“Azadlıq təklifləri” ilk dəfə 2007-ci ilin avqustunda “Azadlıq üçün təkliflər” adı altında işıq üzü görüb. “Azadlıq təklifləri”ndə müəllif azadlıq hüququnun genişləndirilməsi üçün imtiyazları kütləviləşdirmək, həbsdən mühakiməyə keçmək, günahların və günahlandırmaların sayını azaltmaq, qanunlara əməl eləyib-eləməməyi insanların ixtiyarına buraxmaq, azad insanın əxlaqını, həyat tərzini tətbiq eləmək və bütün bunları reallaşdırandan sonra insanlar arasında bərabərliyi pozan başqa fərqləri də aradan qaldırıb, bütün mühakimələri dayandırıb, bütün günahlandırmalardan əl çəkib, dövlətin bütün formalarına son qoyub, bütün qanunları ləğv eləyib ictimai prosesi sona çatdırmaq kimi ideyalar irəli sürüb. Müəllifin fikrincə, azad insanın əxlaqında dünyanın yeni nizam-intizamını qurmaq üçün lazım olan hər şey var.
Azər Qaraçənli
Azadlıq təklifləri
İmtiyazları kütləviləşdirmək
Bu gün hamının olan hüquqlar nə vaxtsa bir qrup adamın olub. İndiki hüquqların, demək olar, hamısı ən əvvəl elitaların imtiyazı formasında zühur eləyib. Elə azadlıq hüququnun özü. Bir vaxt ondan ancaq hökmdarlar, sərkərdələr, dilinə, dininə, milliyyətinə, nəslinə, var-dövlətinə görə üstün zümrədən sayılan kişilər bəhrələnib. Sonra həmin kişilərin qadınları, uşaqları, sonra bütün kişilər, qadınlar, uşaqlar bu imtiyaza yiyələnib. Yalnız bundan sonra azadlıq imtiyazdan hüquqa çevrilib.
İndinin özündə də ayrı-ayrı qruplara, şəxslərə başqalarından çox azadlıq verən imtiyazlar var. Biz onları da kütləviləşdirə, beləliklə, insan hüququnun, azadlığın hüdudlarını genişləndirə bilərik. Bundan ötrü daim “yuxarılar”ın imtiyazını “aşağılar”a ötürüb kütləviləşdirmək lazımdı.
İmtiyazların kütləviləşməsi tendensiyası onsuz da ictimai həyatın mayasında var. Amma bir var cəmiyyət özü inkişaf eləyə-eləyə imtiyazlar kütləviləşsin, bir də var sən bunu bir məqsəd kimi qarşına qoyub onu insan azadlığını genişləndirməyin yoluna çevirəsən, əvvəlcədən hər imtiyaza bu gözlə baxasan, hamını da buna vərdiş elətdirəsən, qabaqcadan bəyan eləyəsən ki, imkan düşən kimi imtiyazları başqa qruplara da ötürmək lazımdı. Biz cəmiyyəti imtiyazlarda gözü olmağa alışdırmalıyıq. İmtiyazı olanları da alışdırmalıyıq ki, onu həmişə başqalarıyla bölüşməyə razılaşsınlar. İmtiyazlar həmişə müzakirə mövzusuna çevrilməlidi. Daim götür-qoy olunmalıdı görək hansı imtiyaz hansı qrupa daha çox azadlıq verir və o imtiyazı başqa kimlərə ötürmək olar.
Əslində hər bir imtiyaz insana azadlıq verir: şəkərli diabet xəstəsinin pulsuz dərman almaq hüququ da – onun əlindəki resepti aptek rədd eləyə bilməz, hansısa fermerin mənfəət vergisindən azad olması da – onun gəlirinə dövlət şərik çıxa bilməz. Ancaq biz hüquqları ən yüksək həddə çatdıran imtiyazlardan başlamalıyıq. Hazırda dövlət, hökumət adamlarının, deputatların, hakimlərin bir sıra imtiyazı var. Məsələn, konstitusiyaya görə, hər kəs toxunulmazdı. Amma dövlət başçısı daha çox toxunulmazdı: onu hakimiyyətdə olduğu vaxt heç kim cinayət məsuliyyətinə cəlb eləyə bilməz. Baş nazir bir az az toxunulmazdı: səlahiyyət müddəti dövründə onu cinayət başında yaxalanma hallarından başqa tutmaq, cinayət məsuliyyətinə cəlb eləmək, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri görmək, avtomobilində, evində, iş otağında axtarış aparmaq, üst-başını yoxlamaq, sənədlərini alıb baxmaq, şəxsi müayinədən keçirmək (yəni tutalım, narkotik maddə, spirtli içki qəbul elədiyindən şübhələnəndə müayinəyə məcbur eləmək, yol polisi kimi aparatı uzatmaq ki, gəl buna üfür) olmaz. Eyni imtiyaz deputatlara, hakimlərə də aiddi. Onları da ancaq cinayət başında yaxalayanda tutmaq olar.
Biz bu cür imtiyazları yavaş-yavaş başqa qruplara da ötürməliyik. Tutalım, qarşımıza məqsəd qoymalıyıq ki, prezidentin toxunulmazlıq imtiyazı bu il prezident aparatında ikinci adama, baş nazirə, parlament sədrinə, məhkəmə sədrlərinə, gələn il prezident aparatının, hökumətin, parlamentin, məhkəmə orqanlarının başqa üzvlərinə, o biri il yerli icra hakimiyyətlərinə, bələdiyyələrə, sonrakı illərdə jurnalistlərə, müəllimlərə, həkimlərə verilsin. Ən axırda biz bu imtiyazı tamam kütləviləşdirib konstitusiya hüququna, toxunulmazlıq hüququnun ayrılmaz hissəsinə çevirməliyik: qoy hər bir insanı tutmaq əvvəlcə deputatı tutmaq qədər çətin, sonrasa prezidenti tutmaq qədər qeyri-mümkün olsun.
Bu proses dayanmadan, amma mərhələ-mərhələ getməlidi: ölkəyə rəhbərlik eləyənlər ölkə başçısının bir imtiyazını bu il, o biri imtiyazını gələn il bölüşməlidi. Hər qrupun imtiyazı ən əvvəl ona yaxın olan qrupa keçməlidi. Deputatın imtiyazı əvvəlcə bələdiyyə üzvünə verilməlidi. Hakimin imtiyazı hökumət işçisinə gəlib çatmamışdan qabaq ombudsmana, vəkillərə, hüquqşünaslara, hüquqları qorumaqla məşğul olan qeyri-hökumət təşkilatlarına keçməlidi və bu imtiyaz jurnalistə mühəndisdən tez çatmalıdı.
İmtiyazları kütləviləşdirmək azadlığı genişləndirmək üçündü, burda başqa məqsəd yoxdu. Bu ən vacib məqam heç vaxt yaddan çıxmamalıdı.
İmtiyazların kütləviləşməsi yeni imtiyazların yaranması prosesiylə bərabər gedə bilər, biz bundan qorxmamalıyıq. Azadlığın hüdudlarını daha da genişləndirən yeni imtiyazlar yaranırsa, burda pis heç nə yoxdu. Hər yeni imtiyazda azadlığın yeni imkanı sınaqdan keçir və biz bu sınaqların qarşısını almamalıyıq. Dövlət başçısına indikindən də çox toxunulmazlıq verilə bilərsə, verilsin. Deputatlar bir imtiyazlarını bələdiyyə üzvlərinə ötürən kimi özləri üçün yeni imtiyaz fikirləşib tapmaq istəyirlərsə, buyursunlar. Bələdiyyə üzvündən bələdiyyə sakininə keçən imtiyazın yerində bələdiyyə üzvü üçün yeni imtiyaz yaranırsa, yaransın. Onsuz da əvvəl-axır bu imtiyazlar hamınındı. Sadəcə bizim vəzifəmiz prosesi sürətləndirməkdi.
İmtiyazları kütləviləşdirmək qruplar arasında fərqi aradan qaldırmaq deyil. Düzdü, ən axırda bu elə ona gətirib çıxaracaq, amma ən axırıncı ana qədər bu hələ o deyil…
Həbsdən mühakiməyə keçmək
Azadlıq hüququnun tərəfdarı olan adam əslində azadlıqdan məhrumetmə cəzasının əleyhinə olmalıdı. Biz azadlıqdan məhrumetməni bir cəza növü kimi aradan qaldırmalıyıq. Bu iş təkcə cəmiyyətin ona nə dərəcədə hazır olduğunu nəzərə ala-ala yox, həm də cəmiyyəti ona hazırlaya-hazırlaya aparılmalıdı. Əvvəl türmələr, sonra müvəqqəti saxlama təcridxanaları da ləğv olunmalıdı. Ən ağır cəzalandırmanın yalnız bir növü qalmalıdı – mühakimə eləmək. Müttəhim ola bilər, dustaqsa olmamalıdı.
Bu işi də mərhələ-mərhələ, hansısa qrupların bir növ imtiyazına çevirməklə aparmaq olar. Məsələn, bir mərhələdə qadınlara, başqa bir mərhələdə siyasi xadimlərə, öz peşəsinin ustası kimi tanınmış adamlara – ustad müğənniyə, usta futbolçuya, görkəmli alimə, şairə, yazıçıya, məşhur saatsaza, bənnaya, yaxud yaş bölgüsüylə – əvvəlcə yetkinlik yaşına çatmayanlara, sonra yaşı yetmişi keçənlərə, sonra altmışdan yuxarı olanlara həbs cəzasının verilməsi yasaq oluna bilər.
Həbs cəzasını hər bir cəmiyyətdə ən ağır cəzanı dəyişə-dəyişə ləğv eləmək lazımdı. Məsələn, Azərbaycanda ən ağır cəza ömürlük həbsdi. Deməli, Azərbaycanda həbs cəzasının ləğvi prosesi ən əvvəl ömürlük həbsin ləğvindən başlamalıdı. Əgər ömürlük həbsin ən ağır cəza olduğu ölkədə bu cəza qadınlara, yetkinlik yaşına çatmayanlara və ahıl kişilərə də aiddisə, onda həmin ölkədə prosesə bu kateqoriyadan olanlara ömürlük həbsin verilməsini qadağan eləməkdən başlamaq olar. Azərbaycanda qadınlara, yetkinlik yaşına çatmayanlara və 65 yaşını keçmiş kişilərə ömürlük həbs verilmir, onlar üçün ən ağır cəza 15 il həbsdi. Deməli, Azərbaycan kimi ölkələrdə proses yaşı 65-dən aşağı olan dustaq kişilərdən başlamalıdı. Ola bilsin, birdən-birə onların hamısı üçün yox, əvvəlcə bir qismi, təbii ki, yüngülləşdirici halları nisbətən çox olanlar üçün ən ağır cəza 15 illik həbslə əvəz olunmalıdı. Beləliklə, hazırda ömürlük həbslə cəzalandırılan cinayətlərin sayı azaldılmalıdı. Sonra ümumiyyətlə ömürlük həbs cəzası ləğv olunmalı, tutalım, qadınlar və yetkinlik yaşına çatmayanlar üçün ən ağır cəza 12, kişilər üçün 15 il həbs həddində müəyyənləşməlidi. Sonra yenə eyni yolla – əvvəl qadınlar, yetkinlik yaşına çatmayanlar, sonra kişilərin bir qismi, sonra hamı üçün ən ağır cəza 10, 8, 6, 5 ilə endirilməlidi. Amma bütün hallarda yaddan çıxarmaq olmaz ki, məqsəd heç də ən ağır cəzanı yüngülləşdirmək – ömürlük həbsi 15 illik həbslə əvəz eləmək, 15 ili 10 ilə, 10 ili 5 ilə endirmək deyil. Məqsəd ümumiyyətlə həbs cəzasını aradan qaldırmaqdı. Ona görə ən ağır cəza bir sutkalıq həbs həddinə enəndə də proses dayanmamalı, bu cəza ildən-ilə saatbasaat azaldılmalıdı.
Ölüm hökmünün ləğvi yaşamaq hüququnun qələbəsiydi, azadlıqdan məhrumetmə cəzasının ləğvi azadlıq hüququnun qələbəsi olacaq.
Biz ən ağır cəzaları dəyişəndə istər-istəməz yüngül cəzalar da dəyişəcək. Ən ağır cəzanı 10 ilə endirdiyimiz vaxt, təbii ki, indi 10 illik həbslə cəzalandırılan cinayətlərə daha az iş veriləcək. Bundan başqa, tutub saxlamalar, inzibati (bir neçə sutkalıq) həbslər, qəti imkan tədbirləri (istintaq müddətində həbs, ev dustaqlığı, girov qoyma) də indikiylə müqayisədə daha ağır əməllərə tətbiq olunacaq. Həm prosesin bu hissəsinin avtomatik tənzimlənəcəyini, həm də ən əsas məsələnin ən ağır cəza olduğunu nəzərə alıb biz ən ağır cəzadan aşağı cəzaların yüngülləşdirilməsindən söz açmırıq. Sadəcə bir məsələni qeyd eləməliyik: ən ağır cəzaları dəyişməklə bərabər ən yüngül cinayətlərə aid məhkəmə işlərini mümkün qədər elə mühakiməylə də bitirmək lazımdı.
Biz yavaş-yavaş cəzalandırmada mühakiməyə üstünlük verməliyik. Bu işə ən yüngül cinayətlərdən başlamalıyıq, amma ən ağır cəzaları enidirə-endirə gəldiyimizə görə mühakimə axırda bizim əlimizdə-ovcumuzda qalan yeganə ciddi cəza növünə çevriləcək. Yəqin ki, onda mühakimənin özünün ağır, yüngül formaları olacaq: ağır cinayətlərin mühakiməsi açıq, uzun, yüngül cinayətlərin mühakiməsi qapalı, qısa keçəcək və sair.
Mühakimənin ən ağır cəza növünə çevrilməsi indi çox fantastik görünür. Amma bu fantaziya tarixin gedişatına, inkişafın real tendensiyasına əsaslanır. Ədalətli cəzaya, ədalət və cəzaya münasibət dəyişkəndi. Əvvəllər ədalətli sayılan cəzalar sonralar yerli-dibli ləğv olub. Cinayətlərə getdikcə daha yüngül cəzalar kəsilir. Bir vaxt əsl ədalət qana qan sayılırdı, adam öldürəni ömürlük həbsə salsaydın, buna ədalətsizlik kimi baxardılar. Hətta onu elə-belə, işgəncəsiz edam eləsəydin, tutalım, eləcə boynunu vursaydın, tikə-tikə doğramasaydın, dərisini soymasaydın, atın dalına bağlayıb küçə-küçə sürüməsəydin, bu, yüngül cəza kimi qəbul olunardı.
Sadəcə mühakimə eləmək, kimisə eləcə müttəhimlər kürsüsünə qaldırıb-düşürtmək indiki təsəvvürlərə görə çox yüngül cəzadı. Ancaq bu təsəvvürlər dəyişəcək. Hətta indi – ölüm hökmünün, ömürlük həbsin olduğu dövrdə də ağır cinayətlərə görə cəzalandırmanın mühakiməylə bitməsinin və ən başlıcası, cəmiyyətin bunu normal qarşılamasının simptomları görünür. Məsələn, dövlət başçılarını, eləcə də keçmiş dövlət başçılarını, diplomatları, hökumət üzvlərini, tanınmış ziyalıları, sənətkarları bu günün qabaqcıl ölkələrində demək olar ki, tutmurlar. Bir cinayətləri olanda eləcə mühakimə eləyib, məhkəməyə get-gələ salıb buraxırlar. Bizim üçün ən maraqlı məqam odu ki, onların özləri də, cəmiyyət də bunu ağır cəza kimi qəbul eləyir. Hamı düşünür ki, bu biabırçılıq, bu narahatlıq onlara bəsdi. Cəmiyyət onların həbs olunmamasına ədalətsizlik kimi baxmır. Əgər bir qrupa münasibətdə bu varsa, deməli, hamıya münasibətdə ola bilər.
Biz mühakiməyə ən ağır cəza kimi baxılmasına nəinki nail ola bilərik, hətta biz istədik-istəmədik, tarix özü buna doğru gedir.
Biz indi mühakimənin cəza kimi qalmasından danışırıq, amma nə vaxtsa onu da ləğv eləməkdən danışmalıyıq. Biz nə vaxtsa mühakimənin özünü də azadlıq hüququna zidd olduğuna və insanı günaha batırdığına görə ləğv eləməliyik.
Günahların sayını azaltmaq
Cəmiyyət bizə artıq günahlar təlqin eləyir – istər ailə, istər iş yoldaşları, dost-tanış, istərsə də millət, dövlət, din səviyyəsində. Nəyin həqiqətən günah olub-olmadığını bilmək üçün ona azad insanın gözüylə baxmaq lazımdı: azad insanın qəbul eləmədiyi hər bir günah artıq günahdı. Əslində dünyada çox az günah var. İctimai ehtiyaclardan yox, mənəviyyatın daimi tələblərindən doğan həqiqi günahların sayı çox azdı. Günahın çoxu müvəqqəti günahdı, ona görə də bu gün ayıb saydığımız, günah bildiyimiz çox şey sabah adi bir şeydi.
Azadlığı genişləndirməyin vacib yollarından biri günahların sayını azaltmaqdı. Biz hər dəfə fürsət düşəndə günahları artıq yükdən təmizləməli, barmağımızı uzadıb deməliyik: bunu günah saymağa ehtiyac yoxdu. Belə demək təhlükəlidisə, onda heç olmasa etibar elədiyimiz adamların qulağına pıçıldamalıyıq: onu günah saymağa ehtiyac yoxdu. Biz həmişə bu fikirdə olmalıyıq ki, bizim dünyada günahların sayı lazım olduğundan çoxdu. Çünki doğrudan da həmişə belə olub, həmişə belə olacaq.
Biz günahları yumağı asanlaşdırmalıyıq. Peşmançılıq, üzrxahlıq, səhvləri düzəltmək cəhdi – bağışlamaq üçün ciddi əsaslardı. Bəlkə bu o qədər də ədalətli yol deyil, amma başqa yol da yoxdu. Onsuz da günahları yumaq get-gedə asanlaşır. İndi hansısa dövlət başçısı nə vaxtsa öz ölkəsinin başqa bir xalqa tutduğu divana görə üzr istəməklə ölkəsinin günahını, hansısa general terrorçuların hərbi bazasını yox, uşaq bağçasını bombaladıqlarına görə üzr istəməklə ordusunun günahını yuya bilir. Düzdü, bu üzrxahlıqlar bəzən səmimi deyil, siyasi məqsəd güdür, amma biz elə eləməliyik ki, üzrxahlıqlar həmişə ürəkdən gəlsin, ona görə üzrxahlığa məcburiyyət yaratmamalıyıq.
Biz bir az da irəli gedib günahı yumağın daha sadə üsulunu təklif eləməliyik: heç kimi, hətta özünü də günahlandırmadan günahını yumaq. Yəni sadəcə olan olub-keçən keçib deyirsən, hətta olmuşa günah kimi, qınaqla da baxmırsan, eləcə onu təkrarlamamaq qərarına gəlirsən. Heç kimi, hətta özünü də günahlandırmadan günahını yumaq – heç nəyə qınaqla baxmadan nələrisə təkrarlamamaq, nəyisə daha eləməmək, tərgitmək qərarına gəlmək deməkdi. Əslində insanı günah kompleksindən yalnız bu xilas eləyə bilər. Bütün başqa üsullarsa günahı yusa da, günah kompleksini saxlayır.
Biz hansısa qanunsuz əməlinə görə insanı hansısa sahədən birdəfəlik qovan, bir daha onun həmin sahəyə qayıtmasına, məsələn, yenidən polis, həkim, müəllim işləməsinə imkan verməyən qanunları dəyişməliyik. Bir sahədən birdəfəlik qovma olmamalıdı. Qanun hər kəsə özünü yenidən göstərmək, özünü yenidən sınamaq imkanı verməlidi.
Günahların azaldılması istiqamətində tarixin atdığı ən böyük addım dünyəvi dövlətin yaranması olub. Biz dünyəvi dövləti daha da dünyəviləşdirməli, dini, ideoloji dövrlərdən qalma yanaşmaları onun qanunlarından tapıb çıxarmalıyıq. Məsələn, “Vətənə sədaqət müqəddəsdi” kimi ifadə konstitusiyadan çıxarılmalıdı. Qanunda yalnız toxunulmazlıq ola bilər, müqəddəslik hüquqi anlayış deyil.
Biz öz əməlindən peşman olmamağın cinayət hüququnda ağırlaşdırıcı hal sayılmasını mütləqləşdirməməliyik. Xüsusən ilk dəfə cinayət törətmiş şəxslər və cəzasının yarısını çəkmiş dustaqlar peşman deyillərsə, deməli, burda nəsə bir həqiqət var. Həmin həqiqəti bilmədiyimizə, amma belə bir həqiqətin olduğunu hiss elədiyimizə görə biz elə eləməliyik ki, tutduğu əməldən peşman olmamaq ilk dəfə cinayət törədənlər və cəzasının yarısını çəkənlər üçün ağırlaşdırıcı hal sayılmasın, onların cəzasını artırmasın, əfvini gecikdirməsin.
Biz yazılmış qanunlardan da, yazılmamış qanunlardan da əxlaqi nəzarətçilik iddialarını çıxarmalı, ittiham eləyənin ittiham olunan qarşısında müqəddəslik pozası almasına imkan verən məqamları dəyişməliyik. Mümkün qədər az günahlandırmalıyıq. Günahlandırmanın sayı həqiqi günahların sayı qədər az olmalıdı. Azad insanda günahlandırmaq meyli çox zəif olur. Onun daim günahı başqasının üstünə yıxıb gecə-gündüz ətrafa saxta günah təlqin eləyən zülmkardan və hər şeyə görə günahı öz üstünə götürüb içini yeyən fağırdan fərqi bundadı. Bu mənada artıq günahlarla mübarizə zalımlığa və məzlumluğa qarşı mübarizədi. Bu sırf azadlıq uğrunda mübarizədi.
Dünyada nə qədər həqiqi günahın olduğu azadlıq olan yerdə bilinir. Azadlıq olan yerdə beş-üç günah qalır.
Cəmiyyəti vicdanın ixtiyarına buraxmaq
Vicdan üzərində ictimai həyat, vicdanın ixtiyarına buraxılmış firavan, təhlükəsiz, azad cəmiyyət – bütün ictimai ideyalar, ideologiyalar yalnız burda sona çatır. Biz vicdanın ixtiyarına buraxılmış həyatı bəşəriyyətin idealına, dünyanın məqsədinə çevirməliyik. Biz ictimai həyatın vicdanla tənzimlənən mexanizmlərini tapıb işə salmalı, get-gedə həyatı bu mexanizmlərin öhdəsinə buraxmalıyıq. Vicdanla tənzimləmə mexanizmi nə deməkdi? Əslində bu heç bir mexanizmin olmaması, insanın özbaşına buraxılmasıdı.
Bu prosesə belə başlamaq olar. Əvvəlcə qanunun aliliyi prinsipi pozulmalıdı. Cəmiyyəti vicdanın ixtiyarına buraxmaq üçün hamının qanun qarşısında bərabər olduğunu bəyan eləyən prinsip dəyişməlidi. Başqa islahatlar kimi bu da yavaş-yavaş, mərhələ-mərhələ həyata keçirilməlidi. Əvvəlcə hamı qanun qarşısında bərabər olmalıdı, yalnız müəyyən adamlardan başqa; özü də bütün məsələlərdə yox, yalnız müəyyən məsələlərdə; həm də istədikləri qədər yox, müəyyən müddət ərzində. Tutalım, qərara alınmalıdı ki (bu qərarı dövlət, hökumət rəhbərliyi, parlament də verə bilər, əhali də – referendum yoluyla), filankəslər filan məsələdə filan vaxta qədər qanun qarşısında cavabdehlikdən tam azad olunurlar, onları bu müddətdə bu məsələylə əlaqədar heç kim heç nəyə məcbur eləyə bilməz. Onlara cərimə kəsilə bilər, amma istəsələr ödəyərlər, istəməsələr yox; prokurorluqda onların barəsində cinayət işi açıla, şahid ifadələri toplana, hər cür istintaq hərəkəti başlaya bilər, amma onlar istəsələr istintaqın tələbinə əməl eləyərlər, istəməsələr yox – ifadə verə də bilərlər, verməyə də, əlində order axtarışa gəlmiş polisi içəri buraxa da bilərlər, buraxmaya da, şəhərdən çıxmamaq haqqında iltizama qol çəkə də bilərlər, çəkməyə də, qol çəksələr belə istəsələr şəhərdən çıxa da bilərlər, çıxmaya da; onları məhkəməyə vermək olar – istəsələr gələrlər, istəməsələr yox; məhkəmədə onlara həbs cəzası kəsilə bilər – istəsələr gedib türmədə oturarlar, istəməsələr yox.
Qanunun icbariliyindən azad adamları heç nəyə məcbur eləmək olmaz. Vicdanın ixtiyarına buraxılmış cəmiyyətdə ali olan qanun yox, insandı. Burda vəzifələr ləğv olunmayıb, sadəcə onu qəbul eləyib-eləməmək insanın ixtiyarına buraxılıb. Burda qanunda hər şey var, o cümlədən insanı qanunun icrasına məcbur eləmək mexanizmləri, amma insanın özü razılaşmasa, bu mexanizmlərin heç biri həyata keçə bilməz. Vicdanın ixtiyarına buraxılmış cəmiyyətdə əgər həbs cəzası, türmə hələ qalıbsa və bu cəzaya məhkum olunan adam könüllü şəkildə türməyə gedirsə, yenə də o, istədiyi vaxt ordan çıxa bilər. İstəsə çıxmaya da bilər. Ancaq həbs müddətindən artıq türmədə oturmaq qanunsuzluqdu, ona görə necə ki, onun əvvəlki – həbsinə gətirib çıxarmış qanunsuzluğu dövründə qanun var qüvvəsiylə işə düşmüşdü, bu halda da elə olacaq: qanunu qorumaqdan ötrü bütün tədbirlər görüləcək. Bununla belə, yenə heç bir məcburiyyət ola bilməz: vicdanın ixtiyarına buraxılmış cəmiyyətdə insanı türmədən çıxarmaq üçün qərar verilə, cərimə, cəza təyin oluna bilər, ancaq insan özü razılaşmasa, bu tədbirlərin hamısı kağız üstündə qalmalıdı.
Cəmiyyəti vicdanın ixtiyarına buraxmaq prosesi yaşı 60-ı keçmiş, öz işinin ustası kimi ad çıxarmış adamlardan (ustad sənətkardan, məşhur xeyriyyəçidən, nüfuzlu vəkildən, dindardan, ateistdən…) başlamalıdı. Onlar əvvəlcə insan həyatı üçün birbaşa fiziki təhlükə törətməyən məsələlərdə qanun qarşısında cavabdehlikdən azad olunmalıdılar. Prosesin başlanğıcında heç kimə ağır nəticəsi ola biləcək məsələdə, tutalım, yol hərəkəti qaydasına riayət eləməkdə sərbəstlik verilə bilməz. Amma vergiləri, kommunal xərcləri ödəmək (ola bilsin, əvvəl-əvvəl hamısını yox, bir qismini) məsələləri onların ixtiyarına buraxıla bilər.
Prosesin əvvəlində vicdanın ixtiyarına buraxılmış adamların sayı az olmalıdı – məsələn, əhalinin hər milyon nəfərinə bir nəfər. Məcburiyyətin dayandırıldığı sahələr də az olmalıdı – üç, dörd, beş… Müddət də qısa götürülməlidi – bir-iki il. Ola bilsin, ilk vaxtlar bir nəfərə ancaq bir müddətə qanuna könüllü əməl eləmək səlahiyyəti verilməlidi. Amma get-gedə bu məhdudiyyətlər aradan qalxmalıdı: qanunun icbariliyindən azad olunma müddəti də uzadılmalıdı, buna layiq görülən adamların sayı da artırılmalıdı, məcburiyyətin dayandırıldığı sahələr də çoxaldılmalıdı. Yavaş-yavaş nəinki yol hərəkəti qaydalarını pozmağa, hətta adam öldürməyə də məcburi cəza düşməməlidi.
Azad insanın əxlaqını öyrənmək, ictimai prosesi sona çatdırmaq
Viktor Şklovski yazır ki, “Kazaklar” povestinin qələmə alındığı on ildə əsərin variantları yox, müəllifin – Lev Tolstoyun dünyagörüşü dəyişib: Tolstoy kazakların sərbəst həyat tərzini bütün dünyada yeni həyat qurmaq imkanı kimi qavrayıb, kazakların simasında Rusiya üçün nümunə – zadəgansız kəndliləri görüb. Şklovski deyir, Tolstoyun Yasnaya Polyanada yaratdığı, giriş-çıxışı sərbəst olan, konkret proqrama əsaslanmayan, istedadlı uşaqları tapıb yetişdirmək məqsədi güdən məktəblər də bir növ elə kazak məktəbləridi, kazaklar ideyasının davamıdı. Tolstoy bu başsız dəstəylə kazaklar ideyasını həyata keçirirdi…
Yeni dünya üçün və bundan sonra uzun bir gələcək üçün ən düzgün nümunə azad insandı. Biz azad insanın əxlaqını öyrənməliyik, onun davranışını, münasibətini, həyat tərzini müşahidə eləməliyik. Bu biliklər bizi azadlıq haqqında nəzəriyyələrin utopiya olmadığına, insanın gerçək təbiətinə əsaslandığına inandıracaq. Hansı müdaxilənin, qadağanın artıq olduğunu bizə azad insanın əxlaqı göstərir. Azad insanın rədd elədiyi müdaxiləni əvvəl-axır bütün dünya rədd eləyəcək. Tarixi gedişatın ən düzgün tendensiyası azad cəmiyyətdə görünür. Azad cəmiyyətdə ləğv olunmuş qadağaların hamısı başqa cəmiyyətlərdə də ləğv olunacaq. Biz azad insanın əxlaqını təbliğ eləməliyik. Biz azad insana etibar eləməliyik. Onun əxlaqında dünyanın bütün yeni nizam-intizamı var.
Biz ictimai prosesi sona çatdırmalıyıq. İmtiyazları kütləviləşdirəndən, həbsdən mühakiməyə keçəndən, günahların və günahlandırmaların sayını azaldandan, qanunlara əməl eləyib-eləməməyi insanların ixtiyarına buraxandan sonra insanlar arasında bərabərliyi pozan başqa fərqləri də aradan qaldırmalı, bütün mühakimələri dayandırmalı, bütün günahlandırmalardan əl çəkməli, dövlətin bütün formalarına son qoymalı, bütün qanunları ləğv eləməliyik. Heç kim heç kimdən üstün olmamalı, heç kim heç kimi mühakimə eləməməli, heç kim heç kimi günahlandırmamalıdı. Heç bir dövlət, heç bir qanun qalmamalıdı. Bununla da ictimai proses sona çatmalıdı.
Azad dünya ictimai prosesin sona çatdığı dünyadı. Bu dünya təhlükəsiz və firavandı. İctimai ədalət var. Amma yenə də adamlar ölür, sevənlər əzab çəkir, müdriklər çıxış yolu axtarırlar. Tapmaq asan deyil. İmtina eləmək ondan da çətindi: yolun yarısında nə cür dayanasan?
Azad dünya – bu hələ yolun yarısıdı…
Avqust, 2007-ci il