• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Aynur Mesimova Temkin

İtirilmiş səadət (Hekayə)

  • 11 İyul 2017
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Aynur MƏSİMOVA (TƏMKİN) 

Mart ayı olmasına baxmayaraq hava hələ də soyuq idi. Lakin Mətinin üzü gülürdü. Boz buludların arasından süzülən solğun günəşin şəfəqləri qəlbini isidir, sevinclə doldururdu. Bu gün bütün dünya, bütün aləm ona necə də gözəl görünürdü. Tanış olmayan yadlar belə sanki onun doğmaları, əzizləri idi. Xəzərdən əsən soyuq külək onun gənc simasını yaladıqca xoşhallanır, sonsuz həzz alırdı. Üzündəki bu dəyişikliyi, qəlbindəki bu hissləri çox gözəl başa düşürdü. Sevirdi o, sevilirdi o. Yarını, canını tapmışdı Mətin. Həyatından bir-iki qız keç­miş­di. Gənclik həvəsi. Lakin özünü bu qədər qapdırmamışdı. Onun üçün gözəllik heç bir önəm daşımırdı. O, sevdiyinin zahiri ilə bərabər daxi­li­ni də kəşf etmişdi. Mətin əmin idi ki, yanılmayıb. Ləman elə onun həyatının özüdür. Bu qız onun gənc ömrünün həyatına möhürünü vuran bir parçasıdır.

Mətin qərar vermişdi. Yaxın vaxtlarda rayona, ata evinə gedəcəkdi. Elə onda da valideynlərinə açı­lacaq, həyatında Ləmanın olduğunu anasına söy­lə­yə­cək­di. Gözəl günlər, Ləmanlı anlar, Ləmanlı saatlar. Artıq o, hər yerdə ona ehtiyac duyurdu. Bir gün gör­məyəndə özünə yer tapmırdı. Həyatını onsuz təsəvvür edə bilmirdi. Qısa da olsa ayrılıq zamanı çat­mışdı. Bu gedişdən onun gələcəyi asılı idi. Görəsən, Mətin özündə cəsarət tapa biləcəkdimi, Ləmanı sev­di­yi­ni anasına söyləyə biləcəkdimi? Düşündükcə canını həya təri basır, utanırdı. Mehparənin sevincinin həddi-hüdudu yox idi. Mətinin gəlişini eşidib bərk əl-ayağa düşmüşdü. Bəs necə? İlk beşiyi, göz nuru gəlirdi. Ana onu böyütdükcə nələr çəkməmişdi. Do­ğu­lan­dan yetkinlik yaşına qədər Mətin çox xəstəliklər keçirmişdi. Mehparə bir gün oğlunu itirəcəyi qorxusu ilə çox yuxusuz gecələri qaranlıq düşüncələr içə­ri­sin­də keçirmişdi. İndi oğlu ərgənlik yaşına çatmış, əsgər­li­yini çəkmiş, təhsil almış, vəzifə qazanmışdı.

Mehparə oğlunu əsgərliyə yola salan zaman ne­çə gün yemədən, içmədən özünə qapanmışdı. Hər zəngində oğlunun səsini eşidərkən qəhərdən boğula-boğula hönkürmüşdü. Zamanla şəhid xəbəri eşitdikdə ürəyi ağzına gələrək özünü bir anlıq həmin anaların yerinə qoyaraq kövrəlmişdi.

Yaz gecələrinin ləzzəti bir ayrıdır. Yenicə çırt­la­yan qızılgül butalarının məstedici ətri, böcəklərin çı­rıl­tısı, körpə yarpaqların xışıltısı Bakının hay-küyündən sonra Mətinə ləzzət edirdi. Əzizlərinin əha­tə­sində özünü o qədər xoşbəxt hiss edirdi ki. O xoş­bəxtliyin bir parçası çatmırdı – Ləman.

Mətin bir anlıq özündə Ləmanın səsini eşitməyə güclü ehtiyac duydu. Telefonu götürüb bir kənara çə­kil­di. Qızın mülayim, mehriban səsi canına şərbət kimi yayıldı. Sanki Ləmanın nəfəsini hiss etdi, ətrini duy­du. Adilə arvad nəvəsini altdan-altdan süzür, onun həyəcanlı olduğunu hiss edir, amma səbəbini tam müəyyənləşdirə bilmirdi.

Adilə qarı qızına göz vurub nəvəsini göstərdi, “Nə məsələdir?” mənasında nəvəsinə işarə etdi. Özünü saxlaya bilmədi, oğlana sataşdı:

– Ay Mətin, nə yaman xəlvətə çəkilmisən, ay ba­la, – deyə gülümsədi.

Mətin nənəsinin necə sataşqan, deyib-gülən olduğunu bilirdi. Bilirdi ki, arvad indi ona söz atacaq, hamını güldürəcəkdi. Sağollaşıb tele­fonu söndürdü. Nənəsinin yanına gələrək onun kök ya­naqlarından öpdü, boynuna sarıldı.

– Ay mənim toppuş nənəm. İş yoldaşlarım indi işlə bağlı söz soruşurdu.

Arvad bərkdən şaqqıldayaraq bu dəfə də nəvəsi Aytəkinə döz vurdu:

– Ə, köpək oğlu, sən kimə kələk gəlirsən. Mən ölüm qızla danışırdın? Mən ölüm qız tapmısan? Ay sə­ni-səni! Ə, utanma. Day vaxtdır. Məqam gəlib ça­tıb. Artıq gizlətməyin mənası yoxdu. Ya indi, ya da son­ra gec olacaqdı.

Üzünün yandığını hiss etdi həmin an Mətin. Hə­­yasından bədənini tər basdı. Elə bil həyatının ən ağır sınağını keçirdi. O, ayağa qalxıb nənəsinə ya­xın­laşdı. Qollarını onun boynuna dolayıb çəkə-çəkə ana­sının yanında oturtdu. Dərindən nəfəsini dərib göz­lə­rini anasının gözlərinə zillədi.

– Hə, var. Əslində gəlişimin bir səbəbi də budur. Mən evlənmək istəyirəm.

Mehparə özünü itirmişdi. Yanaqları səyriyir, göz­ləri qıyılırdı. Amma niyə? Mehparə bu xəbəri axı çoxdan gözləyir, həsrətini çəkirdi. Hətta bir-iki qızı gözaltı da eləmişdi. Qaşları düyünləndi:

– Kimdir, ay oğul? Nəçidir? Haralıdır? Nə işə baxır? Dədəsi, anası kimdir? – Qadın bu qəfil xəbərdən alınmışdı, hirsi içini yeyib sökürdü.

Adilə arvad gözlərini geniş açıb qızına baxdı.

– Ay Mehparə, bir uşağa macal ver nəfəsini çək­sin.

– Nə deyirəm ki, ay ana? – Mehparə küsü dolu baxışlarla anasına baxdı.

– Adı Ləmandır, – deyə Mətin dilləndi. – Özü me­­mardır. Atası mühəndis, anası tibb bacısıdır. İki ba­cı, bir qardaşdırlar. Atasıgil bu yaxınlarda yeni şirkət qur­maq üçün xaricə gediblər. Ləmanla anası, bir də bacısı buradadırlar. Bəlkə işləri alınsa zamanla onlar da oraya köçdülər. – Mətin dərindən nəfəs alaraq susdu. Mehparə hirslə yerindən sıçradı:

– Bura bax, Mətin. Mən oğul böyütmüşəm ki, elin hansısa qızının arxasıyca durub başqa ölkəyə getsin?

Mətin səbirlə anasını çəkib yanında oturtdu:

– Ay mənim canım anam. İndi kim getdi ki, mən qaldım. Ay ana, mən ondan başqasıyla evlənən de­yiləm. Elimi, dünümü, obamı tərk edib başqa öl­kə­yə gedən də deyiləm. Bir də, anacan, mən kiminsə öv­la­dına, qızına vəd verib sözümdən dönən də deyiləm.

Fərhad kişinin anidən qulaqlarına çatan sözlər sanki onu yerə mismarladı. Üzünü, bədənini qəzəb bürüdü. “Bakı bu gədəni yaman dəyişib” fikri ilə “ge­cə­niz xeyrə qalsın!” belə demədən otağına çəkilib qa­pı­nı hirslə örtdü. O, heç cürə oğlunun seçimini xoş qar­şılaya bilməzdi. Əmizadəsinin nəvəsini qapısında gəlin görmək atanın ən böyük arzusu idi.

Gecə səhərəcən ərlə arvad mübahisə etdilər. Mehparə Fərhada:

– Ay kişi, bəlkə də bu sevgi deyil, elə-belə əy­lən­­cədir. Sənin həyatında gənclik sevgin olmayıb ki, indi göylərdə oynayırsan? Elçi getmədin, qız almadın, – deyə ərini sakitləşdirməyə çalışdı.

– Arvad, sən allah hərzə-mərzə danışma. Artıq yaş o yaş deyil. İyirmi beş yaşa nə qalıb? Bax, sənə deyirəm, get sən də mətah oğluna de. O qızın mənim evimdə işi yoxdur, olmayacaq da. Mən kimi desəm onu da alacaq Mətin, vəssalam. Bitdi. Mən sözümü dedim – deyib Fərhad inad etdi.

Məhparənin süfrə açmasına söz ola bilməzdi. Hə­lə də onun nəzərində kiçicik olan oğluna sübh tezdən nələr bişirməmişdi. İki göz istəyirdi süfrənin gözəlliyinə tamaşa etməyə. Əllərini dəsmalla qurulaya-qurulaya eyvana çıxan Mətin dağ havasını ciyərinə çəkdi. Yenicə boylanan günün hərarəti boyun-boğazını isitdi. O, astaca anasına yaxınlaşaraq boy­nun­dan öpdü. Oğlunun təmasını hiss edən ana nə­va­ziş­lə onu oxşadı. Məhəbbətlə boy-buxununa baxdı.

Mətin iştahla yeyir, arada da gözucu Mehparəyə baxırdı. Onun sözlü adam olduğunu hiss edir, səbirlə söhbətə başlamasını gözləyirdi. Qadın, nəhayət, səb­ri­ni basa bilməyib dilləndi:

– Mətin, ananın ürəyi… Can bala, o Ləmandı, limondu bilmirəm, ondan uzaq dur. Kimdir, nəçidir bilmirəm, mənim üçün maraqlı deyil. Burada gözəl-göyçək, ağıllı qızlar durmuşkən, tanıdığımız halal süd əmmişlər qalmışkən nəyinə gərəkdir zatını bilmədiyin qız? Nə atan, nə mən onu bu evdə gəlin görmək istə­mi­rik.

Loğma oğlanın boğazında ilişib qalmışdı. Ud­quna bilmirdi. Özünü itirmiş halda anasına baxdı. Sakitcə yerindən qalxaraq anasını diqqətlə süzdü…

– Ana, sən heç o yazığı tanımırsan, niyə belə deyirsən?… – Dərindən nəfəs aldı, qadına baxdı. – Ləman mənim seçimimdir. Mən də bu seçimdən vaz keçən deyiləm.

…Bakıya qayıdandan Mətinin kefsiz olduğunu Ləman həmin gündən anlamışdı. Oğlanın gülümsə­mə­sin­dən, bir yana zillənən, dolan baxışlarından ürəyinə qərib bir hiss dammışdı. Ancaq səbrini basaraq Mətinin dillənməyini gözləyir, əvvəl-axır açılacağını bilirdi. Zaman ötür, Mətin susurdu. Ləmanın hövsələsi tükənirdi. Görüşlərin birində Ləman onu üzən sualı Mə­tinə verdi və oğlanın tam səmimi cavabından ümid­­sizliyə qapıldı. Mətin dənizin mavi ləpələrinə göz­lərini zilləyərək:

– Ləman, – deyə səsləndi. – Bilirəm olanları anlamısan. Yəni, açığı, hiss etmisən. Sənə yalnız onu deyə bilərəm. Valideynlərim mənim canım-ciyərimdir, sən də həyatımın sevinci. Mən sənin üçün onlardan, nə də onlar üçün səndən vaz keçmərəm. Yetər ki, aramıza xəyanət girməsin. Bu gün olmasa da, sabah anam səni bağrına basaraq gəlini kimi qəbul edəcək. Təki sən səbirli ol. Bir xahişim də var. Məni əgər həqiqətən sevirsənsə, onda ata-anama hörmət et, nə olursa olsun.

Mətin çiynindəki ağır yükü götürübmüş kimi dərindən nəfəs aldı, gözünü dənizdən çəkərək qıza baxdı. Bu anda o gözlər ona nələr söyləmədi, nələr vəd etmədi. Sədaqət, dəyanət, xoşbəxtlik. Bu günə qədər qızın əlindən tutmaqdan başqa heç bir yaxınlıq etməyən gənc qızı bağrına basdı. Qızın uzun şabalıdı saçları oğlanın geniş sinəsində gizləndi.

Mehparə oğlundan nigaran qalmışdı. Mətin hər gün zəng edib anası ilə danışsa da, ana oğlunun sə­sin­dəki titrəyişi hiss edir, qəlbi əzilirdi. Əslində o, çox yaxşı bilirdi ki, Mətini heç kəs istədiyindən dön­də­rə bilməyəcək. Uşaqlıqdan dediyindən geri dönməz, bö­yük­lərin sözünə hörmətlə yanaşar, ancaq sonda öz istə­diyini yerinə yetirərdi. Yaxşı, bunu bilə-bilə Meh­­parə niyə tərslik edir, övladının xoşbəxtliyinə ma­ne olurdu? Nə olsun anadır. Ana olmaq oğlunun is­tə­yinə qarışmağa ixtiyar verirmi məgər?..

Mətin anasının bu qəfil gəlişindən çaşıb qal­mış­dı. Bakının bu dözülməz istisində qadın sərin yurdunu qoyub niyə bura gəlib? Mətin anasının gəlişinə çox sevinsə də anlam verə bilmirdi. Ayrı vaxt Mehparəni Bakıya gətirmək müşkül məsələ idi. Ana oğlu ilə qu­caqlaşaraq xeyli vaxt onun saçını oxşadı:

– Vay, balamın saçına dən düşüb! Ay oğul, bu əvvəldən də var idi, yoxsa fikirdən belə olub. – Ananı bu düşüncələr için-için qovurdu. Mətini qırağa edib içəri keçdi.

– A zalımın balası, niyə təəccüblə baxırsan? Mən oğlumu görməyə gələ bilmərəmmi?

Mətin anasını qucaqlayaraq hop qaldırdı. Meh­parə çabalayaraq oğlanın güclü qollarından zorla qur­tuldu.

– Gədə dəli olub e. Ay bala, burax məni. Canım çıxdı, ay dədə.

Oğlan gülərək divanda oturdu. Ana-bala bir xeyli söhbət etdilər. Mehparə əl çantasını açaraq bir qutu çıxartdı. Mətinə uzadaraq: Bax, – dedi. Oğlan qutunu açaraq anasının çox sevdiyi bilərziyi çıxartdı.

– Ay ana, bu nə üçündür belə? – soruşdu.

– Gəlinimə gətirmişəm.

Oğlan heç gözləmədiyi bir anda hadisələrin bu cür kəskin şəkildə dəyiş­mə­sin­dən çaşdı. Az qala əlindəkini yerə salacaqdı ki, özü­nü ələ aldı. Maddım-maddım anasına baxdı:

– Ə, nə baxırsan? Bir səsin çıxsın.

– Mən anlamadım, ay ciyi.

– Nəyi anlamadın? Niyə çaşırsan? Demədin ki, varsa da, yoxsa da Ləmandır. Düz dur, oturma. Get zəng vur, xəbər elə. Axşam qızgilə gedirik.

Ləmana sanki dünyanı bağışlamışdılar. Sevin­cin­dən bilmirdi neyləsin. Mətinin zəngindən sonra evin içində xeyli vurnuxur, bir yerdə qərar tuta bil­mir­di. Leyli süfrəni bəzəyən qızına baxır, narazılıqla başını bulayırdı. Ləmanın seçimi qadının heç ürəyincə deyildi. Oğlanın valideynlərinin bu işə razı olmadığını duyunca hiss etdirməsə də, çox sevinmişdi. Qızının rayonda yaşayacağını qəbul etmək istəmirdi. Mən hara, bu kəndçi hara? – deyə ürəyində asır-kəsir, qızının qarasına hey deyinirdi. Dəfələrlə bunu qızına eşitdirməyə çalışır, qulağını çəkirdi:

– Ay qız, sənin orada nə işin var? Rayon yeri, iş çox, güc çox. Adamı eşşək kimi işlədib allahın sağ­olu­nu belə demirlər. Axşam oldu hamı evə girib oturur. Nə gəzmək var, nə geyinib-kecinmək. Sənin papan təhsilli, mədəni bir adamdır. Elin yoldan ötəninin mənim stolumun başında nə işi var?

Lakin Ləman dinləmir, inadına gedirdi. Əgər Mətinlə evlənməsəm, heç vaxt ailə qurmayacağam deyirdi. Bəlkə də ərə getməyən bacısı olmasaydı Leyli xanım Ləmanı heç dinləməz, öz bildiyini edərdi. Amma bacısının vəziyyətini düşündükcə əli-qolu bağlanıb dururdu.

İki qadın, iki ana üz-üzə duraraq aradakı gər­gin­liyin səngiməyini gözləyirdilər. Mehparə bu ədalı xanımı izlədikcə hey fikirləşirdi ki, bu özü belədirsə, bəs bunun qızı necədir? O da anası kimi burnu yuxarıdırsa, vay bizim halımıza. Lakin qızın üzünü dör­düyü zaman fikirlərindən tamamilə vaz keçdi. Qı­zın badamı gözləri ona o qədər gözəl göründü ki, qeyri-ixtiyari olaraq qızı bağrına basdı. Anasını neyləyirəm, təki gəlinim yaxşı olsun, – deyə kön­lün­dən keçirdi. Ləmanın da Mehparədən xoşu gəldi. Mətinin anasına çox bənzədiyini gördü. Oğlanın ona söylədiyi sözləri xatırlayıb o da qadına sidq ürəklə sa­rıldı.

Mətinin gözləri anasının dodaqlarında qalmışdı. Anasının nə zaman dinəcəyini gözləyir, daralırdı. Qa­dın gözücü oğlunu süzür, xəfif-xəfif gülümsəyir, dinmirdi.

– Ay ciyi, bir dillənsənə?

Mehparə ayaqlarını sürüyərək addımlarını ya­vaşıtdı:

– Mətin, mən bura atandan xəbərsiz gəlmişəm.

Anasının sözlərindən alınan Mətinin qaşları çatıldı.

– O dəqiqə kefsizləmə. Bir səbrin olsun. Dü­zü­nü deyəcəm. Arvadı heç bəyənmədim. Burnu çox göydədir. Amma Ləman yaxşı qıza oxşayır, bə­yən­dim. Allah sizi xoşbəxt eləsin. Səhər məni yola sal ge­dim. Özün də narahat olma. İnşallah, atanı da razı sa­la­cam. Bir az səbirli ol. Oldumu, oğlum? – deyə onu ümid­ləndirdi.

Fərhad kişi qəzəbindən yeri-göyü dağıdası ol­muş­du. Məhparənin bu qəfil addımı kişini çıxılmaz və­ziyyətə salmışdı. Kişi arvadını heç cürə başa düşə bilmirdi. Qadın bu günədək ondan xəbərsiz heç nə etməmişdi. İndi aradan iyirmi altı il keçmiş bir vaxtda bu nədir belə o edirdi?! O, ərinin heysiyyətini, kişilik qürurunu heçə saymışdı. Buna görə də Fərhad kişi neçə illik xanımından küsmüşdü. Hətta kişi o həddə çat­mışdı ki, Mehparədən ayrılmaq fikrinə düşmüşdü. Özündən böyük bacısı xəbəri eşidər-eşitməz durub gəlmişdi. Qadın uzun təbliğatdan sonra qardaşını sa­kit­ləşdirməyə nail ola bilmişdi.

– Ay Fərhaq, ay qardaş. Əvvəl-axır bu uşaq evlənməlidir, ya yox? Tutaq ki, lap getdi elə sən deyəni aldı, gətirdi. Göz görmədi, könül sevmədi. Ay canını yeyim, bə bu uşaq neyləsin? Bir günlük deyil, bir ay­lıq deyil. Sən atasan. Uşaq sənə hörmətsizlik etməyib, üzünə durmayıb. Qoy istədiyini alsın da. Mehparə ana­sı ölməmiş də qalıb odla-su arasında. Sən ərisən, o da oğlu. Ay balam, istəmədiyin yeməyi zorla yesən ya qaytaracaqsan, ya da ağrı ilə həzm edərsən. Can qardaş, tök daşı ətəyindən. Uşağı dərdə-bəlaya sa­lar­san. Qoy oturmuşuq. Ata kimi dur qabağa bö­yük­lü­yü­nü et. Xalx istər elə oğlu olsun.

Mehparə bu da­nı­şı­lan­ları dinləyir, ərinin yavaş-yavaş yumşaldığının şa­hi­di olurdu. Fərhad sonunda çar-naçar razılaşmağa məcbur qalmışdı. Mehparə baldızına ürəyində xeyir-dua edir, ölüsünə, dirisinə rəhmət oxuyurdu.

Uzun iztirablı günlərdən sonra Mətin anasından xeyir xəbər almışdı. Ona qədər oğlan fikir içində batıb qalmışdı. Necə etsin. Atasının necə tərs və inadcıl insan olduğunu yaxşı bilirdi. Kişinin ondan üz dön­dər­məyi az imiş kimi, Mətinə görə arvadına da düş­mən kəsilmişdi. Mətin bunların xəcalətini çəkir, özü­nü hey qınayırdı. Amma əsla özünü Ləmanı sev­mək­də günahkar saymırdı. O, heç bir vəchlə sev­gi­li­sin­dən vaz keçmək fikrində deyildi.

Anasının bu günkü zəngi onu əvvəlkindən də çox sevindirmişdi. Dünya-aləm gözünə al-əlvan gö­rü­nürdü. Gecə şəhərin gur işıqlıarı, gündüz Xəzərin göz­qamaşdırıcı ləpələri. Ləmanın sevgi dolu siması, hə­yatın gözəlliyi gənc Mətinin iç dünyasını se­vin­di­rirdi. Həyat nə qədər gözəldirsə, yaşamaq ondan da dö­zəldir. Xeyli zamandı hər ikisi valideynlərinin xeyir-duası ilə əhd-peyman bağlayaraq nişanlan­mış­dılar. Qudaların görüşü də yaxşı keçmişdi. Leyli xanım özündən razı olsa da, Əsəd müəllim baməzə və deyib-gülən, mədəni bir insan idi. Elçiliyə könülsüz gedən Fərhad oradan şad-xürrəm qayıtmışdı. Əsəd kişinin, necə deyərlər, lap döşünə yatmışdı. Əvvəlki hərəkətləri yadına düşdükcə sıxıntı keçirir, bir növ özünü oğlunun qarşısında günahkar hesab edirdi. Atanın qəlbi, qüruru, vüqarı oğludur. Fərhad kişi öz kap­rizinə görə az qala fəxri olan oğlundan üz çe­vir­mişdi.

Bəzən biz valideynlər nədənsə hər şeydə özümüzün haqlı olduğumuzu bilirik. Övladlarımıza müəyyən çərçivədə azadlıq vermirik. Sanki biz heç səhv etmirik, yanlışlıqlara yol vermirik. Sanki bizim fikirlərimiz hər zaman düz olur. Fərhad kişi hər dəfə bunları xatırladıqca üzə vurmasa da, ürəyində çox üzülürdü. Hər bir ananın ən böyük arzusu övladlarını xeyirxah, düzgün, tərbiyəli böyüdüb onun mürvətini görməkdir. Övladlarının ta kiçik yaşlarından onların adına nəsə yığır-saxlayır, həmin günü səbirsizliklə gözləyirdilər.

Mehparə düz bir aydı yuxunun nə ol­duğunu bilmirdi. Məzuniyyətə çıxsa da, bir dəqiqə boş vaxtı yoxdu. Bir yandan gəlib-gedən, bir yandan təzə gəlinin cehizlərinin yerləşdirilməsi, alış-veriş. Qadın lap başını itirmişdi. Lakin bununla belə yorulmadan ça­lışırdı. Gah qızını buyurur, gah qardaşı arvadıyla işi yola verirdi. Toya da bir şey qalmamışdı. Mətinin gə­li­şinə az qalmışdı. Bu günə, sabaha gəlməliydi. Al­ma­zın səsi, anasının şaqqıltısı qulağına çatar-çatmaz əlin­də­kiləri qoyub həyətə qaçdı. Bacısı oğlanın bo­y­nuna sa­rılıb durmuşdu. Ana qızını kənara çəkib özü oğ­lu­nun boynuna sarıldı. Doyunca onu öpüşlərə qərq edib sonra kənara çəkildi. Almaz cırnadı:

– Bax ey, sən allah! Yaxşı ki, bir dənə oğlu var. Onu öpürsən. Mənə çatanda da yeri başımdan, işim var deyirsən. – Mehparə qızının yarı zarafat, yarı gerçək sözündən gülərək hər ikisini bağrına basdı.

– Sizə canım da, qanım da qurban, – deyib ya­şar­­mış gözlərini sildi. O qəribə gecədən sonra ilk dəfə idi ki, ailə birgə masa ətrafına toplaşmışdı. Söhbət uzan­dıqca gecə keçir, ancaq söz tükənmirdi. Fərhad əlini oğlunun kürəyinə qoyub söhbətə qulaq asır, ara­da oğluna sual edir, işini soruşur, maraqlanır, məs­lə­hət­lərini verirdi.

– Mətin, Əsəd müəllim necədir? Onlar Bakıya nə zaman dönürlər, – deyə soruşdu.

Mətin:

– Yaxın vaxtda gələcəklər. Toydan sonra da təməlli Kanadaya köçəcəklər, – deyərək atasına pı­çıl­dadı. Mehparənin qulağı sözü alan kimi çaşdı. Əlin­dəki qabı stolun üstünə qoyaraq oğluna tərəf gəldi.

– Hamılıqla deyərkən kimlər? – Mehparə sual dolu baxışlarla oğlunu süzdü. Qadının qəlbi titrədi, səsi əsdi. Fərhad kişi Mətinə danışmağa imkan ver­mədi:

– Ay rəhmətliyin qızı. Az özünü üz. Mən elçi ge­dən­də son sözümü Əsəd müəllimə demişəm.

Meh­parə gəlib əri ilə üz-üzə oturdu:

– Nə demisən, ay kişi? Hə…

Fərhad gözucu arvadını süzdü:

– Mən elçi getdiyimiz gün kişini kənara çəkib dedim, Əsəd müəllim, mənim bir oğlum var. Sabah onu da, qızınızı da buradan aparmaq fikriniz varsa, bəri baş­dan deyin. Şərti şumda kəsək ki xırmanda yaba­laş­mayaq. O da mənə cavab verdi ki, ay kişi, narahat olma. Siz necə istəsəniz elə olacaq. Yəni, ay arvad, sən də daha narahat olma. Nə gedən var, nə də gedəni qoyan. Bir də Mətin daha uşaq deyil ki, bu yaşda ona iş öyrədək. Hər halda öz qərarını verəcək yaşa gəlib. Ailə onun, arvad onun.

Mehparə ərinin belə yumşalmasından bilmirdi gülsün, ya ağlasın.

Payız fəsli olmasına baxmayaraq hava çox gö­zəl idi. Günəşin isti şəfəqləri, ağacların əlvan rəngləri, səmanın göz oxşayan təmizliyi insanın qəlbini sevin­dirirdi. İlahi yaradan sanki ana təbiəti bu qədər sa­kit və hüzurlu etmişdi. Saralmış yarpaqlar olmasa fəslin payız olmasına insan şübhə edərdi. Yayın isti gün­lə­rin­dən sonra sakit payız gecələri insanın yor­ğun­lu­ğunu çıxardır, sakitləşdirirdi. Həyəcanlı gün gəlib çatmışdı. Bir insan həyatının dönüş nöqtəsi. Bir insan arzularının yerinə yetməsi. Uzun intizardan sonra se­vən qəlblərin bir ömürlük bir-birinə qovuşub, bağ­lan­ması. Ananın övladının göz açması ilə başlayan bir ömür nəğməsi, bir arzu istəyi. Mehparənin sevincinin həddi yox idi. Evinə gəlin gətirir, övladının xoş­bəxt­li­yinə şahidlik edirdi. Yaradan ona bundan ar­tıq paymı verəcədi? Məgər həyatda bu arzusu ürəyin­də qalan analar azdımı? Nə qədər övlad valideyni olma­dan ailə qurur, nə qədər valideyn bu həsrətlə alışıb yanır.

Leyli xanım isə sevinmirdi. Qadın sanki qızının xoş gününü heç arzulamırdı. Onun düşündüklərinin tam əksinə olaraq qızının toyu gözəl keçirdi. Həmişə ədalı olan, heç zaman heç kimi bəyənməyən bu qadın insanları kiçik görməkdən həzz alırdı. Onun fikrincə, rayon adamı yaşam tərzini anlamaz, geyimdən başı çıxmaz, etikadan uzaq insanlardı. Qızının artıq Mətin­lə rəsmən evli olmasına baxmayaraq onun seçimini qəbul edə bilmirdi. Qadın toyu ədalı izləyir, ona yaxınlaşan yeni əqrəbalara dodaqucu cavab verirdi. Bütün bunları Mehparə görsə də, üzə vurmurdu. Mətinlə Ləmanın üzündəki o xoşbəxt təbəssüm qadını ruhlandırır və ana qollarını qaldıraraq əri ilə yan-yana süzürdü. Bu gün dünya onundu. Bu gün həyat ona öz lütfünü göstərmişdi. Ana xoşbəxtdi, ana mə­sud­du. Çünki övladı məsuddu. Tərbiyə verdiyi oğlu başucalığı ilə evlənirdi. Ona daha nə lazımdı? Meh­pa­rə arxayınlaşmışdı. O, bu gündən gecələri rahat uyu­ya­caqdı. Daha Mətin tək deyildi.

Toylar bir nağıla bənzəyir, bir cana yaxın mu­siqi kimi qana yayılır. Bəziləri şirin olub qəlbə dolur, yaddaşlara hopur. Toyla bərabər nağıl da bitir. İki sev­gilidən ibarət yeni həyat hekayəsi başlayır. Sonu gö­rün­məz, izi bilinməz, sevinclə-kədərlə dolu, mə­həb­bət­lə bir ömür boyu hekayə. Gəlinlik hansı qıza yaraşmır ki? Yetər ki, onu geyən də, geyindirən də qəlbən, ruhən yaxın olsun. Mətin qaranlıq gecədə qu quşuna bənzəyən Ləmanda ruhunu tapmış, saf duyğu­la­rını ona bağışlamışdı. Ləmanın ona bir ömürlük yoldaşı olması duyğusu ona dərin bir zövq verir, onu nəşələndirirdi. Çünki, çünki Mətin xoşbəxtdi. Çünki Ləman da xoşbəxtdi. Çünki bir ana vardı. O ana ki, öv­ladı üçün canını verər, uf deməzdi. O da xoşbəxtdi. Xoşbəxtlik nədir? Xoşbəxtlik ani bir duyğudur ki, məqamında anlamazsan, anlasan da saxlamağı bacar­maz­san. Bütün insanlar o duyğunu yaşar, amma za­ma­nında, məqamında dərk etməyə bilər. Mətinlə Ləman o qədər xoşbəxt idilər ki. Sevənlər bir-birinə qovuş­mu­ş­dular. Cazibəli, sirli həyatın içində onlar da bir iz salacaq, öz dastanlarını yazaraq yeni həyata qədəm basmışdılar. Bir üzü sevinc, bir üzü kədər. Ağnan qaranın, sarıyla yaşılın, göylə qırmızının vəhdəti olan bir həyatın astanasında duraraq gənclər sonu bilin­mə­yən yola, həyata atılmışdılar.

Bakını sevməyən insan varmı görəsən? Küləklə günəşin, yağışla buludun, bir-birini əvəz edən dünən­lə bu gününün, keçmişlə gələcəyin kəsişdiyi şəhər. Bə­zən neft qoxusu toz qoxusuna qarışar, günəşi insanı yan­dırar. Amma yenə insan bu şəhəri sevməkdən usan­maz. Sahil boyu salınmış bulvarı gecənin ahən­gi­nə qarışar, insanların gurşadlığı dərdi-səri unut­du­rar­dı adama. Sakit, səssiz, təmiz havalı rayonlardan sonra bu böyük şəhərə alışmaq, çətin olsa da, alışdıqdan sonra geri dönmək ondan da çətindi. Bizim qəhrə­man­lar da işlərinə görə yenidən Bakıya dönmüşdülər. Mətin artıq öz peşəsində mütəxəssis sayıldığına görə onu işdən buraxmamışdılar. Fərhad kişiylə Mehparə arvad övladlarının gələcəyinə mane olmamaq üçün onu yolundan döndərməmişdilər. Hətta ona dəstək olaraq ata oğluna ev alıb hədiyyə etmişdi.

Səhərdən başlayan şiddətli xəzri sanki yeri-gö­yü dağıdırdı. Bakının dəli rüzgarı ağacların başını ye­rə əyir, hər şeyi kökündən qopartmağa çalışırdı. Hamı bacardıqca tez evə çatmağa tələsirdi. Mətin ma­şı­nı çətinliklə idarə edir, Ləmanı düşünürdü. Görəsən, ev­də tək qorxmur ki? Ləman uşaqlıqdan güclü külək əsən­də tək qalmağa qorxar, evdə bütün işıqları yanar qoyardı. Mətin də bunu bildiyindən narahat idi. Evə çatdıqda hava tamamilə qaralmışdı. Soyuq bir anlıq boyun-boğazına doldu, sümüyü üşüdü. Paltosunun ya­xa­sını qaldırıb evə tərəf qaçdı. Gözləri pəncərələri­nə ilişib qaldı. Evdən gələn o nur, o işıq süzülərək bü­tün bədəninə doldu. Ayağı yerdən üzülmüştək bir sa­ni­yəlik dondu qaldı. Bu pəncərə, bu işıq onundu. Onun arxasından boylanan o gənc qadın da onundu. Düşüncələri soyuq kəsən bədənini isidərək onu qaba­ğa atdı. Mətin lifti gözləmədən yeyin addımlarla pillə­ləri qalxdı. Onu gözləyən səadətə, sabaha, gələcəyə, ona sevinc bəxş edən Ləmanına tələsdi.

Kimin evində söz-söhbət olmur ki, bizim gənc­lər­də də olmasın? Ləmanla Mətin bəzən qıs­qanc­lıq­dan, bəzən də səbrsizlikdən küsüb-dalaşırdılar. Lakin bu küsülülük bir saatdan artıq davam etməz, hər ikisi bir-birinə baxıb gülümsəyər, barışardılar. Mətin işdən evə tələsər, Ləman pəncərədən həyətə boylanaraq səbir­sizliklə yol gözlərdi. Tez-tez gecələr gəzintiyə çıxar, dost-tanışla söhbətləşərdilər. Ləmanın valideyn­ləri toydan sonra Kanadaya köçmüşdülər. Mətin Ləmanın onların yoxluğunu çox hiss etməsin deyə əlindən gələni əsirgəmirdi. Ezam olunduğu yerlərə ailəsini də götürər, aparardı. Bakıda tez-tez dostu Vüqarla görüşər, söhbətləşər, bir-birlərinə qonaq gedib gələrdilər. Vüqarın yoldaşı Şirin də Ləmanla rəfiqəlik edər, ona hər yoldaşlıq edərdi. Lakin heç kim və heç nə Ləmana valideynlərinin yerini vermirdi. O boşluğu Mətin belə doldurmağa qadir deyildi. Mətin onun əzabını hiss edir, lakin çarəsizlikdən susurdu. Gecələr Mətin qadınn için-için ağladığını hiss edirdi. Ləman anasının isti nəfəsinin, qucağının həsrətini çəkir, onun qoxusunu arzulayır, üzünü yastığa söykə­yə­rək onu göz yaşlarıyla isladırdı. Mətinə bildirməz, lakin içdən göynəyərdi. Mətin onun bu halına üzülər, bəzən özünü günahkar hesab edərdi. Mətin işə getdiyi zaman Ləman üzüntüləriylə baş-başa qalar, tez-tez anasıyla danışardı. Leyli xanım hər səfərində qızından Kanadaya köçməsini tələb edərdi.

Son zamanlar Məhtab xanım bacısı qızının evinə ayaq açmış, oranı qonşu yoluna döndərmişdi. Mətin ilk zamanlar xalanın  gəlişinə sevinsə də, son­radan bunun peşmançılığını çəkməyə başlamışdı. Ona­mı elə gəlirdi, yoxsa, həqiqətən, eləydi, Ləman xalasının gəlişindən sonra evdən soyuyaraq, Mətindən uzaq düşmüşdü. Mətinin könül dünyasına bir qara bulud çökmüşdü. Onun üzündəki sevinci indi göz­lə­rin­dəki kədər əvəz edirdi. Hər gecə evə tələsən gənc artıq evindən-eşiyindən didərgin düşmüşdü. O, evə gələr-gəlməz Məhtab xanımın turşumuş üzünü görür, onun məsləhətlərini dinləməli olurdu. Demək olar ki, qadın onların evinə köç salmış, evin hakimiyyətini əlinə almışdı. Mətin səbir kasasının do­lub daş­ma­sına baxmayaraq inamla dözür, Ləmanın dərdindən din­mirdi. Hər gün evdə Kanada söhbəti gedir, bu da oğlanı əsəbləşdirirdi.

Mehparə gecələr yuxusunu itirmişdi. Ürəyi na­rahatlıqla döyünür, tez-tez sıxılırdı. Yerinə girib daş kimi yatan Mehparənin bu narahatlığı ərinin gözündən qaçmamışdı. Fərhad arvadının bu halından təşvişə düşmüşdü. Onu həkimə getmək üçün məcbur edir, ancaq qadın imtina edirdi. Axır bir gün Mehparə dərdini ərinə söylədi:

– Ay kişi, dədəmin goru haqqı mən xəstə de­yiləm. Mənim heç nəyim yoxdur.

Fərhad kişi papirosdan bir qullab vurub göz­lərini qıydı:

– Bəs onda niyə yatmırsan? Ahın-ufun dün­ya­nı götürüb.

Meh­parə gözləri dolmuş halda ərinə baxdı:

– A Fərhad…. a kişi. Mən hər gecə eyni yuxunu görürəm, qorxuram, – deyə gözlərindən bulud kimi göz yaşlarını tökdü. Kişi həmişə ürəkli, qorxusuz olan arvadının saçlarını oxşadı, qucaqladı:

– Dayan görüm, yekə arvadsan. Bir yuxudan ötrü bu nə həngamədir sən edirsən. Uşaqlıq etmə, Mehparə. Kiri, ay arvad. Hələ bir danış görüm o nə yuxudur, – deyə arvadından soruşdu.

Mehparə uşaq kimi hıçqıra-hıçqıra yuxusunu anlatmağa çalışdı:

– Gördüm bir yekə qara ilan Mətinin boynuna sarılaraq boğur. Hey Mətini dartıram, ilan onu bir az da boğur. Mən qorxuram, ay kişi, qorxuram… – Artıq qadın özünü cilovlaya bilmədi. Əlləri ilə üzünü qa­pa­yıb hönkürdü. Fərhad fikir içində qalmışdı. O, möv­hu­mat­çı deyildi, hər şeyə də inanmırdı. Amma arvadının o halı onun özünü də düşünməyə məcbur etmişdi. Sə­həri gün Fərhad yubatmadan arvadını oğlunun yanına yo­la saldı:

– Qoy getsin, hər şeyin yolunda olduğunu öz gözləriylə görsün, – dedi.

Məhparə Mətinlə illərin ayrısı kimi görüşdü. Ana-bala bir-birilərinə sarmaşdılar. Ana oğlunun göz­lərinin dərin çuxura düşdüyünü, əvvəlki fərəhinin ol­madığını ilk dəqiqədən sezdi. Yol boyu deyə-gülə getsələr də, Mehparə oğlunun səsindəki kədəri hiss etdi. Ləman qaynanasının qəfil gəlişindən çaşmışdı. Bilmirdi çay gətirsin, yoxsa yemək qoysun. Mehpa­rə­nin gəlişinə gəlin yamanca sevinirdi. Çünki həqiqətən də qaynanasını çox sevir, ona ehtiramla yanaşırdı. İlk tanışlıqdan bu günədək qaynanası onu əzizləyərək “qızım”dan başqa heç nə deməmişdi.

Mehparə yemək həşirinə düşən Ləmanın qolun­dan tutub saxladı:

– Bir dayan, ay qızım. Narahat olma. Ac deyi­ləm. Xörəyi neyləyirsən. Sən çay qoy, bir qabaq-qa­bağa oturaq, dərdləşək.

Mehparə zənbilləri boşaldıb, gətirdiyi ərzağı yerbəyer elədi. Əllərini yuyub aş qazanını sobanın üstünə qoydu.

– Sən heç nədən ötrü narahat olma, ay bala. Nənəniz sizin üçün qıymalı plov süzüb. Baldızın da sənə şirniyyatlar göndərib. Qoy isinsin, belə ağız xoşluğu ilə yeyək.

– Mehparə ana, nə yaxşı gəldiniz. Lap darıx­mış­dım. Kaş Almazı da gətirəydiniz?

– Neynək, gələn dəfə o da gələr.

– Onda siz də tez geri dönməyəsiniz.

Mehparə gəlinini oxşadı:

– Ay qızım! Mənim orada işim, evdə kişi. Bəs onları neyləyim? Heç icazə də almamışam.

– Nə olar, ay ana. Bir az da qalın, xahiş edirəm.

Qadın bu sözlərdəki səmimiyyətə ürəkdən inanırdı. Çünki Ləmanı az da olsa tanıyırdı. Mətinin rəngi durulmuşdu. Sanki yenidən həyata dönmüşdü. Deyib-gülür, şənlənirdi. Ta ki Məhtab xanım qapının kənd­arında görünənədək.

Mehparə onun gəlişindən sonra Mətinin anidən dəyişdiyini sezdi. Qadın oğluna işarə ilə: Nə olub? – deyə soruşduqda Mətin xəfifcə başını yelləyərək üzünü çevirib yataq otağına keçdi. Mehparə gələn qo­naq­la görüşüb bir ara durub mətbəxə yollandı. Mey­və­ləri doğrayıb boşqablara yığdı və qonaq otağına çat­dıq­da quruyub qaldı. Məhtab qarşısında oturan Ləmanı danlayır, qaş-göz süzdürürdü:

– Ağəz… Aaz, utanmırsan bu kətçiyə ana demə­yə. Öz anan sənə həsrət qalsın, sən elin çuşkasına ana de. Utan səni, utan.

Məhtab əlini dizinə çırpdı:

– Ay mənim yazıq bacım. Bədbəxt bacım – deyə dad etdi.

Mehparə özünü ələ almağı bacaran, hər şeyi səbir­lə yola verməyə çalışan bir insan idi. İndi eşit­dik­ləri onu sarsıtmışdı. Lakin buna baxmayaraq əsəbini ci­lovlayaraq otağa girdi:

– Bu da meyvələr. Məhtab xanım, bir qabağa durun, – deyərək ona səsləndi.

Qadının hirsi içini yandırır, Məhtabı yerinə oturt­durmağa səbri çatmırdı. Mehparə ana Mətindəki kef­siz­liyi, evdəki vəziyyəti indi-indi anlamağa baş­la­mışdı. Ana bilirdi ki, Mətin aciz insan deyil, o, lazımi vaxtda sözünü deməyə, qarşısındakını yerində oturt­mağa qadirdir. Lakin o, Ləmana görə bütün bun­lara dözür, səbrini gen edir, qız üzülməsin deyə fitnəkar Məhtabın əməllərinə dözürdü. Amma nə vaxtacan? Məhtab xanım özü asanlıqla bunlardan əl çəkən deyildi. Belə insanlar üçün ailə toxunulmazlığı, sevgi, sədaqət, inam adlı bir şey sadəcə kitablarda yazılan bir yığın söz deməkdir. Bu gün hava da sanki Mehparənin gəlişinə sevinirdi. Qışın orta çağı olmasına baxma­yaraq günəşin isti ləçəkləri torpağı, daşı qızdırırdı. Mehparə əlinə girəvə düşmüş tək sevindi. Üzünü yan otağa tutaraq Mətini səslədi:

– Mətin, bir bəri gəl görüm, ay bala!

Mətin otağın qapısının astanasında dayandı.

– Nədir, ay ana? Yenə maraqlı nə tapmısan?

Mehparə gülümsəyib dinmədi. İndi də çevrilib Lə­manı səslədi:

– Sən harada qaldın, ay qızım! Sən də gəl gö­rüm bura. Bala, adam da bu cürə gözəl, xoş havanı qo­yub evdə oturar? Qocalmamısınız ki? Üstünüzə bir şey alın, gedin havanızı dəyişin.

Ləman döyükdü. Qaynanası qonaq gəlib, bu indi hansı adla getsin gəzməyə. Mətin buna necə baxar? Mehparə anaya bu hörmətsizlik olmazmı?

– Yox, ana. Mən getmirəm, gediriksə hamımız gedək.

– Yox, a bala. Siz gedin. Biz qocalar oturub söh­bət edəcəyik.

Mehparənin “qoca” sözünə Məhta­bın sürməli gözləri süzüldü, çəkilmə qaşları dartıldı. Sanki içinə atəş düşdü, vücudunu od aldı.

Mehparə Mətingili yola saldıqdan sonra gəlib qadının qənşərində oturdu. Sözü yerindəcə qısa kəs­məyə alışmış ana Məhtabın gözlərinə dik baxdı:

– Mənə baxın, Məhtab xanım. Gəlmisiniz, əcəb eləmisiniz, xoş gəlmisiniz. Bacınızın balasının evidir. Sanmayın ki, bayaq söylədiyiniz o sözləri eşitmədim. Ləman mənə “ana” – deyir, deyəcək də. Düzdür, öz anasının yerini verə bilmərəm, istəsəm də olan iş deyil. Amma balamı sevirəmsə, onu da sevəcəm. Sizdən xahiş edirəm. Uşaqların həyatına müdaxilə etməyə çalışmayın. Onların ailəsi hələ çox gəncdir. Körpə fidan kimidirlər. Bir sərin külək o fidanları qoparıb ata da bilər, əyə də bilər. Hörmətlə gəlmisiniz, hörmətlə gedin. O ki qaldı onların xaricə getməyinə, o da olacaq, gedəcəklər də, dönəcəklər də.

Mehparə qapının zərblə çırpıldığına silkələndi. Durub qapı-pəncərəni açdı. İçəri dolan havanı ciyərinə çəkib, sinə dolusu nəfəs aldı. Bir günlük gələn Mehparə, bir həftə burada qalaraq şad-xürrəm geri döndü.

Zamanla insanlar bir arada qaldıqca daha da isinişir, ayrılmaz bir varlığa dönürlər. Biri-birisiz tək bir tikə belə boğazlarından keçmir. Sevdiyi insan hava qədər, su qədər gərəkli olur. Ev belə onunla isinib, onunla soyuyur. Ağrıyanda birgə ağrıyırsan, güclə­nən­­də birgə qüvvətlənirsən. Görünməz, yazılmaz, to­xu­nulmaz bir hissdir sevgi. Gənclərdən ötrü də mü­qəddəsdi sevgi.

Yenə də əvvəlki tək çox xoşbəxtdi cütlük. Məh­tab Mehparənin gəlişindən sonra bir də bu evə ayaq basmamışdı. Nədənsə Leyli də əvvəlki tək qızına gəl deyə məcbur etmirdi. Nə deməkdi bu? Fırtına öncəsi sakitlikdi, yoxsa hər kəs özü üçün bir nəticəyə gələrək yolunu tapmışdı. Ləman öz sakit, sabit həyatına yeni­dən doğulmuş insan tək dönmüşdü. Yenə hər axşam pəncərənin önündə Mətini gözləyir, onu həyətdə görər-görməz qapıya qaçıb dayanırdı. Mətinin göz bəbəkləri işıqla dolmuşdu. O da hər zamankı kimi işdən gələndə ilk öncə dördüncü mərtəbəyə boy­la­na­raq Ləmanı süzür, mənzilinə tələsirdi.

Bəzən insan özünü o qədər xoşbəxt hiss edir ki, öz xoşbəxtliyindən qorxmağa başlayır. Bir gün itir­mək qorxusunu yaşayır, qara fikirlərə düşür. Elə bil han­sısa gözəgörünməz bir qüvvə insanın qulağına ola­caq­ları sanki pıçıldayırmış kimi onu həyəcanlandırır, təsirə salır.

Ləman bir müddətdi ki, xəstə yatırdı. Gah Şirin, gah qonşu Şahbaz xala ona tez-tez baş çəkər, yığış­dı­rar, bişirər-düşürər, qulluğunda durardılar. Xəbəri alar-almaz Mehparə ana da Bakıya gələrək üç gün oğ­lu­gildə qalıb Ləman sağalanacan ona qulluq etmişdi. Onun artıq yaxşılaşdığını görərək yenə evinə dön­müş­dü. Ləman xəstə yatdığı neçə gündə anasını gecə-gündüz arzulayaraq için-için qovrulmuşdu. Hərarət için­də ata-anasını sayıqlamışdı. Gecə səhərə qədər həyat yoldaşının keşiyini çəkən Mətin o anda nə qədər əzab çəkmişdi. Olanlar üçün özünü qınayaraq, Ləma­nın halına yanmışdı. Mehparənin gəlişindən o qədər köv­rəlmişdi ki, anasının da gözləri yaşla dolmuşdu. Sar­sılmaz iradəsi olan Mətin az qala hər şeyə görə özü­nü günahkar sayır, vicdanı ağrıyırdı. Ləmanın evin içində yavaş-yavaş hərləndiyi bir zamanda Məhtab xanım yenidən peyda olmuşdu. Ləmanın xəstələn­di­yini bəhanə edərək onların evində lövbər salmışdı. Mə­tinin bəlalı günləri bundan sonra yenidən baş­la­nmış­dı. Ləman bu dəfə xalasının gəlişinə çox sevin­mə­miş­di. Hətta bədənindən bir ürpənti də keçmişdi. Qadının onlarda qalacağını biləndə lap pərt olmuşdu.Yenə əvvəlki vəziyyətə dönmüşdülər. Mətin gecələr evə gec gə­lir, Ləman anasıyla xalasının arasında qalır, söz-söh­bətdən bezirdi.

Mətin asta-asta könülsüzcəsinə pillələri qalxıb dayandı. Nəfəsini dərib yenicə çəkməyə başladığı, sönmüş siqaretini alışdırdı. Qapı səsinə çevrildi, arxasındakının Şahnaz xala olduğunu görüb əlindəkini gizlətdib arvadla salamlaşdı. Qadın Mətini evə dəvət etdi. Mətin anasının yaşıdı olan, anasıyla söhbəti alı­nan Şahnaz xalanın xətrini əziz tutar, ona hörmət bəs­lər­di. Odur ki, qadın onu evə dəvət etdikdə məm­nu­niyyətlə otağa girib oturdu. Bir xeyli söhbət etdilər. Qadın açıq-aydın deməsə də, sanki Mətini nədənsə duyuq salmaq istəyirdi. O, getdikdən sonra Şahnaz xala divanda oturdu. Fikirli-fikirli çayı qurtumladı. Öz-özünə danışırmış kimi başını buladı, deyindi:

– Allah xeyir eləsin. Mənim bu uşaqlara lap yazığım gəlir. Bu Məhtab onların ailəsini dağıtmasa yaxşıdır. Bay allah sənin bəlanı versin, ay keybaş!

Qadın bunu elə-belədən demirdi. Bir gün təsa­dü­fən Ləmana baş çəkməyə getdiyi vaxt Məhtabın qı­zı necə danladığının şahidi olmuşdu. Qız xalasının üzünə qayıtmasa da, Mətini müdafiə edir, onun tərə­fi­ni tuturdu. Qadın isə dayanmadan deyinir, susmaq bil­mirdi.

Mətinin fikirləri qarışmışdı. Dinməsə də, ta­ma­mi­lə bezmişdi. Məhtab bu gəlişin bir gedişi olacağını bilir, gecikmədən Ləmanla Mətini Leylinin yanına göndərməyə planlar qururdu. Axı ona nə düşmüşdü? Niyə qadın bütün bunlara nail olmaqdan ötrü bu qədər in­sanın gələcəyi ilə oynayırdı? Ər-arvadın burada, ya Kanadada olmasından nə çıxar ola bilərdi ki? Bəlkə qadın bacısı qızının paxıllığını çəkirdi?

Əlbəttə, Məhtab gənc yaşında ailə quran bacısı qızına müəyyən dərəcədə paxıllıq edirdi. Lakin bu da onun əsil niyyətini açıqlamırdı. Onu da bir zamanlar kimlərsə sevmiş, evlənmək istəmişdi. O da ağ atlı şahzadəsini gözləyə-gözləyə əllidən keçmişdi. Bu da deyildisə, bəs nə idi?

Məhtab çoxdan anlamışdı ki, Bakıda Leylinin Məh­tab və Ləmandan başqa heç kəsi yoxdur. Əgər Lə­man Kanadaya köçsə, Leyli Məhtabı da çəkib apa­ra­caqdı. Bax o zaman Məhtab ölkələr gəzəcək, bəlkə qismət olsa, özünə pullu ər də tapacaqdı. Mətin onun bütün istəklərinin qarşısında yekə sədd kimi durur, onun planlarına mane olurdu. Məhtabla Leyli da­yan­madan planlar qurur, Ləmanın iradəsini yavaş-yavaş qırırdılar. Məhtabın təbliğatı artıq öz işini görməyə başlamışdı. Artıq Ləman öz tərəddüdlərinə yenmişdi. Anasının yanına getmək üçün özü Mətinə israr edir, hər gün bunun üstündə aralarına gərginlik salırdı. Bəzən bir-birilərini təhqir etmək həddinə çatır, küsür, danışmırdılar. Ləman heç cürə ərini yola gətirə bil­mirdi.

Martın gəlişi ilə havalar isinmişdi. Havanın xoşluğundan yararlanıb katerlə dənizi seyr etmək üçün Mətin Ləmanın arxasıyca evə tez gəlmişdi. Məq­sədi aradakı soyuqluğa son qoymaq, münasibətləri düzəltmək idi. Mətin qapını açaraq səssizcə otağa girdi. Qulağına qəribə səslər gəldiyindən dinməzcə durub qulaq asdı. Oğlan yerində quruyub qalmışdı. Göz­ləri geniş açılmış, ayaqları kilidlənmişdi. Deməli belə. Mədəni Leyli xanımın ağzından çıxanlar onu dəhşətə gətirmişdi. Qadın nalayiq söyüşlər söyür, Mətinin ünvanına hədyanlar yağdırır, qızına inadla boşanmağı məsləhət görürdü. Hirsi beyninə vuran Mətinin qəfil içəri girdiyini görən Məhtab içini çəkəndə Ləman qeyri-ixtiyari geri döndü. Baxışları ərinin gözlərində ilişib qaldı. Mətinin qəzəbdən göz bəbəkləri qızarmışdı. Bəbəklərindən od saçan baxış­la­rın­dan qorxdu Ləman. Əlləriylə üzünü qapadı. Oğlan qeyri-şüuri planşeti qapıb divana tulladı. Üzünü qıza tutub bağırdı:

– Ləman, bu sonuncudur. Boşanmaq istəsən qa­pı açıqdır. Yox, əgər istəmirsənsə, qapa bu söhbəti bitsin. Vaxtı çatanda göndərərəm, gedib, görüb gələr­sən. Amma mənsiz. Bunu sən istədin. – Dodaqlarını gə­mirdi. Yox, ürəyi hələ soyumamışdı. Bunca vaxtı içini didən hər şeyi söyləmək istəyirdi.

– Məhtab xanım, məsləhət sizin. Qonaq kimi gəlib, elə də gedəcəksinizsə, buyurun. Yox, əgər fitnə-fəsadınızdan əl çəkməyəcəksinizsə, bu evin qapısını unudun.

Aradan pərdə qalxmış, münasibətlər soyu­muş­du. Ləman ərinin ondan küsdüyündən üzülür, ba­rış­ma­ğa vasitə axtarırdı. Qaynatasının onları Novruz bay­ramına dəvət etməsi lap yerinə düşmüşdü. Fərhad kişi oğlu və gəlininin şərəfinə bir məclis təşkil etmişdi ki, gəl görəsən. Mehparə analıq hissiyyatıyla gərginliyi hiss etmişdi, hər ikisinə öyüd-nəsihət edərək onları barışdırmışdı. Ləman barışığı gözləyirmiş kimi, yenə dodaq büzüb deyinməyə başlamışdı. Mətin bu qədər sevdiyi bir insanın birdən-birə bu qədər dəyişilməsinə məna verə bilmirdi. Axı, Ləman belə deyildi. Məgər Mətin Ləmana yalandan vəd vermiş, anlatmışdı ki, qadın bu cür hərəkətlər edirdi? Oğlan Ləmanı çox sevsə də, ürəyində nəyinsə yavaş-yavaş qırıldığını hiss edirdi. Onların böyük eşqinə nə olmuşdu? Hələ onlar nə yaşamışdılar ki? O dərin sevgi bir titrəyişlə nə tez sarsılmışdı. Yenə bir axşam yeməyə oturduqları bir vaxtda Məhtab xanım bir də təşrif buyuraraq onlara gəldi. Birgə stol başına keçib şam etdilər. Sonuncu haq-hesabdan sonra Məhtab ilk dəfə idi ki, onlara gəlirdi. Mətin olanları unutmaq qərarına gəlmişdi. Nəyə lazım bu həyatda kin saxlamaq. Qadın da Mə­tinə ayrı cürə dilxoşluq edir, şirin-şirin söhbətləşirdi. Mətin bu ani dəyişikliyin nəyə borclu olduğunu bil­mir, anlamırdı.

Birdəncə Ləmanın rəngi ağardı. Qəfil tutan ağ­rıdan ürəyi bulandı. Özünü cəld vanna otağına saldı, öyüməyə başladı. Mətin çaşqınlıq içində idi. Nə oldu yenə bu qıza? – deyə pıçıldadı. Ardıyca getmək istədi. Məhtab əlini uzadıb oğlanın qolundan yapışdı. Məh­ta­bın kiçik gözləri qıyılmışdı. Yalnız həyatın hər üzünü gör­müş insan onun gözlərinin dərinliyindəki məkri anlaya bilərdi.

