İbrahimxəlil
Allahın altındakı bütün yemlikli, yovşanlı, ya da yelkənli yerlər kimi Borçalı Süsən-Sünbülündə də boşqab dibi yalayanlar həmişə olub. Misilləmə misal üçün, bir də görürsən ki, həmin boşqab dibi yalayanların biri özündən otuz yaş kiçik olan gənc mirzələrin birinə “Dədə” deyə müraciət edir.
“Dədə” demiş… Borçalı Süsən-Sünbülündə son vaxtlar əslində sadəcə olaraq “ata” anlamını verən “dədə”yə ali titul-rütbə kimi baxanların heç də sağlam idman mübarizəsi şəraitində keçməyən yarışı gedir. Belə ki, Dədə Vasifin 1111 səhifəlik “Mənim ailə şəcərəm” adlı kitabına Dədə Asiflə Dədə Ağasif “Bizim ailə şəcərəmiz” adlı 2222 səhifəlik cavab kitabı yazdılar.
Bir dəfə üç ayda bir yol nəşr olunan yerli “Çapovulçu” qəzetində hər iki kitabın müəllifinə həsr edilmiş yarısərxoş yazıda “maestro müəlliflər”ə ünvanlanan “Dədə Asif”, “Dədə Vasif” və “Dədə Ağasif” xitabları “Gədə Asif”, “Gədə Vasif” və “Gədə Ağasif” şəklində getmişdi. Borçalıda elə hidrobioloji həngamə qopdu ki, hətta Hələb “həngamələr”i bunun yanında bir heçdi!.. Cəmi üç gün sonra “Dədə Vasif” çatlayıb ölmüşdü. “Çapovulçu”nun redaktoruna tammetrajlı töhmət vermişdilər, məsul katibə kinopanoram küfrlər yağdırmışdılar, amma Süsən-Sünbül tərəflərdə “Dədəyevçilik”-“Dədəyevşina” (İvanovo ruslarının “dedovşina”sı ilə qarışdırma!) bitib-tükənəndimi?..
Mirzə Qələm iddia edir ki, bunların hamısı arada-sırada bərli-bəzəkli danışmaq, bərli-bəzəkli də yazmaq həvəsinin həddən ziyadəliyi səbəbindən baş verir.
İl meymun ili olduğu üçün bu yerdə misilsiz “Kəlilə və Dimnə”dən bir nümunəni xatırladıram: “Meymun dedi: – And içirəm tacınıza… qüdrətim olsaydı başımı Sizə qurban verərdim”.
Boşqab dibi yalayana yüz də Allahın Peyğəmbərinin (s.) kəlamı ilə de ki, “Allah öz dili ilə inək kimi oynayan – söz oynadan – bəlağətli şəxsə nifrət edir”, yenə öz zinətindən-zinasından, bər-bəzəyindən, unudulmaz Çexov demiş, “pakazuxa”sından qalmayacaq!
Mirzə Qələm bunu da iddia edir ki, bəs deməzsənmi, bu üstü bəzək-içi təzək halların hamısı psixologiyadakı rol nəzəriyyəsindən irəli gəlir. Yəni Şekspir misallı, dünyanı – bizim natəvan nümunədə isə Süsən-Sünbülü – teatra bənzətsək, onda görərik ki, Dədə Asifin də, Dədə Vasifin də (Allah rəhmət eləsin!), Dədə Ağasifin də rol repertuarı elə böyükdür ki, bircə gündə 6-7 (!) rolda çıxış edə bilirlər. Hamısı da bir-birindən bərli-bəzəkli, bir-birindən şumal və şümşad!..
Amma öz aramızdır, Mirzə Qələmə çox minnətçi düşürəm ki, az-az arazbarı özünün psixoloji uyuşmasına da fikir versin: yəni bəni-adam olan Dədə Asifə də, Dədə Vasifə də, Dədə Ağasifə də qanı qaynamasa da, sözü tutmasa da öz xarakterini, temperamentini toparlasın! Axı Allahın altı həmişə böyükdür və altında da hamıya yer var; o cümlədən, dədələrə də, gədələrə də…
Mirzə Qələm bu teatra bənzəyən dünyada (və Süsən-Sünbüldə) günahın temperamentdə deyil, xarakterdə olduğunu söyləyərək mənə bu teatr dünyanın butaforiya tərəfindən danışır.
…İtalyan əsilli butaforiya (“buttafuori”) teatr tamaşaları üçün lazım olan ləvazimatı nəzərdə tutur və butafor da səhnə ləvazimatını hazırlayan ustaya deyilir. Amma bu sözün bir məcazi mənası da var imiş ki, bu da – hələ yuxarıda da işarə etdiyim kimi – zahiri bər-bəzək, saxta cah-cəlal anlamını verirmiş.
Sən demə, Mirzə Qələmi incidən də elə “dədələr”in sözün həqiqi mənasından çox, məcazi mənasından yapışıb yaşamalarıdır! Bər-bəzəyə, bəlağətə bu dərəcədə uymalarıdır!
Burası da var ki, Borçalı Süsən-Sünbülündə “Dədə görməyib, elə bilir ki, Şahqulu da bir dədədir” atalar sözü mənasında, “Dədə”yə münasibət də dəyişməyə başlayıb. Necə ki, “əmiroğlu” (“əmirzadə”) anlamını verən “Mirzə” sözü şəxs adından sonra – məsələn, Abbas Mirzə – gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə – məsələn, Mirzə Səfər – rütbə bildirir, eynən həmin oxşar minvalla buralarda da “dədə” həm mənsəb-mərtəbə-rütbə, həm də təxəllüs bildirməyə başlayıb: məsələn, Yasif Dədə, Yusif Dədə; bu da “stajlı dədələr”in ciddi narazılığına səbəb olur.
…Bu yerdə Mirzə Qələm iddia edir ki, Dədə Qorqud kimi ulu Dədəsi olanların özlərinə təzə Dədə gəzib axtarmaqları, “Dədələr”ə pürxumar poemalar, telli “trilogiyalar” yazmaqları vaqiflərdə hər dəfə necə acı gülüş doğurmasın?
Yeri gəlmişkən, bu məzmunda unudulmaz Bəxtiyar Vahabzadə də xoşniyyət xəbərdarlıq edibmiş…
…Mənə qalınca, mən bəni-adamlar arasında yaranan ixtilaflardan hər dəfə uzaq gəzib-dolanmağa çalışıram.
P.S. Dünən Mirzə Ağasif iddia edirmiş ki, guya Mirzə Qələm dilimizin özləşmə meyillərinə qarşı çıxır, guya “dədələr”in dilimizi etnik yaddaşına qaytarmaq cəhdinin önünü kəsir. Belə ki, Dədə Ağasifə görə, tərkibində “bol” hissəsi olan “futbol” sözü də, “buta” hissəli elə bu başa bəla “butaforiya” da – manşırladığı digər saysız-hesabsız sözləri demirəm; ayıbdır – alınma sözlər yox, bizim sözlər imiş.
Mirzə Qələm bunu da iddia edir ki, Borşalı Süsən-Sünbülündə bu qədər orfoqrafiya və sintaksis odunçusunun olduğunu heç akademik N.N.N. da bilmirdi.
Burası da var: bir halda ki, Romanın, Parisin, Qahirənin, Varşavanın (“var” hissəsini Dədə Ağasif görməsin) butaforiya tərəfi var, o halda bizim niyə olmasın? Məgər Barselonaya yaxın adına biabırçılıq deməzdilərmi?..
Müəllifin başqa yazıları: