İbrahimxəlil
Alxan Binnətoğlunun “Teatr haqqında söhbətlər” adlı kitabında unudulmaz Sultanməcid Qənizadənin (1866-1937) bir şərhi verilib: şərhdə qeyd olunur ki, “Tiflisdə arsız kəslərə “kinto” deyilərmiş”. Təbii ki, söhbət XIX əsrdən gedir və burasını da toz-tozanaq tələsik əlavə edim ki, biz çox vaxt hadisələrə də, adamların taleyinə də tarixilik prinsipindən deyil, müasirliyin baxış bucağından qiymət veririk. Amma hətta… sayərpərvər Süsən-Sünbülsüz də məlumdur ki, sözün ifadə etdiyi məna bəzən üzdə olmur. Dərhal anlaşılmır, çünki bir növ, mətnin dərinlərində olur.
Mən məktəbə on iki il ayaq döyüb məktəb üzü görməyənlərə də demişdim: sözlər çox vaxt öz həqiqi mənalarından dolayı, törəmə mənalar da qazanır. Üstəlik, günlərin bir günü, bir də görürsən ki, bir məhəllənin dilində olan bir söz birdən-birə bir xalqın, səhərisi də bir xalqın dilindən başqa bir xalqın dilinə keçib olur – az qala beynəlxalq – alınma söz. Vahid Vəhdət Dünyasında nələr olmur? Başqa sözlə, bir də görürsən ki, qədim-qayım fransız malı birdən-birə dönüb olur ingilis malı, yaxud Skandinaviya trolu Süsən-Sünbül troluna çevrilir, ya da Avstraliya kenqurusu birdən-birə Avstriya brendinə dönür. Hələ Dəməşq dəvəsinin Sinqapur sivil toplumunun sevimlisinə çevrildiyini demirəm… Yəni Parisin “səfillər”i, Qamiltonun qırışmalları, Calalabadın cüvəllağıları, Gorusun gədaları, Los-Ancelesin lotuları, şəhri-Tiflisin də kintoları olub: və bəzi individ iddialar da gəzib-dolanır ki, bəs deməzsənmi, hər zaman, hər yerdə bəni-adamı sərgərdan, avara, kinto səviyyəsinə zalım zəmanə salıb; unudulmaz Füzuli demiş, gülə “xar”, lələ “xarə” deyən zəmanə… Bütün hallarda tarixi Parisin tarixi mənzərəsinə səfillər necə rəng qatıbsa, kintolar da tarixi Tiflisin tarixi mənzərəsinə o cür oxşar minvalla rəng qatıblar. Əlbəttə, bu o demək deyil ki, Parisdə səfillərsiz, Tiflisdə də kintolarsız yaz açılmırmış. Qətiyyən!
…beləliklə, bir də görürsən Süsən-Sünbüldə canı boğazına yığılan adam canını boğazına yığan adama deyir:
– Kintonun biri kinto, yetməzmi?
Bu minvalla Mirzə Halaypozan Mirzə Tüpdağıdana, Mirzə Tüpdağıdan Mirzə Mikroba, Mirzə Mikrob da Mirzə Levon-Məlik Şahnazaryana, Mirzə Levon-Məlik Şahnazaryan da Mirzə Simon Simonişviliyə (əsl Cənubi Qafqaz kaleydeskopu!) “kinto” deyir.
Neçə əsr ötüb. Qədim Tiflisin meyvə satan dəllalı, yəni kintosu, indi öz dominant mənasından çıxaraq, Bağdadda, Parisdə, Londonda və əlbəttə, İrəvanda – və sairə və ilaxır – təzə qiyafə, “milli” məcaz qazanıblar.
Əski kintonun qımqıması bu deyildimi:
Me avara çavdivar,
Kuça-kuça davdivar…
Yeri gəlmişkən, eynən bir karvanyolu kinodramasayaq, “kinto”nun bütün ştrixlərini vaxtilə mənim üçün müfəssəl və məxsusi cızan hörmətli Süleyman Əfəndiyə əvvəllər də çatdırdığım təzətər təşəkkürlərimdən dolayı, indi də reyhanəli rəhmətlər diləyib, sözümə elə arazbarı davam edirəm…
…Tərcümansız-filansız da, Tiflis kintosundan filhəqiqət fərqli, Süsən-Sünbül “kinto”su küçə-küçə gəzib mer-meyvə dəllallığı ilə yox, ortalıqda oturub problem dəllallığı ilə məşğuldur. Məsələn, onun atası Sovetlər dönəmində Sınıq körpünün o üzünə keçib küy-kələk qaraqışqırıq salırdı ki, bəs deməzsənmi, biz Bakı televiziyasına baxa bilmirik. Can Azərbaycan da, eyləmə tənbəllik, bir ötürücü-translyator Qazaxda qururdu, birini də “problemçözən”in kəndində.
İndi peyk antenası bolluğunda Süsən-Sünbül “kinto”su qaraqışqırıq salır ki, bəs deməzsənmi, Azərbaycan televiziya kanalları onun yeddi oğluna və bir qızına mane olur ki, onlar gürcü dilini öyrənsinlər! Qudurasan, qurbağa!
…Can Azərbaycana bir uşaq kanalı – məsələn, qardaş Türkiyənin “TRT Çocuk” uşaq kanalı misallı – açmaları yönündə təvəqqe məktubu yazan Mirzə Qələmin qanı başına vurur:
– Ayə, Süsən-Sünbül kintosu (dırnaqsız), – deyir, – sənin balalarını kim məcbur eləyir ki, onlar Bakıya baxsınlar?
Mənə qalınca, mən Süsən-Sünbül kintosuna “kinto”dan çox, böyük və unudulmaz Füzulinin təbirincə, “gədayi-möhtəşəm” ayamasını yaraşdırardım.Və əlavə etməyi borc bilərdim ki, bu möhtəşəm gəda ilə ehtiyatlı olsunlar. Çünki ehtiyatlı oğulun anası ağlamaz.
Amma indi, heç olmasa müqayisə üçün, görün Şuşa “zəfər”ini bayram etmək üçün hər il Moskvanın yollarını yağır eləyən “Ararat” strateji araşdırmalar mərkəzinin direktoru Armen Ayvazyan hansı şeytan-şuğul şellənmə səhnələr göstərir? Kirovakan kintosunun təkcə ön səhifəyə çıxardığı “matrisa” ilə kifayətlənirəm:
millətçilik korluq deyil, bəsirətdir;
Yer kürəsi “Armenia”nın başına fırlanır.
Bu yerdə mənə bir də bunu demək qalır ki, astronomiyadakı geosentrik Ptolemey nəzəriyyəsi də Günəşin Yer ətrafında fırlanmağını iddia edirdi. Sonra Kopernikin heliosentrik nəzəriyyəsi alternativ olaraq doğrunu ortaya çıxardı. İndi Kirovakan kintosu üçün Kopernik “şillə”sini hardan alaq?
Bir sözlə, Kirovakan kintosu qaranlıqda doğulduğu üçün (atası çırağı salıb sındırmışdı), ona belə gəlir ki, şamdan böyük işıq mənbəyi yoxdur…
…Bütün hallarda, insan cənnət bağlarını seçməlidir, cəhənnəm çuxurlarını yox. O üzdən də “kinto”nun köhnəlmiş sözlərdən – arxaizmlərdən dolayı, yeni sözlər-neologizmlər sırasında da, daha çox Vanadzor tərəflərdə, özünə yer alacağına bir şübhəniz də qalmasın.
P.S. Dünən Mirzə Qələmdən soruşuram ki, ay Mirzə, bilməmiş olmazsan, bu Süsən-Sünbüllülər Filan-Fəsmanla müqayisədə nədən bu qədər geridə qalıblar? Durub mənə Üzeyir bəyin sözləri ilə cavab verir: “Çünki onları irəli aparanlar cibləri ağırlıq etdiyinə görə yorulub yolda qalıblar”. Doğrudan da kiminin başı (Mirzə Qələmtək) ağırlıq edir, kiminin də cibləri (Süsən-Sünbül “kinto”sutək)…
Görünür, kintoluq təkcə dəllallıq demək deyilmiş. Dəllalbazarı da hələ bir ayrı imiş.
…Hər nə isə… Süsən-Sünbül yolayrıcında Qarayazılı Nurafizin iki misrasına köklənib gələn (və həmin məsihi misraları ahəstə oxuyan) Mirzə Qələm – onun arada-sırada oxrantılı oxumağı da var – “kinto dərdi”mi də dərhal unutdurur:
Dərd faizsiz kreditdi;
ömür çatmaz qaytarmağa…
Son olaraq Y.Beridzenin “Əlvida, kinto!” mahnısını da xatırlatmasam intermedia insafsızlıq olar. Çünki Mirzə Qələmin arada-sırada bu səmimiyyət və həsrət nostaljiləri ilə dolu mahnını zəmin-zəmanət zümzümə eləməyi də var…
Müəllifin başqa yazıları:
- Bu dağların Abbası (retro)
- Təkayaq (izomorfizm)
- Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
- Bilbaoda Bayraq günü (olimpias)
- “Kor xəlifə” Tiflisdə (antipod)
- Oturduqca oyun oynamaq (reaksiya)
- Bizim mizantrop Hökumət (təzkirə)
- Mükafat marafonu (praemium)
- Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
- Emin Elsevərin baş keçidi (retro)
- İbrahimxəlil süfrəsi (inversiya)
- Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
- Neyron yuvaları nişangah altında (innovasiya)
- Əyriqarın qardaşı (ucqar havası)
- Borçalı butaforiyası (debüt)