakət idi. Şər imperiyası olan Sovetlər Birliyi də bu dövlətlərin önündə gedirdi. Həmin dövrdə qəbul edilən “Ərzaq Proqramı”nı yaşlı nəsil yaxşı xatırlayır. Ölkədə tənəzzül proseslərinin nişanələri sezilirdi, ərzaq qıtlığı başlamışdı. Yağ, ət talonla satılırdı və çatışmırdı… Getdikcə sürətlənən proseslər Sovetlər Birliyinin siyasi-iqtisadi çöküşünü sürətləndirirdi, ittifaq respublikalarında milli oyanışa təkan verirdi. Azərbaycanda isə rusların təşkilatçılığı və mənfur ermənlərin əli ilə düzənlənən və Vətənimizin ürək yarasına çevrilən Qarabağ faciəsi baş qaldırırdı. Vətən davasına hər kəs hazır idi. Azərbaycanı özünə Vətən sayan millətindən asılı olmayaraq hər kəs könüllü olaraq Vətənin müdafiəsinə yollanırdılar. Böyük vətənpərvərlik ruhu, mübarizə əzmi ölkəni bürümüşdü. Fəzailin də şeiriyyət ritorikasında bu hayqırtı aydın sezilirdi:
Nə qarğışa düşüb Vətən torpağı,
Nə yaman göz tökür bu yurd, bu ocaq.
Qeyrət qaytaracaq itən torpağı,
Bəs itən qeyrəti kim qaytaracaq?!
Sovetlər Birliyi çökdükcə insanların gen hafizəsinə nüfuz etmiş mürgüləyən milli ruh oyanırdı, üçrəngli bayrağımız uzun fasilədən sonra meydanlarda görünməyə başlayırdı, böyük öndər Məhəmmədəmin Rəsulzadənin qurduğu cümhuriyyətin millətimizə dadızdırdığı hürriyyət ruhumuza hörülmüş buxovları qırırdı, istiqlal düşüncəsi yenidən çiçəklənirdi… Stereotiplərin, yaşam normalarının dağıldığı həmin dövrdə Azərbaycanın müstəqilliyi qərarlaşırdı. 20 Yanvar hadisələri, arxasınca doğma Qarabağımızın hissə-hissə işğalı ən böyük dərdimizə çevrilirdi. Vətən yolunda hər kəs əlindən gələni əsirgəmirdi. Haqq sözü, ədalət hissi cəmiyyətin meyarına çevrilmişdi:
Əsil kişi sözü,
Söz demək istəyirəm.
Görməyib nə təmtəraq,
Görməyib nə kürsü
Elə söz ki, haqdan güc alan
Əsil kişi sözü –
Xalqı xəcalətdən qurtara bilsin,
İtirilən yurdları qaytara bilsin.
Lakin müstəqilliyimizi qazansaq da təəssüf ki, bütün torpaqlarımızın üzərində suverenliyimizi əldə edə bilmədik. İşğal prosesi getdikcə vüsət almağa başladı və bu gün torpaqlarımızın 20%-ə yaxını erməni-rus hərbi birləşmələrinin tapdağı altındadır. Amma gec-tez haqq-ədalət öz yerini tapacaq, Azərbaycan azad olacaq. Şairin dili ilə desək:
İmperiyanı tanrım özü dağıtdı,
Hər millətin haqqı, düzü dağıtdı,
Məzlum ahı, şükür sözü dağıtdı,
Yurduma nur saçılacaq, erməni.
İblisliyin açılacaq, erməni.
Fəzailin bütün şeirlərində Vətən, millətimiz, onun yaşadığı problemlər, Bütöv Azərbaycan yanğısı hiss edilməkdədir:
Məni düşündürən, məni dindirən,
Coşduran, qaynadan, fərəhləndirən.
Havası dərmanım, torpağı canım,
Azərbaycanımdır, Azərbaycanım.
Xalqımızın əsrlərdən bəri qoruyub saxladığı adət-ənənələrimizə, dəyərlərimizə, ata-anaya hörmət, məhəbbət kimi gözəl xüsusiyyətlərimizə münasibətdə Fəzail daha mühafizəkardır. Onun şeirlərində gözəl ənənələrimizi qorumaq, vəsf etmək bir ana xətt kimi keçir. Bu tabuları pozanlara qarşı isə şair qətiyyətli və barışmazdır:
Bir Ana görmüşəm,
oğlu bir yana,
qızı bir yana,
Ölüm yatağında,
balasız ana.
Ömrümdə ilk dəfə,
ölümə güləydim,
Nankor övladları güllələyəydim!
Fəzail müstəqil Azərbaycanımızın ictimai-siyasi həyatında cövlan edən bugünkü naqisliklərə daim etiraz edib:
Nə erməni, nə rus, nə fars
Məhv edəmməz səni, Vətən.
Göz görəsi məhv olursan,
Öz içindən yəni Vətən.
Bu il həkim həmkarımız, şair dostumuz Fəzail İsmayılın 60 yaşı tamam olur. Ömür Allahın bəxşişidir. Onu necə yaşamaq isə insanın öz əlindədir. Arxaya baxdıqda Fəzailin həyatı mənalı, keşməkeşli olub, şərə baş əyməyib.
60 yaşın qutlu olsun, sair dostum, həkim həmkarım Fəzail!