Azər Qaraçənli
“Naşükür qız” nağılında[1] deyilir əyyami qədimdə bir padşah varmış. Bu padşahın gözünün ağı-qarası, aman-zaman bircə qızı varmış. Bu qızın gözəllikdə tayı-bərabəri yoxumuş. Padşah qızını o qədər çox istəyirmiş ki, ondan ötrü ayrıca qəsr tikdiribmiş. Bu qıza qırx incə belli gözəl qulluq eləyirmiş. Qızın ağzından ağ çıxsa ağ, qara çıxsa qara – hamısını padşah hazır eləyirmiş. Elçilərin də gündə biri gedib, mini gəlirmiş. Bununla belə qız həmişə gününü ah-vayla keçirib, bəxtindən gileylənirmiş. Özünün gülzar bağına seyrə çıxanda qırx incə belli qul-qaravaş nə qədər gülüb oynasa da, qızın eynini aça bilmirmiş. Qız elə bəxtindən gileylənib gözünün yaşını tökürmüş, bağın bir küncünə çəkilib qəmli-qəmli otururmuş.
Günlərin birində padşah qızı yenə qul-qaravaşıyla bağa seyrə çıxır. Qızlar yenə başlayırlar çalıb-oynamağa. Onların başı qarışanda padşah qızı yenə gözdən oğurlanıb özünü bir küncə verir. Elə bu vaxt göydən bir yekə qara quş enib, onu caynağına alır. Quş qızı götürüb aparır, qalın bir meşədə yerə qoyur. Padşah qızı tək-tənha meşədən çıxmaq üçün qırx gün, qırx gecə yol gedir. Gündüzlər ot-ələfdən, mer-meyvədən yeyib dolanır, gecələr çıxıb ağacın başında yatır. Axırda o, uzaqda dağın döşündə bir çobanın qoyun otardığını görür. Canını dişinə tutub gedir çobanın yanına, ac olduğunu deyir, içməyə süd istəyir. Çoban bir sərnic süd sağıb qıza verir. Qız südü içir, gözünə işıq gəlir. Sonra qız geyinməyə köhnə-kürüş pal-paltar istəyir, əvəzində bazubəndini qolundan açıb çobana verir. Çoban köhnə paltarının birini çıxardıb qıza verir. Bir qoyun dərisini də yumrulayıb, qıza papaq düzəldir. Qız çobandan çox razılıq eləyib, başlayır şəhərə tərəf gəlməyə. Üç gün, üç gecə yol gedib, gəlib bir şəhərə çıxır. Şəhərdə çayçı dükanında şəyirdliyə düzəlir, oğlan paltarında bir neçə müddət dükanda çay paylayır. Heç kim onun qız olduğunu bilmir. Qız elə işlədiyi dükanda da gecələyir. Günlərin birində gecə vaxtı çayçı dükanında tək qalıb stəkan-nəlbəkiləri siləndə evləri, ata-anası yadına düşür, kövrəlir. Başlayır yenə bəxtindən küsüb giley eləməyə. Fikirli olduğuna görə bir dövrə bardağı əlindən salıb hamısını çilik-çilik eləyir. Sabah açılır, çayçı dükana gəlib görür iyirmi-otuz bardağı qırılıb. Acığı tutur, qızı o ki var döyüb qovur. Qız gözünün yaşını tökə-tökə dükandan çıxır, bilmir hara getsin, dərdini kimə desin. Əlacı kəsilir, bir yolun ağını tutub gedir. Az gedir, çox gedir, bir də görür şəhərdən çıxıb. O üzə, bu üzə boylanır, bir dəvə karvanı görür. Allaha təvəkkül eləyib karvana sarı gedir. Görür sövdəgərlər (parça alveriylə məşğul olan tacirlər) karvanla mal aparırlar. Qız yalvar-yapış eləyib deyir qərib adamam, heç kimim yoxdu, məni də özünüzlə aparın, yolda sizə nökərçilik eləyərəm. Sövdəgərlər onu özləriylə aparırlar. Şər qarışanda sövdəgərlər dəvələri bir yana çəkib başlayırlar yatmağa. Qız onlara etibar eləmir, xeyli aralıda yatır. Səhər alaqaranlıq karvan yola düşür. Qız ayılır ki, lələ köçüb, yurdu qalıb, ha o yan-bu yana boylanır, karvanı görmür. Kor-peşman başlayır yol getməyə. Az gedir, çox dayanır, çox gedir, az dayanır, dağlar aşır, dərələr keçir, gəlib yenə bir iri meşəyə çıxır. Bir müddət meşədə gün keçirir. Üst-başı tamam tökülür. Gündüzlər meşədə cinjilimdən, əməköməcidən, dağ əzgilindən, cır alma-armuddan yeyib birtəhər dolanır. Gecələr çıxıb ağacda yatır.
Bir gün bu vilayətin padşahının oğlu meşədə ova çıxır. Ov vaxtı təsadüfən qızı görür. Daha doğrusu, görür ağacın başında bir oğlan uşağı oturub. Paşdah oğlu istəyir oxla onu vursun, qız yalvarıb deyir məni öldürmə, yerim-yurdum yoxdu, ona görə burda qalmışam. Padşah oğlu deyir düş ağacın başından. Qız ağacdan enəndə papağı düşür, hörükləri açılıb çiyninə tökülür. Padşah oğlu görür bu, gözəl-göyçək bir qızdı. Deyir, ay qız, de görüm kimsən, hardan gəlib, hara gedirsən? Qız başına gələnləri söyləyir. Oğlanın qıza yazığı gəlir. Onu yanına salıb evlərinə gətirir. Qul-qaravaşa tapşırır ki, bunun əyin-başını dəyişdirin. Qızı hamama aparıb çimizdirirlər, üst-başını dəyişdirirlər, başdan-ayağa zər-zibayla bəzəyib gətirirlər evə. Bir müddət keçir. Padşah oğlunun yadına düşür kü, meşədən evə qız gətirmişdi, gedim görüm o qız necə oldu? Oğlan qapıdan içəri girəndə gözünə inanmır. Görür qız nə qız, elə bil ay parçasıdı. Oğlan bir könüldən min könülə qıza aşiq olur. Gecə səhərəcən fikirdən yata bilmir. Səhər açılanda canını dişinə tutub, qızın yanına gəlir. Dərdini açıb ona söyləyir. Bundan sonra onlar hər gün xəlvətcə görüşürlər. Padşah əhvalatdan xəbər tutur, oğlunu çağırıb deyir eşitmişəm meşədən tapdığın qıza məhəbbət bağlamısan? Padşah deyir əsil-nəcabətini tanımadığımız bir qızı ocağımızın başında oturtmaq bizə yaraşmaz, gəl səni baş vəzirin qızıyla evləndirim. Oğlan razılaşmır. Padşah əlacsız qalıb oğlunu meşədən gətirdiyi qızla evləndirir. Doqquz ay, doqquz gün keçir, oğlanın bu qızdan qəşəng bir oğlu olur. Böyük məclis qurulur, adlı-sanlı adamlar, vəzirlər, vəkillər, loğmanlar, rəmmallar, dərvişlər yığılıb uşağa ad qoyurlar. Qul-qaravaş, nökər-naib qızla uşağı elə əzizləyir ki, elə bil bunlar göydən qızıl zənbillə düşüblər. Əri arvad-uşağını onlardan da çox əzizləyir. Ancaq gün-güzəranı belə xoş keçsə də, qız yenə öz bəxtindən narazılıq eləyir. Qız bir səhər yuxudan duranda görür uşağı yanında yoxdu. Ha axtarırlar, uşağı tapmırlar. Bir il sonra qızın bir oğlu da olur. Aradan bir neçə gün keçir, bu uşaq da yoxa çıxır. Padşah gəlinindən şübhələnir. Qız nə qədər and-aman eləsə də, heç kim ona inanmır. Padşah vəzirini çağırıb deyir qızı apar meşədə öldür. Vəzir ağıllı, həm də insaflı adammış. Başa düşür ki, heç bir ana övladını öldürməz. Düşünür ki, burda nəsə bir sirr var. Ona görə qızı öldürmür, gətirib onu meşədə buraxır, deyir, bala, çıx get bu torpaqdan, get, bəxtinə nə çıxar-çıxar. Vəzir meşədə bir quş vurur, qızın köynəyini quşun qanına batırır, gətirib padşaha göstərir. Padşah qanlı köynəyi görüb, elə bilir qız ölüb.
Qız yenidən tək-tənha meşədə qalır. Bilmir hara getsin, neyləsin. Bir cığırı tutub gedir. Görür qabaqda bir kişi bir şələ tikan aparır. İstəyir ondan yolu xəbər alsın, ürək eləmir. Fikirləşir mən nə tanıyıram bu kimdi, bəlkə elə oğru-quldurdu. Qız ağacların dalında gizlənə-gizlənə kişinin dalınca düşür. Kişi bunu duysa da, bir söz demir, yolunu gedir. Ancaq axırda dözmür, qızı səsləyib deyir, a bala, uşaq-zad deyiləm mənimlə gizlənpaç oynayasan. Qız birtəhər özünə ürək-dirək verib kişinin yanına gəlir. Kişi soruşur niyə mənim dalımca gəlirsən, sənin buralarda nə işin var, kimsən? Qız deyir yolumu azmışam, şəhəri tapa bilmirəm. Kişi görür qızın rəngi qaçıb, üst-başı cırıq-cındır, ayağı yalın, başı açıq, qızdan gözü su içmir. Deyir, qızım, gəl düzünü de, sən yoldan azana oxşamırsan, lap meşə adamına oxşayırsan. Kişi deyir səni hara desən apararam, amma dərdini aç mənə söylə. Qız başına gələnləri açıb söyləyir. Kişi deyir: “Qızım, sən padşah qızı olmusan, padşah oğluna ərə getmisən, həmişə var-dövlət, zər-ziba içində yaşamısan, qırx incə belli qul-qaravaşın olub, amma həmişə bəxtindən gileylənib şikayətlənmisən. Bütün bu işlər də naşükürlüyünə görə sənin başına gəlib. Sən gəl bu naşükürlükdən əl çək. Onda bütün işlərin düz gedər”.
Kişi görür qız onun sözünə əhəmiyyət vermir, deyir: “Qızım, qulaq as, sənə öz bəxtimdən, güzəranımdan danışım, onda bilərsən işlərin niyə düz gətirmir”.
Kişi danışır:
– Qızım, mənim sənətim tikançılıq idi. Hər gün meşədən bir şələ tikan qırıb iki quruşa satırdım. Nə qədər eləyirdim günə iki quruşdan artıq qazana bilmirdim. Ona görə öz-özümə gileylənirdim. Bir gün yenə palçığa, batlağa bata-bata bir şələ tikan qırıb iki quruşa satmışdım. Öz-özümə deyinirdim ki, bu nə gün-güzərandı mən keçirirəm. Ya mənim iki quruşum artaydı, ya da dönüb bir quruş olaydı. O gecə yuxuda bir nurani kişi başımın üstündə peyda olub mənə dedi:
– Oğul, bu gündən sənin qazancın günə bir quruş olacaq.
Bu sözləri eşidən kimi yuxudan dik ayılıb qalxdım. Səhər meşədən bir qom tikan qırdım, apardım satmağa. Gördüm bir tacir küçə qapısından səsləyir: Ay tikançı, ay tikançı, bura gəl! Getdim tacirin qapısına. Gördüm içəridə vurhavurdu, çalan kim, oynayan kim, gülüb danışan kim… Demə, burda toy imiş. Məhlədə yeddi qara qazan aş asılmışdı. Tacir əmr elədi ki, tikanları qazanların altına atım. Tikanları atdım qazanın altına. Tacir çıxardıb mənə on quruş verdi. Özümə də dedi, oğul, görürəm yaman əlli-ayaqlı uşağa oxşayırsan, gəl toyda bir az qab-qacaq daşımağa kömək elə, özün də doyunca ye! Razılaşdım. O gecə tacirin toyunda qaldım. Tacirin qızını köçürdülər getdi, sabah açıldı. Durdum ki, gedəm, tacirin arvadı ərinə dedi:
– A kişi, qızımızı köçürdük getdi. İndi daha ayrı oğlumuz, uşağımız yoxdu, elə gəlsənə bu uşağı özümüzə oğulluğa götürək, qalsın bizdə.
Kişi arvadının sözünə razı oldu. O gündən məni saxladılar evlərində, mənim də heç kimim yox idi deyə onların yanında qalmağa razılaşdım. Yenə hər gün gedib meşədən bir şələ tikan qırıb satırdım. Kim tikanı alırdısa dinməz-söyləməz çıxardıb on quruş verirdi. Bu işə tamam məəttəl qalmışdım. Bəli, günlərin bir günündə tacirin yoldaşları gəldilər ki, sabah ticarətə gedirik, hazırlaş. Tacir dedi:
– Deyəsən bu dəfə mən gedəsi olmayacam.
Dedilər:
– Bəs niyə?
Tacir dedi:
– Bərk azarlamışam, sətəlcəm olmuşam. Gedə bilmərəm.
Tacirin arvadı dedi:
– A kişi, bir az puldan-zaddan ver, qoy bu uşağı göndərək getsin.
Tacir dedi:
– Ay arvad, o, tikançının biridi, nə bilir alış-veriş nədi, aparar pulları batırar.
Arvad dedi:
– A kişi, uşaq olanda nolar? Bir az sən pul ver, yoldaşların da köməkdən-zaddan eləyər. Görək nə çıxar.
Tacir çıxardıb mənə yüz tümən verdi, qoşdu yoldaşlarına. Düşdük yola. Az getdik, üz getdik, dərə-təpə düz getdik, qırx gün, qırx gecə yol getdik. Hələ mənzilə çatmamışdıq, mən pullarımın yarıdan çoxunu xərcləmişdim. Yoldaşlarım nə qədər öyüd-nəsihət eləsələr də ki, ay bala, sən alverə gedirsən, o pulları havayı yerə xərcləmə, mal almağa pulun qalmayacaq, onların sözünə baxmadım. Gəlib çıxdıq Yəmənə. Yoldaşlarımın hərəsi bir yana dağıldı. Mən də bir karvansarada özümə bir hücrə tutdum. Gecənin bir vaxtı gördüm yanımdakı hücrədən zığıltı eşidilir. Getdim gördüm bir tacirdi, yazıq elə sətəlcəm olub, can üstədi. Tez onun boynunu, belini ovuşdurdum. Güc-bəlayla bir stəkan qaynar çay içirtdim. Handan-hana kişinin dili bir az açıldı. Tacir gördü ona yazığım gəlir, özü də gecəyarıdan oturmuşam yanında, əvəzində mənə yaxşılıq eləməkdən ötrü dedi:
– Oğul, mənim heç kimim yoxdu. Ölsəm varım, dövlətim ona-buna qalacaq. Görürəm çox rəhmli adamsan. Bil və agah ol, mən tacirəm, özüm də yüz tay düyü gətirmişəm satmağa, hamısı padşahın karvansarasındadı. Hər tayın içində bir kisə qızıl gizlətmişəm. Bu işdən heç kimin xəbəri yoxdu. Bu sirri bircə sənə deyirəm. Bu gecə mən ölüb canımı tapşıracam. Mənim öldüyümü eşidən kimi həmin düyüləri başlayacaqlar satmağa. Gedib əvvəlcə neçəyə desələr bir tayı alıb gətirərsən olduğun yerə, özlərinə də tapşırarsan ki, düyünü heç kimə satmasınlar, sabah gəlib hamısını aparacam. Elə ki bir tay düyünü gətirdin, içindəki qızılı çıxardıb onunla gedib yerdə qalan tayların hamısını alarsan, hər tayın içində bir kisə qızıl var, hamısı olar sənin.
Tacir bu sözləri deyib qurtaran kimi gözlərini yumub öldü. Səhər taciri dəfn-kəfən eləyib qəbiristanlıqda basdırdım. Tacirin ölüm xəbəri padşaha çatan kimi başladılar car çəkməyə ki, bəs filan tacir ölüb, onun yüz tay düyüsü qalıb, kim almaq istəyir gəlsin şah karvansarasına. O saat özümü saldım ora. Tacir tapşırdığı kimi əvvəlcə bir tay düyü alıb gəldim hücrəmə, açıb içindəki qızılları götürdüm. Həmin qızılla gedib yerdə qalan doxsan doqquz tayı da aldım. Bir-iki gündən sonra düyünü dəvələrə yükləyib öz şəhərimizə yola düşdüm. Məni özünə oğulluğa götürən tacir bu cür gəlişimi görüb məəttəl qaldı, dedi:
– Oğul, mən sənə yüz tümən pul vermişdim, verdiyim pul hara, bu dəm-dəsgah hara, bu qədər düyünü hardan aldın?
