İbrahimxəlil
Süsən-Sünbül tərəflərdə buna mənim impressionizmim – ovqatdakı əlahiddə, müstəsna cəhətlər – deyənlər də var, ekspressionizmim – gözdən çox ağıla (və ağıza) aid olan – deyənlər də var. Hələ ekzistensializmi, sentimentalizmi, sürrealizmi də demirəm.
Amma mən həyatımızı illərlə ölçməyimizə rəğmən, bütün hallarda hesab edirəm ki, bir halda ömür – doğrudan da aldığımız nəfəslərin sayıdır, onda, məsələn, niyə İspaniyalının nəfəsi arada-sırada İlməzlidən gəlməsin? Niyə Əyriqarda Karakaslının nəfəsi duyulmasın? Zəncanın Ərzincanda, Dərbəndin Səmərqənddə, Misirin Çində, Gəncənin Göyçədə, Tiflisin Parisdə hiss olunan nəfəsləri də bir ayrı… O nəfəsləri Yaradandan özgə kim kəsə bilər?
…Mən rəssam Rizvan İsmayılın nəfəsinin-səsinin Tiflisdə parlamentin Milli kitabxanasının sərgi salonundan, İstanbulda “Cəfərilər dərnəyi”ndən, Bakıda Səttar Bəhlulzadə adına Mərkəzi sərgi salonundan, Moskvada – Manejdən, Parisdə – Luvrdan gəldiyini Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərində duyuram. Məsələ burasındadır ki, Rizvan İsmayılın Tiflis, Paris, Moskva, Bakı, İstanbul tərəflərindən dolayı, bir də bir Əyriqar tərəfi var ki, bu Əyriqar tərəfində də ancaq Rizvana məxsus bir səmimiyyət və sadəlik mövcuddur.
Ta əzəldən də dediyim kimi, dünya – Vahid Vəhdət dünyası olduğu səbəbindən və uzaq nəfəslər yaxında hiss olunsun deyə, üstəlik də tarixin toz-tozanaq təkərləri hərdən-birdən ucqar deyilən yerlərdən, yəni biz tərəflərdən də keçsin deyə qayimməqam qələmin xəyal gücünün hesabına arada-sırada Sokratı, Ərəstunu (Aristoteli), Don Kixotu, Servantesi, Viktor Hüqonu, Məhəmməd Əlini Əyriqara gətirmişəm: axı bizim dağların azadlıq havasından çətin olar! Dahiləri yaxınında duymaq, onlarla baş-başa, çiyin-çiyinə, ürək-ürəyə addımlamaq nəyə desən dəyməzmi! Onları kopyalamaq, onlardan oğurlamaq yox, sadəcə olaraq onların ancaq insani olan, ancaq bəşəri olan nəfəsi önəmlidir.
Amma – əlbəttə, mənə görə – Əyriqara özü də bir rəssam olaraq ilk dəfə məşhur rəssam “dəvət edən”, gətirən məhz Rizvan İsmayıl olub. Etiraf edim ki, Əyriqar tərəflərdə alim də tanınırdı, alimnüma da, şair də, yazıçı da, siyasətçi də, amma rəssam bir elə tanınmırdı. Ona görə yox ki, bu sənət buralarda qanılmır, əksinə, eynən bəzi Bakı kəndlərinin uşaqları demiş, bu sənət – buralarda “alayı”, ayrı… qeyri-adi bir sənətdir! Yəni təxminən adiliklərdəki qeyri-adilikləri görmək bacarığı, bəsirəti olduğutək…
Amma buraların bir dilli-dilavər Süsən-Sünbül dili də var və əgər Süsən-Sünbül dili ilə demək gərəksə, deyim: buralarda alimdən, alimnümadan, siyasətçidən, donosbazdan, şairdən saatlarla, hətta günlərlə bıdır-bıdır ötənlər rəssamlardan – olsun Tahir Salahov, olsun Sakit Məmmədov, Levan Mosiaşvili, Vinsent van Qoq, Salvador Dali, ən bahalı incəsənət nümunələrindən olan “Qışqırığ”ın (119,9 milyona satılıb) müəllifi Edvard Munk və sairə – söz düşəntək, eynən ibadətin başlanğıcı olan sakitliyə bənzər bir sakitlik yaranır.
Müxtəsəri, kol da gərək sən girən kol ola!..
…Rizvan Əyriqara Pikassonu gətirdi: kasıb vaxtlarında odun əvəzinə rəsmlərini doğramalı olan, kabarelərə-qəlyanaltılara bircə dəfə yemək yeməyi müqabilində bir rəsm əsəri bağışlayan, kabare sahibinin 20 dollara satdığı əsərinin 2004-cü ildə 105 milyon dollara satıldığı Pikasso!
Rizvanın əsərlərinin biri “Pikasso iş başında” adlanır. Burada Pikasso yaradıcılığının “mavi” və “çəhrayı” dövrlərindən nə qədər iz var, əhval-ruhiyyənin, nəfəsin-səsin ötürülməsindən rənglər nə danışır, məchulla-məlumun sərhədləri haralardan keçir, “kubistik kriptoqrafiya”lar-şifrlər nə deyirsə – bunları mütəxəssislər və təbii ki, müəllif olaraq Rizvan daha yaxşı bilər. Mənim üçün ən vacibi Pikassonun Əyriqarla, şəxsən Rizvan İsmayılla vəhdət vilayət olmağı, rayihəli və reyhanəli rənglərə batıb-çıxmağıdır. Onu ifrat formalistlikdə günahlandıranlara gülən dağları öz gözlərimlə görmüşəm…
…Rizvanla dünən görüşdüm, bu payızın oktyabrına planlanan Luvr səfəri ilə bağlı da danışdı. Onun arzuları o qədər saf, o qədər həzin və gülərüz görükür ki, sanki Pikassonun “Sülh göyərçini”ni və “Şar üzərində qızcığaz”ını görürəm.
Sonra Rizvanın gözlərinin dikildiyi səmtə baxıram; küçədən dərdin əyib arazbarı qatladığı, amma başucalığı da buludlarda bərəkət bəlləyən qadın keçir.
…Pikasso anasının soyadını daşıyırdı və bu unudulmaz rəssama görə, dərdli adam (bəlkə dərdli qadın) daha səmimi olurmuş…
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) •Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) •Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika) • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)