Min qəbirdən biri… Ata qəbri…

514 0

Oqtay QORÇU

Min qəbrin yer aldığı torpaqda bir qəbir nişanəsi qoymaq istəyən, ilin ayrılığına dözməyib anasının son binəsinə sarı üz tutan, Binə yurdundakı məzarına qonşu düşən, haqq dünyasına qovuşanadək ümidi qan verən, min bir həsrətlə Laçın gözləyə-gözləyə, gözləyən gözləri yumulan bir qəbir var, ata qəbri… Mənim atamın qəbri…

Ata-baba yurdundakı doğma qəbirlərin ziyarətinə gedə bilmədən, canının dözümünü əridə-əridə dərdə-azara çevirən, ölümü qurtuluş bilən, min-min qəbirdən biri atamın qəbri, boş qəbirlərin dərdinə dözməyən sinəsi mərmər yükündə sıxıla-sıxıla dərdini torpağa tapşıran, haqqa üz tutub, haqsız iş görənləri, Laçın tapdayan zalımı Allaha tapşıran bir qəbir var bu şəhərdə.

Atam Ağa Laçınlının qəbri, bir gün qəbrinin Laçında qazılacağını arzulayan şairin qəbri… Bu gecə, Laçının işğalının 25-ci ildönümündə haqq dünyasının ruhlar sığınacağında yuxusunu qarışdırdımı görən?..

Atamın qəbri ayrıdır, anasının yanında olsa da… Yüz-yüz, min-min qəbrin aralığına düşəsi, yüz-yüz qəbrin içində seçiləsi, adı ziyarətə çəkən, Laçınsız bir qəbir var – adı Ağa Laçınlı ünvanı… Laçından uzaq Bakı…

Qəbirləri orda-burda qazılan, dağlara çəkilib itkin düşən, yağı gülləsinə tuş gələn, əsir gedən, izi itən cavanlardan, qoca-qarılardan, ağsaqqallardan, ağbirçəklərdən xəbər tuta bilməyən, son qaçqın mənzilləri aranda, şəhərdə, Bakıda, Sumqayıtda, Gəncədə, Şəkidə, İsmayıllıda qazılanlardan belə xəbərsiz atam…

Son nəfəsinədək gözləyən, gözü dağlı gözləri yaşadığı şəhərin toz-dumanından Laçın üzünə boylana bilməyən, bu şəhərin sümük yandıra-yandıra, can üşüdən soyuq günəşli, sazaqlı havasında boğula-boğula gözləri şəhərin dəniz boyu uzanan qibləsinə yumulan, öləndə olacaqlara söz tapa bilməyib son sözünü dodağında sıxa-sıxa gülüşə çevirən Ağa Laçınlı bir zaman “ağlıma gəlməyən, başıma gəldi” demişdi yana-yana. Belə də oldu.

Düşmən işğalında qan ağlayan, od tutub tüstüdə boğulan Laçından düşən bir atəş hələ də yandırır bu adamları. Ömürlər get-gedə qısalır, ölüm xəbərləri bir-birinin ardınca macal vermir heç. Bu ölkədə nə qədər laçınlı qəbri varmış, Allah…

O qəbirlərdən biri də mənim atamın qəbridir… Ağayana atamın… Laçınlı kimi tanınan Ağa müəllimin Binə qəsəbəsindəki qəbri…


Müəllifin başqa yazılarına bax:  • Kamanın babası   • 81-ci dairə   • Köhnə kişinin hikkəsi   • Qara daş ustası   • Sil-süpür zamanı  • Rusiyaya qarşı savaşan Nobel   • Qanını verənlərin tarixi   • İçərişəhərin rəngi   • Toyda ehsan   • Dili bəlaya çevirənlərin növbəti qurbanı   • Tabuta kim girməlidir?!   • Qada-balasını yerə tökən adamlar   • Kişinin oğlu başdan-ayağa Hikmətdir…  • “Başsız” Məhəmməd qandı ki, öləcək… (Hekayə)   • İmperiyaya cavab zərbəsi   • Alim öldü…   • Üçüncü imperiya   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (Birinci yazı)   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (İkinci yazı)   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (Üçüncü yazı)   • Ağlımızın dekorativ çiçəklənmə dövrü (Dördüncü yazı)   • Məhəmməd Əli: döyən-döyülən və atəş açmayan

Bu materialda

Müzakirəyə qoşul

No widget found with that idNo widget found with that id