“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romandır. Müəllifi Bircədir. Noyabrın 17-də Kulis.az romandan bir parçanı yayıb. Həmin hissəni Novator.az-ın da oxucularına təqdim edirik.
Cəhənnəmdən keçmiş mələk
Avtobioqrafik roman
Nənəmin əziz xatirəsinə bağışlayıram
Müəllif: BİRCƏ
Proloq
Dənizə aramsız yağan çiskin kimiyəm, Dostum. Sənin cənnətinə baş vurmaqdan, Sənin dərinliyinə qərq olmaqdan, Sənin dalğalarına bükülməkdən, sularında boğulmaqdan doymuram.
Sənin gəlişini Zamanın Sahibinin zühuru kimi gözləmişdim. Dünyaya gözümü açandan düşdüyüm bəlalardan elə bilirdim Sən gəlib qurtaracaqsan məni. Hardasa bir körpü üstündə dayanmış görərdim daima Səni. On illər boyu gözlədim, heç gəlmədin. Həyat məni əzdikcə əzdi, yenə səndən bir səs-soraq çıxmadı. Bezdim, yoruldum, canımdan usandım, bu həyatla tutaşmağa gücüm qalmadı. Bir aralar tez-tez dəniz qırağına çıxardım, elə bilirdim hansısa gəmi gətirəcək Səni. Başına gün döyən, kül atılan sahibsiz itlər kimi sahillərdə qaldım, yenə gəlmədin. Bir-iki bəzəkli paltarımı da gün saraldıb-bozartdı, gəlmədin…
Səni unutduğum, Səndən əlimi üzdüyüm bir qış səhərində qəfil peyda oldun. Görən kimi tanıdıq bir-birimizi, axı on illərdi yol gəlirdik bir-birimizə. Səni görən kimi üstünə yüyürdüm, yox, yüyürmək deyildi bu, qanadlanıb uçub ovcuna qondum. Bir anda ürək ürəyə dəydi, bir anda taleyim dəyişdi. Bəs indiyəcən hardaydın, dedim, niyə gəlmirdin, ey başımın ağası, könlümün yiyəsi, qəlbimin kimsənəsi!..
Özümdən xəbərim yoxmuş, Sən məni özümə tanıtdın. Sən məni içimdən çıxarıb özümə göstərdin, məni özümə sevdirdin. Mənə inam verdin, ümid verdin, cəsarət verdin. Mən bir yesir cariyə, bir aciz köləydim, Sənin qüdrətli əllərində döndüm mələk oldum. Sən məni özünə ucaltdın. Sən sözünün sehriylə mənim içimdə mürgüləyən mələyi oyatdın, bu amansız okeanda kompassız gəzən ömrümün sükanını ona tapşırdın. İçimdə bir xəzinə yatdığına məni inandırdın, məni israrla bu xəzinənin üstünü açmağa səslədin. Bir anda cənnətin qapıları üzümə taybatay açıldı, Sənin cənnətinə ayaq basdım, Dostum. Sən məni inandırmaq istədin ki, bu cənnət qıraqda yox, elə mənim içimdəymiş, ancaq mən yenə də özümü Sənin, məhz Sənin cənnətində hiss eləyirəm. Sənə inandım, Dostum, Sənə etiqad elədim, Sənə iman gətirdim. Sənin cənnətində başımı Sənin dizinə qoyub dərin yuxuya getdim. Sənə qədər cəhənnəm yuxusu içində keçən ömrümün kədərli dastanını danışmaq istədim Sənə. Dinlə məni, əziz Dostum, canımdakı tikanları bir-bir çıxar, ürəyimin yaralarına məlhəm qoy, məni bir də sənsiz buraxma.
Birinci bölüm
Yaranış
Mən Qafqaz dağlarının ətəklərində, adı bəlli bol sulu bir çayın sol yaxasında yerləşən kiçik bir əyalətdə doğuldum. Bura sivilizasiyanın çox gec yol tapdığı altmış-yetmiş evlik bir kənd idi. Kəndimizdə hətta arvadlar da qıza-qadına ikinci sort insan kimi baxırdılar. Atamgil dörd qardaş, bir bacı idilər. Bir subay əmim, bir də subay dayım bizimlə bir dam altında qalırdı. Anabir, ata ayrı qardaş olan atamla böyuk əmim əvvəllər bir həyətdə, bir evdə yaşayırmışlar. Bu iki qardaş bir-birinə candan-könüldən bağlıydı. Böyük əmim Musanın on, atamın beş, bir az bizdən aralıda yaşayan Rəhman əmimin də altı oğlu olmuşdu mən doğulan günə qədər. Burda arvadlar bir ucdan elə oğlan ifraz eləyirdilər. Yadımdan çıxmaz, balaca bir xataya yol verən kimi məni döyməyə cuman qardaşlarıma nənəm həmişə “Ədə, vurma, sən tanrın, onsuz da onu Allah vurub” deyərdi. Yəni Allah vurub ki, qız doğulub. Bu söz mənə güllə kimi dəyərdi, heç nədən özümü bədbəxt sanardım.
Kənddə çox qızı olan ailəyə fitrə-sadağa verərdilər. Heç kəs qızını oxutmağa çalışmazdı, döşü-başı çıxan kimi qızı ərə verib başdan eləyərdilər. Ev işi bacarmayan, saçıyla oynayan, bəzək-düzəyə meylli olan qıza düşmən kimi baxardılar, beləsinin ərə getməyi problem olardı.
Mənim dünyaya gəlişim heç də asan başa gəlməmişdi. Mənə qədər anamın doğduğu beş oğlandan ən böyüyü qızılcadan ölmüşdü. Sonra bir qız da doğur anam. Bu uşaq da beş yaşında suçiçəyinə mübtəla olur. Mənim savadsız anam qızdırmalı uşağı isti suda cimizdirəndən sonra bu uşaq da ölür. Bu arada anamın eltisi – əmim arvadı daha dörd oğlan doğur. Anam bu gün də həmən eltisinə düşmən kimi baxır; demə, bunun uşaqları öldükcə o arvad dayanmadan kürsəyə gəlirmiş.
Sonra anamın boyuna daha bir uşaq – yəni mən düşmüşəm. Arvad fikirləşib ki, yəqin bu da oğlandı. Ağır külfət, əzazil qaynana – anam daha doğmaq istəmirmiş. Həyətimizdə iri gilas ağacları vardı. Anam hər gün gilas ağacına çıxıb ordan aşağı hoppanarmış ki, məndən canını qurtarsın. Arıq canıyla ağır su bidonlarını qaldırarmış. Ancaq bunların bir faydası olmayıb, mən gənə kimi yapışıb qalmışam onun oğlana dadanmış bətninin divarlarından. Bütün cəhdləri boşa çıxanda qonşumuz Sona xala anama deyib ki, iki kilo pendir ver, səni aborta aparım. Anam o yaşında abortun nə olduğunu bilmirmiş. Biləndən sonra bazara getmək bəhanəsiylə nənəmi aldadıb, qonşu arvadla rayon mərkəzinə yollanır. Anamın xain planından xəbər tutan nənəm arxüstü kəsə yolla özunü rayon mərkəzinə çatdırır, anamı abort stolundan yarımçıq düşürur. Həkimlər onu inandırmaq istəyirlər ki, belə olmaz, rüşeym artıq zədələnib, ancaq nənəm heç bir tibbi dəlil-sübutu vecinə almır, eləcə qanı axa-axa anamı qabağına qatıb evə qaytarır.
Anam məni doqquz ay qarnında günü-bacı kimi bəsləyib. Doyunca yeyib-içməyib ki, bəlkə quruyub düşərəm. Dediyinə görə, bu müddətdə bircə yol da ürəkdən gülməyib. Anamın bətnindəki balasıyla bunca düşmənçiliyinə baxmayaraq mən doğulmuşam.
