“Mən də sənin kimi təkəm, tənhayam…” (Şeirlər)
- 12 İyul 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Fəzail BÖYÜKKİŞİ
MƏNİ
Yeri-göyü, ərşi-gürşü yaradan,
Vətən qınağına gətirmə məni.
Millətin dərdinə çarə qılmasam,
Millətin çiynində götürmə məni.
Arazdan çağlayan harayam, hayam,
Bu qatı zülmətdə Günəşəm, Ayam.
Mən də sənin kimi təkəm, tənhayam,
Gözündən, könlündən itirmə məni.
Tanıdım doğmanı, dostu, yadı da,
O ülvi sevgini, eşqi, odu da,
Çırpdılar başıma təmiz adı da,
Murdarlar içinə ötürmə məni.
İzn ver ölüncə mərd qulun olum,
Qorqudun, boz qurdun, türk ulun olum.
İnsanlıq aşiqin, haqq yolun olum,
Layiqsiz ad-sana yetirmə məni.
Fəzail sınarsa, tala ömrünü,
Yandırıb yax, oda qala ömrünü,
Çıxart cızdağını, çıxart kömrünü,
Barıdıb, bərkidib bitirmə məni.
İLLƏR, İLLƏR, AY İLLƏR…
Düzmü gəlib, tərs keçdiniz bilmədim?
Ləng tərpənib, tez köçdünüz bilmədim,
Onu bildim heç ürəkdən gülmədim,
İllər, illər, ay illər…
Ellər, ellər ay ellər…
Yaş beləcə əllini də haxladı,
Can eləcə Vətən deyib ağladı,
Yenə təbim haqdan coşdu, çağladı,
İllər, illər, ay illər…
Ellər, ellər ay ellər…
Ala qarğa köç etsə də fənadan,
Balasıdı indi qərtmək qanadan,
Məzlumluqdu səni belə qınadan,
İllər, illər, ay illər…
Ellər, ellər ay ellər…
Türk tənəyə, türk təhqirə gələrmi?
Yurd itirən türkün bəxti gülərmi?
Türk qədrini türkə düşmən bilərmi?
İllər, illər, ay illər…
Ellər, ellər ay ellər…
Türk qeyrətim türk qanımda qaynadı,
Türk namusum ləkə tutmaz aynadı,
Türklüyümlə qurumsaqlar oynadı,
İllər, illər, ay illər…
Ellər, ellər ay ellər…
Ey türklüyün, kökün üstə boy at di,
Yaşamasın türk zarıncı, boyat di,
O qəflətdə yatanları oyat di,
İllər, illər, ay illər…
Ellər, ellər ay ellər…
Ayazısın çiskin, çənin, dumanın,
Bir Allahdır, bir də özün gümanın,
İmana gəl, gəlsin Sahib-Zamanın,
İllər, illər, ay illər…
Ellər, ellər ay ellər…
TƏLƏSMƏ, KÖNLÜM, TƏLƏSMƏ
Gediləsi yerinmi var,
Xeyirdən çox şərinmi var,
Eldən gizlin sirrinmi var,
Ümidimi haqdan üzmə.
Tələsmə, könlüm, tələsmə.
Yamanlardan uzaq dolan,
Yaxşılıqdı yadda qalan,
Torpaq üstə möhkəm dayan,
Hər yel vuran səmtə əsmə,
Tələsmə, könlüm, tələsmə.
Kükrə, çağla var səsinlə,
Od püskürən nəfəsinlə,
Öyünmə dar qəfəsinlə,
Yurd taladıb, daş-qaş gəzmə.
Tələsmə, könlüm, tələsmə.
Hələ ömrün çoxu durur,
Gözlərimin şoxu durur,
Tələsməyin boynunu bur,
Araz üstə dərd-qəm düzmə.
Tələsmə, könlüm, tələsmə.
Əcdadımız müdrik, ulu,
Tariximiz sirlə dolu,
Xoşbəxtliyə gedən yolu
Bir yandan da özün kəsmə,
Tələsmə, könlüm, tələsmə.
1985
ATAM GƏLDİ, ATAM GETDİ
Atam gəldi uzaq yolu,
Sor-sovqatlı,
əli dolu,
könlü dolu.
Kəndimizdə körpələnmiş,
Bakımıza səpələnmiş
Dörd baladan olsun halı.
Atam gəldi
Gətirdi
əynində bizə tanış paltarı.
Atam gəldi
Gətirdi,
Ürəyində yorğun ata intizarı.
Bu gəlişdən duydum nələr…
Bunu yazsam
Çatan deyil
Qələm-dəftər.
Yazmasam da ürəyimi ağrı dələr.
Bu gəlişdən
Mən oxudum harınlara sonsuz nifrət,
Bu gəlişdən
Mən oxudum ağıl – sərvət,
Zəhmət – sərvət.
Çox şükür ki,
Atam mənim xəsis deyil, xəbis deyil
Müftəxorlar məclisinə doğma deyil,
əziz deyil.
Atam deyər:
– “Pulu səpən insan qolu sınmalıdır!”
Atam üçün bir qəpik də gərəklidir,
Mənalıdır.
Atam gəldi bircə gecə qala bildi
Bunu bizim gen Bakıda
Qəhqəhəli şən Bakıda
Bir dar daxma,
Bir yatacaq,
Bir də dördcə bala bildi…
Atam getdi…
Amma bilmirəm niyə, nədən?
Sizdən nə danım, nə gizlədim mən?
Qabarlı əllər tikən
Adam deyə haray çəkən
Üzü bərk – bəzəkli,
İçi tər-təzəkli
Saraylara söymədi getdi.
Nə yaxşı ki, alçaqların,
Qapısını döymədi getdi…
QURBAN OLUM
Məni belə gözdən salma,
Yar gözünə qurban olum.
Şirin-şirin söhbət elə,
Hər sözünə qurban olum.
Sənsiz bağrım çatlar yəqin,
Dərd dizimi qatlar yəqin,
Elə baxma qəmgin-qəmgin,
Gül üzünə qurban olum.
Mənsiz çəkmə ələmi sən,
Al əlimdən qələmi sən,
Nura bələ aləmi sən,
Möcüzənə qurban olum.
Sən varsan ki, mən də varam,
Əhd-peymana sadiq yaram,
Yalnız sənə qul olaram,
Acizanə qurban olum.
Fəzailin röyadımı?! –
Duy naləmi, fəryadımı,
Döndər gecə həyatımı
Gündüzünə qurban olum.
ƏZİZİM
Öz yolumda nə büdrədim, nə azdım,
Yar yolunda qurdum qala, əzizim!
Düz düşündüm, düz danışdım, düz yazdım,
Düz söz üstə gördüm bəla, əzizim!
Yaşamağın sirləri var bolluca,
Ölmək xoşdur adı yaltaq olunca,
Xeyirxahlıq, yaxşılıqdan ən uca
Ömrü verdim mən halala, əzizim!
Namərd istisində mərd isinərmi?
Haqqı olan yazıq-yazıq dinərmi?
Səyyah yarı yoldan geri dönərmi?
Dalammaram gəc xəyala, əzizim!
Göy üzündə bir Allaha mailəm,
Yer üstündə artıq adam deyiləm,
Hər yetənə “sağ ol!” – deyəm, əyiləm,
Pislər düşsün qalmaqala əzizim.
Gözüm olsun bir ləkəsiz asiman,
Zülmətlərdə işıq saçsın hər zaman.
Fəzaili tutsa çovğun, qar, boran,
Arxalanmaz vara, pula, əzizim!
SABİRİM
(Mirzə Ələkbər Sabirin 155 illiyi münasibətilə)
Mən bu əsrarı qana bilmirəm,
Dəxi qanmaz olub dayana bilmirəm.
Mirzə Ələkbər Sabir
Dərdimi dağa desəm dağ odlanar Sabirim,
Qəm içində inləyən çağ odlanar Sabirim.
Duyğusuza nə deyim diri dəysə də gözə,
Yanarsa cəsədində yağ odlanar Sabirim.
Dinsizlərin içində yoxdur mərhəmətli kəs,
Halıma ruhu yenə sağ odlanar Sabirim.
Zəngəzur avarəsi, Qarabağ biçarəsi,
Sözlərimizdə birgə bax, odlanar Sabirim.
Qanmaz da qanarmı heç zırramadır, zırrama,
Az sümürər, gəmirər, çox odlanar Sabirim.
Tilsimlimi bu yerlər – baş-bədənlər daşlaşar,
Qeyrətlilər yox olar, yox odlanar Sabirim.
Hədəfi aldım nişan, oxu qoydum kamana,
Oxum dəydi hədəfə, ox odlanar Sabirim.
Nanəciblər arzular söndürələr ömrümü,
Bir haqq keçər ortaya, haqq odlanar Sabirim.
Fəzailəm, hər nə var düz dedim, düzdə qaldım,
Düzdə də ki gözü, könlü tox odlanar Sabirim…
ƏHMƏD CAVAD
Soranlara anladıyım,
Mən bu yurdun nəsiyim.
Mən çeynənən bir ölkənin,
Haqq bağıran səsiyim!
Əhməd Cavad
Sənin tək keçmişəm haqq deyə candan,
Məni də həmdərdin say, Əhməd Cavad,
Ac qurdlar əl çəkmir Azərbaycandan,
Ruhun qan ağlayır, ay Əhməd Cavad.
Allahdan istərəm təbimə imdad,
Könlüm nalə çəkir, ürəyim fəryad,
Talançı quldurlar olandan azad,
Millətin günüdür zay, Əhməd Cavad.
Qeyrət əridildi, qeyrət qalmadı,
Mərdliyə, saflığa heyrət qalmadı,
İçimizdə bircə Basat olmadı,
Tuta Təpəgözə toy, Əhməd Cavad.
Nanəciblər zəy qatdılar aşıma,
Tərsinə dolandı dünya başıma,
Ölüncəmi yazım dönsün qışıma,
Ah, nələr çəkirəm, duy, Əhməd Cavad.
Fəzail inşallah girdabdan çıxar,
Şimşək tək şığıyıb, gurşad tək çaxar,
Xaini, satqını yandırıb yaxar,
Verər azadlığa boy Əhməd Cavad.
TƏŞNƏYƏM, TƏŞNƏ
Mən od tutdum,
Mən alışdım.
Qaranlıqda çıraq kimi
Mən saf oldum
Durna gözlü bulaq kimi
İnsan kəsə
Kömək durdum,
Təmənnasız, havayı.
Mən hamıya yaxşı oldum,
Tək özümdən savayı.
Hamı durur,
Mən dururam.
Mən hamını düşünsəm də
Tək özümü unuduram.
Unuduram, bu ağırdır
Cismim üçün,
Canım üçün.
Ömrümdən hər anım üçün.
Dərdim nədir? –
Dərmanım nə?
Hökmüm nədir? –
Fərmanım nə?
Məni belə danışdıran
Can yanğımdır.
Şeiriyyətsə ən sonuncu sığnağımdır.
Ağır-ağır dolansam da,
Fikirlərin qucağında
Birliyimi axtarıram,
Azərbaycan torpağında.
Yanılsam da,
Qınansam da….
Daha demirəm heç nə.
Təpədən dırnağa
Təşnəyəm, təşnə….
1976