İbrahimxəlil
Dədə Mirzə Tüpdağıdan (heyif, Koroğlu dəlilərinin dastanə, az-az da dəcəl-xata adlarına!) elə qışqırır, sanki ağıl dişini çıxardırlar: mənə kürsü gətirin! – əlbəttə, xitabət kürsüsünü nəzərdə tutur – tribunanı mənə verin! natiqlərin oturduqları yerdə təkcə mən oturmalıyam! və sairə və ilaxır… İmkanı olsaydı, bəlkə kürsiyi-hökumətdə (ərşin altındakı göy təbəqəsi) də oturardı…
Hara gedirsə, arxasınca pyedestal da daşıtdırır. Nə qədər dil tökürlər ki, ay bəni-adam, axı pyedestal əsasən qalib idmançıların mükafatlandırılması üçündür; üçpilləli olmağı da elə bu sərhesab səbəbdəndir. Yəni ilk üç yeri tutan pyedestala qalxmaq haqqı qazanır. Heç olmasa, Rio-2016 Olimpiya oyunlarına baxaydı. Heç olmasa, yüz metrlik məsafəyə qaçış üzrə üçqat Olimpiya çempionu Yamaykalı Useyn (Süsən-Sünbüldə onu, bəlkə də daha çox əzizləmə mənasında, Hüseyn, ya da yerli ladda sadəcə olaraq Söyün çağırırlar) Bolta pyedestalın necə yaraşdığını görəydi! Mükafatlar təqdim olunandan sonra birinci-ikinci yerləri tutan idmançıları da qollarından tutub birinci pilləyə qaldırır ki, həm Haqqa, həm də idmansevərlərə xoş getsin… Amma Dədə Mirzə Tüpdağıdan bir bütöv pyedestala təkcə də sığmır! Bir bəhanəsi də budur ki, bir halda Nəsimi iki cahana “sığmayıb”, o da bir mirzələr mirzəsi olaraq niyə bir pyedestala sığsın?
Doğrudur, pyedestalın abidə-heykəl üçün özül-altlıq anlamına gələn mənası da var. Bəlkə də Dədə Mirzə Tüpdağıdanın pyedestalla-postamentlə bağlı cuşi-xüruş cüvəllağılığı da elə buralardan qaynaqlanır: yəni hər vasitə ilə yüksək “ictimai nüfuz” sahibi olduğunu nəzərə çarpdırır. Axı Süsən-Sünbüldə indiyədək heç kəsə heykəl qoyulmayıb. Baxmayaraq ki, Sovetlər dönəmində kənd klubunun həyətində Leninin heykəli üçün postament düzəltdilər, amma heykəli Süsən-Sünbülə gətirib çıxarana qədər heykəltəraş da dünyasını dəyişdi, Sovetlər də yıxıldı. Vahid Vəhdət Dünyasında nələr olmur?
Amma Dədə Mirzə Tüpdağıdan gözünü dikdiyi üstü boş postament hələ durur; bir az üstünü toz-torpaqdan təmizləmək lazımdır. Vəssalam!
Süsən-Sünbülün bir “müstəsnalığı” Dəllərə də, Sarvana da, Qaraçöpə də bəllidir: burada az qala əyyami-qədimlərdən üçcə nəfər mirzə (əlbəttə, qələm sahibi mənasında) bir pyedestala sığışmır ki sığışmır! Bəziləri bunu sadəcə olaraq qəzavü-qədərlə bağlayırlar; yəni belə məlum olur ki, heç ərşi daşıyan mələklər də Süsən-Sünbül mirzələrinin pyedestal problemini yoluna qoya bilməzlər. Nə deyim…
Amma bu yerdə hörmətli Sabir Rüstəmxanlıdan pyedestalla bağlı sitat gətirməsəm ibrətgötürmə insafsızlıq olar.
Sabir müəllim şair Çingiz Əlioğlunun “Qapı” adlı şeirlər kitabına ön sözünün bir yerində deyir: “…bir dəstə şairlə İlisuya gedirdik, yolüstü pyedestala bənzər bir sütun diqqətimizi cəlb etmişdi və o dəqiqə mübahisə düşmüşdü: əsl şair heykəlinin yeridir! Pyedestal bir heykəl üçündü, amma zarafatla hərəmiz bir yandan bu kürsüyə dırmaşdıq. Məlum oldu ki, bu pyedestala hamımız yerləşə bilirmişik”. Və Sabir Rüstəmxanlı ilk növbədə Nüsrət Kəsəmənlinin (Allahın rəhmətini diləyirəm), Çingiz Əlioğlunun və özünün ömür boyu nəinki bir pyedestala, hətta bir iynə ucuna da sığa bilən dostluğunu və kürsü davası, şöhrət birinciliyi olmayanda yüksəkliyi bölüşə bilmək bacarığını vurğulayır.
Amma Dədə Mirzə Tüpdağıdan…
Dünən eşitdim ki, kənddə yeni pyedestal düzəltdirir və onu da düz Əyriqarın zirvəsinə çıxartdırmaq fikrindədir. Dedim ki, yəqin hər il düzilqarlı Əyriqarın ətəklərindəki Armudlu yaylağında (yayla ilə yaylağı qarışdırır) keçirilən elat bayramı üçün hazırlatdırır. Sonra da arada-sırada ağlıma gəldi ki, axı oralarda tribunadan istifadə edirlər (heç olmasa tribunaya sığaydılar). Necə çaş-baş qalmayasan?..
Mirzə Qələm səhər-səhər Feysbuk səhifəsində soruşur ki, bu “pyedestal adam”dan canımız nə vaxt qurtaracaq görəsən? Bəlkə onu elə diri-diri quruca adı qalan klubun həyətindəki üstü boş postamentin üstünə qoyaq?
Onu bilirəm ki, Dədə Mirzə Tüpdağıdan ona poema həsr eləmiş Mirzə (Dədəsiz) Tanrıtanımazla bərabər, pyedestal da maşında, sabah Əyriqara çıxır. Ağlına hardan gəlsin ki, Əyriqar özü elə ən böyük pyedestaldır: çox mənasız mənsəb sahibini dərəaşağı dığırladan pyedestal…
P.S. Dədə Mirzə Tüpdağıdan Əyriqara istər pyedestal deyil, lap Babil qülləsi qoydursun, yenə də Allaha yaxın olmağın yolunu tapa bilmədi. İmam Sadiq (ə) də deməmişdimi: “Allaha ən uzaq olanlar dikbaşlardır”.
Misilləmə misal üçün, burası da var ki, Səmərqənd, Samara, Santa-Barbara, ya da Süsən-Sünbül pyedestalının bədii tərtibatı arazbarı az da ola bilər; yəni baxır materialına! Amma gərək yazı adamının, qələm sahibinin özünün “bədii tərtibat”ı yerli-yerində olsun. Hansı “material”dan yoğrulmağının filhəqiqət fərqi varmı?..
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) •Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) •Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers) • Pikasso Əyriqarda (80×60) • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka) • Hər kəsin öz yağışı (nəqşi-zəmir)