Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
İşdən yorğun gəlmişdim, fikirləşdim ki, bir az yatım dincəlim. Evdə məndən başqa heç kəs yox idi. Nənələri nəvələrini gəzdirməyə aparmışdı. Sağolmuş nəvələrin tutduqlarını buraxmamaları, istədiklərini almadan sakitləşməmələri yaşlıları hərdən əsəbiləşdirə də bilər. Ancaq babalar, nənələr nəvələrin bu şıltaq dünyalarından daha çox zövq alırlar. Onlar üçün ən gözəl sözləri «sağolmuşlar»dır.
Yatağımda narahatlıq hiss edirdim. Necə yuxuya getdiyimdən xəbərim olmayıb. Baxdım ki, ayaq səsləri gəlir, yerimdə dikəldim, bir ağbirçək qadın mənə tərəf gəlirdi. O qədər nurlu görünüşü vardı ki, insanın gözünü qamaşdırırdı. Mən yatağımdan sıçrayıb durdum, o mənə tərəf gəlirdi, ayaq saxladı:
– Salam, oğul, narahat etmədim ki? – dedi.
Mən utancaq bir səslə:
– Yox, ay ana, buyurun oturun. Xoş gəlmisiniz, siz hansı qohumlardansınız?
Qadın gülümsündü:
– Mütləq qohummu olmaq lazımdır?
Doğrusu, bir az özümü itirən kimi oldum:
– Yox, ay ana. Mən o mənada demədim, hər şey sizə qurbandır. Sadəcə tanışlıq üçün soruşdum. Mən həmişə analarımızın əllərindən öpmək arzusu ilə yaşamışam. Ona qəti şübhəniz olmasın!
– Üzün ağ olsun, ay oğul, arzu etdiyim ünvana gəldiyim üçün çox sevinirəm. Sizin çox vaxtınızı almayacam.
Qolundan asılmış torbaya bənzər bağlamanın içindən bir gözəl qələm çıxartdı. Qələm son dərəcə cəlbedici idi, göz oxşayırdı:
– Oğul, – dedi. – Gördüyün bu qələmi mənə rəhmətlik həyat yoldaşım cavanlıqda bağışlayıb. O vaxtdan indiyə kimi bu qələmi göz bəbəyim kimi qorumuşam. Mən şəhid anasıyam. Fikirləşdim ki, müqəddəs şəhidlik zirvəsinə ucalan övladlarımızın qəhrəmanlıq salnaməsini bu qələmlə yazan bir oğul tapılacaq. Hə, ay oğul, indi başa düşdün gəlişimin məqsədini? Dedim birdən başıma bir iş gələr. Arzularımı özümlə o dünyaya apararam.
– Ay ana, – dedim. – Sizə bu inamı verən hansı qüvvədir?
– İnsanlıq…
– Gözün arxada qalmasın, ay ana. Çalışıb etimadını doğruldacağam.
Bu sözləri dedikdən sonra məni ağlamaq tutdu. Çox təəssüf ki, nəvələrin səs-küyü məni bu şirin yuxudan oyatdı. Oturub fikirləşdim, görəsən nurlu ağbirçək niyə məhz məni seçib? Gördüyüm yuxuya bir cavab axtarırdım ki, ruhlar barədə oxuduqlarım yadıma düşdü.
1990-cı ildə mən beynəlxalq simpoziumda iştirak etmək üçün Şimali Kiprə dəvət almışdım. Getməyi qarşıma məqsəd qoymuşdum. Mən, professor Azad Nəbiyev bir də mənim tələbə yoldaşım Məhəmməd. Biz Moskvadan Türk Hava Yollarının təyyarəsi ilə İstanbula, oradan da Kiprə getdik. Rəhmətlik Denktaş o zaman Şimali Kiprin prezidenti idi. O bizə atalıq qayğısı nümayiş etdirdi. Bizə Kiprin ən gözəl «More-monte» otelində yer vermişdilər. Kiprin tarixi yerlərini gəzməklə bərabər Şəhidlər xiyabanını da ziyarət etdik. Bizə Şəhidlər xiyabanı barədə məlumat verən cavan bir oğlan mənə çox kiçik formatlı bir kitab bağışladı. Kitab Şimali Kiprin bölünməsi zamanı gedən döyüşlərdən xəbər verirdi. Kitabı oxumağa başladım. Hekayə belə başlayırdı:
Döyüş ara vermişdi. İki dost səngərdə oturub rahatca söhbət edirdi. Müharibə zamanı tanış olmuşdular. Birinin adı Ömər, o birinin adı Hasan imiş. Hər ikisi də qısa bir zamanda dost olmuşdular. Aralarında səmimiyyət vardı. Bir-birinə abi deyə müraciət edirdilər. Ömər İstanbuldan, Hasan isə Adanadan idi. Onların səngərdə söhbət başlarını qatmışdı. Döyüşü belə yaddan çıxartmışdılar. Sakitlik hökm sürürdü. Ömər cibindən bir məktub çıxardıb Hasana verdi.
– Abi, – dedi. – Əgər mən şəhid olsam bu məktubu bizim evə çatdır. Məktubun üzərində ünvan yazılıb.
Hasanı dəhşət bürüdü:
– Nə şəhidlik, abi! Sən nə deyirsən… İnşallah, sən sağ-salamat evinə dönəcəksən.
Hasan əlini cibinə salıb bir məktub çıxartdı:
– Qardaş, – dedi. – Bu da mənim yazdığım məktubdur. Bax, qardaşım, mən şəhid olsam sən də bu məktubu mənim ailəmə çatdırarsan.
Ömər də dostunun bu hərəkətinə məyus oldu:
– Narahat olma, qardaş, sən əmr et.
– Nə əmr! Biz qardaşıq.
Ömərin valideynləri İstanbulda yaşayırlar. Müharibədən sonra Hasan Ömərin yazdığı məktubu onun yaşadığı ünvana aparır. Ömərin valideynləri gələn qonağı hörmət və ehtiramla qarşılayırlar. Çox təkid edirlər ki, ay oğul, yoldan gəlmisən, otur, dincəl, bir qismət yemək ye. Hasan çox tələsdiyini deyib oradan uzaqlaşmaq istəyərkən Ömərin anası xahiş edir ki, oğlum, heç olmasa ünvanını yaz ver, bir gün vaxt tapıb sizə qonaq gələrik.
Bir neçə aydan sonra Ömərin valideynləri maşına oturub Adanaya, Hasanın yaşadığı ünvana gedirlər. Qapının zəngini basırlar, qapını bir yaşlı qadın açıb qonaqları içəri dəvət edir. Onlar içəri girdikdə Ömərin anası şəhid portretini görüb huşunu itirir. Qadının bu hərəkətindən ev sahibləri təşvişə düşürlər. Hasanın anası həkim olduğuna görə huşunu itirmiş qadına ilk yardımını göstərir. Qadın özünə gələndə ilk sözü bu olur:
– O çocuk nə zaman şəhid olub?
Hasanın valideynləri övladlarının şəhid olduğu günü, ayı dedikdə Ömərin anası hönkürə-hönkürə ağlamağa başlayır.
Ev sahibləri onları sakitləşdirib, yalvarırcasına soruşurlar: Allah xatirinə, bizə izah edin görək gəlişinizin məramı nədir? Niyə özünüzə divan tutursunuz? Ömərin anası cibindən bir şəkil çıxardır:
– Gəl, bax, bacı, bu da mənim şəhid oğlumun şəklidir.
Hasanın anası şəhidin şəklini görüb özünü saxlaya bilmir, yanıqlı-yanıqlı ağlamağa başlayır.
– Bizim evimizə oğlumuzun məktubunu bu cavan oğlan gətirmişdi, – deyir.
Ömərin anası divardakı şəkili göstərir:
– Bacı, bizim şəhid oğlumuzun məktubunu isə bu oğlan gətirmişdi.
Otaqda bir sakitlik hökm sürməyə başlayır. Heç kəs cürət edib danışa bilmir. Elə bil hamısının dili tutulub. Bir müddət sonra şəhid ataları danışmağa başlayırlar: Qardaş, Allahın işinə qarışmaq olmaz. Bizim qismətimizə bu yazılıb. Gəlin tanış olaq.
Ömərin atası xanımını təqdim edir. Oğlunun hansı tarixdə xidməti borcunu yerinə yetirərkən şəhid olduğunu deyir. Hasanın atası da öz xanımını təqdim edir. Onlar övladlarının şəhid olduğu barədə məlumat verərkən məlum olur ki, bu dostlar eyni gündə, eyni saatda, eyni səngərdə Vətən, torpaq yolunda şəhid olublar. Hasanın atası vaxt itirmədən bir molla dəvət edib şəhid övladlarına dua oxutdurur.
Molla valideynlərə Allahdan səbir diləyir. Şəhidlik zirvəsinin müqəddəsliyindən söz açır. Ruh mövzusuna toxunur. Onları inandırmağa çalışır ki, övladları cismən yoxdursa da, onların ruhu yaşayır. Elə məktubları da gətirən onların ruhu olub.
Müharibədə şəhid olan o iki əsgərin dostluğunu indi valideynləri yaşadır. Bir-birilərini tez-tez ziyarət edirlər.
Allah şəhid övladlarımıza rəhmət eləsin.
Şimali Kiprdə olarkən Şəhidlər xiyabanında gözlərim o iki dostun (Ömərin və Hasanın) məzarını axtarırdı. Fikirləşəndə görürsən ki, insan həyatı möcüzələrlə doludur. Dünyanın açılmamış sirlərini, bəzən də hadisələri görəndə insanı dəhşət bürüyür.
Yunan filosofu Epikür belə yazmışdır: “Ölüm müsibətlərin ən dəhşətlisidir. Lakin onun bizə az dəxli var. Biz varkən, o yoxdur. O gəldikdə, artıq biz olmuruq”.
Bu kəlamlarla baş-başa qalarkən şəhidlik zirvəsinə ucalmış vətən oğullarını xatırladım.
Bir gün mağazadan nəvəm üçün oyuncaq almaq qərarına gəldim. Yaxındakı mağazalardan birinə girdim. Amma burada çox qəribə bir səhnə ilə qarşılaşdım. Dörd-beş yaşlarında olan bir oğlan uşağı anası ilə didişirdi. Anası and içirdi ki, bu hərəkətinə görə almayacam, özünü yaxşı aparmırsan. Mağazanın sahibindən xahiş etdim ki, uşağı sakitləşdirin. Mən nəvəmə kiçik bir oyuncaq alıb kassaya yaxınlaşanda gözlərimə inanmadım. O balaca oğlan uşağı anasının aldığı oyuncaq avtomatını çiyninə qoyub, güzgünün qabağında ayaqlarını gen açıb, qəribə hərəkətlər edirdi. Anası onu Mübariz deyə çağıranda məni qan-tər basdı. Bir anlığa gözümün qarşısından hər bir azərbaycanlının qəlbində yaşayan Milli Qəhrəmanımız Mübariz İbrahimov keçdi.
XX əsrin qəhrəmanlıq salnaməsini yazmış, çiynində silahla çəkdirdiyi pələngə bənzər görünüşü ilə düşməni kor etmişdir.
İnsan oğlu o şəkli seyr edərkən onun çox möcüzəli bir şəxsiyyət olduğunu düşünür.
Onda olan İlahi gücün haradan gəldiyini axtarır. Bizə elə gəlir ki, onun valideynlərinə yazdığı məktub bizi düşündürən suallara cavab verir. O yazır: “Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu kəlamların hər biri onun cəsurluğundan, Vətənə, torpağa, insanlığa bağlılığından xəbər verir. «Qurani-Kərim»də yazılmış kəlamı tövsiyə edir: Şəhidlərə ölü deməyin, onlar diridirlər!
Şəhidlər, uca Yaradanın göstərdiyi kimi, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır.
Azərbaycan ordusu düşmən istehkamlarını məhv edərkən, yüksək döyüş taktikası həyata keçirərkən Azərbaycan şahinləri (mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılov) doğru yolda olduqlarına əmindilər. Bir ağızdan Vətən sağolsun demişdilər.
Döyüş yoldaşları qeyd edirlər ki, Urfan uçuşdan əvvəl yoldaşları ilə belə zarafatlaşıb: «Qardaşlar, hərə öz yerində otursun. Sonra tabutlarımız səhv düşər, mənimkilər səni, səninkilər məni ağlayar».
Zarafata salıb gülüblər, amma ürəklərində hər bir tapşırığın ciddiliyini və məsuliyyətini biliblər.
Urfanın uşaqlarını dönə-dönə öpməsi, doymadan onların ətrini sinəsinə çəkməsi, qalxaraq tələsirəm deyib evdən çıxması, həyat yoldaşını və uşaqları şoka salmışdı.
Urfan getdi, lakin öz arxasınca bir tarix yazıb, vidalaşdı.
Allah rəhmət eləsin!