Dedim:
– Hələ bu harasıdı? Hər tayın içində bir kisə də qızıl var.
Tacir bu sözü eşidəndə sevindiyindən az qaldı bağrı yarıla. Qərəz, karvanı yerbəyer eləyəndən sonra qızılları çıxardıb yarı böldük. Həmin qızıllarla bir qəşəng imarət tikdirdim ki, heç padşahın elə imarəti yoxdu. O gündən hara gedirdimsə, elə bil pulu başımdan tökürdülər. Bir gecə yatmışdım, yuxuda gördüm həmin nurani kişi yenə başımın üstündə durub gülür. Dedim:
– Ey qoca baba, yadındamı bir vaxt mən öz bəxtimdən sənə şikayət eləmişdim. Sən də demişdin get, indən belə qazancın günə bir quruşdan artıq olmayacaq. Bəs sənin o sözün hara, mənim bu cah-cəlalım hara?
Nurani kişi dedi:
– Oğul, mən sənə deyəndə ki, sənin iki quruşunu bir quruşa endirdim, sən bu işdən narazı olmadın, ah-uf eləmədin. Mən gördüm ki, sən naşükür adam deyilsən. Odu ki, səni dövlətləndirdim.
Çiynində tikan şələsi daşıyan kişi meşədə bunları qıza danışandan sonra deyir: “İndi mənim o qədər varım-dövlətim var, amma yenə naşükürlük eləmərəm, köhnə sənətimi də yadımdan çıxartmıram, hərdənbir gəlib meşədən tikan qırıb aparıram. İndi məndən sənə əmanət, məbada bəxtinə təpik atasan, onda işin düz gətirməyəcək”.
Bu sözlər qızın ağlına batır. Qız deyir: “Sən düz deyirsən. Mən çox naşükürlük eləmişəm”.
Kişi qıza deyir şəhərə gedirəm, deyirdin yolu azmısan, gedirsən gəl səni də aparım. Qız fikirləşir ki, üst-başı cırıq-cındır, ələm-yesir kökündə şəhərə getsə, hamı onu huylayar. Ürəyində fikirləşir, yəqin şəhər yaxındadı, qoy kişi getsin, qaranlıqlaşanda birtəhər gedərəm, bəlkə görən-eləyən olmaz. Odu ki, deyir: “Əmi, çox sağ ol, indi yolu tanıdım, sən get, bir azdan özüm bu cığırı tutub gələrəm”. Kişi qızı meşədə qoyub gedir evinə. Elə kişi yenicə getmişdi ki, qız görür qabağına bir qoca qarı çıxdı. Qız sevinə-sevinə qarının qabağına yüyürür, deyir: “Ay qarı nənə, Allah səni nə yaxşı yetirdi, de görüm bu meşədə nə gəzirsən?” Qarı gülə-gülə deyir: “Qızım, hələ sən de görüm buralarda nə gəzirsən, sonra mən deyərəm”. Qız başına gələnləri söyləyir. Qarı deyir: “Qızım, mən səni sınamaqdan ötrü deyirdim buralarda nə gəzirsən. Onsuz da mənə hər şey agahdı. De görüm yenə bəxtindən şikayətlənirsənmi?” Qız görür ki, qarı bunun ürəyini bilir. Deyir: “Qarı nənə, indən belə nə günə düşsəm də, bəxtimdən giley-güzar eləməyəcəm”. Qarı görür qız bu sözləri ürəkdən deyir, onu yanına salıb aparır özü olduğu yerə. Meşənin içində hər yanı sıldırım qayalıq olan hündür bir dağın təpəsinə qalxırlar. Burda zağa kimi bir yerə girirlər. Qız baxıb görür bura yekə bir ev kimidi, özü də qeybə çəkilmiş oğlanlarının ikisi də burdadı. O, uşaqlarını bağrına basıb ağlayır. Qarıdan soruşur bu nə işdi, mənim uşaqlarımı bura kim gətirıb? Qarı deyir: “Qızım, qoy sənə agah olsun ki, bu uşaqları bura mən gətirmişəm, özü də köynəyimin yaxasından keçirib özümə oğulluğa götürmüşəm. Hələ səni qız vaxtı bağçadan bu meşəyə gətirən də mən olmuşam. Mən bəxt quşuyam. Kim öz bəxtinə xor baxırsa, onları belə əzab-əziyyətə, məşəqqətə salıram. Gəl sən bir də bəxtindən şikayət eləmə”.
Beləliklə, nağılın bu yerində tikançı kişinin qıza dedikləri tam təsdiqini tapır. Aydın olur ki, doğrudan da bütün bu işlər qızın başına naşükürlüyünə görə gəlibmiş. Sən demə, bəxt quşu qızı öz bəxtinə xor baxdığına görə meşəyə gətiribmiş. Kim öz bəxtinə xor baxırmışsa, bəxt quşu onu belə əzab-əziyyətə, məşəqqətə salırmış. Qız meşədə ən birinci çobana rast gəlir. Çoban ona içməyə süd verir, köhnə paltarlarından birini çıxarıb verir, qoyun dərisindən ona papaq düzəldir. Nağılın o yerində deyilir ki, qız çobandan çox razılıq elədi. Bu adi bir söz kimi görünə bilər, hətta nağılı dinləyənlərin, oxuyanların diqqətini cəlb eləməyə bilər. Amma bu, adi söz deyil, bu bir kəlmənin mühüm mənası var. Qız narazıdı, buna görə bəlaya düçar olur, bəxt quşu onu gülzar bağında qəmli-qəmli bir küncə çəkildiyi vaxt caynağına alır, gətirib vahiməli meşəyə atır. Qız çobandan razılıq eləyəndə – razılıq eləyəndə! mühüm məqam budu! – yolu açılır, meşədən çıxa bilir, gəlib çayçı dükanında sığınacaq tapır. Onun sığınacaq tapmağı həmin razılığının nəticəsidi. Nağılda birbaşa deyilməsə də, nağılın ideyasının məntiqinə söykənsək, belə çıxır qız daha narazılıq eləməsəymiş, elə ordaca bəxti tam açıla bilərmiş. Ancaq qız narazılıq eləyir, gecə vaxtı çayçı dükanında tək qalıb stəkan-nəlbəkiləri siləndə yenə bəxtindən küsüb gileylənməyə başlayır. O saat da bir dövrə bardağı əlindən salıb qırır. Nağılda deyilməsə də, onun məntiqi göstərir ki, qızın bardaqları salıb qırmağı bəxtindən gileylənməyinin nəticəsidi. Yəni qız yenə naşükürlük eləyir, buna görə yenidən bəlaya düçar olur, bardaqları sındırır, çayçı onu döyüb qovur. Qız karvana qoşulur, karvandan ayrı düşür, gəlib yenidən meşəyə çıxır. Burda padşah oğlu onu görür, evlərinə gətirir. Sonra da onunla evlənir. Əslində nağılın bu yerində bir boşluq var. Qızın meşədən ikinci dəfə qurtulmağı da birinci dəfəki kimi hansısa razılığının nəticəsində olmalıydı. Bəlkə də nağılın ilkin variantında, ola bilər, dildən-dilə ötürülən variantlarının da hansındasa belə bir məqam var: qız çobana rast gələndə olduğu kimi, padşah oğluna rast gələndə də, bir-iki kəlməylə də olsa, nəsə bir razılıq eləyib. Ola bilər, nağılın hazırda biz istifadə elədiyimiz variantını danışan, ya da qələmə alan adam həmin zahirən xırda, mahiyyətcə mühüm məqamı buraxıb. Ola da bilər, nağılçı bunu – qızın razılığını bizə onun naşükürlük elədiyi haqda bir söz deməməklə duydurur. Nağıl dili yüyrək olar. Padşah oğlu qızı evinə gətirir. Qul-qaravaş qızı çimizdirır, əyin-başını dəyişdirib, zər-zibayla bəzəyir. Padşah oğlu qıza aşiq olandan sonra onlar hər gün xəlvətcə görüşürlər. Bütün bunlarda qızın bəxtindən bir razılıq havası duyulur. Ola bilər, nağılçı qızın razılığını bizə elə bu havada çatdırır.
Padşah oğlu qızla evlənir, oğlu olur, hamı – əvvəlcə oğlunun meşədən tapıb gətirdiyi qızı almağına etiraz eləyən padşah da buna çox sevinir, qul-qaravaş, nökər-naib ana-balanı olmazın dərəcədə əzizləyirlər, nağılda deyilir elə əzizləyirlər ki, elə bil bunlar göydən qızıl zənbillə düşüblər. Əri arvad-uşağını onlardan da çox istəyir. Ancaq qız yenə bəxtindən narazılıq eləyir. Bu naşükürlük yenə bəla gətirir. Uşaq yoxa çıxır. İkinci uşaq dünyaya gəlir, o da qeyb olur. Padşah gəlinini öldürməyi tapşırsa da, vəzir onu meşədə sağ buraxır. Meşə – bu, simvoldu. Quş qızı naşükürlüyünə görə bağdan gətirib meşəyə atmışdı. Qız naşükürlüyünə görə dükandan qovulanda yenə azıb meşəyə çıxmışdı. Naşükürlük elədiyinə görə uşaqları yoxa çıxanda vəzir gətirib onu meşədə buraxmışdı, qız yenə meşədə tək-tənha qalmışdı. Meşə, onun vahiməsi, ondakı tənhalıq, kimsəsizlik, aclıq, yurd-yuvasızlıq, səfalət – nağılda naşükürlüyün nəyə gətirib çıxardığını əsas bunlar göstərir. Meşə burda hər şeyi sıfıra endirir. Bu o deməkdi naşükürlük insanı hər şeydən məhrum eləyir, adam olan-qopanını da itirir, gəlib belə bir ağır vəziyyətə çıxır. Sıfır vəziyyəti burda meşədə yaranır, sıfır vəziyyətindən çıxış da meşədən başlanır. Növbəti belə bir çıxış tikançı kişiylə söhbətdən təkan götürür. Tikançıyla söhbətdən sonra qız, axır ki, bəlalarının səbəbini anlayır, deyir: “Mən çox naşükürlük eləmişəm”. O, bunu anlayan kimi, yəni naşükürlüyünə peşman olub şükürə yönələn kimi qabağına qarı çıxır. Qarı onu sınayır, aydın olur ki, qız ürəkdən şükürə yönəlib, daha bəxtindən şikayətlənmir, indən belə nə günə düşsə də, bəxtindən giley-güzar eləməyəcək. Deməli, qız tam şükür eləyən adama çevrilib. Özü də elə bir vaxtda ki, hələ qarının kim olduğunu bilmir, hələ qarı onu övladlarına qovuşdurmayıb, qız hələ meşədən çıxmayıb, başı bəladadı, bəladan qurtulub-qurtulmayacağını da bilmir. Qız səmimidi, o, ürəkdən bu nəticəyə gəlib. Onun bu vəziyyəti daha çobana razılıq elədiyi anda olduğu kimi ötəri vəziyyət deyil. Bu, daimi vəziyyətdi. Onun dedikləri ovqatın nəticəsi deyil, əqidənin nəticəsidi, dərinə işləmiş inamın nəticəsidi. Çobana razılıq elədiyi anda kiçik şükürü ona kiçik mükafat gətirmişdi, qız meşədən çıxıb adamların arasında sığınacaq tapmışdı. İndi böyük şükürü ona böyük mükafat gətirməlidi. Belə də olur. Qarı onu övladlarına qovuşdurur.
