İbrahimxəlil
Əsrlər uzunu layiq və nalayiq sözlər deyilən, amma bütün hallarda axirəti onunla qazandığımız dünyaya kim hansı gözlə baxırsa, elə bilir dünya onun baxdığı gözlə, gördüyü bucaq altında yaranıb. Doğruluq gözü ilə baxan elə bilir dünya doğruluqdan yoğrulub, fitnə gözü ilə baxan elə bilir dünya fitnədən yaranıb, bəsirət gözü ilə baxan da elə bilir dünya bəsirətdən yaranıb. Müxtəsəri, beyət gözü də elə, əmanətdarlıq da, fəzilət də, günah da, hərislik də, xəyanət də…
…Füzuli dünyaya məhəbbətin gözü ilə baxıb; bu, bizə əsrlər sonrası nələr pıçıldayır, nələr söyləyir?..
Ey Füzuli, nə gözəldir sözü azadəliyin!..
Hələ bu qüdrətli sənətkarın ancaq vaqiflərə məlum olan “vaqifi-əsrar” tərəfləri də öz yanıqlı-yağmurlu yerlərində…
Gürcüstanda “gürcü türkologiyasının lideri” (Apollon Silaqadzenin ifadəsidir) hesab edilən Elizbar Cavelidzenin Füzuli haqqında eyniadlı monoqrafiyası var. Bu elmi-tədqiqat əsəri 1964-cü ildə yazılıb; Füzulinin 470 illiyi ərəfəsində. Onda Elizbar Dmitriyeviç 26 yaşındaymış. O, Tiflisdə anadan olsa da mənim hazırda yaşadığım Kazreti qəsəbəsindəki 2 saylı məktəbin məzunu olub. Həmin məktəblə düz 23 il çalışdığım 1 saylı məktəbin arası cəmi 210 addımdır. Amma arazbarı sözüm bunda deyil.
…“Füzuli” monoqrafiyasının tərcüməçisi olan Mirzə Məmmədoğlu 2016-cı ildə əsəri “Universal” nəşriyyatında iki dildə – gürcü və Azərbaycan dillərində nəşr etdirib.
Bir zamanlar kitabların işıq üzü görməyi az qala bayram olurdu; özü də təkcə “bizim küçə”nin bayramı deyil, həm də sən bildiyin küçələrin də bayramı olurdu. İndi “Füzuli” də səssiz qarşılandı. Mirzə müəllim bundan əvvəl də K.Pağavanın “Nizami” və “Mirzə Fətəli Axundov” monoqrafiyalarını dilimizə çevirmişdi. Hamısında da oxşar sükut və oxşar “təvazö”lər… Hətta Süsən-Sünbül tərəflərdə mısmırığını sallayanlar da tapıldı ki, bəs deməzsənmi, məgər indi monoqrafiya mühafizəkarlığı vaxtıdırmı? Bəlkə də təəccüblənmək əsassızdır. Çünki şairlə mühit arasındakı ixtilaflar da daxil “ruzi yeyənik ali-rəsulun qapısında” deyən Füzuli, haram tikə yeməyən Füzuli onsuz da zirvələrdədir. Üstəlik, rüşvət deyildir deyə salamını almayanların tam əksinə olaraq, onun sözünün işığında neçə-neçə “Füzuli qırığı” da doğulub…
…Elizbar Cavelidze də – əlbəttə, eşitdiyim qədər – hansı hakimiyyət olur-olsun, öz qətiyyətindən üz döndərməyib, prinsipiallığına xəyanət etməyib. Bəlkə də qədim-qayım həqiqətləri sevdiyi səbəbindən Füzuli kimi o da “medal” maraqlılarından olmayıb.
Təbii ki, o qüdrətli qələm sahibi bilə bilməzdi ki, günlərin bir günü Gürcüstanda – Tiflisdə də haqqında kitab yazılacaq, Bakıda ona həsr olunmuş yubiley medalı buraxılacaq. Belə görünür ki, arada-sırada medalsız da ötüşmək olmur.
Medal demiş… medallarla bağlı 101 maraqlı faktdan birinə baxsaq – misilləmə misal üçün – görərik ki, bəzi ölkələrin təbəələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər. Amma Füzulinin – bu unudulmaz lələk qələm (indi nə qədər qızıl qələm sahibi var!) sahibinin timsalında heç bir “xarici” və “daxili” qayda mövcud deyil; çünki o, ərəb, fars, türk (olsun ispan dili, olsun yapon dili) dillərində olduğutək, gürcü dilində də xaric səslənmir! Qətiyyən!
Burasını da deyim ki, Füzuli yubileyinə həsr olunmuş medalı Elizbar Cavelidzenin də, Mirzə Məmmədoğlunun da yaxalarında görməyi çox istərdim… Baxmayaraq ki, Elizbar Cavelidze indiyədək Azərbaycanın Əməkdar mədəniyyət işçisi adına layiq görülüb, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Mirzə Məmmədoğluya gəlincə, o, “Qədim Tiflis”, “Xudu Borçalı”, “Tənhalıq nəğməsi” (Revaz İnanişvilidən tərcümə) kimi köklü-gövdəli kitablar müəllifidir.
Müxtəsəri, hansı minvalla ki, Füzuli medal üçün yazmayıb, həm də Quba və Qori almaları misallı yarıalmatək oxşar minvalla Elizbar Cavelidzeni də, Mirzə Məmmədoğlunu da medalların üz (avers) və arxa (revers) tərəflərindən çox, adi gözlə görünməyən bəsirət tərəfi cazibələndirib…
P.S. Elizbar Cavelidze 1966-cı ildə “Ruhi Bağdadi” mövzusunda dissertasiya müdafiə edib. Füzulinin oğlu Fəzli ilə dostluq etmiş Ruhi Bağdadinin yaradıcılığına Füzulinin ən böyük təsiri olduğundan Mirzə Məmmədoğlunun bu elmi əsəri də dilimizə tərcümə etməsini çox istərdim. Həm də ona görə ki, dünyanın bu həzin-füzun vaxtında Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın Bağdad tərəflər adamı çox çəkir. Medalları bombardmanlarda kül olub gedən Bağdad…
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) •Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro) • İbrahimxəlil süfrəsi (inversiya) • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı) • Neyron yuvaları nişangah altında (innovasiya) • Əyriqarın qardaşı (ucqar havası) • Borçalı butaforiyası (debüt) • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı) • Can (aqape) • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) •Letargiyada erməni latayırları (kontrast) • Bulfüzul “burun”u (otolarinqologiya) • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü) • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi) • Məhəmməd Əli Əyriqarda (bandaj) • Mənim Şiraz tərəfim (leytmotiv) • Süsən-Sünbül sofistləri (ritorika)