“Qarabağ Dekameronu” kitabından yol alan fikir yolçuluğu
Vahid Qazi
İntim mətnlər reklam işıqları kimidi, adama gəl-gəl deyir. Deyir, gəl, məni oxu! Özü də yaşa-filana baxmır. Hər yaşda adamı şirnikləndirir. Hərəni bir cür.
Bax, elə o gün həkimə getmişdim. Gözləmə otağındakı masanın üstünə düzülmüş qlamur sağlamlıq jurnallarını vərəqləyirdim. Cürbəcür mövzuların içində göyçək bir seksopatoloq xanımın ona ünvanlanan suallara verdiyi cavablar diqqətimi çəkdi. Oxudum! Özü də rahatca, maraqla!
Ona görə rahat deyirəm ki, oxuduğumu büsbütün anladım. İsveç dilində ucdantutma hamısını dərk elədiyin mətnə hər saat rast gəlmirsən. Amma burda yazılanları başa düşdüm.
Maraqlı gələnsə oxucuların belə açıq-saçıq, necə deyərlər, “utanıb-qızarmadan” verdikləri suallara həkimin ətraflı, dib-dəhnəli cavabı idi. Ta sual nə idi, cavab necə oldu, bura yazası deyiləm. Yazılası deyil!
Adamların intim yazıları oxumaq həvəsi elə həyatın özünə olan maraqları kimidi. Gənc adamla yaşlının həyata baxışı fərqlidi, bilirsiniz. Biri hələ görmədiklərini görmək ehtirası ilə alışıb yanırsa, o biri gördüklərinə sönməkdə olan ocağın son işartılarına baxan kimi baxır.
Yadıma gəlir ki, orta məktəbdə oxuyanda sinif oğlanlarıyla “Min bir gecə”nin hansı cildində, neçənci səhifəsində “oxumalı” yerlərin olduğunu əzbər bilirdik. Bilməyənlərə də deyirdik, tapıb oxuyurdular. Ən “maraqlı” yerlərin biri, yaddaşım məni aldatmırsa, 132-ci səhifə idi, di gəl, cildi yadımdan çıxıb.
Covanni Bokkaççonun “Dekameron” kitabına universitetin birinci kursunda oxuyanda əmimin kitabları arasında rast gəldim. Xeyli vaxt oxumağa cürət eləmədim – ayıb bildiyimdən. Gecələr, hamı yatanda oxuyurdum. Deyim ki, müsəlman-sovet (!) tərbiyəsiylə böyümüş bir əyalət oğlanına necə təsir edə bilərdisə, mənə də elə təsir elədi. Yəni belə şeyləri hətta yazmaq olarmış! Sizə qəribə gələr, doğrudan o vaxtın gəncləri utancaq idi.
***
Fikrim uzaqlara getdi, əslində Rasim Qaracanın “Qarabağ Dekameronu” adlandırdığı “On bir gecə” kitabını oxuyanda elədiyim qeydlərdən danışmaq istəyirəm. Sağ olsun, kitabı göndərdiyinə görə.
Bu, Rasim Qaracanın yaradıcılığıyla ilk tanışlığım idi. Kitaba həm də son on-on beş ildə meydana gələn “inkarçı” ədəbi qövmlə tanışlıq kimi baxırdım. Bir növ bu kitabdan o ədəbi mühitin qoxusunu almağa cəhd edirdim. Bir vaxtlar onun redaktorluğu ilə çıxmış “Alatoran” jurnalı, yaranmasında müstəsna rolu olan Azad Yazarlar Ocağının havasını duymaq istəyi oxu marağımı artırırdı.
Cəmiyyətin inkubator rəngli mənzərəsi nə ürəkaçan, nə də gözəyatan olur. Mən rəngarənglikdən yanayam. Elə qafalarda, zövqlərdə də. Ömrünün 17 ilini plüralist ideyaların yayılmasına sərf eləyən (elə bil təmtəraqlı çıxdı, “İnam” Plüralizm Mərkəzində işlədiyimi deyirəm) biri kimi istərdim, Azərbaycanda çoxlu yaradıcı birliklər olsun. Bir Yazıçılar Birliyi, yaxud Azad Yazarlar Ocağı yox, on dənəsi olsun. İsveçdə yazıçı-şairlərin neçə birliyi var, sayını bilməzsən, çoxdu.
İstəyir nəsr yazanların öz birliyi olsun, şeir yazanlarınkı ayrı. Məsəl üçün deyirəm – detektiv yazarları öz gildiyasını qursun, sevgi romançıları öz klubunu. Bir şərtlə, ədəbiyyata mühit yaratsınlar. Bir-birini aşağılamağa sərf edəcəkləri vaxt və enerjini ədəbiyyat yazmağa yönəltsinlər.
Yeri gəldi, bunu da deyim – başımızı belə şeylərə qatdığımız arada gürcülər ədəbiyyatlarını dünya dillərinə çevirməyə, xarici ölkələrdə nəşr etdirməyə başlayıblar!
***
“On bir gecə”nin bədii yükü haqda ədəbiyyatçılar, ədəbi tənqidçilər xeyli yazıblar, internetdə gördüm. Mənsə oxuduğu kitablar yazmağa ipucu nəsə verəndə qeydlərindən yazı düzəldən biriyəm. Bu yazılara “həm də bir az kitabdan yazdım” desəm, daha düz olar. Çünki onun mövzusu ətrafında fırfıra kimi dolansam da, yazıda aranı dağa, dağı düzə aparmağım çox olur.
Kəsə deyəsi olsam, belə deyərdim – Rasim Qaracanın “Qarabağ Dekameronu”nda istər müharibə mövzusu, istərsə də “dekameronçuluq” yarımçıqdı. Hər halda mənə belə gəldi. “Dekameronluq” söhbət üçün səngər uğurlu yer kimi seçilsə də, o söhbətləri səngər adamlarının etdiyinə inana bilmədim. Mənə sovet filmlərində arxada qoyub gəldiyi sevgilisini sentimental duyğularla xatırlayan əsgər obrazlarını xatırlatdı.
…Müharibə ekstremal həyatdı. Burada emosiyalar gərilir. Adam tez-tez affektiv duruma düşür. Şəhvət də insanın emosiya halıdı. Müharibədə, həbsxanada, əsgərlikdə kişilərin baş söhbəti qadındı – kişi qadından danışır, arzulayır! Hərbi xidmətdə olanlar xatırlayar “əsgər dəftərlərinə” çəkilən, bədənə döyülən qadın rəsmlərini.
Tarix boyu müharibələrdə əldə olunan qənimətlər arasında qadın ən əhəmiyyətli yerdə olub. Döyüşən əsgərin beynindəki düşmənin əmlakından çox qadınıdı. Ölmək qorxusundan, stresdən yığılan mənfi enerjidən, vəhşi ehtirasdan qurtulmanın iki yolunu tanıyıb əsgər – qadın və şərab! Sovet əsgərlərinin Almaniyada, yaponların Çində milyonlarla qadını zorlaması tarixin hələ bizə yaxın dönəmində olanlardı.
…Qadınlarda isə fərqlidi, onlar ekstremal vəziyyətlərdə birinci qadınlıq duyğusunu itirirlər, “kişiləşirlər”. Qadınlıq duyğusu şüurun alt qatına keçir, gizlənir. Svetlana Aleksiyeviçin “Müharibə qadın simalı deyil” kitabında müharibəni xatırlayan qadınlar deyir bunu. Orada sanki qadının “qadınlığı” donur. Bu don bir xeyli sonra açılır, özü də tədricən – hissiyyat yavaş-yavaş qayıdır. Amma necə qayıdır? Hansı ehtirasla?
Çaylar nə vaxt daşır? Aylarla yığılıb qalaqlanan buzlaqların donu açılanda!
Donu açılan qadın ehtirası da belədi!
…Fikir quş kimidi, bilmirsən hansı budağa qonacaq – budur, huşum getdi 30 il əvvələ.
Tələbə vaxtı bir dəfə Ağdama atamın taksisində gedirdik. “Bir papiros çəkim, bəlkə bir klent də düşdü” deyib Azneft meydanında saxladı. Çox gözləmədik, hündürboy, cantaraq, sərtüzlü bir qadın atama yaxınlaşıb Yevlaxa gedəcəyini dedi. Razılaşdılar. Qabaq qapını açıb mənim yerimdə əyləşdi. O vaxtlar adətən qadınlar arxada otururdular. Qəribəmə gəldi. Onun maşına minməsi ürəyimcə olmadı, üzü, baxışı, hərəkəti, səsi adama yad gəlirdi, elə bil qadın cildində kişiydi.
Yolboyu söhbət elədilər. Atam elə də söhbətcil deyildi, amma onunla həvəslə danışdı. Qadın həbsxanadan təzəcə çıxmışdı, evlərinə gedirdi. Anladığım qədər uzun türmə həyatı varmış. O, atamla çox şeydən danışdı. Amma biri yaddaşıma həkk olub – qadın məhbuslar tez-tez onları təhqir edən bir həbsxana nadzorunu zorlayıbmışlar.
“Başımıza oyun açırdı, gecə növbəsində könlünə düşəni aparırdı. Hamı onun əlindən zara gəlmişdi. Bir gecə onu ələ keçirdik. Qızlar üstünə atılıb əlini, ayağını mələfəylə bağladılar, ağzına yaylıq tıxadılar… On beşəcən qadın ehtirasını söndürə bildi. O biri nadzorlar duyuq düşəndə artıq gec idi, o, ölmüşdü”.
Fikrimi tutub gətirim yazıya, boş buraxsam, allah bilir, uçub haralara gedəcək.
Erotik əsərlərin gücü tək intim səhnələrin detallı təsvirində deyil. Həm də dilindədi. “Dekameron” ədəbi yox, o dövr İtaliyasının jarqon dilində yazılıb. Cefri Çoserin “Kenterberi hekayələri”ndən tutmuş Vladimir Nabokovun “Lolita”sınacan yazılan əsərlərin özünəməxsus erotik dili var. Ta libertinizmin (cəmiyyətdə qəbul olunmuş əxlaq normalarının inkarı) ideoloqu Markiz de Sadın dilindən danışmıram heç.
Bizim dilimiz də bu mənada kasıb deyil. Vaqifdən üzübəri nə qədər aşıq-şairimizdən uğurlu nümunələr gətirmək olar. Şamxal Rüstəmin şifahi dilimizdə qalan şeirlərini xatırlayıram. Amma nəsrimizdə bu alınmır, mənə belə gəlir. Nəsə vulqar çıxır. Bəlkə də uğurlu əsərlərimiz var, mənim xəbərim yoxdu.
Maraqla gözləyirdim, görüm dilimizdə intim söhbət necə alınacaq. Olmadı! Rasim bəy də kitabı elə ədəbi dildə yazıb. Cavan, enerjili əsgərlər qadın haqda ehtirasla yox, sönük xatirə kimi danışırlar.
Onillərdi oxucu böhranı yaşayan cəmiyyətin mütaliə vərdişlərini bərpa etməkdə kiçik həcmli maraqlı kitablar xüsusi rol oynayır. Bu baxımdan, kitabın lakonikliyi bəyəniləsidi. Amma bəzən elə səhnələr olur ki, orada “söz xəsisliyi”nə yer yoxdu. Oxucu tək oxumaqla kifayətlənmək yox, o səhnəni görmək, gördüyünü məhz özü yaşamaq istəyir.
Kitabda çoxlu maraqlı hadisə var, təəssüf, yarımçıq yazılıb. Məsələn, “Poxludərədə öpüşmə” hekayətində inəyin mazut gölməçəsində batması səhnəsi. Yaxud “Yol azmış iki nəfər”də yaşlı qadının təzəcə soyulmuş buğlanan inək dərisində basdırılması kimi. Tam subyektiv fikrimdi, bu yerlərin geniş təsvirini istərdim.
Elə təsvirlər də var ki, zövq alırsan. Məsələn, bunu “Fəxrinin hekayəti”ndən götürdüm, kitabın bəyəndiyim ən yaxşı yeri kimi işarələdim:
“Aylarca ağladım. Fermamız magistral yolun yaxınlığında idi. Yolun kənarındakı qoç heykəlinin üstündə oturub gəlib keçən maşınlara baxırdım. Gecə gec saatlara qədər buradaca oturub qalardım. Uzaqdan bir işıq görünər, yavaş-yavaş yaxınlaşar, gurultu salaraq yanımdan ötüb keçər, gözdən itincəyə qədər arxasınca baxardım. Boş məşğuliyyət idi, ancaq maraqlıydı. Həyatın özü kimiydi bu əyləncə. Bir ümid kimi üfüqdə işıq doğar, yanına gələr və sonra yoxa çıxardı. Yeni bir işığın doğmasına qədər dəqiqələrcə gözləyərdin”.
Əsərin həcmi, mövzusu elə də önəmli deyil, təki sözün birbaşa mənasında Əsər olsun!
Mənimçün isə əsas şərtlərdən biri onun dilidi, yaxşı əsərin həm də çəkici təhkiyəsi olmalıdı – kişini başdan eləyən şirin qadın dili kimi. Belədə sehrə düşüb gedəcəksən, heç bilməyəcəksən hansı dildə yazılıb.
Şirindil ədəbiyyat sorağıyla…
Aprel, 2016
Fur, İsveç