İbrahimxəlil
Unudulmaz Nüsrət Kəsəmənlinin “Vətən” adlı vaqifanə şeiri var: bu miras misralar da həmin şükr və təşəkkürlər dolu şeirdəndir:
Anaların torpağı sulayan
tərini sevdim,
Göy qurşağı kimi əlvan
yerini sevdim…
…burnu titrəyən dovşanını,
bənövşəni, yovşanını…
…çiçəyini, gülünü sevdim, Vətən,
obanı, elini sevdim, Vətən.
Yağışına çətir tutmadım
leysanını, selini sevdim, Vətən!..
Düz iyirmi beş ildir ki, bu şeir mənimlə yol yoldaşıdır: Dəllərdə, Zol-Güvəcdə, Sarvanda, Qaraçöpdə, Əyriqarda, Sınıq körpüdə mən “Yağışına çətir tutmadım” pıçıldamışam.
Yağış mövzusunda çəkilmiş xeyli fotoya, rəsm əsərinə baxmışam. Rizvanın da yağışla bağlı bir neçə əsəri var: onlardan üçünü – “Rəhmət yağışı”nı, “Mələklərin ilahi yağmuru”nu və “Hər kəsin öz yağışı”nı qeyd etmək istərdim.
“İncil”də belə bir ifadə var: “O, öz Günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun və saleh olanlara da, olmayanlara da yağışlar göndərir”. Əlbəttə, bu gözəl ifadədəki bəşərilik anlaşılandır. Amma burası da var ki, doğrudur, uca Yaradan o yağışı göndərir ki, saleh olmayan adam da bu yağış şifri-kodu-işarəsi ilə anlasın ki, saleh olanların cərgəsinə keçmək lazımdır. Amma bunun üçün gərək hər kəsin öz yağışı da olsun: öz rəhmət, öz iman və insaf yağışı. Bunun üçün çölə-düzə yağan yağışlar azdır, gərək içinə-daxilinə yağan yağışlarda da yuyunub paklana biləsən. Gərək susuz səhra misallı, arada-sırada yağış üçün cadar-cadar olasan, hətta alışıb yanasan. Rizvan yağış tablolarında bunları rənglərin koloriti, kontrast və qamma dilləri ilə anladır.
Rizvanın yağışdan danışan rəsmlərində insan üzdə deyil, daxildədir. Amma bu o demək deyil ki, o, yağışdan qaçıb gizlənib. O, yağışın dərinliklərindədir, hətta bir qədər də uzaqlara gedib demək istərdim ki, o özü bu dəfə bəlkə də elə yağış şəklindədir. Şair İlqar Fəhmi demiş:
Yağdırsa da çirkabə məni qarə buludlar,
Qəlbimdəki şəffaflığımı saxlamışam mən;
çünki yağışam mən…
…yağsam da yerə, göylərə qaytar məni, ya Rəbb,
Torpağa biryolluğa qoyma qarışam mən;
çünki yağışam mən.
Rizvanın “yağışlar”ında bir hüznün-həsrətin az-az görünən izləri də var: sən vətənin yağışına çətir tutmursan ki, bu vətən yağışıdır; islanıb cücüyün çıxsa da olar. Unudulmaz Şəhriyar demiş, “…ildırımlar çaxanda, sellər-sular şaqqıldayıb axanda” belə, sən “bir də görüş qismət ola, olmaya” hikmətində yaşaya-yaşaya bu itkinliklər, ayrılıqlar mahiyyəti olan dünyada öz yağışlı ümidini də üzmürsən, buraxmırsan və “mənim də bir adım gəlsin dilizə” deyirsən.
Rizvanın “Hər kəsin öz yağışı”nın çox maraqlı görünən bir tərəfi də var. Çox ola bilər ki, məsələn, van Qoq, Mircavad misallı, vətənin müəyyən səbəblər üzündən səni anlamadı, onda sən öz yağışınla günlərin bir günü, özü də gözlənilmədən vətənin dağlarına, bağlarına səpilə-səpilə keçib gedirsən. Mayakovskidə belə deyildimi:
İstərdim vətənim anlasın məni,
Əgər anlamasa, neyləmək, nə qəm?
Çəpəki, köndələn yağışlar təkin,
Ölkəmin yanından yağıb keçərəm.
(Я хочу быть понят моей страной,
а не буду понят – что ж,
по родной стране пройду стороной,
как проходит косой дождь…)
…Mən bu yazıda son nöqtəyə çataçat yağış başlayır. Kazretidən Darvaz dərəsinin özü yox, ülfət və ümmət dolu üstü görünür. Darvaz dərəsinə də yağır: o məkanın açarı Rizvanın doğma kəndi Zol-Güvəcdir. Nəvələrim Elida ilə Fidan nənələrindən öyrəndikləri ifadəni deyirlər: “Baba, elə bil nur yağır”.
Onlar yaşda olanda mənim nəğməm özgə idi:
Yağma, yağma, atam çöldədir,
Yapıncısı evdədir.
Bu da yayın orta ayında çoban atamın Əyriqarın o üzündə olmağına işarə idi; özümün yox, onun islanmağından ehtiyat edirəmmiş və heç vaxt əlimi yağışın altına tutmurdum ki, birdən, işdi şayəd, əlli gün yağış yağar… Əlbəttə, “Mələklərin ilahi yağmuru”ndan başqa; çünki mələklər istisnadı: ilahi istisna! Məgər uca Yaradan əsrarəngiz bir gündə bu əsrarəngiz varlıqlarla “səmaların fəzaları arasındakı məsafə”ni doldurmadımı?..
…Hava proqnozuna görə, sabaha da yağış gözlənilir. Amma hesab eləmirəm ki, adi yağışdan filhəqiqət fərqli olaraq mələklərin ilahi yağmurunun bir proqnozu ola… Hər halda Rizvanla bir məsləhətləşmək də pis olmazdı…
…sonra bu da yadıma düşür ki, xəstələr şəfa tapsın deyə İtaliyada payız yağışının səsini lentə yazdırıb palatalara verirlərmiş…
Rizvanın “Hər kəsin öz yağışı”na baxanda nasaz adam özünü doğrudan yaxşı hiss etməyə başlayır. Bəzi sənət əsərlərinin müalicəvi gücü haqqında sən də eşitmiş olarsan…