Ələsgər TALIBOĞLU
Bir udumluq sevgi
Mənim tanrım gözəllikdir, sevgidir.
Hüseyn Cavid
Bir udumluq sevgiyə
möhtacam yaranışdan.
Elə sevgi umuram
atdığım hər qarışdan.
Körpə ana südünə
hər an təşnə olan tək,
Təşnədir məhəbbətə
köksümdəki bu ürək.
Sevgisiz getmək olmaz
heç qınından uzağa.
Sevgisiz ömür bənzər
bir susqun kor bulağa.
Sevgidir, bax, insanı
yaşadan bu həyatda.
Sevgiylə yaranıbdı
qosqoca kainat da.
Gedəcəm
Artıq havalanıb başım deyəsən,
Həsrəti əynimə geyib gedəcəm.
Biryolluq son verib bu ayrılığa,
Dərdimi dərdimə düyüb gedəcəm.
Ağrını sürmə tək çəkib gözümə,
Üzümü tutacam Cıdır düzünə.
Tanrıdan diləyim – qüvvət dizimə,
Qorxumu gəmirib yeyib gedəcəm.
Qarabağ demişik yurda, ocağa,
Şuşa tək, Laçın tək məsum qucağa.
O ruhu qandallı dilbər bucağa
Yolları qanımla yuyub gedəcəm.
Bəsdir daha, qan tökməsin qoy didə,
Qarabağsız işgəncədir vaxt-vədə.
Düşünməsin qarı düşmən ziyadə,
Onun dərisini soyub gedəcəm.
Gedəcəm qeyrətim boğulan yerə,
Gedəcəm qisasım doğulan yerə.
Gedəcəm imanım yoğrulan yerə,
Sözümü cahana deyib gedəcəm.
Uşaqlığım ötən yerlər
Uşaqlıq çağımın ötdüyü yerlər,
Bir də qoynunuza gələm… gəlməyəm…
Sarılıb boynuna doğma balan tək,
Sevincdən bayılıb güləm… gülməyəm…
O dağlar, dərələr oylağım olub,
O Söyüdbulağım qaynağım olub.
Həsrətin köksümdə çırağım olub,
Axan göz yaşımı siləm… silməyəm…
O gəzdiyim yol-yamaclar süzülüb,
Köksüm üstə sıra-sıra düzülüb.
Yol-yolaqlar eh… həsrətdən üzülüb,
Qədrini eynilə biləm… bilməyəm…
İndi artıq o yerləri od qarsıb,
Gədikləri, dolayları ot basıb,
Ay Ələsgər, çaqqal basıb, qurd basıb,
Vüsal gününədək qalam… qalmayam…
Bəslədim
Ramiz Qusarçaylıya
İllərdir dərd əkdim… həsrət göyərdi,
Bağrımda bir Araz qəmi bəslədim.
Qatar dərdlərimi düzüb səf-səfə,
Gözümdə bir Samur nəmi bəslədim.
Nisgillər ürəkdə, bax, qalaq-qalaq,
Dərd üstdən neçə dərd vurulur calaq,
Fəryadlar göylərdə… tutulur qulaq,
Zilini unutdum, bəmi bəslədim.
“Kəsmə şikəstə”dir, “Yetim segah”dır,
Yanan ürəklərdə nalədir, ahdır,
Araz köks dolusu qəmli dəsgahdır,
Hayqıran Samur tək zəmi bəslədim.
Təbrizi, Dərbəndi andım yuxumda,
Göyçə başdan-başa yandı yuxumda,
Qəmli Qarabağım qandı yuxumda,
Dərd göyə dirənib… kəmi bəslədim.
Könlümdə Savalan, ürəkdə Şahdağ,
Qanımda İrəvan, canda Qarabağ,
Yurdum param-parça, taleyə bir bax,
Ruhumda çağlayan dəmi bəslədim.
Vuruldum
Qaya gördüm –
qartalların oylağı.
Buludlara baş vururdu
uzaqlarda
ağ çalmalı Ağrı dağı.
Yamaclarda at çapdım,
sərt döngəli
dolaylarda yoruldum.
Qarşı yatan
qara-qara dağlarının
vüqarına vuruldum.
Bulaq gördüm –
bir dərədə
qaynayırdı, coşurdu,
mənim könlüm dil açıb
təzə nəğmə qoşurdu.
Yenə şair xəyalım
bu dünyanı
oba-oba,
oymaq-oymaq dolaşdı,
qara qartal
boz qayadan qanadlanıb
uca-uca dağları aşdı…
Vətən sevgim
ürəyimdə aşdı-daşdı.
Bu torpaq mənim yurdum,
bu dağlarsa məmləkətim,
o qara qayanın başında
yuva qurub
uşaqlıq həsrətim…
Ayrılığın acısı
gözlərimdən
gilə-gilə süzülür,
ana yurdun nəğmələri
misra-misra
vərəqlərə düzülür.
…Qarsı yatan dağlarının
baharına vuruldum,
dəli dağ çayı kimi
axıb-axıb
düzənində duruldum…
Yunus tək dərviş oluram
Sən dərviş olamazsan,
Dərviş könülsüz gərək.
Yunus Əmrə
Nə gecəm var, nə gündüzüm,
Hey çıxıram söz seyrinə.
Heca-heca yoğururam,
Tanrı verən eşq xeyrinə.
Öz içimdən sökülürəm,
Yarpaq-yarpaq tökülürəm,
Göy üzünə çəkilirəm,
Tanrı verən eşq xeyrinə.
Bu nə sevda, bu nə ovsun,
Allah nəzərdən qorusun.
Çeşmə gözdə yaş qurusun
Tanrı verən eşq xeyrinə.
Yenə boşalıb doluram,
Yarpaq kimi hey soluram.
Yunus tək dərviş oluram,
Tanrı verən eşq xeyrinə.
İstanbulda bir qış günü
İstanbula gəldim
bir qış günü…
İstanbulda dəli bir rüzgar
açmışdı köksünü…
Adamı yandırıb-yaxırdı sazaq,
Halqalıda dolaşdım başdan-başa,
dolaşdım elə sokak-sokak.
Həmyerlilərmi,
ən çox da həmkəndlilərmi aradım,
istər yaxın, istər uzaq…
Azəri camisinə getdim,
bizimkilərin olduğu qəhvəxanalarda oldum.
İstər Türkü, istər də Azərisi olsun,
hər yerdə tanış üzlər,
tanış sifətlər…
Könlümü oxşadı
etdikləri xoş, məhrəm söhbətlər.
Burda eyni dildə
qonuşmanın bəxtiyarlığını duydum.
Və uydum bir anlığa…
Hər şey mənə doğma kəndimi,
anam Şərur mahalını
xatırlatdı.
Bir neçə gün ərzində
Halqalını gəzdim köşə-köşə,
bucaq-bucaq,
qəlbimi isitdi burda mənə
açılan hər isti qucaq…
İstanbulda hələ də
kəsməsə də rüzgar,
di gəl ki, baxışlarda bundan
görmədim bir əsər, əlamət,
hər yerdə gözlərdən
yağırdı bir sevgi, məhəbbət…
və valeh oldum
Türkün Türkə açdığı qucağa…
Hələ də qar yağırdı
bu doğmadan doğma
isti ocağa…
Qara dəniz türküsü
Çırpınırdı Qara dəniz
baxıb Türkün bayrağına.
Əhməd Cavad
Yenə dəli könlümü
yer-yerindən oynadır,
həsrətimi qaynadır
o çılğın Qara dəniz,
Türkün ana yurdunda
zamana hökm eyləyən
Türk oğlu Türkük biz.
Yenə uca göylərdən
qəribsəyən ruhuma
o Kaçkar dağlarında
yağır bir yaz yağmuru,
ürəyimdə, gözümdə,
şeirimdə, sözümdə
Türkün böyük qüruru.
Yenə qulaqlarımda
şən, oynaq ahəngiylə
nə zamandan çığ atan
Qara dəniz türküsü,
köksümdə yuva salan,
ürəyimi ovudan
həsrətimin mürgüsü….
Dənizin sahilində,
dalğaların dilində
unudulmaz sevdalar
anılar varaq-varaq,
göy qübbəsi altında
rüzgarlarla çarpışır
ay ulduzlu al bayraq.
Rizedə bir axşam
Hopadan başlamış Rizeyə qədər
Qara dəniz qıyısı boyu dolaşdım,
yaşıl çay bağçalarını gördüm.
Çay fidanlarından don geyinmiş
göz gördükcə uzanıb gedən,
qəlbimi rövşən edən
dərələri, təpələri
dağları gördüyümdə
heyrət kəsildim,
könlümdə min bir çələng hördüm.
Bizim Lənkəran düşdü yadıma.
Vətən həsrəti
güc gəldi mənə,
için-için alışdım,
yandım öz oduma…
Üfüqdə Qara dəniz
boyanmışdı qürub rənginə,
könlüm heyran qalmışdı
yamyaşıl dağların
sevdalı ahənginə…
könül dedim havalandım,
binələndim, yuvalandım…
Axı mənim könlüm
bənövşə tək boynu bükülü,
kül altında qalmış köz kimiyəm,
arkadaşım,
eşələmə gəl bu külü…
Qara dənizli balıqçının süfrəsində
Duz-çörək kəsdik Ardeşendə
qızıl ala balıq təsislərində
balıqçı Osmanın süfrəsində.
Qara dəniz qüssəsi vardı
Osmanın səsində.
Havada ilk bahar rüzgarları əsirdi,
Həsrətimi göynədir,
içimi-içimdən kəsirdi….
Süfrədə rakı, muxlama, hamısı
və qızıl ala balıq.
Qara dənizin çılğın dalğaları
qoynumda sallanırdı qayıq.
