Bu məktubları filosof Ağalar Məmmədov ötən ilin yazında göndərib. Onun ”Aşma” kitabı haqda yazdığım ”Aşılası aşılmazlar” adlı məqaləm dərc olunan günün səhəri.
Kompüterin yaddaşında saxlanan köhnə məktubları ayır-seç edəndə onları bir də oxudum. Bu dəfə bir ayrı gözlə, başqa ovqatda oxudum. Oxuyanda tək mənsub olduğun xalqa, cəmiyyətə deyil, elə öz daxili dünyana da baxmağa pəncərə açırmış kimi gəldi mənə.
Düşünüb durdum, niyə bizim ümumi ahəngdən bir az fərqli fikrə münasibətimiz belə sərt olur, amansız olur?
Görəsən, düşünən, düşündüyünü dilə gətirən, yazan adama bizim qədər qəddar üz göstərən xalq varmı? Üzü Axundovdan bəri fikir adamlarımıza sərgilədiyimiz tamaşaları deyirəm.
Arxa durub həvəsləndirmək qırağa dursun, ağız büzüb lağa qoyar, təhqir edib aşağılayarıq. Bu işi elliklə görməyə daha həvəslə girişərik.
”In patria natus, non est propheta vocatus”. “İncil”dəndi, deyir: “Öz vətənində peyğəmbər ola bilməzsən!” Hicrət etməsəydi Məkkədə peyğəmbər olmağa qoyardılarmı Məhəmmədi?
Vətəndə təklənmək nədi – bilən varmı?!
Söz adamı həssas olur, kövrək olur. Yaradıcı adamdı söz adamı. ”Piyada” oxucu sadə həqiqəti bilmir ki, bəzən işlətdiyi bir ağır kəlmə söz adamını dərin ruh düşkünlüyünə çökdürür, quyuya salırmış kimi. Ağalar bəyin bu kontekstdə yazdıqları mənə də tanış gəldi, az olmayıb könül qıranlarım.
Amma bunun əksi də olur. Diqqətli bir oxucunun şirin loğma kimi bir kəlmə xoş sözü səni yeni yazılara həvəsləndirir, fikir üfüqlərinə çıxarır. Açığı, ağlıma gəlməzdi ki, mənim də yazdığım belə olacaq, qərib filosofda bu sayaq ovqat yaradacaq.
Şəxsi məktub olsa da – onları yalnız kitabı haqda xoş sözlər yazan birinə təşəkkür naməsi kimi qəbul etmədim – elə bildim tək mənə ünvanlanmayıb, hamıyadı. Özü də yalnız bu gün yaşayanlara deyil, həm də sabah doğulacaq insanlara yazılıb.
Onu tanıyıb dəyər verənlərə – elə xoşu gəlməyənlərə də – maraqlı ola biləcəyini düşündüyümdən dərc etməyə qərar verdim.
Məktubların yazılma səbəbini bilməkdən ötrü ”Aşılası aşılmazlar” yazısına baxmaq pis olmaz, məncə. Keçid verirəm.
Vahid Qazi
Oktyabr, 2016
Bəy,
elə bir az olar oxumuşam, donub qalmışam, söz tapmıram yazmağa. Sizə yazacaqdım, ancaq sizin e-maili görüb indi yazdım.
Vahid bəy, məncə, adam tənqidə də, tərifə də, sevilməyə də, sataşılmağa da, təklənməyə də, seçilməyə də və s. yavaş-yavaş öyrəşir. Biz ilk dəfə sevgi izharı alanda da həyəcanlanırıq, ilk dəfə təklənəndə də, ilk dəfə tənqid ediləndə də və s. Sonra dadı bəlli olduqca alışırıq bu duyğularımıza.
Bunu düşünürəm bayaqdan. Daha doğrusu, sizin yazınız düşündürür bunları mənə. Ona görə ki, mənim haqqımda yazılan ilk tərifli məqalədir bu. Ona görə bayaqdan tutulub qalmışam, yepyeni bir duyğudur mənim üçün.
İndiyəcən hamı tənqid edib məni, hamı. Hətta açıq təhqirli sözlər ehtiva edən məqalələr yazıblar haqqımda yekə-yekə, bığlı-saqqallı kişilər saytlarında, yalan xəbərlər qoyublar saytlarına və s. Ancaq belə tərifli məqalə oxumamışdım özüm haqqında indiyəcən. Düzdür, məqaləsində, müsahibəsində, şərhində, statusunda adımı təriflə çəkənlər çox olub, tərifli bir cümlə də çox yazılıb və s. ancaq belə böyük və əzəmətli bir yazı heç vaxt olmamışdı.
Mən yazmışam başqaları haqqında tərifli yazılar (Niyazi Mehdi, Ramiz Rövşən), ancaq mənim özümə olmamışdı. Tərif deyəndə isə iqtidar nümayəndəsini, müdiri tərif mənasını nəzərdə tutmuram təbii, dəyər və əhəmiyyət verməyi, gələcək perspektivinə inamını publik ifadə etməyi nəzərdə tuturam. Heyf ki, bunların hamısını ifadə edən “tərif”dən başqa söz tapmıram indilik.
Vahid bəy, birincisi, bu ilkinliyə görə sizə minnətdaram. İndi yazdığım çoxcildliyi istədiyim kimi yazıb qurtara bilsəm, gələcəkdə yəqin ki, haqqımda çox yazacaqlar, ancaq sizin yazınız ən azından ilkinliyinə görə unudulmaz və əziz qalacaq mənim üçün.
İkincisi, mənə verdiyiniz dəyərə və əhəmiyyətə görə sizə minnətdaram. Orada o qədər yaxşı sözlər var ki, mənim haqqımda. Heç biri də yanlış deyil, heç biri uydurma deyil. Məni nə qədər dəqiq duymusunuz. Sizin kimi kamil oxucusu olmaq adama güclü güvən verir. Yazınızı utana-utana oxusam da, çox böyük yaradıcılıq gücü aldım oradan.
Üçüncüsü, haqqımda yaxşı sözlərinizi açıq, publik söyləməkdən çəkinmədiyinizə görə sizə minnətdaram. Çünki bilirsiz ki, məndən xoşu gəlməyənlər çoxdur orada. Özünü zərbə altında qoyub, mənim kimi adam haqqında belə bir yazı dərc etdirmək asan deyildi. Böyüklük elədiniz doğrudan da.
Dördüncüsü, … (hələ düşünürəm, düşündükcə də dördüncünü, beşincini tapacam, indi isti-isti yazdım deyə ağlıma hələlik bunlar gəldi).
Bir sözlə, haqqımda belə bir yazı yazmağınız mənim üçün şərəf oldu, bəy. Dönə-dönə sağ olun. Xətriniz əziz olsun.
Dərin hörmətlə, Ağalar.
Dördüncüsü, yazınızın bəzi yerləri məni əməlli-başlı kövrəltdi.
Axşamınız xeyir, Vahid bəy.
Duyğudur da, birbaşa dəqiq, konkret izahı yoxdur bəlkə də, qəfil gələ, qəfil yox ola bilər.
Ancaq Hegel deyirdi bütün duyğuların altında bir ağıl var, rüşeym kimi, toxum kimi, daha doğrusu, əqli səbəblər var. Başqa sözlə, duyğular hələlik dumanlı ağıldır. İndi mənim kövrək duyğumu eşələsək, qarşımıza bir neçə səbəb çıxa bilər.
Məsələn, adam illərin əməyinin itmədiyini görür, təxminən övlad sevinci kimi – kövrəlir.
Adam bir anlığa tək olmadığını hiss eləyir – kövrəlir.
Az qala hamının bir-birinə yadlaşdığı dünyada öz eqosunu geri çəkə bilmək gücü olan insanların hələ də yaşamasını görüb coşur – kövrəlir.
Başa düşürsən ki, davam eləmək olar, hətta lazımdır. Yazı konkret mənim haqqımda olsa da, azərbaycanlıların, o qədim oğuz elinin, hamımızın ortaq gələcəyimizin qeydinə qalaraq, yəni vətənə ehtiramla yazılmışdı. Bu da əsas səbəblərdən biri idi.
Yazının xüsusilə son cümləsi, hətta son kəlməsi mənə lap təsir elədi. Bu cümlənin üslubu yadıma Martin Haydegger haqqında oxuduğum bioqrafik bir xatirəni saldı.
Təxminən belə təsvir eləmək olar yəqin ki, mənim kövrəlməyimi. Düşünsəm bəlkə yenə nələrsə taparam, indilik ağlıma bunlar gəldi, Vahid bəy.
Mən bir daha sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun.
Hörmətlə, Ağalar Qut (Məmmədov)
23.04.15