– Heç nə yoxdur. Olan işlərdi. İndi gələr – deyə onu sakitləşdirdi. Ləman əlindəki məhrəba ilə üz-gözünü silə-silə içəri keçdi. Bir gözü xalasında divana əyləşdi. Mətin narahat halda Ləmanı süzür, həyəcan keçirirdi. Yenə azarlandımı? Niyə belə tez-tez xəs­tə­lə­nir? Bir başa düşə bilsəm.

– İndi necəsən, Ləman? Ağrıyan yerin var? Çox narahatsansa sabah həkimə gedək.

– Dayan görüm. Həkimə səninlə niyə gedir ki? Sənin orada nə işin var? Xalası ölməyib ki? – deyə Məhtab sir-sifətini turşutdu. Mətin yenə heç nə anlamadı.

– Niyə ki? Mənimlə getməyib kiminlə gedəcək?

Məhtab irişə-irişə Mətinə göz vurdu:

– Belə muştuluğumu istərəm. Papa olcan sən, papa.

Mətinin o ankı halını təsəvvür etmək çox çə­tin­dir. Gənc ər üçün bundan böyük xoşbəxtlik ola bilərdimi? Həyatlarına sevgilərinin ilk barı gəlirdi. Yalnız özü bilirdi bu günü, bu xəbəri necə gözlə­diyini. Mətin o an dünyanın ən xoşbəxt insanı idi. Sevincinin həddi yox idi. Dünyaya kiçicik əlləri, ayaqları olan körpə gələcək, ailə birləşəcək, bütövlə­şə­cəkdi. Günləri daha gözəl, daha anlamlı keçəcəkdi. Yaşamaq üçün bundan gözəl amalmı vardı?

Mətin Ləmanla Məhtabı bir zamanlar Leyli xanımın çalışdığı xəstəxananın həyətinə düşürərək işinə geri döndü. Ləmanla Məhtab içəri keçərək Ley­linin yaxın rəfiqəsi olan Azadə xanımı tapdılar. Xeyli söhbət etdilər. Azadə xanım analizləri alıb laborato­riyaya göndərdi. Çay gətirtdirib Ləmangilə qulluq göstərdi. Məhtab səbsizliklə həkimə suallar verir, ca­vab alırdı. Nəhayət, cavablar gəldi. Ləman həyəcanla, ürəyi əsə-əsə həkimin cavabını gözlədi. İndi həkim xanım onun hamiləliyini təsdiqləyəcək və o, bu müqəddəs duyğunu ürək dolusu yaşayacaqdı. Hətta Mətini belə yola gətirmək onun üçün asan olacaqdı. Sonuncu düşüncəsindən özü də utandı. Məgər o, övladını dünyaya bunun üçünmü gətirirdi? Yox, yox, əsla yox. Ləman belə şeyə heç vaxt yol verməyəcəkdi.

Azadə xanımın səsi onu fikirlərindən ayırdı:

– Qızım, mən bu analizlərin cavabını neqativ görürəm. Yəni hamiləlik yoxdur.

Əvvəlki sevinci yoxa çıxdı Ləmanın. Sanki göy gur­ladı, qulağı batdı, deyilənləri duymadı. Bənizi ağardı. Azadə xanım təşviş içində qızın əllərini ovdu, üzünə su çilədi.

– Ay qızım, niyə belə edirsən axı. Nə olub? Dünyanın sonu deyil ha… İndi yoxdur, sonra olar. Boy… Allah köməyin olsun. Hələ evləndiyin heç bir il deyil ha.

– Bəs onda bu ürək bulanması, baş gicəllənməsi nədən olur? – deyə Məhtab sual etdi.

– Bu aldadıcı da ola bilir. Hamiləlikdəki kimi. Soyuqdəymədən də ola bilir. Keçməzsə bir kurs müalicə alarsınız ötər, bitər. Yəni qısacası, narahat olası bir şey yoxdur, – deyə həkim onları yola saldı. Xəstəxanadan çıxıb Mətini gözləmədən evə döndülər. Qapıdan girən kimi qadın deyinməyə başladı.

– Üzmə özünü. Elə olmamağı yaxşıdır. Hələ gəncsən. Ancaq ağlıvı işlət, ərivə demə. Analizlərini də gizlət, lap cır at, tapa bilən olmasın. Sən anavın yanına getmək istəyirsən? Mənə doğrusunu de. Ləman başıyla cavabı təsdiqlədi.

– Onda xalan qurban sənə. Mən nə desəm onu edəcəksən, oldumu? Eşitdinmi məni? Mətinə hamilə olduğunu denən, yetər. Ardını xalava burax, – deyərək qadın barmağını sinəsinə döydü.

Xəyanətin böyüyü-kiçiyi yoxdur. Bir evə ki, xəyanət ayaq açdı, o ev tez-gec çökəcək. Ləman bütün hər şeyi gözə alaraq, xalasının oynadığı böyük oyuna əl qoymuşdu.

Mətinin məsudluğunun həddi yox idi. Yer-göy, hər şey onunku idi sanki. O, ata olacaqdı. Allah ona lütf göstərmişdi. Mehparə ana xəbəri eşitcək qızı ilə Bakıya gəlmişdi. Ana-qız bilmirdilər Ləmana necə qulluq etsinlər, necə qayğı göstərsinlər. Bəs Ləman? Bu qədər böyük yalanın altına girərək vicdanı heç sızlamırdımı? Gerisini düşünmürdümü? Özgə torpağa get­mək üçün bunca adamın hissləriylə oynamaq gü­nah deyildimi?

Mehparə Ləmanı bir də öz yaxın qohumu olan həkimə göstərmək, arxayınlaşmaq istəyir, Ləman isə müxtəlif bəhanələrlə bu təklifdən boyun qaçırırdı:

– Nə lüzum var, ay ana. Həkim həkimdir də. Ya o, ya bu. Nə fərqi var ki?

Mehparə artıq sözü böyütmək istəmədi. Bir analiz cavablarını görmək istədi. Ləman səbirsizliklə qadının sözünü ağzında qoydu. Mehparə alınsa da, dillənmədi. Onsuz da gəlinin təhər-töhürünün dəyişdiyini sez­miş­di. Bunu da hamiləliyə bağlayaraq fikir ver­mə­miş­di.

Artıq meydan boş qalmışdı. Mehparə əlverişli zaman axtarıb, bu hamiləliyi yürütmək, məqsədinə yetmək üçün vaxt gözləyirdi.

Ləman əlini Mətinin çiyninə qoydu, maşından düşmək istəyən ərini saxladı.

– Sən niyə maşından enirsən ki? – deyə gülüm­sə­di. Biz xalamla yolu taparıq. Get işinə. Niyə na­ra­hat­san sən elə? Arxayın ol. Hər şey yolunda olacaq.

Növbəti xəstəni yola salan Azadə xanım Məh­tabla Ləmanı görcək təəccüblənsə də, onları içəri dəvət etdi. Sual dolu baxışlarla hər ikisini süzdü.

– Xeyir ola, ay Məhtab xanım!

– Xeyirdir, bacı, xeyirdir. Sənə böyük bir işimiz düşüb. Amma sən balalarının canı, bizə yox demə.

Azadə xanım maraqla onlara baxıb gülümsədi:

– Bıy, ay Məhtab xanım. Mənə də çox maraqlı gəldi. Nə məsələdir ki?

– Sənin əlində elə bir şey deyil. Bax, canım, əl əli yuyar, əl də üzü, hə! – deyərək Məhtab qaşını-gözünü oynatdı. – Bilirsən də. Leyli də canını buradan qurtarıb Kanadaya köçüb. Kefi kökdür. Bir dərdi bu qızıdı. Gedib rayonlunun birinə. İndi hey istəyir bunları da çəksin ora. Bunun axmaq əri ərəb məndəndi, mən ərəbdən deyiləm deyib inad edir. Nə var ata-anamı tək başına buraxıb gedən deyiləm. Camaat çox istəyər arxası olsun, dayağı olsun. Bu nə görüb buralarda, vallah, bilmirəm.

– Bıy, ay Məhtab xanım. Rayonlu olanda nə olar ki? Mənim ərim də kənddəndir. Onu mən heç kimə dəyişmərəm, vallah.

– Ay allah səni güldürsün. Sən canın az təriflə bunları. Nəsə əşi… Gələk əsas məsələyə.

– Buyurun!

– Bax, açıq deyəcəm. Mən də, Ləman da, onun ərinə də, ailəsinə də Ləmanın hamilə olduğunu söyləmişik.

Azadə xanım gözləri geniş açılmış halda key nəzərlərlə qadının üzünə baxdı, başını buladı:

– Çox nahaq yerə, Məhtab xanım, çox nahaq yerə. Bu boyda yalan olmaz. Siz böyük riskə getmisiniz.

– Aaa… Yaxşı sən canın. Burada böyüdüləcək nə var ki? Nə deyirsən bu işə.

– Nə iş, Məhtab…

– Bax, bacı canı. Bir azdan buraya Ləmanın əri gələcək. Sən ona Ləmanın hamiləliyinin təhlükə altında olduğunu söyləyərsən. Deyərsən ki, Ləmanı da hər an itirə bilərik, uşağı da. Çarəsiz adam nə edəcək? Səndən neyləmək lazım olduğunu soruşacaq. Bax, onda sən də əsas məqsədə keçərsən. Deyərsən ki, müalicəsi burada mümkün olmayan bir problemdir. Bunun üçün ən məqsədə uyğunu xarici ölkədə müalicə almaqdır – deyərsən bitər.

Həkim işlədiyi bu qədər müddət ərzində Azadə xanım ilk dəfə idi ki, belə bir hadisəylə rastlaşırdı. Qadın dəhşət içində idi. O nə edəcəyini bilmir, səssiz nəzərləriylə mühasibini süzürdü. Beynindən keçənlər ona insan təfəkkürünün necə alçaqlıqlara, hiylələrə qadir olduğunu deyirdi.

Qadın yerindən sıçrayıb qapıya yönəldi. Əsəbi halda qapını açaraq onlara yolu göstərdi. Məhtab həyasızcasına həkim qadının gözlərinə baxdı. Əlindəki çantanı açaraq bir dəstə pulu onun üzünə tutdu:

– Sən özünü bu qədər mühüm sanırsan? Bunlar var e, bunlar. Açmadığı qapı yoxdur. Bunu belə bil.

Azadə xanım xalasının arxasıyca çıxan Ləmanın qolundan tutub saxladı:

– Qızım, bunun sonu yaxşı olmayacaq. Əvvəl-axır üstü açılacaq. Bax, onda ərin səni bağışlamayacaq. Heç nədən ötəri evini dağıtma, bala.

Məhtab asanlıqla ruhdan düşən, istədiyindən əl çəkən biri deyildi. Onun üçün yox kəlməsi mümkünsüz idi. O, bir işə əl qoydumu, axırına çatmamış dincəlmirdi. Həmin günü onlar Mətini ustalıqla aldadaraq həkimin yanına qoymadılar. Yüz cür bəhanə gətirərək onu geri döndərdilər. Bu uğursuz gedişdən sonra Məhtab söylədiyi kimi pulların açdığı qapı vasitəsiylə həkim tapdı da, istədiyi kimi hadisələrə müdaxilə etdi də. Həkim nəzarətindən keçməliyəm deyən Ləman Mətini də özüylə həkim qəbuluna gəlməyə razı saldı. Lakin əvvəlki xəstəxananın yerinə başqa bir klinikaya gedəcəklərini biləndə heyrətini gizlədə bilmədi. Sükan arxasından Ləmana boylanaraq bu ani dəyişikliyin səsəbini soruşdu:

– Məgər biz keçən dəfə anan işləyən xəstəxanaya getməmişdik? Bu dəyişikliyi nəyə borcluyuq, Ləman? Məncə, bu həkimə siz çox güvənirdiniz!

– Eh, ay Mətin! Nə dəxli var ki, o, ya bu. Bizim getdiyimiz həkim ağır xəstə yatır. Nə bilim axı işə nə vaxt çıxacaq. Getdiyimiz kinikada ondan da güclü həkimlər var.

Mətin başını bulayıb söhbəti bitirdi. Qəbul otağından sonuncu xəstə də getdikdən sonra Məhtab Ləmanla içəri keçdi. Bir qədər sonra da Mətini çağırdı. Həkim Ləmana uzanmağı tapşırıb, mayeni qarnına çəkdi. Qaşlarını düyüb güya nədənsə narahatmış kimi başını yellədi. Başlığı qızın qarnında aşağı-yuxarı çəkdikcə dodaqaltı nəsə deyir, Məhtaba nələrsə pıçıldayırdı. Mətinin bir gözü qadında idi. Diqqətlə onu izləyir, həyəcanını boğmağa çalışırdı. Amma bununla belə ürəyi əsir, bədəni silkələnirdi. Qadın, nəhayət, işini bitirib, salfeti Ləmana uzatdı. Yerinə keçib kağızda yazıb-pozmağa başladı. Bu iki dəqiqə Mətinə aylara, illərə döndü. Amma mətanətini pozmadı. Ləman geyimini sahmana salıb, həkimin qənşərində oturdu. Həkim eynəyini düzəldib Mətini başdan-ayağa süzdü:

– Cavan oğlan, görürəm çox narahatsınız. Daha artıq səbrinizi zorlamayım. Həkim kimi borcum sizə həqiqəti söyləməkdir. Xanımınızın, övladınızın həyati təhlükəsi çoxdur. Yəni açığı, onları itirmək an məsələsidir. Əgər vaxtında müdaxilə edilməsə sonunda hər şey ola bilər.

– Yəni? – Mətin ildırım vurmuş kimi donub qaldı.

– Adınız nə oldu? – deyə  həkim soruşdu.

– Mətin.

– Mətin bəy! Mən təmiz azəricə dedim axı. Yəni xanımınız ölə bilər. Gələcək övladınız doğulsa da şikəst ola bilər.

– Bəs mən neyləməliyəm? Niyə müalicə etmirsiniz? Siz nə lazımdırsa edin. Heç nədən çəkinməyin.

– Ay qardaş, sizin dedikləriniz burada münkün deyil.

Oğlanın dizləri əsir, gözü qaralırdı. Hələ dünyaya gəlməyən körpənin bəxtinə bu nədir belə yazılıb?! İçindəki fırtına vücudunu bürüdü. Nəfəsi çatmır, get-gedə boğulurdu. Məhtabla Ləman amansızcasına oyunun sonunu gözləyir, dinmirdilər. Ani bir tərəddüd keçirən Ləman Məhtabın sərt baxışlarından özünü toplayaraq ələ aldı. Artıq peşmançılığın yeri yoxdu. Hər şey üçün gecdi. Əgər ki, bir oyuna başlamısan, sonuna qədər davam etməlisən, vəssalam. Bəs etmək, peşman olmaq yoxdur, yoxdur, yoxdur. Ləman öz daxili məniylə əlləşir, içərisindəki hisslərlə mübarizədə qalib gəlməyə çalışırdı.

– Mənim sizə məsləhətim. Xəstənizi imkan daxilində daha yaxşı inkişaf etmiş ölkələrə aparın. Burada tərəqqi lazımi qədər deyil. – Qadın kresloya yayxanıb güclə seziləcək təbəssümlə Məhtabı süzdü. Onların baxışları qarşılaşdı, hər ikisi məmnuniyyətlə nəfəs aldılar. Hər ikisi vicdan əzabı çəkmədən qapını belə tapmağa acizlik edən Mətinə məmnunluqla baxır, arzularına çatmağın ləzzətini yaşayırdılar.

Mətin içinə düşdüyü boşluqdan çıxa bilmir, get-gedə sarsılırdı. Bir saat öncəki Mətindən yalnız cismi qalmış, oğlan dərdin içində çöküb qalmışdı. Mehparənin vəziyyəti də Mətininkindən fərqli deyildi. Xəbəri eşidər-eşitməz təzyiqi qalxmış, neçə gün yataqdan qalxa bilməmişdi. Ağlamaqdan qadın lap həlak olmuşdu. Fərhad kişi də siqareti-siqaretin oduna yandırır, tüstüsünü ciyərinə doldurur, içindəki acını bununla boğmağa çalışırdı. Ailə xəbərin ağırlığından tamamilə çökmüşdü. Toxtayar-toxtamaz Mehparə yığışıb Bakıya getməyə qərar vermişdi. Yol üçün hazırlaşdığı arada anası gəlib Mehparəyə təskinlik verərək, ona bir də yaxın qohumları olan həkimə göstərməyi tapşırdı.

– Ay qızım, Bu boyda Azərbaycanda həkim bir o qadındır məgər? Get gəlininə yiyə dur. Anası yoxdur, yanında sən varsan. Apar o həkimə. Bəlkə yanlış nəsə var. Həkimdir də, səhv də edə bilər, düz də.

Fikir Mehparənin ağlına batmış, qadın bu sözlərdən təskinlik tapmışdı. O arada Fərhad qəfil pisləşərək xeyli müddət xəstəxanada yatdı. Mehparə Mətinin daha artıq dərd çəkməməsi üçün hər vəchlə bunu oğlundan gizlin saxlayıb hər dəfəsində: “Atan səninlə danışanda çox gərginləşir, ay oğul. Bir müddət ara versəniz yaxşıdır” – deyə onu qorudu. Bir yandan əri, bir yandan oğlu, digər tərəfdən Ləmanın “təhlükəli hamiləliyi” onun sakitliyini əlindən almışdı. Mətin aldığı ağır zərbələrdən ruhdan düşmüşdü. Həyat ona cazibəsini itirərək dözülməz olmuşdu. Fikirlər içində itib-batmış, sanki qəddi əyilmişdi.

Qəddarcasına hazırlanan plan saat kimi çalışırdı. Əli hər yerdə üzülmüş Mətin şıxış yolunu xaricə getməkdə görərək, hazırlığa başlamışdı. O, göz baxa-baxa sevdiyi qadınını itirmək istəmirdi. Mətin Ləmanın sağlığı naminə ölümə belə getməyə hazır idi. Artıq sənədlər düzəlmişdi. Viza da, biletlər də hazırdı. Məhtab da Ləmanı tək qoymamaq bəhanəsiylə özünə viza açdırmış, bilet almışdı. Lakin Ləman çox narahat idi. Vicdanı yavaş-yavaş sızıldayır, qaynatasının xəstəliyinin səbəbini özündə axtarırdı. Bəs yaxşı?.. – öz-özünə sual verir, cavab tapa bilmirdi. – Lap biz deyək ki, getdik ora. Mətin xəbər almayacaq ki, uşaq nə oldu? Burada özümüzünkülərdi deyək kiminləsə iş birliyi etdik, orada kimi, kimsəni tanımırıq. Kim bizimlə eyni oyunu oynayacaq? Ax, Ləman! Sən neylədin, hə! Bütün bunların üstü açılsa Mətin məni bağışlayacaqmı? Məhtab bacısı qızının sadəlövlüyünə gülür, bəzən də acıqlanırdı.

– Ağəz, ali təhsil almış qızsan. Bunumu özünə dərd etmisən? Qorxma, quzum. Təki sən mənim dediklərimi et, gerisindən qorxma. Təyyarə Kanadaya enər-enməz uşağı itirəcən. Və söhbət buradaca bitəcək. Sən də ərivin sənədlərini cırıb atacaqsan, itirdiyini söyləyəcəksən. Yeni sənədi düzəldənə qədər o alışacaq. Qorxma, canım qızım, qorxma. Sən necə qadınsan. Yola verərsən gedər. Bunu da sənə mən öyrədəcəm?

Məhtab işlərin onun istədiyi kimi getməyinə uşaq kimi sevinirdi. Çatmayan, çatışmayan Mehparənin gözlərinin içinə baxaraq heyf almaq, ona nələrə qadir olduğunu göstərmək idi. Bəs necə? Bu qadın hələ onu yaxşı tanımır. Qoy görsün ki, mən onun sevimli oğlunu necə əlindən alıram. Ancaq Məhtab xanım bir şeyi unutmuşdu. Unutmuşdu ki, Mehparə bir anadır. O ana ki, övladının xaririnə hər şeyə dözər, qəlbinə köz basar, amma yenə də dözər. Dərddən azara tutular, yenə dözər. Yanar-yaxılar, dinməz. Düzdür, Mehparə oğlundan ayrılmaq istəməzdi, lakin şərtlər bunu tələb edirdi. Ana oğlunun xoşbəxtliyi naminə hər cür əziyyətə dözməyə razı idi. Yetər ki, Mətin xoşbəxt olsun, doğulacaq körpə də, ana da sağ qalsınlar. Mehparə göz yaşlarını qəlbinə gömüb, özünü yeyib bitirirdi. Fədakar ana oğluna hər cürə dəstək verir, yardım edirdi. Fərhad kişinin rahat yeridiyi, ayağa qalxdığı günün səhəri şəhərə gəlmişdi. O, hələlik oğlunun gedişi barədə kimsəyə bir söz deməmişdi. Mətin gedəndən, orada yerləşəndən sonra qadın hər şeyi anladacaqdı. Hələlik ayrılığın əzabını təkbaşına yaşayırdı ana. Gələndən Ləmana bir də həkimə getməyi təklif edən Mehparə rədd cavabı eşitdikdən sonra bir də heç nə deməmişdi.

Ləman həvəslə, sevinclə pal-paltarını çamadana yerləşdirir, yır-yığış edirdi. Bir yandan sevinc, digər yandan qorxu, təşviş qadının təlaşını artırırdı. Mehparə nəyəsə kömək etmək, nədəsə yaramağa çalışsa da, qolu-qanadı qurumuş tək heç nə edə bilmir, hönkürüb ağlamaqdan özünü zorla saxlayırdı. Uzaq yol yolçusu övladının arxasıyca göz yaşı tökmək istəməyən ana özünü yalandan gülümsəməyə məcbur edirdi. Mətinin halı hal deyildi. Anasının üzünə baxdıqca, onun gözlərinin dərinliyində gizlənən kədəri gördükcə mənən sarsılır, ürəyində özünü lənətləyirdi. Nəyisə unudan Ləman Mətinlə birgə çıxdılar. Mehparə səssiz qalan otağa, divarlara göz gəzdirdikcə içini sıxan sıxıntıdan qurtulmaq üçün ora-bura atılmış əşyaları toplamağa çalışdı. Ləmanın yolda oxumaq üçün götürdüyü kitabların qalanlarını səliqə ilə stolun üzərinə qoydu. Rəfdə qalan kitabları səliqəyə saldığı zaman kitabların arasında işib qalan kağızı gördü. Heç bir məna vermədən onu da səliqəyə salıb kamotda yerləşdirmək istədi. Vərəqlərin sonunda Ləman adı gözünə sataşdıqda o zaman əlindəkinə diqqətlə baxdı. Bu nədir belə? – deyərək çantasından eynəyini çıxarıb taxdı. – Aha, bu analiz cavablarıdır. Amma bunların burada nə işi var. Sanki kimdənsə gizlədilibmiş kimi dürmələnib ora niyə atılıb ki? Diqqətlə cavabları oxudu. Oxuduqca qadının sifəti gah ağarır, gah bozarırdı. – Aman allah. Mən heç nə anlaya bilmirəm. Bu kağız nə vaxtındır belə? Cavablar da neqativdir. Bəlkə bunları lap əvvəl elətdirib elə? Yox, axı, tarix hamiləliyin başladığı vaxtla eynidir. Vallah, heç nə anlamadım mən bu işdən. Gözləri kağızın küncündə gəzdi, nəyisə gəzdi. Həkimin adını tapdı, onun əlaqə nömrəsini yığdı, gözlədi. Nəhayət, xəttin o başından telefon açıldı.

– Alo, salam, – deyə Mehparə həkimi salamladı. – Azadə xanımlamı danışıram?

– Bəli. – Zərif qadın səsi eşidildi.

– Bağışlayın ki, narahat edirəm.

– Buyurun, xoşdur.

– Mən sizin xəstəniz Ləman Salamzadənin qaynanasıyam. – Mehparəyəmi elə gəldi, yoxsa doğrudanmı qadın içini çəkdi.

– Sizdən bir söz soruşum, həkim xanım.

– Buyurun.

– Ləmanın kağızları əlimdədir. Bayaqdan bəri oxuyuram, amma anlamağa zorluq çəkirəm. Ləman üç-dörd aylıq hamilədir. Amma kağızlar tam əksini göstərir. Tarixlər isə eynidir. Kağızda göstəriçilər neqativdirsə, bəs necə belə olur? Alo, Azadə xanım. Alo, eşidirsiniz məni!

Azadə xanım bir-iki dəqiqə daxili mübarizədən sonra, nəhayət, dilləndi:

– Adınızı da bilmirəm, ay xanım. Sizə tək bir şey deyə bilərəm. Sizin gəlininiz hamilə deyil. Olmayıb da. Sizə nə deyiblər bilmirəm, amma bir şeyi əminliklə bilirəm ki, sizə oyun oynayıblar. Ayıq olun.

Duud, duud, duud… Xəttin başında dəstək çoxdan qoyulmuşdu. Mehparə nə zaman telefonu əlindən salmışdı, nə zaman özünü divana çatdırmışdı, xatırlamırdı. Dünya-aləm başına fırlanır, hər şey gözləri önündə rəqs edirdi. Kimə güvənəsən bundan sonra, ay allah, – deyə qadın ağlamsındı. Bir xeyli yarı huşda uzanaraq fikirlərini cəmləməyə çalışdı. Bütün bunlar nə deməkdi? Ləman necə bu qədər düşə bilər? Mənim balam ona nə pislik eləyib ki? Ananın daxili dünyası paramparça idi. Qadın fikirlərini cəmləyərək ayağa durdu, cavabları çantasına qoydu. Bayaqkı əzginliyindən neç nə qalmamışdı. Qadın tökülənləri yığışdırıb, gəlininin çantasından Mətinin sənədlərini, biletini tapdı. Onları ortadan bölüb, kağız parçalarını zibil torbasına atdı. Ananın gözləri bala müdafiəsinə hazır duran yırtıcı gözləri kimi parıldayırdı. Deməli belə. Siz mənim balamın insanlığına belə qiymət vermisiniz. Bəlkə də Mətin mənə nifrət edəcək, düşmən kəsiləcək, amma eybi yoxdur. Gec-tez həqiqəti o da biləcək. Allahımın yardımıyla sizə elə bir dərs verim ki?!

Zaman çatmışdı. Mətin anasına elə sarılmışdı ki, bir-iki saat öncəsi olsa idi Mehparənin qəlbi buna dözə bilməyəcəkdi. Vüqar qapıda gözləyirdi. Əziz dostlardan ayrılmaq ona da çətindi. Mətin anasının hava limanına gəlməməyinə sevinirdi. Anasının ürəyi buna dözməyə də bilərdi. Nədənsə, Məhtab gecikirdi. Zaman an-an irəliləyir, vaxt qısalırdı. Ayrılığın özü, qoxusu Mətinin ətrafında dolanaraq onun iztirablı ürəyini daha çox parçalayırdı. Bir an öncə getmək, anasından qaçmaq istəyirdi. Qəlbini gəmirən xəcalət hissi ona rahatlıq vermirdi. Məgər o, anasına söz verməmişdimi ki, hər cür çətinliyi olanda özü birinci anasının köməyinə çatacaqdı? Vədinə xilaf çıxıb atasının xəstə vaxtında anasını tərk edən o deyildimi?

Nədənsə, Məhtab gecikirdi. Mətin isə daralıb, gərilirdi. İçinə dolan qorxu hissi qanını zəli kimi sourur, qurudurdu. Mətin orada nə qədər qalacağını bilmirdi. Onun nə zaman geri dönəcəyi həkimlərin Ləmana verdiyi rəydən asılı olacaqdı. Bəlkə Mətin qayıtdığı zaman sevdiklərindən kiməsə nəsə olacaq və Mətin onu bir daha görməyəcəkdi. Qeyri-müəyyənlik oğlanı hədsiz dərəcədə üzürdü. Ləman döyükə-döyükə qalmışdı. Məhtabsa hələ də ortada görünmürdü. Qız səbirsizcəsinə boylanır, zəng vurur, narahat olurdu. Nəhayət, taksi dayandı. Məhtab xanım əlində kiçik bir çanta yerə düşdü. Maşın üzaqlaşdıqda Ləman təlaşla xalasından çamadanlarını soruşdu. Qadın nazla gülümsəyərək əlini yellədi:

– Nə götürüm ki, ay Ləman! Buranın pal-paltarını neyləyirəm. Nə gərəkdirsə oradan alacam. Ottavada, Torontada bir butik tapılmır ki, bir də bu uzun yola özümlə ağır yük götürürəm.

Vüqar maşının mühərrikini işə salaraq pəncərədən qadınla sağollaşdı. Onun sakit görkəmi oğlana qəribə təsir bağışladı. Mehparənin övladlarına qarşı həssas olduğunu bildiyindən qadının indiki sakit halı onda təəccüb doğururdu. Ləman Mehparəylə görüşmək üçün yaxınlaşıb onu qucaqladı. Qadının soyuq münasibəti onun özündə də təəssüf doğurdu. Dinməzcə gedib arxa oturacaqda oturdu. Məhtab xanım öz qələbəsindən həzz alan sərkərdə tək Mehparəyə yaxınlaşdı:

– Ay quda, gəl səninlə sağollaşaq, – deyə üzünü onun üzünə yapışdırdı.

Məhtab yol boyu deyib-gülür, maraqlı əhvalatlar danışıb onların da diqqətini özünə cəlb etməyə çalışırdı. Mətin gecənin qaranlığında sayrışan Bakının işıqlarına baxır, sakit dururdu.

Hava limanına çatdıqda yarım saat vaxt qalmışdı. Bəyannaməni doldurub əllərindəki çemodanları monitor lentinə qoyaraq gözlədilər. Bir azdan qeydiyyat piştaxtasına yaxınlaşdılar. Ləman pasportları çıxartmaqdan ötrü çantasını açdı. Lakin tapa bilmədi. Qız özünü itirmiş halda təlaşla çırpındı. Növbə gözləyənlər səbirsizliklə başlarını yelləyir, haqlı narazılıq edirdilər.

Mətin səbirsizliklə qızın çantasını alıb bir də özü baxdı. Ancaq bilet, pasport tapılmadı.

– Ləman, xatırla gör hara qoymusan?

– Vallah, bura, özümünkünün yanına qoymuşdum. Dəqiq yadımdadır – deyə Ləman mızıldandı. Vaxt qısalır, bilet isə tapılmırdı. Məhtab xanım qəzəbindən dilini-dodağını çeynəyir, bilmirdi hirsini kimə töksün. Nə fikirləşdisə, Mətin anasına zəng etdi. Mehparənin biletləri görüb-görmədiyini soruşduqda, aldığı cavabdan dəhşətə gəldi:

– Niyə? Niyə, ana? Niyə cırmısan? Niyə belə etdin, ana?.. – Dodaqları qurumuş, beynində hər şey bir-birinə qarışmışdı. Ləmanın aldığı xəbərdən gözləri dörd olmuşdu. Qaynanasının soyuqqanlı hərəkətini indi anlamışdı. Bu qədər əziyyətlər boşa çıxmışdı. Qaynanasının bütün bunları necə anladığını başa düşə bilmirdi. Vəziyyət o qədər gərgin idi ki, Məhtab xanım belə çaşmışdı.

Mətinin ağlı, şüuru yavaş-yavaş özünə gəlirdi. Onun gözləri Ləmanın üzündə qalmışdı. Onun necə hərəkət edəcəyini gözləyirdi. Ləmanın isə ürəyi ilə vicdanı arasında mübarizə gedirdi. Necə etsin? O, Mətindən ayrı yaşaya bilməz. Onu burada qoyub necə getsin? Getməsə də nə etsin? Bəs onun böyük eşqi nə olsun? Deyək, qayıtdım, getmədim. Əgər qaynanam yalanımdan xəbər tutubsa, Mətin məni heç zaman bağışlamayacaq. Ona da, ailəsinə də yaşatdıqlarıma görə artıq məni qəbul etməyəcəklər. Etsələr də, heç nə əvvəlki tək olmayacaq. Bəlkə diz çöküm, yalvarım? Əhv diləyim… Amma nəyə görə? Niyə? O anasını, atasını istəyə bilir, mən yox? Nə zamanacan mən qaynanamın ətəyi altına qısılıb qalacam. Mən burada yaşamaq istəmirəm. Əcəb də edirəm! Kim mənə mane olacaq? Kim?

Məhtab xanım bacısı qızının daxilindəki fırtınanı görür, ona əngəl olmaq üçün heç nə fikirləşib tapa bilmirdi. Qəfildən Ləman sürətlə ərinə yaxınlaşdı, onun gözlərinin içinə baxdı:

– Get, get ananın yanına. Anam düz deyirmiş. Sən ananın süd qoxulu balasısanmış. Əlvida…

Sərnişinlər təyyarəyə minmək üçün traplara çıxırdılar. Mətin o qədər sevdiyi bir qadının ondan uzaqlaşdığını seyr etdikcə mənən yıxıldı, öldü. Gənc gözləri dolmuş halda sevdiyinin geri çevrilərək ona doğru qaçmağına ümid edir, onun uzaqlaşan cismi ilə bərabər ümidlərini itirirdi. Dodaqları bircə şey pıçıldayır, qəlbi yanırdı. Ona ən çox təsir edən Ləmanı hamilə vəziyyətində, özü də bu cür hamiləlikdə tək buraxmağı idi.

Təyyarə havaya qalxdı. Get-gedə kiçildi və ondan yalnız yanıb-sönən kiçik işıqlar qaldı və sonra onlar da geniş fəzada itdi, buludlara qovuşaraq yox oldu. Bir gəncin həyatının mənası da, sevinci də getdi. Bir insan üçün ən ağır hiss artıq heç nə eləyə bilməməkdi, cəsarətsizliyini başa düşməkdi ki, Mətin bu anda o hissi yaşayırdı. O, çiyninə toxunan əllərin təmasından silkələndi. Qorxa-qorxa geri çevrildi. Bu qısa saniyələrdə əl sahibinin Ləman olmasını arzulayaraq boylandı… Və boşluq… Və kədər… Və acı. İnsanın son ümidlərinin öldüyü an… Həyat da, saat da, zaman da dayandı. Son ümid də belə yox oldu. Vüqar dostunun qoluna girərək maşına oturtdu. Mətin heç nə anlamadan sakitcə gözünü bir nöqtəyə zilləyərək baxırdı. Vüqar maşının arxasında durub Mehparə anaya zəng vurdu:

– Mehparə xala, siz narahat olmayın Mətin maşındadır. Qadın yalvarışla oğlandan övladının yanında olmağı xahiş etdi, ağladı. Şirinə də zəng vuraraq bəlkə gec gələcəyini, onu gözləməməyi tapşırdı.

Vüqar Mehparə ananın yalvarışından çox mütəəssir olmuşdu. Əlindəki siqaretdən bir qullab alıb tüstüsünü göyə buraxdı. Mehparə ananın ona zəng edərək hər şeyi söyləməsindən sonra onda Ləmana qarşı nifrət hissi baş qaldırmışdı. Mətin kimi ailəcanlı, dürüst, sevən insana olan bu xəyanəti başa düşməkdə acizlik çəkir, anlam verə bilmirdi. Siqaret kötüyünü zibil qabına atıb maşına əyləşdi. Şəhərə çatıb maşını birbaşa bulvara sürdü. Sərin dəniz havasının oğlana yaxşı təsir edəcəyini düşünərək onu kafeyə gətirdi. Yol boyu dinməyən Mətin susub danışmırdı. Sifariş verib əyləşdilər. Mətin sakitliyini pozaraq dostundan şərab xahiş etdi. Vüqar kafe işçisinə yaxınlaşıb astaca nəsə dedi, ondan içki də gətirməsini xahiş etdi. Mətin ara vermədən şərabı süzür, qədəhi başına çəkirdi. Ceng Erenin “Kadınım” mahnısını eşidəndə Mətin duruxdu:

Kıyıda, köşədə, gülüşün kayb olmuş,
Nə olar tərk etmə, yalnızlıq çox acı.

Əlindəki qədəhi yerə çırpdı, qəhərdən boğula-boğula əlinin küncü ilə gözlərini sildi, içindəki acını hayqırdı:

– Axı nəyə görə, niyə, Vüqar? Niyə anam mənə bunu etdi? Mənim təqsirim nə idi? Dostum, mən bu acıya necə dözüm? Mənim doğulmamış körpəm, arvadım ölümün kəndarında, mən burada onlarsız necə yaşayım? Anam canımdır, ürəyimdir. Səhv etsə də, heç zaman üzünə qayıdıb haqqını tapdalaya bilmərəm. Amma bu acıya necə tab gətirəcəyimi bilmirəm, dostum!

Mətin danışdıqca coşur, çarəsizlikdən çırpınırdı. Səhər açılmaq üzrə idi. Günəşin şəfəqləri Xəzərin arxasından gülümsəyir, havanı işıqlandırırdı. Mətinin göz bəbəklərinin içi qızarmışdı. Oğlan yaşadıqlarının təsirindən zorla ayaq üstə dururdu. Vüqar qapının zəngini basdı. Qapı açıldı. Mehparə üzü-gözü şişmiş halda qapıda göründü. Vüqar dostunu dartıb içəri saldı. Oğlan anasına elə bir baxış baxdı ki, qadın sarsıldı. O baxışlarda nələr vardı, nələr… Qadın bulaq kimi süzülən göz yaşlarını yığışdıra bilmədi. Sanki bu bir neçə gündə yığılıb qalmış dərdi, iztirabı süzülüb tökülməyə fürsət gözləyirdi.

Bir gün Mətin yarıhuşsuz yatdı. Ayılmaq istəmədi. Öz xatirələrinə qapıldı, əlləşdi, vuruşdu. Bir əlin üzünə dəydiyini hiss etdi. Gözlərini açdı. Vüqarın gülümsər simasını gördü. Vüqar onun üstündəki adyalı kənara atıb, əlindən tutub qaldırdı. Onu vanna otağına aparıb boyun-boğazına soyuq su çilədi. Mətinin üzündə bir əzələ belə tərpənmirdi. Oğlan dostuna key kimi baxır, baxışları heç nə ifadə etmirdi. Mətin başını aşağı salaraq oturmuşdu. Mehparə çantasından kağızları çıxararaq oğlunun qabağına qoydu. Mətin gözucu kağıza baxıb anasına:

– Bunlar nədir? – deyə soruşdu.

Qadın:

– Mənim nə üçün belə etdiklərimin cavabı bunlardır.

Mətin kağızları alıb oxumağa başladı. Bir dəfə oxudu, anlamadı, bir də təkrarən oxuduqda… Hər şey kino lenti kimi gözünün önündən sürətlə keçməyə başladı. Xəstəxanaya getmələri, sonra oranın başqa bir klinika ilə əvəz edilməsi. Həkim xanımın dedikləri, Məhtab xanımın səbəbsiz sevincləri, tələsik başqa ölkəyə həkimə getmək fikirləri… Beyninin dərinliyindən qorxunc bir hiss qalxaraq get-gedə güclənməyə başladı. Bədənini xoşagəlməz bir hiss çulğadı. İçindəki dəhşətli fırtına yenidən əsdi, coşdu. Dünyalar qədər sevdiyi Ləmanın bu hərəkətləri əsəblərini tarıma çəkdi. Mətin yerindən sıçrayaraq Ləmanın şifonerinin əşyalarını yerə atmağa başladı. Nə Vüqar, nə Mehparə onu sakitləşdirib saxlaya bilmirdi. Oğlanın əlləri əsirdi. Dodaqlıarı gömgöy göyərmişdi. Qucaq dolu paltarları yığışdırıb pəncərədən çölə atdı. Ürəyi soyumadı. Fotoları götürərək hamısını cırıb tökdü. Budumu onun təmiz sevgisinin qarşılığı? Budumu onun anlayışının cavabı? Onun bir ürəyi vardı, onu alçatmışdılar. Atalıq duyğusu ilə oynayıb bütün gözəl olan hər şeyi bir andaca silmişdilər. Deyirlər sevgi ilə nifrətin arasında bir addımlıq məsafə var. Çətini o addımı atmaqdı. Sevən ürək qırıldısa, onun bərpası müşküldür. Ləman bir andaca aylarla, illərlə qazandığı sevgini dəqiqəyə vurub dağıtmışdı. O sevginin yerində dərin bir boşluq açılmışdı. Bütün bunlara dəyərdimi? Gözəl bir ailənin başlanğıcı hələ bir şey yaşamadan tamamına çatmış, bitərək ölmüşdü.

Uzaq ölkədə gözüyaşlı gənc vardı. Buraxdığı səhvlərin peşmançılığını çəkir, için-için özünü yeyirdi. Hər gün itirdiyi səadətini düşünür, yanıb-yaxılırdı. Gəldiyi bir ilə çatırdı, amma yad ölkəyə hələ də uyğunlaşa bilmirdi. Nə buradakı gözəl yaşayış, nə Bakıdan böyük olan şəhər, nə Xəzərin yerini verə bilməyən çay onun acısını apara bilmirdi. O öz əlləriylə Mətinin ona olan saf məhəbbətini sonu olmayan dərin quyuya atmışdı. Gerisini düşünmədən hər şeyi məhv etmişdi. Anasının, xalasının oyunlarına alət etmişdi özünü. Sevgisinə, özünə xəyanət edərək gələcəyinin üzərinə qara xətt çəkmişdi. Kim idi təqsirkar? Bu yaşda, bu ağılda bir qadın bədbəxtliyinə görə kimi müqəssir tutmalı idi? Nə üçün o, mübariz olmadı, niyə anasının, xalasının təbliğatına aldandı? Bütün olanlardan sonra Mətinin onu bağışlayacağını ummaq ağılsızlıq deyilmi? Yuxuları onu məhv edirdi. Mətinin həsrəti onu yandırırdı. Onun təmasını, qoxularını röyalarında hiss edir, ayılanda səhərəcən ağlayırdı. Amma nə haqla? Nəyisə ummağa nə haqqı vardı, nə üzü. Düzdür, arzuladığı kimi anasının, atasının yanındadır. Amma bu onu xoşbəxt etmirdi. Sən demə, ərə gedən qızın ər evində, öz evində yaşamağı daha düzgünmüş. Daş belə öz yerində ağırdır deyiblər. Fəqət, Ləman bunları çox gec anlamışdı.

Əsəd müəllim məsələnin əsasını biləndə əsib-coşaraq özündən çıxmış, arvadını acılayıb, qızından küsmüşdü. Ata övladının bu cür hiyləyə, yalana əl atdığını heç cürə bağışlaya bilmirdi. Kişinin bu müddətdə beli əyilmiş, şəkər xəstəliyi tapmışdı. Bu idimi onun güvənib tərbiyə etdiyi qız? Bu idimi illərlə bir yastığa baş qoyduğu arvadı? Gör o, ocağını kimə tapşırıb. Kişi xəcalətindən bilmirdi neyləsin, Bir neçə dəfə Fərhada zəng edib üzrxahlıq eləmək istəmiş, ancaq fikrindən vaz keçmişdi. Tutalım zəng elədim. Nə deyəcəm. Deyəcəm sən allah bağışla, qızımın məkrli planları az qala səni də o dünyalıq etmişdi, məni də. Axı, necə deyim? Nə olursa olsun Ləman mənim canım, qanımdır. Qardaşı da Ləmanı acılayıb, xəyanətdə günahlandırmışdı. Hətta ağır sözlər deyərək onu yandırıb-yaxmışdı. Hərdən Ləman o sözləri xatırlayıb qardaşına haqq qazandırırdı. Axı nəticədə o, düz deyirdi. O, papaq deyildi ki, gündə birinin başına qoyulsun. Ləman o cürə fikirləri düşündükcə belə pis olurdu. O, Mətini sevdiyi qədər başqasını sevə bilməyəcəkdi. Bəs Məhtab? Gözəl xəyallar dalıyca xarici ölkələrdə yaşamaq həvəsiylə öz doğma bacısı qızının gələcəyi ilə oynayan bu insan, heçmi vicdan əzabı çəkmirdi? Əsla yox! O, Ləmanın üzüntüsündə, bədbəxtliyində zərrə qədər özünü təqsirkar bilmirdi. Ləman uşaq deyildi ki? Aldanmayaydı. Bir də axı Məhtab bacısına, qızına pislik eləməyib ki? Ana-balanı bir-birinə qovuşdurub, vəssalam. Kimsə nəsə deyərdisə, qadın onun ağzından vurub acılayırdı:

– Zorla gətirməmişəm ki. Uşaq idi bəgəm. Lap mən dəli olmuşam, demişəm. Onun öz başı hardaydı?

Ləmanın iztirabları artdıqca Leyli xanım günahlarını anlayırdı. Onun qara, şəvə saçları çallaşmışdı. Qadın qızının üzünə baxmağa xəcalət çəkir, qorxmasa günahlarını yumaq üçün Mətindən üzr istəməyə də hazırdı.

Mətin necə? Bir gənc vardı. Həyata münasibəti dəyişən. Bir gənc vardı sədaqətə, vəfaya, sevgiyə inamı itən. Bir gənc vardı. Sevdiyinin vurduğu zərbədən toxtamağa çalışan. Ürəyi hər zaman kindən uzaq olan Mətin indi qadını nifrətlə xatırlayırdı. Mətin içindəki nifrəti hayqırmaq istəyir, məqam arayırdı. Özünə sənəd düzəldir, qaydaya salırdı. Nişan üzüyünü, boşanma kağızını gözlərinin içinə baxaraq ona verməyə tələsirdi. Ürəyində o sevgidən köz nədir, heç qığılcım belə qalmamışdı. Həyata küsməsə də, insanlara baxışı dəyişmişdi Mətinin. O, görüş anının saatlarını, dəqiqələrini sayırdı.

Ottava Baytondan sonra ikinci böyük şəhəridir Kanadanın. Burada əhali müxtəlif dillərdə danışır. İqtisadiyyatı güclü inkişaf etmiş bu ölkənin vətəndaşları gözəl həyata alışmışdılar. Böyük şəhərin gözəllikləri hər kəsin gözlərini alacalandırırdı. Otelə düşən Mətin ürəyini gəmirən nifrətindən bütün bunları görmürdü. Hələ Bakıdaykən Əsəd müəllimin qardaşıyla görüşüb ünvanı almışdı. Az qalmışdı o son görüşə. Az qalmışdı içini didib-dağıdan nifrəti hayqırmağa. Bir sualı vardı. O sual onun qəlbini deşirdi. Həsrətlə görüş anını gözləyir, vaxtı bitirə bilmirdi. Bəzən insanın dili bir şey, qəlbi başqa şey söyləyir. Məhəbbət bitdi desə də, qəlbi başqasını sevmir, içərisində bir qığılcım qalır. Ürəyində öz məninə etiraf edir, yaşadığı o anları unuda bilmir. Amma Mətin hər şeydən, bu cürə fikirlərdən uzaq idi. Hiss etdiyi yaz çiçəyindən təmiz, saf ətir almamışdan silinib getmişdi.

Qapının kandarında durmuşdu. Öz-özünü ələ almağa çalışırdı. Qorxurdu ki, qəzəbinin təsirindən qarşısına kim çıxsa çox ağır danışar. Mətin isə bunu əsla istəmirdi. O, elə bu gün, buradaca olub-keçənlərə birdəfəlik son qoyacaq, bir daha xatırlamamaq şərtiylə çıxıb gedəcəkdi. Çünki o hisslər çirklənərək ayaqlar altına salınıb tapdalanmışdı…

Üz-üzə, göz-gözə durmuşdular. Ləmanın gözlərindən bulaq kimi göz yaşları süzülür, dili söz tutmur, danışa bilmirdi. Mətinə sarılmaq, onu doyunca qucaqlamaq, onun isti nəfəsini duymaq, bir ilin həsrətini qəlbindən qovmaq istəyirdi. Lakin Mətinin buz kimi soyuq üzü onun iqtidarını əlindən alır, duyğularını dilə gətirməyə qoymurdu. Onsuz da gənc qadın çox şeyi itirmişdi. Bir qüruru qalmışdı. Əgər Mətin onu bağışlasa, o, qürurunu endirib oğlanın ayaqları altına atacaqdı. Mətin qəlbinə, ürəyinə yığılan sözləri unutmuşdu. İçində sadəcə bir zamanlar dəlicəsinə sevdiyi bu qadına yalnız təəssüf doğuran bir hiss qalmışdı. Acıyırdı ona. Əlindəkini qıza uzatdı. Nədir bunlar? – deyə Ləman soruşdu. Cavabı gözləmədən kağız zərfi açdı. Dünya başına fırlandı. Cismi bir boşluğa düşdü. Bir zamanlar Mətinin sevə-sevə taxdığı üzük köz olub əlini yandırdı. Boşanma kağızlarını gördükdə isə çılğına döndü. Mətinin ayaqlarına düşüb onu qucaqladı. Dəli fəryad qopardı, nalə çəkdi. Mətin!!! Mətin!!!

Mətin artıq özünü tanıya bilmirdi. Bir zamanlar Ləmansız necə yaşayacağını xəyal edə bilməyən gənc indi onun göz yaşlarına biganə idi. O, özünə olunan haqsızlıqdan, yalanlardan sonra bu qədər qəddar olacağını düşünmür, özünə inana bilmirdi. Əyilib qızı yerdən qaldırdı:

– Bir qürurun qalıb, onu da alçatma. Özün fikirləş, dəyərdimi bütün bunlara?

Şəhəri gözdən keçirib dərindən nəfəs aldı. Dünənini, keçmişini burada qoyub, sabaha ümidlə oranı tərk etdi.

***

Ayları, illəri, pisi, yaxşını, ağ-qaranı gördükcə insana hər şey bəsitləşir. Yaşadıqları insanın həyata baxışını dəyişir, müqavimətini artırır. Düşüb-qalxdıqca insan mükəmməlləşir, bərkiyir.

İllər Mətinin saçlarında ağ cığır açdı. Hər dəfə güzgü qarşısında özünə baxıb, yaşadıqlarını bir anlıq xatırlayıb, olanlardan ibrət götürdü. Hər şeyi hissiylə yox, ağlın, məntiqin, ürəyin gücüylə ölçdü. Uzaq qohumlardan bir qız seçdi, yenidən ailə qurdu. Gəncliyin çılğınlığı ilə sevmədi, illərin ona öyrətdiyi təcrübəylə, ağılla sevdi. O, duyğularını qızlarına, oğluna, ona bu gözəlliyi bəxş edən arvadına verdi. İllər ona kin-küdurətini unutdurdu. Ləmana olan nifrətin yerini sadəcə mərhəmət hissi tutdu. Əvvəlki mənzilini satdı, özü də işiylə əlaqədar Moskvada bərqərar oldu. Zamanla işində çox irəli getdi, yüksəldi. Həyata baxışları daha fərqli oldu. Keçmişini tamamilə ürəyinin dərinliyinə gömdü. Dünəninə bağlanıb bu gününün, sabahlarının dəyərini daha çox bildi.

Ləman isə Mətindən sonra sevməyi bacarmadı. Özünü işinə, karyerasına həsr etdi. Qərar tuta bilmədi. Həyatın gözəllikləri Mətinsiz heç oldu. O şən Ləmandan geriyə cismi qaldı. Qadın daxilən çökdü, qocaldı. Uzun illər Mətindən xəbərsiz oldu, ondan nagüman qaldı. Nəhayət, Bakıya qayıtmağa qərar verdi. Qadın şəhərə gələn kimi yaşadığı məhəlləyə üz tutdu. Binanın qarşısında bir xeyli dayandı. Cəsarətini toplayıb binaya daxil oldu. Şahnaz xalanın qapısını qorxa-qorxa taqqıldatdı. – Bəlkə də yatıb. Qoy zəngi basım gəlsin, onu görüm. Qapı astaca aralandı. İki göz qızın üzündə donub qaldı. Hər ikisi qucaqlaşaraq bir xeyli dayandılar. Hər ikisinin gözlərindən yaş süzülürdü. Bir xeyli söhbət etdilər, dərdləşdilər. Ləman eşitdiklərinin təsirindən keyləşmişdi. O, itirdiklərinin peşmançılığını daha amansızlıqla yaşayır, hönkürüb ağlayırdı. İllərin sağaltdığı yaranın közü qopmuşdu. Qadınlıq duyğusu içini yandırırdı. Qısqanclıqdan çılğına dönmüşdü. Bir zamanlar ona dəlicəsinə aşiq olan Mətin indi bir başqasını sevirdi. Ləmanın ona verə bilmədiyi səadəti indi başqa qadın Mətinə verirdi.

– Nə düşünürsən, Ləman, – üsyan etdi qadın özü-özünə. Acı-acı gülümsədi. Əvəz olunmayan bir allahdır, Ləman! Nə bilmişdin ki? O cürə yalandan sonra səni kim bağışlayacaqdı ki? Axmaqsan sən… axmaq. Vəssalam. Hər şey bitdi. Sən özün özünü geriyə dönüşü olmayan yola saldın. Özünsən təqsirkar, özün… Qadın hələ də barmağında gəzdirdiyi nişan üzüyünü çıxardaraq var qüvvəsiylə tulladı. Qolu qalxdığı qədər tolazladı. Sonuncu qığılcım da əridi getdi. Lakin yenə də içinə dolmuş o qısqanclıq hissi onu tərk etmədi, bir az da yandırdı, dağ basdı ürəyinə.

– Artıqsan sən, bir heçsən sən. Sənin onun üçün başqalarından fərqin yoxdur. Sən ona başqaları qədər uzaq və yadsan.

Yuxusu ərşə çəkilmişdi. Yuxu tapa bilmirdi. Sanki yerinə qor dolmuşdu. Dərdini, qəlbini gəmirən illərin kədərini deməyə adam axtarır, tapa bilmirdi. Acı-acı ağladı. Diri-diri gömdüyü sevgisinə ağladı. Mətini hələ də qısqandığına, sevdiyinə ağladı. Dərdini deməyə kimsənin olmadığına ağladı. Havası çatmadı, eyvana çıxdı. Burada da dayana bilmədi, içəri keçdi. Gözünə kağız-qələm sataşdı. Sürətlə yazmağa başladı. İçini yandıran, qəlbini deşən sözləri göz yaşlarıyla vərəqə köçürdü. İki damla göz yaşı yuvarlanıb kağızın üstünə düşdü.

Səhər durub qapıdan çıxdı. Havalı-havalı dəniz kənarında gəzindi. Saatına baxdı. Saat on birə işləyirdi. Tələsik taksiyə oturub bir zaman tez-tez gəldiyi məhəlləyə çatdı. Pulu uzadıb maşından düşdü. Bir anlıq tərəddüd etdi. İçini didib-dağıdan fikirləri başından rədd edib pillələri qalxdı. Zəngi basıb dayandı. Ürəyi sürətlə döyünürdü. Bəlkə səhv etdim gəlməyə? Bəlkə onu qovacaqlar burdan? Nə deyəcən onda? Deməyəcəklər ki, sən hansı üzlə gəlmisən? Qapı açıldı. Əvvəl Şirin, sonra Vüqar qapıda göründülər. Hər ikisi heyrət içində Ləmana baxırdılar. Qadın isə yalvarışlı nəzərlərlə gah Şirinə, gah Vüqara baxırdı, lakin dillənməyə cəsarət etmirdi. Nəhayət, Vüqar: Xoş gəldin – deyə qapıdan çəkildi. Şirin qadını içəri dəvət etdi, hətta ona nəvaziş göstərərək gülümsədi də. Ləman gözləri yaşla dolu əlindəkini qıza verib, sürətlə pillələri enərək şəhərin gurşadlığı içində gözdən itdi və bir xəyal kimi əriyib getdi.

Vüqar məktubu neçə vaxt idi ki, cibində gəzdirir, onu Mətinə verməyə cəsarət etmirdi. Lakin onu özündə saxlamağı da doğru hesab etmirdi. Nə olursa olsun məktubun sahibi ona etibar etmişdi. Öz-özünə söz vermişdi ki, bu görüşdə məktubu ünvanına çatdıracaqdı. Əlindəkini Mətinə uzatdı. O da heç nə anlamadan dostuna göz vurub zarafatlaşdı:

– Qaqaş, nədi, rüşvətmi verirsən? Pulun çoxalıb deyəsən?

Vüqarın gülümsədiyini görüb duruxdu. Əlindəkini açıb səbirsizliklə oxumağa başladı. Vüqar diqqətlə onu süzür, onun məktubu necə qarşılayacağını düşünürdü.

Mətin oxuyub qurtaran kimi məktubu geri qaytardı:

– Al, sən də oxu.

Vüqar ərklə uzadılan məktubu aldı. Oxuduqca Ləmana bəslədiyi kini mum kimi əridi getdi. Qadının ürəkdən gələn sözləri onu yuşaltdı. Gözucu Mətinə baxdı. Sözlərin təsirindən fikrə getdi.

Harda olsan mən yanına gələrəm,
Gülüşünə öz ömrümü verərəm.
Ölənədək yalnız səni sevərəm,
Həsrətindən yandı canım dözmədi.

Ağla dəniz, ağla ümman deyirəm,
Sənsizlikdən yavaş-yavaş ölürəm.
Sən olmasan, de, mən nəyə gərəyəm,
Həsrətindən yandı canım dözmədi.

Ayrılığı zaman belə çözməyir,
Günahımı yağan yağış siməyir.
Gözüm kordu, olanları görməyir,
Həsrətinə yandı canım dözmədi.

Gözüm yaşdır, axan yaşı silmirəm,
Dərdim çoxdur, sirdaşıma demirəm,
Bu nə dərddir mən düşmüşəm, bilmirəm,
Həsrətinə yandı canım dözmədi.

Zamanında insan qiymət verməyir,
İllər gedir, gedən geri dönməyir,
Yanan atəş zamanla da sönməyir,
Həsrətindən yandı canım dözmədi.

Mətin əlini Vüqarın kürəyinə vurdu. Əlindəki kağızı ondan alıb əzərək zibil qutusuna atdı. Gülümsəyərək zarafatyana dostunun kürəyindən vurdu:

– Nə durmusan? Elə boş-boş şeylərlə beynini yorma. Uşaqlar bizi gözləyir, dədəmlə anam da məni. Di tələs. Hələ o boyda yol bizi gözləyir. Allah bilir Mehparə arvadla Fərhad kişi indi nəvələri gəlir deyə nə əl-ayağa düşüblər.

Vüqar dostunun üzündəki xoşbəxt ifadədən xoşhallandı, onun arxasıyca addımladı. Mətin indi həmişəkindən çox xoşbəxt və bəxtəvər idi.

Sərhədçilər axtarışda olan 398 nəfəri tutub

  • 11 İyul 2017
  • comments

Orta əməkhaqqı açıqlanıb

  • 11 İyul 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda