Oqtay Qorçu
Beyin kosmik peykdir, beyin bizim ağlımızın mənbəyi və saysız-hesabsız informasiyaların, düşüncələrin yığnağı mədənidir. Mayası ağıl olan beynin bizlərə genetik miras olduğu həqiqətə daha yaxın ehtimallardan biridir. Böyük alman filosofu Kantın “Uşaqlarınıza verə biləcəyiniz ən qiymətli töhfə ağıldır” deyimi bu nəzəriyyəni bir daha təsdiq etmiş olur.
İnsan düşünməklə qərar verir. Sağlam düşüncəsi olan insanlar əslində beyin, ağıl adlandırdığımız ilahi mirasın layiqli davamçılarıdır. Dahilik məqamına yüksəlib böyük adamlar sırasına adını yazanlar, bəşəriyyətə əvəzsiz töhfələr verən, xeyirli işləri ilə dünyanın mizan-tərəzisini pozmayanlar, sülhün, əmin-amanlığın fədakar mübarizlərinə çevrilən insanlar beynin funksional idarəetmə sistemindən düzgün qidalanan kəslərdir. “İşıqlı” istiqamət seçməklə irəliyə, gələcəyə hərəkətlənən, özlərində və ətraflarında düzgün qərar vermək vərdişi yaradan, dünyanın gedişini dəyişməyə qadir yeni-yeni gözəl ideyalar ixrac edən və müsbət enerji axınına təhlükə törədən şər formuluna mane olanlar indi də var və onlar ağlımızın dekorativ çiçəklənmə mərhələsinə, belə bir iyrənc dövrün mövcudluğuna son qoya biləcək adamlardır, bəşəriyyətin xilaskarı olmaq istəyənlərdir. Onların sayı elə də az deyil və şərə savaş açan belə şəxsiyyətlərin mübarizəsi hələ davam edir.
Adamlar bəzən ağıllı olduqları qədər də hissiyyatlı olurlar. Bəşər övladını faciəyə sürükləyən amillərdən biri də sosial yüklü, ictimai-siyasi çəkisi olan böyük problemlərə daha çox subyektiv həssaslıqla, az qala romantik duyğularla, hisslərin diktəsi ilə yanaşma tərzidir. İnsan bir anda reallıq hissini itirir, ölçülər dəyişir və ağıl səhv qərarlar verməyə köklənir. Qəribə səslənsə də, bu proses hisslərin ağlın sisteminə müdaxiləsi təhlükəsini yaradır. Özünü daha çox ağıllı sayan, lakin beynini işlətmək, ağlını sürətlə qərar vermək imkanından məhrum etdiyini anlamayan obyekt – bəşər övladı ilk xəyali görüntülərini yaratmaqla onun əsirinə çevrilir və problemin üstünə şığıyan insan hisslərinə aldanır. Artıq elə bir zaman gəlib ki, insan öz beyni, öz ağlı ilə üz-üzə qalıb. Bəşər dəhşətli bir kataklizmlə üz-üzə qalıb, dünyanı öz gözəl ideyaları ilə dəyişməyə qadir olan fövqəl insan obrazı, peyğəmbərlik missiyasının ardıclıları çox çətin durumdadır.
Yaradanın nurundan qidalanan ağlın, sağlam düşüncənin tezliklə bütün süni və təhlükəli hədləri aşacağı, darmadağın edəcəyi şəksizdir. Çünki beynin hərəkətverici qüvvəsi və əzəli enerji mənbəyi nurani sülh, ədalət prinsipləri üzərində bərqərar olub. Reallıq isə hələ ki, görünən mənzərədir. Savaş davam edir…
Bəşəriyyətin Tanrı nizamını təhrif edənlərin sayı günü-gündən artır. Şərin simasında guya praqmatik qərarlar vermək, qətiyyətli qanunlar, xilaskar obrazları (əsli iblis olan) yaratmaq ideyasının nəticələri artıq hamıya məlumdur. Cəhdlər davam edir, yeni-yeni Hitler, Stalin bənzərləri yetişir. Adəm övladı – Tanrının yaratdığı ilk şüurlu məxluq, böyük və azad seçimlərin sahibi indi missiyasını unudan, hadisələrin axarına düşüb qarşısındakı dekorasiyaya tapınan, süni mühitə və onun yaradıcılarına baş əyən köləyə bənzəyir. Bu, dünyanın görüntüsüdür. Ən dəhşətlisi özünü azadlıqda hiss edən, əslində isə uzun müharibələr eşqində olan, xaos, anarxiya yaymaq üçün meydan alan şeytan xislətli insanların kütləyə azadlıq, inqilab dahisi, din xilaskarı kimi təqdim edilməsi, təbliğatın, təşviqatın köməyilə belələrinin cəmiyyətə sırınması cəhdləridir.
İndi xeyir şərin meydanında tək qalan yaralı döyüşçüyə bənzəyir…
Ağlımızın dekorativ çiçəklənmə dövrü (Birinci yazı)