İbrahimxəlil
Yevgeni Reyn öz “Şifrovka”sında yarıörtülü və yarıhəzin belə yazır:
…а я отвечу вам
фонариком на Морзе...
Di gəl ki, bu yerdə – Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın nə şifrlərlə, nə Morze əlifbasında, nə də nabəgah namələrlə danışmaq heç cür mümkün olmur (baxmayaraq ki, Koelyo öz “Kimyagər”ində bunu bacarmışdı). Bu yerdə gərək batilin haqqa necə hiyləgərliklə, necə tülkülüklə qarışdığını açıq-aydın göstərə biləsən: axı qədim dövrlərdən üzü bəriyə “mis dirhəmin gümüş üzlüklə bəzədildiyi”nə tarix az şahidlik etməyib.
Beləliklə…
Rusiya Federasiyasına məxsus İctimai televiziyada (OPT) “Zaman göstərəcək” (“Время покажет”) adlı veriliş də yer alır. İki nəfər aparıcısından biri qadın (Yekaterina Strijenova) olduğu üçün bu bir nəfərlə qətiyyən işim yoxdur. İkinci aparıcı Pyotr (Petya) Tolstoydur ki, onun da vaxtilə Şuşa şəhərinin general-qubernatoru olmuş və milli zəmində qırğınlar zamanı təxribat törədərək fitnəkarlıq etmiş Qoloşapova qohumluğu çatır; yəni demək istədiklərim də arazbarı bu üzdəndir.
Unudulmaz Mirzə Cəlil Məmmədquluzadə düz yüz on il bundan əvvəl (1906) yazırdı: “Ey yari-bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti?.. heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan?”
Aradan düz yüz on il keçməsinə rəğmən, qohumu Qoloşapovun əlindən “qalan işlər”i televiziyada oxşar minvalla davam etdirən Pyotr Tolstoy haqqında bunu da demək istəyirəm ki, familiyasının Tolstoy olmasına baxmayaraq, onun unudulmaz yazıçılardan nə Lev Tolstoya, nə Aleksey Tolstoya, nə də Tatyana Tolstayaya heç bir qohumluq telləri yoxdur; əvəzində məhz Qoloşapova (və mırt-mırt Martunova) qohum olduğu bizdə bir tel boyda da olsun təəssüf doğurmur. Biz – yəni Mirzə Qələm də, mən də qayimməqam qələm adamları olaraq Lev Tolstoya (həmçinin Hacı Murada və Anton Pavloviç Çexova da) daha çox qohumuq, nəinki “propaqanda” Pyotr Tolstoy. Bu bir. İkincisi, ASALA və PKK terrorçularının “türklərdən qisas almaq üçün” Qarabağa gəlişini alqışlayan Pyotr peyharey elə danışır ki, elə bil qohumu Qoloşapov Şuşada letargiyadan yenicə ayılıb. Sən demə, Pyotrun öz monoloq-tiradasında tez-tez dreyfə yatmağı da elə bu üzdən imiş…
Bu letargiya – bu uzunsürən yuxuya bənzəyən patoloji hal ki, var ha, bax bu haldan müasir Qoloşapov-Pyotr Tolstoy misallı klakerlər sanki, ancaq yanğınla ayıla bilirlər, həm də yata bilirlər. Xatirinizdə varsa, unudulmaz Valentin Rasputinin bir “Yanğın” (“Пожар”) povesti var. Bax, həmin povestdəki yarıalmatək oxşar misallı, yanğını törədənlər də Petyalardır. Yəni Ukraynadakı, Abxaziyadakı, Dağıstandakı, Qarabağdakı, Suriyadakı yanğınlar qədər onlara zövq verən qeyri bir əlamət yoxdur.
Pyotr Tolstoya görə, “Zaman göstərəcək” əslində “Rusiya göstərəcək” anlamını daşıyır. Amma o və onun yaxın qohumları unudurlar ki, Rusiya ilə Azərbaycan arasına, Rusiya ilə Gürcüstan arasına hər nə qədər nifaq toxumu səpirlərsə səpsinlər, ədalət mütləq zəfər çalacaq. Çünki Rusiyada da, Azərbaycanda da, Gürcüstanda da haqqı batilin başına çırpa biləcək iqtidarında olan adamlar çoxdur.
Pyotr Tolstoy öz verilişində illərdir ki, bir yaramaz metoddan heç cür əl çəkmək istəmir: belə ki, onun “arena”sının bir tərəfində uzaqbaşı üç nəfər “günahkar” azlıq olur, o biri tərəfində isə azı otuz nəfər “günahsız” çoxluq. Və bu çoxluq azlığa sözünü sona çatdırmağa heç cür imkan vermir. Belə çıxır ki, Azərbaycanın Qarabağda bircə dənə də cavab gülləsi atmağa haqqı yoxdur. Bu yerdə Qoqol demiş, ay səni durak!..
Pyotr Tolstoy nədənsə bunu da unudur ki, bu hər şey axan, hər şey dəyişən dünyada nə Rusiya əvvəlki Rusiyadır, nə Azərbaycan, nə də Gürcüstan… yəni daha Qoloşapovların zamanı deyil. Letargiyanın da müalicəsində irəliləyişlər çoxdur..
Qaranlıq qalan bir də budur ki, bu mahiyyətlər və təzahürlər, təsadüflər və zərurətlər dünyasında Pyotr Tolstoyun nitqində-replikalarında bu qədər latayır haralardandır?
Latayır demiş…
İndi Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın yüzillik yubileyini bayram etdiyimiz Aşıq Hüseyn Saraclı tez-tez “lateer danışma”, “lateerdə yeddi kotanınız əkməsin” deyirdi.
“Hərzə”, “nalayiq”, “biədəb” mənalarını verən “latayır” ustad aşığın dilində bəni-adamın riyakarlığını dərhal müəyyən edən güclü nitq etiketi idi. Əgər adamın latayırda məkr və hiylə dolu yeddi kotanı əkirsə, adam batili haqq kimi göstərirsə, onda sənin şeytanın şərindən amanda qalmaq çarənin faizi çox-çox aşağı düşür; üstəlik, çox vaxt Yaradanın lütfünə sığınmaq yolundan qeyri yolun da qalmır!
P.S. Əgər Ermənistanda bir çox qüvvələr hələ də letargiyadan ayıla bilməyibsə və bununla bahəm hələ də Azərbaycanın ünvanına limhəlim latayırlardan heç cür əl çəkmirsə, üstəlik, Pyotr Tolstoy misallı muzdlu klakerlər onlara dil verirsə, mənim nə günahım ki, müasir təbabət heyvanların letargiya yuxusunu – məsələn, ayıların qış yuxusunu – daha yaxşı öyrənib, nəinki insanların?.. Burası da var ki, vaxtilə bu qəbil yatan adamları ölmüş bilib elə diri-diri basdırırdılar; unudulmaz Qoqolu məhz belə bir tale izləmişdi. Amma Qoqol ömür boyu rəhmət ala bilmişdi: elə bizim unudulmaz Mirzə Cəlildən də…
Məncə, bütün hallarda Pyotr Tolstoyu qospitaldan tez buraxıblar. Sonra Rusiya üçün problem çıxmasın haa! Məndən deməkdir!..
Müəllifin başqa yazıları: