Rusiya sindromu və Yalama döyüşü
- 05 İyul 2017
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Arif Əliyevin ”Yalama” kitabından qanadlanan konqlemerat fikirlər
Vahid QAZİ
“Yalama” sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir.
Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır.
Həm də qəlbi sızlayır…
Arif bəyin tapıntısı bilirsən nəyə bənzəyir?
Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən. Gün gəlir, sappasağlam olduğunu öyrənirsən.
Sən demə, biz rusun Qırmızı ordusunu gül-çiçəklə, duz-çörəklə qarşılamamışıq. Bizim bu orduyla vuruşanlarımız olub. 350 əsgərimiz Yalama sərhəd məntəqəsində 70 minlik ordunun qabağına çıxıb, dirigözlü ölümə gedib.
İnsanı vətən yolunda vuruşmağa sövq edən şərəfidi. Şərəf duyğusu olmasa adam döyüşə bilməz. Demək, yalan yazıbmışlar, bizim şərəfimiz, ləyaqətimiz, vətən sevgimiz, vətəni qorumaq üçün ölüm qorxusunu belə enən duyğumuz varmış.
”Yalama”nı mütaliə boyu neçə dəfə nənəmin söhbətlərini xatırladım. Kitabın xeyli hissəsi Cümhuriyyət ordusunun Qarabağda ermənilərlə savaşından bəhs edir. Nənəm danışırdı ki, türklər gələndə Həbib babam Ağdamda dost-tanışla, qohum-əqrəbayla dəstə düzəldib onların qabağına çıxıbmış. O vaxt bizimkilər orduya getməzmişlər. Yevlaxda türk zabitinin orduya qoşulmaq istəməyən bir kişiyə şallaq çəkməsi xəbəri babamgili də pərt edibmiş. “Kişilər bizi qorumağa gəlmişdi, biz də girmişdik evə” – sonralar nənəmə danışarmış bunu.
Beləcə qoşulubmuş Müsavat ordusuna. Əsgəran tərəfdə dizindən yaralanıbmış. Yarasının yeri uzun illər göynəyirmiş.
Kitabı oxuyub bitirmişəm. İndi oturub fikirləşirəm. Fikirləşirəm, müstəqilliyin bərpasından 26 il keçib, müstəmləkə boyunduruğu görməyən yeni nəsil də yetişib, bəs, bu qədər zülmün qarşılığında bizdəki ”ruscanlığın” səbəbi nədi!?
Gücü çatan-çatmayan dövlətlər Rusiyadan uzaq durmağa can atır, biz hələ də ona pənah yerimiz kimi baxırıq. Kimi inandırır, kimi aldadırıq?
Psixologiyada ”Stokholm sindromu” deyilən termin var. Zora məruz qalıb şok yaşamış adamlar onlara zülm edənə duyğusal hisslər bəsləyirlər. Bu termin həbsdən qaçmış bir soyğunçunun 1973-cü ildə Stokholmda ”Kreditbank”ın dörd içşisini altı gün girov saxlaması olayından sonra yaranıb. Azad olunanlar onları girov götürmüş şəxsi məhkəmədə müdafiə edirlər. Deyilənə görə, girov qadınlar sonra həbsxanaya məktublar da göndərirmişlər. Bir qadın hətta sevgilisini atıb, türmədən çıxanacan onun yolunu gözləyibmiş.
Qəribə haldı insanın ona zülm edənə pərəstişi!
Bizim Rusiyaya münasibətimiz də bu sindroma bənzəyir. Bizimkinin adı ”Rusiya sindromu” olsun gərək – xilas ola bilmirik.
Tək bizə nifrət edən, bizi publik aşağılamaqdan çəkinməyən Rusiyanın imperiyapərəst siyasət, mətbuat, ədəbiyyat adamlarının yüksək səviyyədə qəbulundan danışmıram.
Evdə balasıyla, işdə işçisiylə, kafedə sevgilisiylə, xidməti yerində müştərisiylə rusca danışan, bundan olmazın fəxarət duyan, bununla özünü xalqın “elit” kəsimi hesab edən, əslində isə snobizmin ən gülünc halını yaşayan sarkastik kəsləri deyirəm.
Millət milli şüuru olan adamların məcmusudu. Milli şüuru olmayan insan yığnağı sosial kütlədən başqa bir şey deyil. Sovet vaxtı Moskvada çap olunan rusdilli qəzetlər – “Pravda”, “İzvestiya” və s. – Baltik respublikalarında saralanacan köşklərdə qalarmış. Estonlar, latışlar, litvalılar milli şüurun inkişafı baxımdan başqa sovet xalqlarından bir neçə baş yüksək idilər.
1981-ci ilin yayında Tiflisə gəzməyə getmişdik. “Detiskiy mir” univermağında satıcı gürcü qızın mənə rəngli karandaş alan anamla rusca danışmaqdan imtina etdiyini yaxşı xatırlayıram.
Bir əsr 100 ildi. Ötən əsrin neçə ilini ”rusiyasız” yaşadıq?
Saydım, üç ildən artıq eləmədi. İkisi əsrin əvvəlində, biri sonunda…
Dinlərin Qiyamət günü olmasa bu əsr də 100 il olacaq. 17 ilini artıq yaşadıq. Bircə ilimiz belə “rusiyasız” ötüşmədi.
Elə bil “Rusiya” tək ölkə adı deyil, həm də ideologiyadı, qibləsi bəlli dindi – virusdu, tutuldun, ölüncə buraxmaz.
Uzağa getməyin, 26 il qabaq istiqlalın bərpasına səs vermiş millət vəkillərini yada salın. Hərəsi bir cür o səsin cəfasını çəkir. Hələ bu yola həyatını qoymuş dərbədər minləri, onminləri demirəm.
Müstəqilliyin səfasını isə onun əleyhinə əl qaldırmışlar sürür. Deməyin, bunun ”Rusiya sindromu”na dəxli yoxdu. Birbaşa dəxli var!
Beləmi olur müstəqillik?
Bu gün Azərbaycan tarixi növbəti ”rusiyalı” dönəmini yaşayır. Cəmiyyətin bunu dərk edən kəsimi mətbuatda, sosial şəbəkələrdə müzakirələr açır. Rus dilinin qeyri-rəsmi dominanta çevrilməsindən narahatlığını dilə gətirir.
Bu dəm Arif Əliyev Rusiya işğalına qarşı ölümünə döyüşmüş 350 vətənpərvər haqda kitab yazır. Axına qarşı üzənlərə hay verir.
10 milyona yaxın vətəndaşı olan ölkənin uzun illər gizli qalmış şərəfli bir savaşından bəhs edən kitab isə 200 tirajla nəşr olunur.
Olsun! 200 nəfər olsun! Təki millətin qabağa duran 200 vətən sevdalı əzmkar düşünəri olsun.
Milli özünüdərkin ən uca mərhələsi – Azərbaycan Xalq Cümhuriyyətini quranların sayı heç bunun yarısı qədər də deyildi.
***
Arif bəyin kitabından yazırdım səki, huşum qarışdı, fikrim getdi rusa, Rusiyaya – yaxın-uzaq ellərə, illərə.
Özümüzə sindromsuz vətən arzulayıb, müəllifə sağ ol deyib yazını bitirim.
Çox uzağa getməyim, vətən uzaqda deyil, yaxındadı. Yalamadan bəridə…
4 iyul, 2017
Müəllifin başqa yazıları: • “İslamda tolerantlıq varmı?” sualı İsveçdə • Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı • Şərm-həyanın qiyməti • Yolda o(qa)lan yolçuluqlar • Zəmanələr və talelər toplusu • “İztirab — vətəndə qərib olmaqdır” • Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış) • Salam, Gülsarı! • Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə) • İntim dildə yaza bilmək • Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj) • Türkiyə islam inqilabı? • Varşava – azadlıq və sevgi şəhəri • Çəmənzəminlinin ”Studentlər”i haqda • Ağalar Məmmədovun məktubları • Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri) • Etiraz hüququ • Qış günəşi parlaqdır, amma isitmir • Qarabağ – xarici işimiz • “Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı • Tanrılarla baş-başa • Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına) • Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına) • Anamın məktubları