Novator.az saytı bu il yanvarın 9-da 66 yaşında vəfat etmiş xalq şairi Zəlimxan Yaqubun bir neçə şeirini oxucuların diqqətinə çatdırır.
Şairəm, siz məni qınamazsınız
Ey məni duyanlar, məni sevənlər,
Ömrüm bağçasında bahar-yazsınız.
Telləri gümüşdən, üzü sədəfdən,
Siz mənim qəlbimdə dinən sazsınız.
Şeytanın zəhməti hədərdi-hədər,
Dost olan ürəkdən gen düşər kədər,
Sayınız olsa da, ulduzlar qədər,
Mənimçün azsınız, yenə azsınız.
İsti yuvamsınız – uçan quş olsam,
Dərmanım sizsiniz – dərdə tuş olsam.
Arada kimisə unutmuş olsam,
Şairəm, siz məni qınamazsınız.
Şairlər eşidir
Həyatda ən şirin şeirə çevirdim
Yuxuda qəlbimə axan səsləri.
Günəşdən torpağın üstünə enib,
Torpaqdan Günəşə qalxan səsləri.
Tanrı öz payından göndərib yerə
Bu xan avazları. bu xan səsləri.
Kamandan eşitdim, sazdan dinlədim
Ruhumu yandırıb-yaxan səsləri.
Haqdan enən səsin səcdəsinə gəl,
Ürəkdə atəşdi, könüldə məşəl.
Şairlər eşidir hamıdan əvvəl
Mələk dodağından çıxan sözləri.
İlk andımız, son andımız Turandı
Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərki dünyası,
Əvvəl-axır dünya türkün dünyası,
Üç gün-beş gün gecim-tezim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Düşmən məni düz düşünməz, çaş anlar,
Haq sözümü qaya duyar. daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa, xeyrə yozum olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Dinlənəcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bu gün-sabah dünya bizim olacaq.
Mən çəkəni qələm bilməz
Sözlər mənim çiçəyimdi,
Balımı sözdən çəkmişəm.
İşığımı, alovumu
Sözdəki közdən çəkmişəm.
Min dağı, min dərəsi var,
Uçurumu, bərəsi var,
Sözün nə ki şirəsi var,
Baxışdan, gözdən çəkmişəm.
Yarım bilməz, Lələm bilməz,
İçim bilər, aləm bilməz,
Mən çəkəni qələm bilməz.
Nə çəkdimsə. mən bilmişəm.
Nə dil bilsin, nə dodaq
Eldən gizli sözüm yox,
Özgəsində gözüm yox,
Sənsiz canda dözüm yox,
Diş də bilsin, dodaq da.
Durub dayanmaq nədir?
Sevgini danmaq nədir?
Qoy görsün yanmaq nədir
Nur da bilsin, çıraq da.
Arıtək açışanda
Dadmışam balı şanda.
Qoy yanaq alışanda
Köz də bilsin, ocaq da.
Gülən üzüm ol mənim,
Görən gözüm ol mənim,
Doğrum. düzüm ol mənim,
Haqq da bilsin. nahaq da.
Yaxınlıq
Qəlbimin, ruhumun aynasındasan,
Bağrımın başıtək yaxınsan mənə.
Nur səndə, qaş səndə, üzük məndədi,
Üzüyün qaşıtək yaxınsan mənə.
Ömrün ağrısı mən, acısı sənsən,
Dərdin qardaşı mən, bacısı sənsən,
Gözümdən tökülən acı su sənsən,
Gözümün yaşıtək yaxınsan mənə.
Sevgimsən, yaşayır hər bəla səndə,
Ər dözüm məndədi, kür bəla səndə,
Baş məndə, başkəsən Kərbəla səndə,
Başımın daşıtək yaxınsan mənə.
Nahaq endik o dağların başından
Nahaq endik o dağların başından,
Gərək orda qal oğlu qal olaydıq.
Ömrümüzü gül ömrünə döndərib
Zirvədə qar, pətəkdə bal olaydıq.
Allaha tən, haqqa yardı zirvələr,
Yaranışdan dümağ qardı zirvələr.
Ömrümüzü ucaldardı zirvələr,
Nahaq endik o dağların başından.
Üfüqlərdə quş olmaq da gözəldi,
Şimşəklərə tuş olmaq da gözəldi,
Lap o yerdə daş olmaq da gözəldi,
Nahaq endik o dağların başından.
Ucalığı ölüm-itim haxlamır,
Peyğəmbərdi, qəlbində kin saxlamır.
Min il keçir, bir qayası laxlamır,
Nahaq endik o dağların başından.
Haqq evidi, hər daş otaq, hər kaha,
Salam verir dan yerinə, sabaha.
Təzə-təzə qovuşurduq Allaha
Nahaq endik o dağların başından.
Ruh paklaşır, yağan qardan ağ olur,
Can bərkiyir, saf poladdan sağ olur.
Dağ başında vallah adam dağ olur,
Nahaq endik o dağların başından,
Nahaq endik o dağların başından.
Hamı bu şəhərə dipdiri gəlir
Şəhər dünyasıdı…
gündə meydana
ağıllısı çıxır,
dəlisi çıxır.
Hərənin bir cürə
nəfəs kəsəni,
Hərənin bir cürə
zəlisi çıxır.
Hamı bu şəhərə
dipdiri gəlir,
Hamının şəhərdən
ölüsü çıxır.
Gələcəyəm
Gələcəyəm, gözlə məni,
harda olsam gələcəyəm,
Qohum kimi, qonşu kimi,
qardaş kimi gözlə məni.
Bir-bir yada salacağam,
nələr olub, nələr keçib,
Ömür kimi, tarix kimi,
yaddaş kimi gözlə məni.
Sən özünü məndən ayrı
nə yetim bil, nə arxasız.
Arxa kimi, dayaq kimi
sirdaş kimi gözlə məni.
Həyatına gələmməsəm
ölümünə gələcəyəm,
Məzarımın başındakı
bir daş kimi gözlə məni.
Heyf
Dünyanın ən ətirli
gülütək sevdim səni,
Heyf, hansı bağçada
solmamış bir gül qaldı?
Alışan ocaq kimi
bağrıma basdım səni,
Heyf, həmin ocaqdan
bircə ovuc kül qaldı.
Bütün sevdiklərimiz
qara torpağın malı,
Nə sevilən baxışlar,
nə sevən könül qaldı.
Mənimki söz qəsri, söz qalasıdı
Yoxdu yaş qorxusu sevilənlərə,
Doxsanın içində, yüzün içində.
Ürəyin nə qədər arzuları var,
Nə qədər istək var gözün içində.
Nə naxış gərəkdi, nə zər, daşıma,
Tale yazdığını yazar daşıma.
Söz olsun yaraşıq məzar daşıma,
Siz məni basdırın sözün içində,
Mənimki söz qəsri, söz qalasıdı,
Söz Babək qalası, Bəzz qalasıdı.
Qalsa Zəlimxandan söz qalasıdı,
Yatanda kəfənin, bezin içində.
Ürəyimdən keçənlər
Yolçunu isindirən
yanar oddu-ocaqdı,
Dağ döşündə qaynayan,
göz-göz olan bulaqdı.
Bar altında əyilən
çarpazlanmış budaqdı,
Ürəyimdən keçənlər!
Göz yaşı qədər duru
dağlardan axan sudu,
Göy meşədə, çəməndə
ötən qumrudu, qudu.
Anasının dalınca
qaçan körpə quzudu,
Ürəyimdən keçənlər!
Gəncliyim, gerçəkliyim,
düzlüyüm, şaxlığımdı,
Həm sərtliyim, bərkliyim,
həmi yumşaqlığımdı.
Kövrək körpəliyimdi,
dəcəl uşaqlığımdı,
Ürəyimdən keçənlər!
Yer üzündə insandı,
göy üzündə mələkdi,
Şah-vəzirdi, nökərdi,
hökmdardı, fələkdi.
Bir ürəyə sığmayan
min-min azan-diləkdi,
Ürəyimdən keçənlər!
Solub gedən çiçəkdi,
sönən közdü-kömürdü,
Alnımıza yazılan
göstərişdi, əmrdi.
Torpaqdan boy göstərib
torpaq olan ömürdü,
Ürəyimdən keçənlər!
Gedir
Sayırıq axşam sabahı,
Günlərimiz keçib gedir.
Dərd yaxasız köynəyini,
Bizim üçün biçib gedir.
Nə behi var, nə bazarı,
Öndə hazırdı məzarı.
Cəllad kimi dərd-azarı,
Qanımızı içib gedir.
Həyat qısa duş kimidir,
Yolları yoxuş kimidir.
İnsan oğlu quş kimidir,
Yurddan-yurda köçüb gedir.
Qəbirdən gələn səs
Qəbirdən gələn səs
Dünyada ən rahat yer
qəbir evidir ancaq.
Vardı bir can borcumuz,
borcu verdik qayıtdıq.
Başımıza qaxmasın
xərcimizi çəkənlər,
Canımız bahasına
xərci verdik qayıtdıq.
Endik torpağın üstən,
düşdük torpaq altına.
Qalanı təslim etdik,
bürcü verdik qayıtdıq.