Eyni dildə danışırdıq,
eyni dildə türkülər oxuyurduq.
Rakı sərxoş olmuşdu…
Könlümüz Qara dəniz
havası ilə dolmuşdu.
Ardeşenli balıqçı Osmanın
süfrəsində duz-çörək kəsdik,
bir ömrə bəs edəcək
düz çörək kəsdik.
İkisi də bənzərsiz
Qara dənizin qoynundayam –
günün gülşən çağında,
arkadaşım Mehmetin qayığında.
Üfüqə doğru uzanıb gedən
Qara dənizi süzürəm,
qırçın ləpəli
dalğaların qoynunda üzürəm.
Və bir anda yadıma anamız
gözəllər gözəli sonamız
nəğməli Xəzər düşür.
Həsrətim ayaq açır
yəhərlənib istəklərinin
dalınca qaçır…
İstər Xəzər dənizi olsun,
istərsə də Qara dəniz,
ikisi də doğma, əziz,
ikisi də əsrarəngiz, bənzərsiz…
Toplucalı Damla xanım
Rizenin Camlı Həmşin ilçəsinin
bir köyündə – Toplucada
bir qız gördüm, adı Damla.
Çalışardı o gün boyu çox inamla.
Vətənini sevərdi o
müqəddəs bir varlıq kimi,
ilhamla.
Həmşinli bu gözəlin
nur damırdı al yanağından, gözündən
söhbətindən, sözündən.
Qapdırmışdı kimə isə qəlbini o,
sevdalıydı baxışları,
bənizindən oxunurdu
ilk eşqinin naxışları.
Nə gizlədim, –
mən də ona aşiq idim
bir öyrətmən xoca kimi,
babasının arkadaşı,
bir ixtiyar, qoca kimi.
Hey… Qara dəniz
Arı-duru Türkcə qonuşdum mən
Qara dənizin dalğaları ilə.
Ey Qara dəniz, Qara dəniz,
həsrətindən sərxoş oldu
yenə qərib bəndəniz…
Dalğa olmaq istədim
sahil qayalarında.
Bir Azəri xoca vardı
balıqçı Osmanın röyalarında.
Türkcə qonuşardı,
rakı içərdi…
“Bir dost bulamadım,
gün akşam oldu” –
deyən o insan
vəfalı bir dost yolunda
şirin candan keçərdi.
Hey… Qara dəniz, Qara dəniz,
yenə sizin eşqinizlə
havalandı bəndəniz…
Balçı Məcid
Ata-babadan
Çamlı Həmşin ilçəsinin Kaplıca köyündə
binələnmişdi Məcid kişi.
Özünü qanandan
bal ürətib satmaq olmuşdu işi.
Odur ki,
Balçı Məcid deyirdilər adına,
məhrəm idi bu yerlərin
doğmasına, yadına.
Fırtına çayının
laylasında uyuyardı.
Qapısına gələn kəsi
öz halal duz-çörəyi,
balı ilə doyurardı.
Üst-başı kimi
ağzı da bal qoxuyardı,
bir-birindən daha gözəl, daha şux
Qara dəniz türküləri oxuyardı.
Hər gördüyü ilə
quşu tez barışardı,
çox da şirin, məzəli
hekayətlər danışardı.
Sevərdi öz yurdunu-yuvasını
daşıyla, torpağıyla,
qürur duyardı
başı üstə dalğalanan
ay-ulduzlu bayrağıyla.
Məcid kişi, bax, belə bir
adam idi,
bu bölgənin adamları içində.
Hər kəsi də görmək istəyirdi
elə özü biçimdə…
Türkəm mən
Türkmən şairi Oraz Yağmura
Qaqauzam, Qırğızam,
Həm Qıpçağam, Oğuzam.
Qurd oğlu, qurd ağızam,
Tanrım belə xəlq edib.
Həm Uyğuram, Türkmənəm,
Əsli bəlli Türk mənəm.
İnsanlığa görk mənəm,
Tanrım belə xəlq edib.
Həm Özbəyəm, Yakutam,
Həm Çuvaşam, Başqırdam.
Həm Qazağam, boz qurdam,
Tanrım belə xəlq edib.
Həm Kumukam, Balqaram,
Azəriyəm – bir varam.
Türkə könüldən yaram,
Tanrım belə xəlq edib.
Qaraçayam, Altayam,
Bir Noqayam, ətayam.
Türkəm, Türkə atayam,
Tanrım belə xəlq edib.
Həm Xakas, Qaraqalpaq,
Könül yaxın, yol uzaq.
Dünya Türkün olacaq,
Tanrım belə xəlq edib.
Bir Kumukam, Tataram
Türkü yada sataram?
Səadətimi yalnız
Birliyimdə taparam.
Tanrım belə xəlq edib.
İncil mənəm, Quran mən,
Tanrıya yar Turan mən.
Bozqurd kimi duran mən,
Tanrım belə xəlq edib.