İqtisadçı ekspert Vüqar Bayramov benzini ucuzlaşdırmaq təklifi verib. Transparency.az-ın məlumatına görə, ekspert dünya bazarında neftin qiyməti düşəndən bir sıra ölkələrin bu addımı atdığını misal gətirib: “Neft ucuzlaşandan benzinin qiyməti ABŞ-da 43, İspaniyada 21, Fransada 16, avro ekvivalentində Polşada 30, Norveçdə 22 faiz azalıb. Avro zonasının demək olar bütün dövlətlərində yanacağın qiyməti enib.
Azərbaycanda isə qiymət dəyişməyib. İndiki halda 30 faiz ucuzlaşma mümkündür. Benzinin 1 litrinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki bu, digər sahələrdən qazanılan əlavə dəyərin artmasına imkan verəcək. Tarif Şurası benzinə tətbiq edilən vergiləri azaltsa, ucuzlaşma mümkündür. Yanacağın və benzinin xərc strukturuna diqqət yetirsək bəlli olur ki, əsas xərc vergidir. Dövlət Neft Şirkəti üçün bir barrel neftin orta qiyməti 15 dollardır. Şirkətdə bir barrel neftin xərci dünya bazar qiymətindən aşağı olduğu üçün benzinin qiymətinin endirilməsi qurumun gəlirlərinə təsir göstərməyəcək”.
Ekspertin qənaətinə görə, yeni yaradılmış dəyər hesabına başqa sektorlardan gələn vergi ödənişlərinin həcmini artırmaq mümkündür: “Ölkədə 1 milyon 200 mindən artıq avtomobil istifadəçisi var, deməli, onların xərcləri azalacaq. Avtomobillərin ehtiyat hissələri xaricdən idxal olunur və onların qiymətində artımlar var.
Benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcini də azaldacaq. Aqrar sektorda yanacaqdan çox istifadə edildiyi üçün bu sahəyə də müsbət təsir olacaq. Həm fermerlər üçün yeni imkanlar yaranacaq, xərclər azalacaq, həm də istehsal olunan məhsullar ucuzlaşacaq. Məhsul ucuzluğu ixrac imkanlarını artıracaq. Bu, digər xidmət sahələrində də ucuzlaşmaya gətirib çıxaracaq. Nəqliyyatda, beynəlxalq yükdaşımalarda, iqtisadiyyatın digər sektorlarında büdcə ödənişlərinin həcminin artması benzinin ucuzlaşması ilə azalan birbaşa gəlirləri mexaniki kompensasiya edəcək”.