Adil CƏMİL
Quş qanadında ötən illər dostlarımızı, doğmalarımızı əlimizdən alır, yeri görünən bu insanları ancaq xatirələrimizdə yaşadırıq – yaşada biliriksə…
Yadımdan çıxmayan, yaddaşımdan silinməyən belə insanlardan biri istedadlı şair, folklorşünas alim Ağa Laçınlıdır. Azərbaycanın dilbər guşələrindən olan Laçında dünyaya gələn, dağların əzəməti, bulaqların saflığı, torpağın ətri iliyinə, qanına işləyən bu insan sinəsində sanki bir uşaq ürəyi gəzdirirdi. Əslində əsl şairlərin içindən hər zaman – bütün yaş dönəmlərində bir uşaq boylanır: pak və məsum, sadə və sadəlövh bir uşaq… Bu “uşağın” heyrətidir ki, ədəbiyyat yaranır. Heyrətlənməyən insan necə heyrətləndirə bilər?! Sənətkar yaşa dolur, qocalır, amma bu “uşaq” elə uşaq yaşında qalır…
Mənim dediyim o “uşaq” Ağa Laçınlının çöhrəsindən bəlli idi. Təbiətin qoynundan gələn şairin şeirləri o qədər təbii, o qədər səmimi və anlaşıqlı idi ki, ilk oxunuşdan oxucu qəlbinə yol tapırdı. Onun şeirlərinin baş mövzusu insana insani münasibət duyğusundan, yer üzündə rahatlıq və əmin-amanlıq arzularından qaynaqlanırdı:
İnsan tez götürə insan ərkini,
Güdaza getməyə çəmli girəvə.
Ağıllı – dəlini, gözəl – çirkini,
Bəxtiyar – bədbəxti bəyənə, sevə.
…İnsan can qurtara neçə yalandan,
Taleyin yazısı yaxşı yazıla.
Arzu asılmaya dünya malından,
Biganə baxıla pula, qızıla.
Varlının qızları kasıba gedə,
Atalı oğlanlar yetim qız ala.
Belə bir dəb düşə hər bir ölkədə,
Nə ara pozula, nə söz yozula.
Ağa Laçınlı Moskvada, M.Qorki adna Ədəbiyyat İnstitutunda təhsil almışdı. Moskva mühiti, görkəmli ədib və alimlərin mühazirələri tələbə Ağanın dünyagörüşündə, heç şübhəsiz ki, dərin izlər buraxmışdı. Onun poetik yaradıcılığını izləyəndə bu təsiri açıq-aşkar hiss edirsən. Ağa Laçınlı doğulduğu bölgəyə məxsus “aşıq şeiri” qəliblərindən, ənənəvi “el ədəbiyyatı” stereotiplərindən asılı qalmayaraq çağdaş şeirimizin dəyərli nümunələrini yaratmışdır. “Ümid”, “Sakitlik”, “Sirli-soraqlı dağlar”, “Torpağın gücü”, “Ana duyğusu”, “Aşırımlar qarşısında”, “Vaxt yetişəndə”, “Sevgimizlə sevindirək”, “O günlərə qayıdaq” və s. şeir kitablarında Ağa Laçınlının şair mövqeyi, vətəndaş kredosu tam aydınlaşır:
Göyün üzü apayazdı,
ağappaqdı, bəmbəyazdı.
Orda günəş min budaqlı, min şaxəli:
Ancaq bəzən yerə çatmır
şəfəqlərin qızıl əli.
Axı bir az aşağıda,
Göylə yerin arasını duman tutub.
O şəfəqli duruluğu duman udub.
Duman kəsib aralığı –
nə yol vermir
yuxarının məlhəm payı yerə gedə;
nə də qoymur –
aşağıda işıq umub, isti umub ləliyəni
göy bir görə, bir eşidə.
“Yerlə göyün arasında” adlı şeirindən misal gətirdiyim bu parçada işlənən “duman” əslində simvolizə edilmiş mərdimazar, nadürüst insan obrazıdır. Başqasına düşən işığın mənbəyini hər vəch ilə qapamaq istəyən, bəzən də qapaya bilən xəbislər azdırmı? Belələri dünən də olub, bu gün də var, sabah da olacaqlar… Şair belələrini sarkazm hədəfinə çevirməklə insanlığı saflığa səsləyir.
Ağa Laçınlı folklor araşdırıcısı kimi maraqlı məqalələrin müəllifidir. Onun elmi fəaliyyətində bayatılarımızın tədqiqi (Sarı Aşığın yaradıcılığı əsasında) folklorşünaslığımıza qiymətli töhfədir. Maraqlı budur ki, folklordan, konkret olaraq bayatılardan dissertasiya yazıb müdafiə edən pedaqoq alim uzun illər BDU-nun filologiya fakültəsində xarici ölkələr ədəbiyyatından dərs deməli olmuşdu. Görünür şifahi xalq ədəbiyyatı kafedrasında müəllim bolluğu imiş…
1988-ci ildən başlayan erməni qovğası aşağı və yuxarı Qarabağı silkələməyə başladı. Məlum hadisələrdə Laçının da silah-sursatsız əhalisi erməni cildinə girmiş rus hərbçilərinin önündə duruş gətirə bilməyərək doğma ata-baba yurdunu tərk etmək məcburiyyətində qaldı. 1992-ci ildə Laçın işğal olundu. Bu dəhşətli hadisədən sonra bütün laçınlılar kimi Ağa Laçınlı da bərk sarsıldı və xəstələndi. Görkəmli şair Hüseyn Kürdoğlu isə bu həsrətə heç dözə bilməyib dünyasını dəyişdi. Sonra Ağa Laçınlı Moskvada ciddi əməliyyata məruz qaldı.
Bir müddətdən sonra Bakıya qayıtdı.
…Moskvada yaşayan qohumum, şair Nəsib Nəbioğlu xəstəxanada yatarkən Ağa müəllmə tez-tez baş çəkirmiş.
Danışırdı ki, onu evə yazmışdılar. Bir neçə adamla Ağa müəllimi xəstəxanadan çıxarmağa getmişdik. Şəhərə çıxıb bir parkda gəzişirdik. Birdən Ağa müəllimin gözü at sürən rus qızına sataşdı. Dedi, Nəsib, sən Allah, o qızdan xahiş elə bu atı versin, minim. Qıza deyən kimi gülə-gülə atdan düşüb cilovu Ağa müəllimə verdi. Parkın o baş-bu başına bir-iki dəfə at sürməklə hansısa bir yanğını soyudan şairi az sonra Moskvanın hava limanından Bakıya yola saldıq…
Mən Ağa Laçınlı ilə dəfələrlə yol yoldaşı olmuşam. Sovet dönəmində Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyatı təbliğ bürosu yazıçı və oxucu ünsiyyətini qurmaqda, yaradıcı insanların sadə əmək adamları ilə görüşlərini təşkil etməkdə əvəzsiz rol oynayırdı. Mən Ağa müəllimlə sözügedən bürodan respublikamızın müxtəlif bölgələrinə dəfələrlə ezamiyyətə getmişəm. Aramızdakı yaş fərqinə baxmayaraq söz-söhbətimiz tutduğuna görə belə səfərlərə bir yerdə çıxmağı arzulamışıq.
Belə səfərlərimizin bir ünvanı da Bərdə olmuşdu. Yayın qorabişirən günlərinin birində Ağa müəllimlə Bərdəyə ezam olunmuşduq. Ümumi qaydaya görə hansı rayona getsək mütləq I katiblə görüşüb səfərimizin məqsədini, haradan, nə üçün gəldiyimizi açıqlamalı idik. Sonra I katib II katibə, II katib də şöbə müdirinə bizimlə məşğul olmağı tapşırardı.
Biz Bərdənin I katibi Rüstəm Səfərəliyevlə görüşmək istəsək də alınmadı. Rayonun rəhbəri tikintisi başa çatmış yeni bir binanın açılış mərasimində imiş. Biz də çarəsiz qalıb özümüzü ona məhz orada təqdim etdik, gəlişimizin məqsədini açıqladıq. Heç nə demədi və bir nəfəri çağırıb bizi ona tapşırdı: – Qonaqlardan muğayat ol. Axşam özüm də gələcəyəm.
Həmin adam bizi raykomun qonaq evinə aparıb qalacağımız otaqlarla tanış etdi. Biz bir-iki saat istirahət edib havaya çıxdıq. Bilənlər yaxş bilir ki, Bərdənin də yayı babat keçir. Tər vurur başından, çıxır dabanından. Nə isə… Havaya təzəcə çıxmışdıq ki, Səfərəliyevin sürücüsü “mən də sizi axtarıram” deyib bizi avtomobilinə tərəf yönəltdi. Əlavə etdi ki, yoldaş Səfərəliyev sizi gözləyir, əyləşin gedək.
Biz şam yeməyini I katiblə birlikdə yeməli olduq. Ağa müəllim uşaq kimi sıxılırdı. Bərdə pambıq rayonu olduğundan əsas mövzu pampıqdan düşmüşdü. Qəfildən elə bil şeytan beynimi qurdaladı. I katibə dedim ki, siz düz eləmirsiniz, bu yaxınlarda Bərdədən Kəlbəcərə gedən toy karvanının qabağını kəsdirib bəylə gəlinə pambıq yığdırmısınız…
Mən bunu deyəndə Səfərəliyev eynəyini çıxarıb zəhmli baxışları ilə məni süzdü. Ağa müəllim isə pörtmüş vəziyyətdə yerə baxırdı. Ani bir sükutdan sonra Rüstəm müəllim məndən soruşdu:
– Haralısan, a bala?
– Kəlbəcərliyəm, – dedim.
– Deyirəm axı, ancaq dağ adamları belə cəsarət göstərə bilər…
Sonra I katib xəfifcə qımışdı:
– Bu, doğrudur, belə eləmişəm. Bəs onu da eşitməmisən ki, sonra bu gənc ailəyə bir dəst mebel bağışlayıb həmin karvanla yola salmışam?..
Doğrusu, bu sözlərdən sonra utanıb mən də başımı aşağı saldım. Ağa müəllim vəziyyətdən çıxmaq üçün “cavandır” deyib mənim sözlərimə ha mala çəksə də Səfərəliyev razılaşmadı:
– Adam sözünü elə cavanlıqda deyər. Mənim cəsarətli insanlardan xoşum gəlir. Bundan sonra mən oldum bu cavan oğlanın əmisi.
Biz xudahafizləşib qonaq evinə qayıtmaq istəyəndə Səfərəliyev üzünü mənə tutdu:
– Hə, qardaş oğlu, Kəlbəcərin yolu Bərdədən keçir. O tərəflərə gedəndə gəlib əminə baş çək…
Qonaq evinə qayıdanda gecədən xeyli keçmişdi. Səhər açılana kimi Ağa müəllim məni danladı. Hətta onu da dedi ki, bir də səninlə heç yerə getməyəcəyəm. Halbuki sonralar da neçə yerə birgə yollandıq…
Ağa müəllimlə ünsiyyətim bir ezamiyyə səfərlərində, bir də çalışdığım “Yazıçı” nəşriyyatında olurdu. 1978-ci ildən fəaliyyətə başlayan “Yazıçı” nəşriyyatı yazıçılarımızın doğma ocağına çevrilmişdi. Mən təyinatla göndərildiyim bu nəşriyyatın poeziya redaksiyasında redaktor işlədiyim illərdə çox şairlər kimi Ağa Laçınlı da tez-tez qonağımız olardı. Bir gün o, yenə redaksiyamıza gəldi.
Həmin günlərdə Yazıçılar Birliyinin növbəti qurultayı keçirilmişdi və üzvlərə həmişə olduğu kimi qovluq paylanmışdı – hamısı eyni biçimdə, eyni rəngdə… Mən də öz qovluğumu işdəki yazı masamın üstünə qoymuşdum.
Ağa müəllim də gələndə həmin qovluqdan biri qoltuğunda idi. Hal-əhvaldan, söz-söhbətdən sonra Ağa müəllim çıxıb getdi. Aradan bir az keçəndən sonra Ağa müəllimdən zəng gəldi:
– Adil, vağzaldan danışıram. Tez ol, min bir taksiyə, səndəki qovluğu mənə gətir, məndəkini apar. Ezamiyyətə gedirəm, qatara biletim, sənədlərim səndəki qovluqda qalıb. Səhv salmışam. Qatarın tərpənməyinə 20 dəqiqə qalıb. Sən Allah, tələs.
Mən xüsusi cəldliklə qovluğu vağzalda gözləyən Ağa müəllimə çatdırdım. O, sevincək mənim qovluğumu qaytarıb bir az deyindi:
– Əyə, başın haqqı bu sovet hökuməti yazıçılara da inkubator cücəsi kimi baxır…
Əlbəttə, bu, bir xatirə yazısıdır. Şair-alim Ağa Laçınlının poetik və elmi yaradıcılığı haqqında saysız-hesabsız məqalələr yazmaq olar və lazımdır. Onun səmimiyyətdən yoğrulmuş ədəbi irsi, düşünürəm ki, ədəbiyyatşünaslarımızın, tədqiqatçlarımızın nəzər-diqqətindən yayınmayacaqdır.
“Ədəbiyyat qəzeti”,
26 noyabr 2016-cı il