Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Çox fikirləşdikcə görürük ki, doğrudan da söz bir dəryadır. Əgər desək ki, söz fikrin baş üzvüdür, yanılmarıq. İnsanoğlunun həyatda möcüzəyə inanması və ya inanmaması onun xarakteri ilə əlaqədardır. Məlumdur ki, bu dünyada yaşamaqdan, sevməkdən doymayan insanlar saysız-hesabsızdır. Cümə günü heç özüm də bilmirəm nə üçünsə çox fikirli idim. İşdən çıxdım, lifti gözləmədən yavaş-yavaş pilləkənlərlə aşağı enməyə başladım. Həmişə olduğu kimi çox sayda qarşılaşdığım insanlarla salamlaşırdım. Maşının yanına nə vaxt gəldiyim yadımda deyil. Nəhayət, maşına oturdum, işə saldım, radionu açdım. Jurnalist xalq artisti Arif Quliyevdən müsahibə götürürdü. Maraqlandım, fikirdən yayınmaq üçün diqqətlə qulaq asmağa başladım. Jurnalistin ilk sualı:
– Arif müəllim, eşitdik ki, iş yerinizdə xoşa gəlməyən hadisə baş verib.
– Düz deyirsən, qızım, həm də necə. Bizim iş yerimizi bağlayıblar.
– Bəs indi nə iş görürsünüz?
– Qızım, nə iş deyəndə ki, keçən həftə çay dəmləmişdik, bir həftədir onu içirik.
Jurnalisti gülmək tutdu.
– Sizi görüm, pir olasınız, Arif müəllim. O boyda iş yerini itirmisiniz, yenə də zarafatınızdan qalmırsınız.
– Qızım, siz isə bu zarafatı da bizə çox görməyin!
Mən bu müsahibəni dinləyə-dinləyə dekan müavini işlədiyim dövrdə bir hadisəni xatırladım. Mənim işlədiyim fakültə Azərbaycan Respublikasında çox sayılıb-seçilən fakültələrdən biri idi. Orada təhsil alanlar özlərini dünyanın xoşbəxt insanı hesab edirdilər. Tələbələr dərk edirdilər ki, öyrəndikləri dili mükəmməl bilsələr, xarici dövlətlərin qapıları onların üzlərinə açıqdır. Tələbələrin içərisində zənginlər də, kasıblar da təhsil alırdılar. Bunlara baxmayaraq onların arasında ayrı-seçkilik əvəzinə dostluq, qardaşlıq hökm sürürdü. Bizim fakültədə kamil insanlar dərs deyirdi. Onlar böyük məsuliyyət daşıyırdılar. Onlar Şərqşünaslıq məktəbinin qurucuları idilər. Onlardan bir neçəsinin adını çəkmək istərdik: professor R.Sultanov, professor M.Əlizadə, professor Ə.Məmmədov, Yusif Ziya Şirvani və başqaları. Fakültəmizdə böyük-kiçik yeri həmişə vardı. Hər hansı bir tələbə siqaret çəkdiyi vaxt müəllimlə qarşı-qarşıya gəlsəydi, bir tərəfə çəkilib ya siqareti gizlədərdi, ya da zibil qabına atardı.
Heç yadımdan çıxmaz, bir gün baxdım ki, rayon uşaqlarının dördü bir tərəfə çəkilib siqaret çəkirlər. Onların yanına gəldim. Salamlaşdıq. Yataqxana ilə maraqlandım. Çox maraqlı əhvalatlar baş verdiyini dedilər. Seyfəddindən xahiş etdim ki, yataqxana ilə əlaqədar bir-iki məzəli əhvalat danışsın. Seyfəddinin çox qəribə xasiyyəti vardı. Ondan qışda buz almaq çox çətin idi. O ki qaldı məlumat almağa.
– Bir qonaqlıq verərsən, – dedi. – Baxarıq.
Razılaşdıq.
Seyfəddin dedi:
– Mənim bir tələbə yoldaşım yataqxanada birinci kursun tələbələri ilə bir otaqda qalırdı. Adı Murad idi. Haradansa bir cüt boks əlcəyi tapmışdı, özü ilə gəzdirirdi. Deyilənə görə arada bir müəllim yanına da gedirmiş. Hər şey bir tərəfə, Murad çox vətənpərvər, namuslu, qeyrətli oğlan idi. Yataqxanada yaşayan tələbələr Muradı yaxşı tanıyırdılar. O bir az əsəbi idi. Cüzi bir şeydən ötrü ya küsürdü, ya da bərk əsəbiləşirdi. Tələbə yoldaşım idi, xətrini çox istəyirdim. Bir gün görüşdük. Kefini soruşdum, razılığını bildirdi. İstədim ki, ona dostcasına bir-iki söz deyim, razılaşmadı. “Qardaş, – dedi, – hərənin bir xasiyyəti var. Məni də Allah belə yaradıb. Mən öz bildiyimi etməsəm, dəli olaram. Mənim enerjim həddindən artıq çoxdur. Onu bir tərəfə sərf etməliyəm”. Sözün doğrusu, mən onu məcbur etmək fikrində də deyildim. Onun çox qəribə xasiyyəti vardı, öz bildiyini mütləq etməli idi.
Bir gün Seyfəddin yanıma gəldi. Muradı soruşdum.
– Yaxşıdır, – dedi. – İndi özünə təzə məşğuliyyət tapıb.
– Xeyir ola, – dedim. – Nə işlə məşğul olur?
Seyfəddin gülə-gülə danışmağa başladı:
– Bilirsənmi, oğlanların yataqxanası ilə qızların yataqxanası yanaşıdır. Murad qardaşımız günortadan sonra əlcəklərini geyinib qızlar yataqxanasını qoruyur. Çox çalışdıq ki, onu bu fikrindən döndərək, bacarmadıq. Eşitdiyimizə görə bir-iki nəfərlə də dalaşıb. Qızlar da Muradın qorxusundan çox əziyyət çəkirlər. Onun üçün fərqi yoxdur, oraya yaxınlaşanı sorğuya çəkir: kimsən, nəçisən, nə üçün qızları narahat edirsən… Belə-belə suallarla camaatı bəzən təhqir etməkdən belə çəkinmir. Yazıq qızlar hava almaq üçün yaşadıqları yataqxananın balkonuna çıxa bilmirlər.
Seyfəddin mənimlə sağollaşıb getmək istəyirdi. Xahiş etdim ki, daha nə bilirsən, danış.
– Qardaş, daha danışmağa bir şey qalmadı. Mən təcili yataqxanaya getməliyəm. Bu gün mən növbətçiyəm.
Söhbətimizin üstünə tələbə dostlarımızdan biri gəlib çıxdı. Salamlaşdıq. Dostum Seyfəddinə tərəf dönərək:
– Sən hələ buradasan?
– Harda olmalıyam, qardaş?
– Bilmirsən?
– Bilirəm. Mən qardaşımın sözünü yarımçıq qoyub necə gedə bilərəm?
Dostum mənə dönərək:
– Bunu burax, getsin. Növbətçidir. Yeməyi o bişirməlidir.
Seyfəddin vaxt itirmədən oradan uzaqlaşdı.
Biz yaşa dolduqca cavanlıq xatirələri heç vaxt unudulmur. Dilim dinc durmadı, dostumdan soruşdum ki, bu növbətçilik, yemək bişirmə nə demək idi?
Seyfəddin də bir göz qırpımında aradan çıxdı. Tələbə dostum gülümsündü:
– Qardaş, hal-hazırda bizim müqəddəratımız onun əlindədir. Biz hər ay təqaüd alanda içimizdən bir nəfəri növbətçi seçirik. Bir aylıq pul yığıb veririk növbətçiyə. O da bir ay müddətində bazarlıq edir, yemək bişirir.
– Sizin yığdığınız pul axıra qədər çatırmı?
– Çatır deyəndə, adam kimi xərcləsə, niyə çatmasın.
Evə gedərkən yol boyu dostlarım barədə düşündüm. Doğrudan da onlar üçün çox çətindir. Tələbə dostum gecə işləyib gündüz oxuyurdu.
İnsanoğlu doğrudan da əgər dönüb arxaya baxsa, tələbəlik illərini tam gözünün qabağına gətirsə, onda görər ki, o günlər çətin də olsa, çox da mənalı günlər idi. Bir-birinə yad insanların gəlib ali məktəb divarları arasında doğmalaşmaları, bir-birinə qardaş deyə müraciət etmələri insanı valeh edirdi.
Hər gün işə gəldiyim zaman onlardan xoş xəbərlər eşidirdim. Biri qız sevirdi. Digəri özünə təzə iş tapdığından bəhs edirdi.
Bir gün işə gələrkən Universitetimizin çox nüfuzlu bir professoru ilə qarşılaşdım. Salamlaşdıq, məni yanına çağırdı:
– Oğlum, sənə bir zəhmət vermək istəyirəm, – dedi.
– Buyurun, eşidirəm sizi.
– Məmmədi çağırarsanmı?
– Çağıraram, amma bir şərtim var, onu danlamayın, bilirəm iki gündür evə getmir.
– Sən hardan bilirsən, ay oğul?
– Bilmirsiniz ki, mən burada dekan müaviniyəm? Məmməd və onun dostları mənim də dostlarımdır. Onlar bir yerdə imtahana hazırlaşırlar.
Bayaqdan çox əsəbi danışan professorun yanaqlarında sevinc cizgilərini gördüm.
– Darıxmayın, – dedim. – İndi gedib çağıraram.
Məmmədlə mən professora yaxınlaşanda zəng çaldı. Tələbələr koridora çıxdılar. O, oğlunu bir tərəfə çağırdı.
– Oğlum, – dedi. – Niyə bizə xəbər vermirsən?
– Bağışla, ata, bu bir daha təkrar olunmaz.
Professor getmək istəyirdi ki, Məmmədin tələbə yoldaşları özlərini çatdırdılar ki, Məmmədi onlar məcbur edib qalmağa.
Mən bu səhnənin şahidi kimi onu deyə bilərəm ki, professor oradan xoş təəssüratla ayrıldı.
O gedərkən arxasınca doyunca baxdım. Ürəyimdən belə bir hiss keçdi: Kaş ki, hamının atası sağ olaydı, gəlib övladlarını beləcə tənbeh edəydi.
Belə şirin anlar hamıya qismət olmaz. O zaman ki, tələbələrdə vətənpərvərlik hissi çox güclü idi. Onlar zəhmət çəkməkdən qorxmurdular. Rayonlardan gəlmiş tələbələr öz halal zəhmətləri ilə dolanırdılar. Gecə işləyir, gündüz oxuyurdular. İmtahan vaxtı sınaq meydanından üzü ağ çıxırdılar. Müəllim kollektivi də onları yüksək qiymətləndirirdi. Bu gün fəxrlə demək lazımdır ki, o vaxtkı tələbələrin bir neçəsi dövlət işində, bir neçəsi elm sahəsində öz qələmini sınamış şəxslərdir.
Tələbə dostlarımın biri ilə söhbət edirdim. Ondan xahiş etdim ki, bir gün məni də Seyfəddinin bişirdiyi yeməyə qonaq edin. Dostum gülümsündü:
– Bu sənə baha başa gələr, sən hələ Seyfəddini tanımırsan.
– Niyə tanımıram, yaxşı tanıyıram.
– İcazə ver onunla danışım, – dedi dostum.
Razılaşdıq. Səhərisi gün axşam yeməyini dostlarımla yataqxanada yeyəcəyimi planlaşdırdım. Səhərisi gün eşitdim ki, Seyfəddin məni axtarır. Görüşdük.
– Xeyir ola, qardaş. Eşitdim məni axtarırsan?
– Bir xahişim olacaq, amma onu heç kəs bilməməlidir.
– Eşidirəm.
– Sən mənə bir az pul ver, Allaha and olsun, tez qaytaracam. Dostların xəbəri yoxdur, pulun bir hissəsini xərcləmişəm, qorxuram ayın axırına qədər çatmasın.
Məni gülmək tutdu. Seyfəddin özünü itirən kimi oldu.
– Sən bizim böyük qardaşımızsan, burada gülməli nə var? De görüm, kimə ağız açmalıyam? Bir iş görəndə sizə arxalanırıq.
– Bəs deyirdin Bakının yarısı sizin qohum-əqrəbadır.
– Nə olsun, indi də o fikirdəyəm. Sən başqa, onlar başqa.
– Seyfəddin, səni çox istəyirəm, deməyə də utanıram, sənin bu arzunu, təəssüf ki, yerinə yetirmək iqtidarında deyiləm. Sən yaxşısı budur Murada ağız aç.
Seyfəddini gülmək tutdu.
– Sən nə danışırsan, qardaş. Mən bir həftədir ondan qaçıram. O məni tutsa, öldürər. Hələlik başqa yerdə qalıram. Aramızda kiçik bir anlaşmazlıq olub. Lənət şeytana.
– Səni başa düşürəm, Seyfəddin. Bilirəm, yenə nəsə bir fırıldağın var. Kişi kimi etiraf et, sənə pul verəcəm.
– Bu başqa məsələ. Bilirdim ki, məni naümid qaytarmayacaqsan.
– Az təriflə, ona ehtiyacım yoxdur. Muradla aranızda nə baş verib?
– Bir həftə olar ki, bu hadisə baş verib. Yataqxanaya gəlirdim, açığı, çox fikirli idim, həm də bərk yorulmuşdum. Qızlar yataqxanasında balkonda duran bir qız məni çağırdı, dayandım, baxdım gördüm ki, tələbə yoldaşlardandı. Dedi: “Seyfəddin, qardaş, xahiş edirəm, bizə bir çörək al. Bir azdan qaranlıq düşəcəyinə görə sizə zəhmət veririk”. “Baş üstə” deyib, çörək mağazasına gedib, çörək alıb qayıtdım. Qız məni balkonda gözləyirdi. “Bacı, aşağı düş, çörəyi götür” dedim. Bir də gördüm ki, Murad mən tərəfə gəlir. “De görüm, sənin burada nə işin var?” dedi. Əvvəlcə elə bildim ki, mənimlə zarafat edir. Gördüm ki, o, çox ciddidir. Dedim: “Murad, qardaşım, çörəyi qıza verib gedirəm”. Elə bu anda qız da gəldi. Çörəyi qıza verdim. Qız mənə çörəyin pulunu vermək istəyirdi ki, bu vaxt Murad məni bərk itələdi, qızın əli göydə qaldı. Dedim: “A bacı, sən get, görüm bu dəlinin əlindən necə qurtarıram”. Özümü tarazlayıb, yataqxanamız tərəfə qaçdım. Bilirdim ki, o arxamca gələcək. Otağımızın qapısını açıb içəri girdim, bərk susamışdım. Fincanımı götürüb yemək bişirdiyimiz mətbəxə gəldim, soyumuş çayla fincanı doldurub otağımıza qayıtdım. Muradın səsi koridoru başına götürmüşdü. O, qapını açıb içəri girəndə elə bil ki, gözü dönmüşdü. Əlimdəki çayı onun sifətinə tökdüm və onu çətinliklə otaqdan çıxarıb qapını arxadan bağladım. Bilirdim ki, indi Murad bir vedrə su ilə məni qapının ağzında gözləyir. Tələsmədən Muradın kostyumunu şkafdan çıxarıb geyindim. Təbii ki, bu böyük risk idi. Amma Murada dərs vermək üçün başqa çarəm qalmamışdı. Qapını çox ehtiyatla, yavaş-yavaş açdım. Murad özüylə gətirdiyi bir vedrə suyu çəkinmədən başımdan aşağı tökdü. Mən isə Muradın bu hərəkətlərinə məhəl qoymadan gülürdüm. Murad diqqətlə baxdıqda gördü ki, islatdığı öz kostyumudur. Başa düşdü ki, artıq iş-işdən keçib. “Seyfəddin!.. Səni öldürəcəm” deyib, qışqırdı. Sonra əllərini bir-birinə vurub dedi: “Mən bilirdim ki, bir gün bu çanaq öz başımda çatlayacaq”. Gülməklə arası olmayan Murad bir vedrə su ilə islatdığı kostyumuna baxa-baxa qəşş edib gülməyə başladı.
Murad kostyumunu islatsa da özünə şərəf bildiyi bu hərəkətindən əl çəkmək fikrində deyildi. Seyfəddin isə gördüyü bu şit zarafatdan peşman olmuşdur.