İbrahimxəlil
Vahid Vəhdət Dünyasında (Vəhdət namazı da daxil) sonsuz hərəkətlər və sükunətlər, təsadüflər və zərurətlər, mahiyyətlər və təzahürlər içində can nədir?
Əlbəttə, mən də bir cünun-məcnun can yiyəsi olaraq, mifoloji-dini baxışlara görə, ölümlə vücuddan ayrılan və qeyri-maddi varlıq olan canın sahibi olan insanın “təbiətin qəribə möcüzəsi” olduğu fikirləri ilə çoxdan razıyam. Razı olmadığım “həyatı ilə ölən, ölümü ilə yaşayan” (Heraklit) insanlardan fərqli olaraq, bəzi müasir insanların, o cümlədən Mirzə Mikrobun, Mirzə Virusun və Mirzə Qoturun hələ canı bədəndən çıxmaya-çıxmaya Mirzə Qələmin canını bu cür çürütməyə can atmalarıdır.
Beləliklə…
Bir vaxtlar Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın Mirzə Qələm “Əsli və Kərəm” dastanından oxuyurdu:
Kərəm deyər: Haqq buyurdu ayəndə;
can hava quşudu – durmaz bu təndə.
Mirzə Mikrobla Mirzə Virus dərhal (Mirzə Qotur İsraildə qoturunun membranologiya müalicəsi ilə məşğuldu) bir ağızdan bidət bəyannamə imzaladılar ki, bəs deməzsənmi, Mirzə Qələm ermənipərəstdir; yoxsa erməni qızı olan Əslini – özü də xan Əslini – tavar sazda belə təbliğ edə bilərdimi? Bu yerdə o necə deyərlər, “ölsün Ələsgərtək qulların, dağlar”!
Amma həzz hormonları – yəni serotonini bol olan məhəbbət aşiqlərindən, üstəlik də hökumətdən bəzi toppuz təpkilər yağantək (axı bunun bir ucu gedib milli məsələyə çıxırdı), Mirzə Mikrob da, Mirzə Virus da danqır dillərini qoruq-qaytaq qarınlarına qoydular.
Sonra günlərin bir günü yerli “Batin” qəzetində Mirzə Qələmin “Can” adlı yeddibəndlik şeiri dərc edildi. O “Batin” qəzeti ki, özü, öz mahiyyəti, öz mənası olmağı bacaranların ancaq və ancaq vaqiflər, ariflər olduğunu iddia edirdi. Müxtəsəri, “Can” şeirində aşağıdakı iki misra da var idi:
“Azərbaycan” sözündəki “can”nandı canım…
…ona görə çıxmaq bilmir canımın canı.
Onda Mirzə Mikrob da, Mirzə Virus da, Mirzə Qotur da (o, İsraildən srağagün qayıtmışdı; deyilənə görə, qoturuna Ölü dənizin xeyri dəymişdı) dərhal saman altdan su yeritməyə başladılar. Belə ki, hər vaxt təbii düşmən mövqeyində olan Mirzə Levon-Məlik Şahnazaryan misallı, ora-bura yazmağa başladılar ki, bəs deməzsənmi, Mirzə Qələm Gürcüstan əsilli ola-ola, yarı canı Araz tərəflərdədir; üstəlik, iddia edir ki, bu “can” sözü ki var ha, bax, həmin söz, sən demə, dünya ölkələrinin heç birinin adının tərkibində olmaya-olmaya təkcə Azərbaycan sözündə bərqərar imiş. Bununla da Mirzə Qələm Azərbaycanın müstəsnalığını, məxsusiliyini gözə soxurmuş…
“Onlar” ora-bura bunu da yazırdılar ki, (özləri gürcücə bədiqbal bildiklərindən məktubu Mirzə Simon Simonişviliyə yazdırırdılar) xahiş edirik, izləyin görün Mirzə Qələm kimlərlə oturub-durur, misilləmə misal üçün, “Yaylaq günü”ndə iştirak edirmi, azərbaycandilli məktəbləri niyə bu qədər can-dildən müdafiə edir? Və sairə və ilaxır…
Nə yaxşı ki, repressiya illəri keçib, yoxsa “üzüqara üçlük” Mirzə Qələmi çoxdan M.Cavaxişvilinin, ya da M.Müşfiqin yolu ilə gedər-gəlməzə göndərərdilər…
Bu yerdə unudulmaz Sarı Aşıq demiş:
Mən aşiqəm dərdin üz,
Güldü bağban, dərdin üz.
Ya məni candan eylə,
Ya canımdan dərdin üz.
P.S. “…İbrahim təqva açarı ilə qapını açdı… Qəlb adlı şəhərə girdi”. Bu yarı-yarımçıq, amma arazbarı cümlə “Sufiliyin sirləri” kitabındandır.
Dediyim budur ki, doğrudur, Allahın altı böyükdür və altında da hamıya yer var, amma baxır sən hansı şəhərə girəcəksən? Qəlb adlı şəhərəmi, yoxsa Qəlp adlı şəhərəmi? Axı cəmi-cümlətanı bircə hərfin filhəqiqət fərqində də böyük-böyük hikmətlər yatır.
Yeri gəlmişkən, ta əyyami-qədimlərdən fəlsəfə “hikmətə məhəbbət” mənasını verir…
Müəllifin başqa yazıları: