İsa SEVƏR
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü
MÜƏLLİMSİZ DÜNYA
Mənəviyyatın memarı, cəmiyyətin vicdanı, təbiətin saflığı – müəllim!
Dünyanı hamıdan əvvəl müəllim gəzib dolanmalıdır. Müəllimin xidmətçisi, xidməti maşını olmalıdır. Müəllim elə təmin edilməlidir ki, o, bütün vaxtını məşğul olduğu sahəyə yönəldə bilsin.
Müəllimi mənimsəyən şagird cani ola bilməz! Müharibə, terror törədən, “ağ ölüm”lə biznes quranlar müəllim, məktəb görməyənlərdir!
Müəllim dünyanın sabahı, gələcəyin açarıdır.
Müəllim atanın atası, ananın anasıdır. Müəllimi olmayan atanın övladı atalı yetim, ananın övladı analı yetimdir. Ancaq mən müəllim deyəndə vergülü yerinə qoyub maaş gözləyən ürəksiz robotdan danışmıram.
Müəllimsiz dünya kapitansız gəmi kimidir, hara gedəcəyini bilməz.
ETİKA
Belə iş olar? Bir mərifətli adam tapılmır söhbət etməyə.
Ən yaxını qonşumdur, o da toyuğun qanadına söyür, sonra da yeməyə toyuq qanadı istəyir. Belə çıxır, kişi nə dediyini bilir, nə də yediyini…
Burada kimnən, nəyin söhbətini eləyəsən?
Mən demirəm mənim qonşum ermənidir, yox, yox!
Amma bu köpəyoğlu müsəlmana da oxşamır…
GÜNAHSIZ QATİL
Mən heç milçəyə də qıymazdım. Amma insana əl qaldırdım, həmkəndlimi yaraladım…
Arifin də, mənim də şəhərdə vəzifəli qohumlarımız var idi, ikimizə də köməkləri çatırdı, bu hesaba camaatdan bir az babat dolanırdıq. Bunu qəbul edə bilməyən domino nadanları bizi qarşılaşdırmağa çalışırdı.
…Təşkil olunmuş ad günündə Arif məni təhqir etdi. Özü də bu təhqiri təşkil edənlərin istəyinə uyğun təhqir etdi.
Məclis başa çatandan sonra mən Arifi söhbətə çağırıb, üzr istəməsini tələb etdim. Arif üzr istəmədi. Mən onu yaralayaraq başa salmaq istədim, xəstəxana kəndimizdən uzaq olduğundan Arif çox qan itirdi və onun həyatını xilas etmək mümkün olmadı.
Məhkəmədə hakim şahiddən soruşdu:
– Əgər Arif üzr istəsəydi, məhkum onu öldürərdimi?
Şahid fikirləşmədən cavab verdi:
– Xeyr, öldürməzdi!
Mənə doqquz il iş verdilər. Düzdür, atalar deyib, günah öləndədir – bəlkə də belədir, amma mən peşmanam, çox peşmanam! Arifin də, mənim də balaca uşaqlarımız var!
Hamı kimi mən həyatı sevirəm, torpaqda işləməyi, əkib-becərməyi, tər töküb çörək qazanmağı xoşlayıram. Nə yazıq ki, məni zorla cinayətə sövq etdilər…
Məni mərhumun ailəsi bağışlamaz, padşah əfv etməz! Məni sən bağışla, böyük yaradan! Axı, hər şey sənə əyandır, sən bilirsən ki, mən onu başa salmaq istəyirdim, qatil olmaq istəmirdim, Tanrım, istəmirdim…
ESTETİKA
Stulda nə təhər oturubsa (oturuşu dədəsinə dəysin, əgər dədəsi varsa) qocaya da, cavana da ləzzət eləyir… Bura dəniz kənarı olmasa da, bağdır də, demokratiyadır də, istədiyin kimi otura bilərsən. Bağdan keçənlərin əksəriyyəti arvadı ölmüş kişilər olsa da…
Qadın dizi ki var, kişinin ölən yeridir. Görürsən televizorda operator babat bir diz görəndə burnunu düz ora tuşlayır. Deyən yoxdur ki, a eşşək oğlu eşşək, o diz sahibinin ala gözlərini, çatma qaşlarını qoyub burnunu hara soxursan!
ARAYIŞ
Bu vəzifə sahiblərinə əvvəl rayonun birincisi, indi başçısı, yiyəsi, hərdən də “kişisi” deyirlər…
Onlar nəyin bahasına olursa-olsun rayonun baştərpədənlərini özlərinə tabe edirlər, bunu bacarmayan vəzifəsini itirəcək.
Mən yaşadığım əyalətdə belələrinin doqquzunun şahidi olmuşam. Onlar haqqında camaat arasında müxtəlif söhbətlər gəzməkdədir. Özü də yazıya gəlməyən mənfi söhbətlər… Onlar necə işləyirsə, bəzən onlara “qudurmayın” da deyirlər, hər gələn özündən qabaqkının atasına rəhmət oxudur.
Onların haqqında bir də bunu danışırlar ki, heç biri vəzifəsini itirəndən sonra işlədiyi rayonda çıxıb camaat arasında gəzə bilmir.
DƏ
Paris də, Ağ ev də, Kreml də, Xanərəb də dərdlərin üstündə yeriyir…
Bərdə də sevincdən bəridə…
Bakı da ehtiyacların üstünə çəkilmiş bəzəkli pərdə…
Mən xam oğlu xam da belə ərazidə dərdsiz, azarsız yaşamaq istəyirəm…
ÇANTA
Dəbdə olan vaxtı mən də 07 markalı “Jiquli” aldım. Maşında təkər dəyişməyə bircə açar vardı. Lazım olduqca xeyli açar topladım. Açarları yığmağa bir qab tapmırdım, qızımın köhnə çantasına yığdım. Hər dəfə “Jiquli”nin yük yerini açanda qırmızı çanta məni uzun-uzadı xəyallara aparır…
Həmin çantanı qızım ali məktəbə daxil olanda almışdım. Ancaq çox keçməmiş qızımın oxuduğu ali məktəb bağlandı. Qızım başqa ali məktəbdə oxuyası oldu, diplom almağa hazırlaşan vaxt həmin ali məktəb də qapadıldı. Yüzlərlə qızım kimi qızlar vaxt itirdi. O vaxtı itirdi ki, ona gənclik deyirlər, ömür deyirlər, o ömrün içində iş var, əməkhaqqı var, ailə-uşaq var, xoşbəxtlik adlanan həyat var…
Hər dəfə yük yerini açanda o çantanı görürəm, qızım yadıma düşür, qızımdan savadsızlar indi diplom alıb, iş sahibi olublar…
Mən qızımı çox istəyirəm, bəlkə canımdan da artıq. Bunu oğlanlarım da, həyat yoldaşım da yaxşı bilir. Çox zaman adam sevgisindən vurulur, bəlkə bu sevgimə görə Tanrı məni cəzalandırıb. Hər dəfə yük yerini açanda o dünyanı görüb qayıtsam da, çantaya toxunmağa əlim gəlmir, onu atmaq istəmirəm, axı bu mənim həyatımla bağlı bir detaldır, bircə detal…
TƏHQİR
Şairi məhkəməyə verdilər. Müstəntiq sənəddə yazmışdı ki, şair direktorun bacısını söyüb. Özü də camaatın gur yerində, çayxanada.
Direktor dəridən-qabıqdan çıxsa da, şahid duran olmadı. Hələ üstəlik camaat müstəntiqə çatdırıb ki, şairin dilinə qurban olum, direktor süpürgəçidən də pul alır, onu şair də söyməyib, kim söyəcək?!
Hakim qanan adammış, şairə “Kefində ol, yüz belə direktor sənin yazdığın bir misraya qurban” – deyib…
DANIŞ
Əllərim əsirdi, ayaqlarım əsirdi, bütün bədənim əsirdi. Həyəcandan dilim tutulmuşdu. Zal dolmuşdu, ayaq üstə duranlar da varıdı. Yaşlı, səviyyəli insanların qarşısında ilk sözü 17 yaşlı bir yeniyetməyə verərlərmi? Axı, mən buna hazır deyildim…
Həyatımda ilk dəfə tribunadan çıxış etməliydim. Tribuna səhnədə qoyulmuşdu, səhnəyə çıxmaq üçün üç pillə qət eləməliydim. Adım, soyadım elan olundu, özümü birtəhər tribunaya yetirdim. Tribunadan zala baxdım. Elə bil uca bir dağın zirvəsindən dibi görünməyən yarğana baxırdım. Başım hərləndi, dilim topuq çaldı, deyəcəyim sözü tapa bilmədim. Anlar il kimi ötürdü. Birdən ağlıma nə gəldisə, zala göz gəzdirdim, baxışlarım Camal müəllimin baxışlarıyla toqquşdu, hiss etdim ki, müəllimim məndən pis vəziyyətə düşüb. O, mənim vəziyyətimi anlayıb, hamının eşidəcəyi amiranə bir tərzdə dedi: “Danış, cəsarətini topla, danış!”
Yayın istisində sanki donum açıldı, pəltək dilim danışmağa başladı, sonda məni alqışladılar da… Amma bu alqışlar mənə yox, müəllimimə, Camal müəllimə çatırdı…
DÜNYANI SEVƏ BİLMƏDİM
Kəndimizi çox sevirəm. O qədər sevirəm ki, dünyanı da orada görürəm.
Kəndimiz qərib sevəndir, kənddə gəlinlərin hər üçündən ikisi qəribdir…
Kəndimiz dinə bağlıdır, hər üç adamdan ikisi seyiddir…
Kəndimiz kimsəsizə, çarəsizə əl tutandır. Kəndimizin üç bəyindən ikisi yetimdir, özü də dədəli yetim. Bir az üz verdinmi, ya borc pul istəyəcək, ya da siqaret. Məcbursan pul verə bilməsən də, heç olmasa siqaret verəsən, siqaretin də qiyməti qalxıb at belinə… qəribi də ağlamaq belə yerdə tutur də…
Mən bu qədər qəribi, seyidi, yetimi qoyub, kimi sevə bilərəm? Dünya məndən inciməsin, onu sevməyə məndə vaxt hanı?