Azər Qaraçənli
Çoxu nisgilli olsa da, bayatılarda nikbinlik də az deyil. Nikbin bayatıların içində şükranlığa rast gəlmək çətin deyil.
Reyhanı əkdim düzə,
Göyrədi, qalxdı dizə.
Allah, sənə çox şükür,
Yar üzün çördü bizə[1].
Aynanı qoydum düzə,
Şövqü düşsün Təbrizə,
Şükür, pərvərdigara,
İşimiz düşüb üzə[2].
Atıban tutdum səni,
Əcəb ovutdum səni.
Ömr üzdüm, cəfa çəkdim,
Şükür, böyütdüm səni[3].
Mənim yarım xoyludu,
Boyu uca boyludu.
Allahıma şükürəm,
Əsli-nəsli, soyludu[4].
“Şükür” sözünün işlənmədiyi bayatılarda şükür ruhu bu sözün işləndiyi bayatılardan da güclüdü.
Oturmuşdum səkidə,
Ürəyim səksəkədə,
Üç qızıl alma gəldi
Bir qızıl nəlbəkidə[5].
Qapıdan biri gəldi,
Gözümün nuru gəldi.
Bu arxı kim arıtdı,
Su belə duru gəldi[6].
Söz deyən aşıq oldu,
Elə yaraşıq oldu,
Bu gün yar bizə gəldi,
Evimiz işıq oldu[7].
Mən aşiq, göz dərmanı,
Təbibi göz dərmanı.
Yarıma canım qurban,
Yüz il də gözlər məni[8].
Eləmi, Bəxtiyara,
Şirazdan Bəxtiyara.
Şad oldu məlul könlüm,
Gözlərim baxdı yara[9].
Qoca nənə olmuşam,
Saralmışam, solmuşam.
Min bir nəvə içində
Yüz yaşına dolmuşam[10].
Yeni gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala göstərin ki,
Balamdan göyçək olsun[11].
Qoxusu güldən gəlir,
Güldən, bülbüldən gəlir.
Balamın gül beşikdə
Yuxusu birdən gəlir[12].
Bağda bülbül oxuyur,
Saça sünbül toxuyur.
Balamı iyləyirəm,
Elə bil gül qoxuyur[13].
Əziziyəm dadı var,
Yarın şirin dadı var.
Yüz igid sırasında
Qardaşımın adı var[14].
Xəncər üstə qaş gəlir,
Qoşun başabaş gəlir.
Qoşuna qurban olum,
İçində qardaş gəlir[15].
Qardaşım Çindən gəlir,
Çöldən biçindən gəlir.
Əlində bir dəstə gül,
Bəylər içindən gəlir[16].
Bağçamızda gül bitdi,
Lalə bitdi, gül bitdi.
Vətəndə bir bağ saldıq,
Hər nə əkdik, gül bitdi[17].
Atalar sözlərindən, əsatirlərdən, əfsanələrdən, nağıllardan fərqli olaraq bayatılarda şükürün fəlsəfəsindən, dəyərindən danışılmır. Şükür ruhlu bayatılarda eləcə bu ruh, bu ovqat ifadə olunur, sevinc, şadyanalıq bildirilir, hər hansı fəlsəfi mühakimə yürüdülmür. Təqdim elədiyimiz bayatılarda ən güclü şükür ruhu yəqin ki, bu bayatıdadı:
Oturmuşdum səkidə,
Ürəyim səksəkədə,
Üç qızıl alma gəldi
Bir qızıl nəlbəkidə.
___________
[1] “Azərbaycan bayatıları”. Tərtib eləyənlər: Bəhlul Abdulla, Qızılgül Babazadə, Elxan Məmmədli. Bakı, “XXI – Yeni Nəşrlər Evi”, 2004-cü il. Səh. 101
[2] “Arazam Kürə bəndəm”. Tərtib eləyəni və işləyəni: Bəhlul Abdullayev. Bakı, “Yazıçı” nəşriyyatı, 1986-cı il. Səh. 55
[3] “Azərbaycan bayatıları”. Tərtib eləyənlər: Bəhlul Abdulla, Qızılgül Babazadə, Elxan Məmmədli. Bakı, “XXI – Yeni Nəşrlər Evi”, 2004-cü il. Səh. 206
[4] “Xalqımızın deyimləri və duyumları”. Toplayıb yazıya alanı, işləyəni və tərtib eləyəni: Mürsəl Həkimov. Bakı, “Maarif” nəşriyyatı, 1986-cı il. Səh. 48
[5] Paşa Əfəndiyev “Azərbaycan şifahi xalq ədəbiyyatı”. Pedaqoji institutların tələbələri üzün dərslik. Bakı, “Maarif” nəşriyyatı, 1981-ci il. Səh. 81
[6] “Arazam Kürə bəndəm”. Tərtib eləyəni və işləyəni: Bəhlul Abdullayev. Bakı, “Yazıçı” nəşriyyatı, 1986-cı il. Səh. 55
[7] Orda, səh. 57
[8] “Xalqımızın deyimləri və duyumları”. Toplayıb yazıya alanı, işləyəni və tərtib eləyəni: Mürsəl Həkimov. Bakı, “Maarif” nəşriyyatı, 1986-cı il. Səh. 35
[9] Orda, səh. 35
[10] Səh. 46
[11] “Azərbaycan bayatıları”. Tərtib eləyənlər: Bəhlul Abdulla, Qızılgül Babazadə, Elxan Məmmədli. Bakı, “XXI – Yeni Nəşrlər Evi”, 2004-cü il. Səh. 209
[12] Orda, səh. 210
[13] Səh. 211
[14] Səh. 31
[15] Səh. 31
[16] Səh. 31
[17] Səh. 91
A.Qaraçənlinin “Allaha şükür” kitabının əvvəlki bölmələri: