Vahid QAZİ
Ötən əsrin 50-ci illərində maestro Niyazi Azərbaycandan baş götürüb gedibmiş. Səbəb sənət mühitində hökm sürən intriqa, qarşılıqlı nifrət, düşməncə münasibət idi. Bir müddət Leninqradda yaşayan Niyazi məşhur Marinski teatrında baş dirijor işləyir. Elə həmin dövrdə teatr onun rəhbərliyi altında Amerikaya qastrola gedir. Az qala onun üçün faciəli sonluqla bitəcək hadisə elə o səfərdə baş verir – orkestrin iki üzvü, ailə cütlüyü ABŞ-da qalıb siyasi sığınacaq istəyir. Bu olay, üstəgəl, xaricdə Ceyhun Hacıbəyov kimi qohumun olması onu DTK üçün potensial “yem” edəcəkdi. Sənət adamlarının hamisi Nazim Hacıyev olmasaydı…
Yox, bu yazıda maestro Niyazidən bəhs eləmirəm, onunla bağlı bu əhvalatı sadəcə giriş kimi seçdim.
***
Şəhərimizdə ata-oğul Yohann Ştrausların əsərlərindən ibarət qala-konsert olacağını hələ bir ay əvvəl küçə afişalarında oxumuşdum. “Gedəcəm” desəm də bilet almağa tələsmirdim. Elanda yazılmadığından konserti simfonik orkestr və balet truppasıyla İsveç şəhərlərinə qastrola gəlmiş Rostov Dövlət Musiqi Teatrının verəcəyini bilmirdim, həmin axşam bilet dalınca gedəndə öyrəndim.
Canlı orkestr musiqisi, gözəgəlim soprano, kəpənək uçuşlu balet rəqsləri… Qısası, o gecə ruslar İsveç tamaşaçılarına hər dəm yaşanmayan duyğular bəxş etdilər.
Qonaq teatrın inzibatçıları Tatyana, Olqa ilə elə foyedə tanış oldum. Rusca danışmağım, bakılı olmağım söhbətə tez körpü saldı. Atüstü qısa söhbətlərdə bir məclisin sözün danışdıq. İstedadlı musiqiçilərin Rusiyanı tərk eləməsindən, sənət üçün dözülməz mühitdən ürək ağrısıyla danışırdılar.
Elə çıxışçıların Rostov musiqi teatrının solistləri olduğunu onlardan öyrəndim. Biletsiz olduğumu biləndə Tatyana belə dedi: “Narahat olmayın, konsert başlayanda burda olun, təşkil edərik, ailənizi də gətirin”.
Konsertdən əvvəl foyedə var-gəl edərək tamaşaçılara “xoş gəldin” eləyən qızılı fraklı “Ştraus”a, girəcəkdə qoyulmuş masada konsertin proqramını satan Olqaya, yerli teatr inzibatçılarıyla nəyisə müzakirə edən Tatyanaya göz qoyurdum. Onlar hərdən qarberobun qapısına söykənib gah üzbəüz barda pivə içənləri, gah da ikibir, üçbir gəzişən qayğısız İsveç tamaşaçılarını küt nəzərlərlə seyr edən hündürboy kişiyə yaxınlaşır, nəsə deyib çəkilirdilər. O isə yorğun, həvəssiz halıyla kəlmə də kəsmirdi, eləcə başını tərpədirdi.
Teatr heyətinin rəhbəriymiş.
Adətən yekəpər, kələ-kötür adamların baxışları zəhmli olur. Onunsa üz cizgiləri heç bir informasiya vermirdi, qaba adama oxşamasa da ona həlim adam da deməzdim. Geniş alın, iri burun, çiyinə tökülən saç, uzunsov sifət fonunda gözləri xeyli xırda görünürdü. Amma bu balaca gözlər elə zəndlə baxırdı ki, elə bil nəzərləri hədəfə atılan ox idi. Ümumi görkəmiylə mənə tanış gələn “teatrın rəhbəri”nin bir neçə dəfə yanından keçdim, yaxınlaşıb salam vermək istədim, amma vermədim, düşüncələrindən ayırmadım.
…Düşüncələrlə qalmağı adamlarla söhbətdən üstün tutan adamları rəngi-ruhundan gözüm tez alır, onları ovcumun içi kimi tanıyıram…
Biz zalın axır sıralarında yer aldıq. Tatyana “teatrın rəhbəriylə” bizdən arxa sırada bir qədər kənarda oturdu.
Birinci hissə “Venesiyada karnaval”la (“Der carneval in Venedig”) başladı. Bilirsiniz, Ştrausslar öz valsları ilə məşhurdular. Hətta oğul Ştrausa “vals kralı” deyərmişlər. Onların musiqisi ən tənbəl dinləyicini belə dingildədib rəqsə şirnikləndirir.
Mənimsə ruhum kəpənək-balerinalara qoşulub “Mavi Dunay” (“An der schönen blauen Donau”) havasına oynayırdı. Ruhum nədi, özüm də oynayırdım. Gülməyin! Adamın belə halı olur. İllah da ovqatın bir “simi” də uzaq uşaqlıq çağına köklənəndə.
Konsertə baxa-baxa xəyalən gah uşaqlığımın Şuşasına gedirdim, gah da qayıdıb arxada əyləşən “teatrın rəhbəri”nə baxırdım. Gah Ştrausun Rusiyaya səfəri zamanı Olqa adlı rus aristokratına aşiq olmasından bəhs edən “Peterbuqla vidalaşma” adlı sovet filmini, gah da fransızların 2009-cu ildə çəkdiyi “Konsert”dəki Andrey Filipovu xatırlayırdım. Gah musiqinin sehrli dünyasında dinclik tapır, gah da qarışıq duyğular burulğanına düşürdüm.
Qəribə bir təzaddı, son vaxtlar Şuşanı mənə muğamat yox, klassik musiqilər xatırladır. Bəlkə bu, hələ uşaqkən maestro Niyazinin dirijorluğu ilə Şuşada, Cıdır düzündə ilk orkestr ifasını dinləməyimlə bağlıdı – bilmirəm! Ötən yay Vyanada klassik bəstəkarların ev-muzeylərini gəzəndə də Şuşanı gəzirmiş kimiydim.
O axşam da Şuşadaydım.
…Şuşa “İstirahət evi”ndə bizimlə qonşuluqda bir ailə dincəlirdi. Bakıdan gəlmişdilər, rusca danışırdılar. Bağın ayağında qala divarları tərəfdə bir armud ağacı vardı. Neçə dəfə Turşsu pavilyonundan su içməyə gedəndə ailənin böyük qızını çəmənlikdə oturub kürəyini o armud ağacına söykəyən görmüşdüm. Bəzən kitab oxuyardı, bəzən də əlində yelpik sonsuz üfüqlər altında uzanıb gedən uzaq dağlara, dərələrə baxardı.
İndi burda, teatr səhnəsində neçə quşun səsiylə cəh-cəh vuran, yar-yaraşığıyla bakılı qızı xatırladan Yekaterina Qorban da Ştraussun “Bahar səsləri” (“Frühlingsstimmen”) valsını əlində yelpik ifa edirdi. Onun səsi yaddaşıma bir tablo kimi həkk olan o donmuş Şuşa lövhəsini ilahi bir ofsunla yenidən canlandırmışdı – səhnədəki qara fraklı kəpənək-rəqqas çəmənlikdə çiçəkdən-çiçəyə uçan aşiq-kəpənəyin özüydü, ağaca dövrə vurur, yelpikli Bakı gözəlinin başına dolanırdı. Qızsa üfüqün allah bilir hansı zərrəsində ilişib qalmışdı, onu görmürdü…
Fasilədə hamı foyeyə çıxdı, zalın aşağı sırasında qoca ər-arvad, bir də yuxarı cərgədə “teatrın rəhbəri” qaldı. Yenə harasa baxırdı, onun hara baxdığını tutmaq olmurdu, baxırdı, amma elə bil görmürdü.
Konsertin ikinci hissəsində Şuşa “Bakılı qız” tablosuyla gözümün önündən çəkilib getdi. İndi arxa sıradakı “teatrın rəhbəri” diqqətimə hakim idi. Bütün konsert boyu onun üz ifadəsinin dəyişdiyini görmədim – zalın “Bravo” nidalarına, ayaqüstə alqışlara lal, kar, kor idi.
Onu harada gördüyümü indi kəsdirmişdim.
…“Konsert” (“Le Concert”) filminin qəhrəmanı Brejnev dövründə yəhudi musiqiçiləri Bolşoy Teatrın orkestrindən qovmaq əmrinə etiraz etdiyi üçün işdən çıxarılan dirijor Andrey Filipovdu. Siyasi rejimin bütün qapıları üzünə bağladığından teatrda süpürgəçi işləməyə məcbur olan bir zamanın məşhur dirijoru otuz ildən sonra Parisdə konsert vermək şansını heç vəchlə əldən vermir.
Bazarda alver edən, taksi sürən, təcili yardımda sürücü işləyən keçmiş orkestr üzvlərini yığır. Nəhayət, istəyinə çatır – sirri yalnız filmin sonunda açılan məşhur skripkaçı qızla Parisin Şatl Teatrında ömrünün ən gözəl konsertini verir. Sonda məlum olur ki, bu, Filipovun rəhbərlik etdiyi orkestrdə birinci skripka çalan, həbs edilən gün körpəsini ona əmanət verən yəhudi Leanın qızıdı. Bir fransız müsiqiçinin violençel futlyarında SSRİ-dən çıxarılan körpə qızcığaz.
Geniş yazmıram, insan faciələri komik səhnələrlə təsvir olunan filmi özünüz də izləyə bilərsiniz. Sadəcə həmin axşam o filmi mənə xatırladan “teatrın rəhbəri”nın üzünə çökmüş kədəri görəndə başa düşdüm ki, musiqi azadlıq duyğusunun səsli izahıdı. Sənətkarını mənən sındırıb çıxdaş edən cəmiyyətlərdə filmdəki varlı, amma istedadsız Pyotr Tretyakin obrazlı insanlar hər şeyə yiyələnirlər.
…Azadlıqlara qapalı ölkələrin adamlarına fikir vermisinizmi heç, üzlərində gülüşlərin belə örtə bilmədiyi qəm kölgəsini necə, görmüsünüzmü?..
…Azadlıqlara qapalı ölkələrin əsl sənət adamlarını müşahidə etmisinizmi, onlarda gözlərin dərinliyinə çökən yorğun ümidsizliyi sezmisinizmi?..
O axşam mənə elə gəldi ki, ruslar bu konserti “Andrey Filipovların” simasında hər dürlü azadlığı boğan sistemlərin sındırdığı sənətkarlara ithaf edirlər.
Zalın işıqları yananda, hamı səhnədəkiləri alqışlayanda mən “teatrın rəhbəri”nə sarı çevrildim. Əlimi uzatdım, yumşaq əlini sıxdım, rusca “Bolşoe spasibo” dedim. Elə bil baxışlarının donu açıldı. Üzünə təbəssüm qondu. Onun bu halına elə sevindim ki…
Düşünmüşdüm, axırda gedib dirijor Andrey İvanova “sağ ol” deyərəm, soprano Yekaterina Qorbana çiçək alıb bağışlayaram. Heç birini etmədim. Eləcə Tatyanaya minnətdarlıq edib teatrdan çıxdım.
Bakının “Tarqovı”sını xatırladan Ronnebygatan küçəsiylə geri dönəndə uşaqlara yazının əvvəlində Niyazidən söz açdığım hadisəni danışdım. “Tale üzünə gülməsəydi, o da “Filipov ömrü” yaşayacaqdı” dedim və sabaha saxlamadım, elə həmin gecə evdə “Le Concert” filminə baxdıq.
Qəsdim uşaqlara azadlıq duyğusunu bir daha hiss etdirmək idi…
P.S. Az qala unutmuşdum – Tatyana xeyli bahalı olmasına rəğmən bizdən bilet pulu almadı, qərib İsveçdə bizi doğma sandı güman ki…
Mart, 2017
Trossö, İsveç
Müəllifin başqa yazıları: • “İslamda tolerantlıq varmı?” sualı İsveçdə • Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı • Şərm-həyanın qiyməti • Yolda o(qa)lan yolçuluqlar • Zəmanələr və talelər toplusu • “İztirab — vətəndə qərib olmaqdır” • Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış) • Salam, Gülsarı! • Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə) • İntim dildə yaza bilmək • Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj) • Türkiyə islam inqilabı? • Varşava – azadlıq və sevgi şəhəri • Çəmənzəminlinin ”Studentlər”i haqda • Ağalar Məmmədovun məktubları • Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri) • Etiraz hüququ • Qış günəşi parlaqdır, amma isitmir • Qarabağ – xarici işimiz