Musa əmim mənim gəlişimə qurbanlar kəsib, nənəm nəzir-niyaz paylayıb. Bətnində balasına nələr çəkdirdiyini yaxşı bilən anam qardaşlarımı mənə yaxın buraxmayıb, deyib üzünə baxmayın, tezliklə öləcək. Nənəm hələ ərə getməmiş bibimlə köməkləşib məni yağ-balla mayalandırıb. Anam kəhriz kimi döşlərindən mənə bir udum süd qıymayıb. Nənəm inəyimizin südünü bişirib dəm caydanına tökər, bibim də çaydanın lüləyini ehmalca ağzıma söykəyib məni beləcə əmizdirərmiş.
***
Mənim həyatımda nənəmin bir ayrı yeri var. Həyətimizin düz ortasında onun çiy kərpicdən tikilmiş iki gözlük xudmani bir evi vardı. Nənəm məni o daxmada hamıdan qoruya-qoruya böyüdərdi. Gecələr mənə uzun-uzadı nağıllar danışar, layla çalardı. Ağlım kəsəndən məndə tez-tez boğulmalar, qarabasmalar olardı. Gecə yatanda nənəm saçlarımı biləyinə dolayardı ki, tutmam tutanda ayılıb mənə yardım eləsin. O vaxt mənasını bilmədiyim bu ritualı hərdən özüm yerinə yetirərdim. Uzun qış axşamlarında nənəm yorulub-usanmadan mənə gələcək həyatımda karıma çatası təlimatlar verərdi. Onun öyüdləri indi də qulağımda səslənir.
Beləcə, mən nənəmin istisində anama nifrətlə böyüyürdum. Anam mənim ağıllı, sözəbaxan, göyçək olduğumu gördükcə sanki əməllərindən peşman olur, arabir üzümə gülümsəyirdi. Amma daldaya düşən kimi çimdikləyir, vururdu məni. Deyərdin nənəm ona övlad yox, ilan bəsləyir. Qardaşlarımın böyüyü o birilərə baxanda məni daha çox istəyirdi, nənəmin gözündən yayınan kimi bağrına basıb öpərdi məni. Nənəm bunu görəndə qan salardı. Əmilərim də məni gizlində öpərdilər. Dayım, əmim oğlanları isə öpmək nədi, yaxınıma belə gələ bilməzdilər. Nənəm məni erkək milçəkdən də qoruyardı. Səbəbini soruşanda deyərdi ki, sonra bilərsən – sonra, yəni böyüyəndə.
Bu minvalla mən həyata da, elə öz həyətimizə də nənəmin daxmasının pəncərəsindən baxa-baxa böyüyürdüm. Hərdən nənəm yuxulayanda qaçıb həyət dolu oğlanlara qarışardım. Həmin andaca ya qardaşlarımdan, ya da əmim oğlanlarından biri məni sürüyüb aparıb nənəmin ayaqlarının altına atardı. Nənəm damağında qəlyan boz tüstü dalından məni süzərdi. Sonra özünün ağır kömür ütüsünü əlimə verib, bir topa paltarı qarşıma yığardı. Mən bapbalaca biləklərimlə o ağır ütünü hıqqana-hıqqana qaldırıb endirdikcə günahımın nə olduğunu anlamaq istəyirdim. Nənəm mənim içimdə kişi cinsinə böyük nifrət körükləyirdi.
Əmilərim mənə göydən zənbildə düşmüş kimi baxırdılar. Atamla böyük əmim Musa arasında nəsə ayrıca bir bağ vardı, əmim ölənə kimi o bağ qırılmadı. Hər iki qardaşın bir çətən külfəti vardısa da, ikisinin də pulu, varı, mal-qarası bir yerdə olardı. İkisi də qazancını nənəmə verərdi. Nənəm də o qazancı iki ailə arasında ədalətlə bölüşdürərdi.
Əmim oğlanlarının heç birindən özümə qarşı pis niyyət, pis hərəkət görmədim. Onlar da məni qardaşlarım kimi qoruyur, qayğımı cəkirdilər. Musa əmim məndən kiçik iki qızını mənim yanımda heç vaxt qucağına almazdı; alsaydı qan salardım. Əmim işiylə bağlı tez-tez uzaq səfərlərə çıxar, hər gəlişində mənə rəngbərəng donlar, qəşəng kuklalar gətirərdi. Belə səfərlərin birində o mənə bir düzüm muncuq almışdı. Arvadı məni çağırıb arxa otaqda muncuğu boynumdan asdı, üstəlik də bərk-bərk tapşırdı ki, bunu əmim qızlarına göstərməyim. Muncuq boynumda nənəmin yanına qaçdım. Onun daş güzgüsündə boynumdakı qıpqırmızı muncuqlara baxdıqca elə bilirdim dünyanın ən gözəl qızı mənəm. Kiçik bacılarım mənə həsədlə baxa-baxa yalvarırdılar ki, bu gözəlliyi bircə dəfə də onların boynundan asım. Dünya dağılsaydı, yenə asmazdım.
Sən demə, xəbər əmimin qızına da çatıbmış. Uşaq vaxtı qardaşları bilmədən bu qurumuş qız yatan yükün üstünə ağır döşəklər yığmışdılar. Bundan duyuq düşən böyüklər qundaqdakı qızcığazı boğulmaqdan son anda qurtarmışdılar. Ondan sonra bu dəli qız çox ləng inkişaf eləmişdi. Bütün gün ağzı işləyirdisə də, xeyri yoxuydu, elə qayış kimi qupquru, qapqaraydı. Atam deyərdi, ay Zümrüd, külək əsəndə çölə cıxma, yel aparıb səni mal təzəyinin içinə atacaq…
Nənəm məni əmimgilə xəlbir dalınca göndərdi, üstəlik də bərk-bərk tapşırdı:
– Muncuğu sinəndə gizlət, elə elə ki, Zümrüd görməsin.
Nənəmi arxayın salıb getdim. Xəlbiri alıb geri qayıdanda Zümrüd qabağımı kəsdi:
– Hanı muncuğun?
Mən xəlbiri yerə qoyub tez koftamın yaxasını aşağı cəkdim, sinəmdə lalə kimi qızaran muncuğu bu balaca ləçərə həvəslə göstərdim. Zümrüd hüznlü səslə soruşdu:
– Kim alıb bunu sənə?
– Əmim.
Qız təmkinini pozmadı:
– Hansı əmin?
Mən ona acıq vermək üçün şövqlə:
– Sənin atan, – dedim.
Söz ağzımdan çıxmamış üstündə bir çeynəm ət olmayan bu cansız məxluq boyunbağımı qoparıb muncuqları samanlığa səpdi. Mən əl atıb onun kol topasına oxşayan saçlarını əlimə yığdım, qızı samanlıqla bir elədim. Ancaq nə mənası vardı, ifritə elədiyini eləmişdi. Özümü samana bələdim, di gəl ordan vur-tut beş-altı dənə muncuq tapa bildim. Qaçıb əmim arvadını söydükcə söydüm, mən ki varıydım, dedim, daha bu ləçəri niyə doğurdun?..
Heç cür özümə gələ bilmirdim. Mənim sevincimi dən-dən, pul-pul eləyib samanlıqda basdırmışdı bu balaca ilan. Handan-hana əmim ağlamaqdan nəfəsimin kəsildiyini gördüyündən, bəlkə bir az da nənəmin qorxusundan məni yanlayıb ovcuma nəsə basdı, tez evimizə qaçmağımı tapşırdı. Gözümün suyu ağız-burnuma dola-dola ovcumu bərk-bərk sıxıb götürüldüm. Yolun yarısında səbrim çatmadı, ovcumu açdım ki, dağılan muncuğumun eynisi əlimin içindədi. Sevincdən əsə-əsə evimizə çatanda o balaca ləçərin çığırtısını eşidib ləzzət alırdım; əmim onun payını mənə vermişdi…
(Ardı var)