İbrahimxəlil
Mirzə Cəlildə belədir: məsələn, iki uşaq güləşir, biri o birisini basır, basılan özünü sındırmamaqdan ötrü cəld durur ayağa və yalandan xəbər verir: “bay, bir fındıq tapdım”.
Bir vaxt İrəvandan kirvə tuturduq və deyirdik ki, kirvə kirvənin damının üstünə çıxmaz ki, torpaq tökülər… bu öz yastıyapalaq yerində…
…əlbəttə, pərt olub yerdən qalxan “bay, bir qoz tapdım”, ya da misilləmə misal üçün, “bay, bir alma tapdım” da qışqıra bilərdi, amma o, fındığa üstünlük verir ki, bunun da suveren səbəbini göydə uca Yaradan, yerdə isə unudulmaz Mirzə Cəlil bilərdi.
Fındığın səhhət üçün xeyirli olma səbəbi bəllidir: tərkibində xolesterin olmadığına görə qan-damar xəstəliklərinin yaranmasının qarşısını ala bilir, üstəlik, beyin fəaliyyətini yaxşılaşdırdığı da məlumdur.
Son vaxtlar fındığın – deyilənə görə, bu növ məmulatların kralı olan fındığın – əhəmiyyəti elə artıb ki, hətta bu yaxınlarda Türkiyənin Ordu şəhərində bir möhtəşəm və mötəbər Fındık Toplantısı da keçirildi.
Amma sözümün cücəplov canı bunda deyil…
…basılıb özünü sındırmayan “milli” Mirzə Mikrobun, yaxud Mirzə Virusun “bay, bir fındıq tapdım” deyə yalan yeltəmələri arada-sırada bəllidir. Amma Almaniyanın Frayburq şəhərində, bizim Sınıq körpüyə və düzilqarlı Əyriqara görə, Almaniyanın uzaq və ucqar Frayburq şəhərində yaşayan Sarıbek Uluxanyanın mərci uduzhauduz, birdən-birə “bay, bir fındıq tapdım” deyə bağırmağı elə həmin Frayburq şəhərində yaşayan Mirzə Oqtay Eloğluna (Allah unudulmaz Cəfər Cabbarlıya rəhmət eləsin) qəribə gəlib. Ona görə yox ki, bizim əlifbadakı “F” hərfi ilə erməni əlifbasındakı “F”-in tələffüzündə filhəqiqət fərq var: yəni bizim “fındıq” Sarıbek Uluxanyanın dilində “pındık”, ya da “punduk” (ruscanın təsiri ilə belədir) şəklində səslənir. Hörmətli Hikmət Babaoğlu da Sınıq körpünün bəri üzündə, Əyriqar tərəflərdə dərin təsirə malik bir fikrində israrlı deyildimi: “…bu gün türkcə soyadı olan ermənilərin demək olar ki, böyük əksəriyyəti xristian qıpçaqlardır: Nalbandyan, Ulubabyan, Dəlləkyan, Dəmirçiyan, Sarıbekyan və sairə” (bax: Hikmət Babaoğlu. “Akdamardan Sarı gəlinədək erməni yalanı” səh.26).
Mirzə Oqtay Eloğlunun təəccübünə səbəb olan bu idi ki, Frayburq – İsfahan dostluq qrupunun tərkibinə erməni Sarıbek Uluxanyanı deyil, türk Hakan Çalhanoğlunu (məşhur futbolçu Hakan Çalhanoğlu ilə ad eyniliyi təsadüfdür) seçmişdilər. Çünki Almaniyanın Frayburq şəhəri ilə İranın İsfahan şəhərləri qardaşlaşmış şəhərlərdir və dostluq qrupunun tərkibinə hərdən-birdən əcnəbi qürbətçiləri də daxil edirdilər. Həm də ona görə ki, Frayburq almancada “azad”, “azad şəhər” (“frei” azad deməkdir) anlamını verir. Yəni Avropasayağı elə mənzərə yaratmaq lazımdır ki, bəs deməzsənmi, oralarda azadlıq hamı üçünmüş.
Bax, həmin məqamda, yəni dostluq qrupuna seçilmədiyi təqdirdə Sarıbek Uluxanyan “bay, bir pındık tapdım” deyə bağırmışdı. Sizə fantasmaqoriya kimi gəlməsin: amma burasını da dəqiq bilirəm ki, Sarıbek bu ifadəni almanca deyil, fransızca bağırmışdı; çünki Fransa yaxın olduğu üçün Frayburq əhalisinin 85 faizi fransızca danışır. Amma Sarıbek Uluxanyan “bay, bir fındıq tapdım”ı hansı dildə çığırırsa-çığırsın erməni ləhcəsi hər yerdə özünü göstərməlidir axı!
Burası da var ki, Hakan Çalhanoğlu ilə Sarıbek Uluxanyan arasına düşən münaqişənin səbəbi nifaq alması yox, Frayburqun fındıq biznesi idi. Məlumdur ki, dünyada fındıq istehsalının 75 faizi Türkiyənin payına düşür. Frayburqa fındıq Türkiyənin Fındıklı şəhərindən ixrac olunurdu və burada fındıq alverini ələ keçirmək üçün Sarıbek Uluxanyan hətta Türkiyə türkcəsini də mükəmməl öyrənmişdi; çünki məcbur idi. Onun yeganə qüsuru “fındıq” sözünü erməni ünsürləri ilə tələffüz eləməsi idi. Kim bilir, bəlkə fındığı da öz adlarına çıxıb özlərinki edərdilər. Amma… Kopernik demiş, dünya doğrudan da fırlanır axı! Yoxsa ucalardan uca Yaradan istəsə bizi bir millət etməzdimi?
Hər nə isə…
…İndi isə sənə Yavuz Sultan Məhəmmədin Misir səfərini xatırladıram, yadındadırmı… ordu alma bağının yanından keçib gedir. Birdən Sultanın ürəyinə şübhə düşür: “Görəsən bağdan icazəsiz alma dərən olubmu”? Əsgərlərin heybələri yoxlanılır, bir nəfərdən də olsun alma tapılmır. İndi qardaşım, Sarıbek Uluxanyan frayburqluların bağını “alma almaya bənzər” oxuya-oxuya oğurlayır, tutulanda da bağırır: “bay, bir fındıq tapdım”. Ancaq alma almadır, axı, almanı fındıqla necə qarışdırmaq olar?..
P.S. Axirət mükafatının deyil, fani dünya mükafatının dalınca qaçanlara adam necə təəssüf etməsin? Baxın. Bu günlərdə Almaniya federal məclisi “1915”-ci il olaylarını tanımağa səs verdi; tarixçilərin deyil, tarix üzrə diletantların sözü keçdi.
Sarıbek Uluxanyan dərhal Türkiyə fındığının Frayburqa idxalına qadağa qoyulmasını tələb etdi.
Yazıq Sarıbek Uluxanyan bilmir ki, İrəvan tərəflərdən olan Siranuş F. Türkiyənin Trabzon şəhəri yaxınlarında fındıq toplamaqla əldə etdiyi qazancla “Böyük Ermənistan” iddialı variasiyalarla dolu vəbalı vətənində beş baş külfət saxlayır.
Əlbəttə, deyən tapılar ki, bu cür sürrealizm səhifələri Sarıbek Uluxanyanı islah ha etməyəcək? Onsuz da o, dərin dəryaya bənzəyən dünyada çoxdan qərq olub.
…burasını da deyim ki, bunları mənə əslən Süsən-Sünbüldən olan və yuxarıda da dediyim kimi, hazırda Frayburqda yaşayan Mirzə Oqtay Eloğlu danışdı; mən də sizə çatdırmağı qərara aldım…
Mirzə Oqtay Eloğlunun bircə arzusu da var ki, onu da deməliyəm: o, yerin-göyün sahibindən rica edir ki, kaş mərkəzində Almaniyanın da yerləşdiyi qosqoca Avropanın hamiləlikdən sonrakı bic …bəlaları olan faşizm, rasizm, nasizm, antisemitizm (və 101 dəfə və sairə və ilaxır) Süsən-Sünbül tərəflərə gəlib çıxmayaydı.
Və… Oqtay Eloğlu Süsən-Sünbüldə yeddi fındıq ağacı əkib yenidən “azad şəhər” mənasını verən Frayburqa – qürbətə yola düşdü…
Müəllifin başqa yazıları:
- Bu dağların Abbası (retro)
- Təkayaq (izomorfizm)
- Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
- Bilbaoda Bayraq günü (olimpias)
- “Kor xəlifə” Tiflisdə (antipod)
- Oturduqca oyun oynamaq (reaksiya)
- Bizim mizantrop Hökumət (təzkirə)
- Mükafat marafonu (praemium)
- Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
- Emin Elsevərin baş keçidi (retro)
- İbrahimxəlil süfrəsi (inversiya)
- Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
- Neyron yuvaları nişangah altında (innovasiya)
- Əyriqarın qardaşı (ucqar havası)
- Borçalı butaforiyası (debüt)
- Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
- Can (aqape)
- Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
- Letargiyada erməni latayırları (kontrast)
- Bulfüzul “burun”u (otolarinqologiya)
- Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)