Bir az qabaq tikançı ona demişdi: “Naşükürlükdən əl çək. Onda bütün işlərin düz gedər”. Doğrudan da, qız naşükürlükdən əl çəkən kimi işləri düz getməyə başlayır. Tikançı qıza demişdi: “Məndən sənə əmanət, məbada bəxtinə təpik atasan, onda işin düz gətirməyəcək”. Qarı qızı övladlarına qovuşduranda deyir: “Gəl sən bir də bəxtindən şikayət eləmə”. Qız and içir ki, bir də ömrünün axırınacan bəxtindən gileylənməyəcək. Qız and içib qurtaranda qarı deyir uşaqları da götür, çıx eşiyə, mən cildimi dəyişib quş olacam, minərsiz qanadlarımın arasına, aparıb sizi qoyacam öz şəhərinizə, ərinin yanına. Şükür ard-arda mükafat gətirir, insanın narazılıq eləməməyi razılıq eləyəcəyi vəziyyətlərin sayını artırır. Qız naşükürlükdən əl çəkən kimi, şükür eləyən adama çevrilən kimi işləri qaydasına düşməyə başlayır. Qarı yekə bir quşa dönür, onları qanadlarının arasına alıb pırıltıyla göyə qalxır.
Quş göylə getməkdə olsun, kimdən deyək, qızın ərindən – padşah oğlundan. Nağılda deyilir padşah oğlu arvad-uşağı əlindən çıxan gündən qara geyinib ömrünü ah-vayla keçirirdi. Ata-anası, vəzir, vəkil oğlanı yola gətirə bilmirdi, oğlan sapsarı heyva kimi saralıb, şam kimi əriyirdi. İndi bəxt quşu göydədi, onun arvadını, uşaqlarını gətirir. Deməli, bir azdan padşah oğlu onlara qovuşacaq, xoşbəxt olacaq. Bəs gününü ah-vayla keçirən adam necə xoşbəxt ola bilər? Nağılın məntiqinə görə, naşükür xoşbəxt ola bilməz, o yalnız əzab-əziyyətə düçar ola bilər. Naşükür yalnız itirə bilər, qazana bilməz. Nağıl mükafatı yalnız şükür eləyənə verir, naşükürlük eləyənə vermir.
Bəs indi necə olsun? Nağıl burda da öz məntiqinə, ideyasına sadiq qalır. Nağılda deyilir oğlan yenə atasının gülüstan bağında oturub qəm dəryasına qərq olmuşdu, qəfildən bura bir qoca rəmmal gəlib çıxdı. Rəmmal oğlanı fikirli görüb soruşdu: “Oğul, niyə bikefsən, dərdin nədi?” Oğlan dedi: “A kişi, bu nədi, rəmmal paltarı geymisən, adını da rəmmal qoymusan! Səndən rəmmal olmaz. Sən rəmmal olsaydın, heç məndən soruşmazdın, o saat dərdimi bilərdin”. Söz rəmmala bərk toxunur. Kitabını alıb qoyur qabağına, bir tərəfinə daş, bir tərəfinə tilsim camı qoyur, başlayır fala baxmağa. Rəmmal əlli min oyun çıxardandan sonra şahzadənin dərdini tapır, deyir arvadının, uşaqlarının dərdini çəkirsən. Şahzadə görür ki, rəmmal düz deyir, soruşur: “Ey rəmmal, bəs mən neyləyim bu dərddən qurtarım?” Rəmmal cavab verir: “Ey şahzadə, nə qədər ki, bəxtindən şikayətlənib, ah-uf eləyirsən, sənin işin düz gətirməyəcək. Elə ki gülüb-danışdın, şadlıq elədin, onda dərddən, qəmdən qurtaracaqsan”.
Rəmmal sözünü deyib gedir. Oğlan öz-özünə düşünür gəl sən rəmmalın sözünü yoxla görək nə olur. Şahzadə əmr eləyir, o gün atasının qabağında şadlıq məclisi qurulur, yemək, içmək, çalmaq, oynamaq, bir dəm-dəsgah düzəlir ki, elə bil toydu. Oğlan bu məclisdə böyük şadlıq eləyir. Hamı bu işə məəttəl qalır. Şahzadənin neçə il idi üzü gülmürdü, amma indi bir vurhavurdaydı, gəl görəsən.
Bu həmin andı ki, padşah oğlunun arvad-uşağı göyün yeddinci qatında bəxt quşunun belində yol gəlir. Oğlan bağda kef-damaqda olduğu vaxt quş gəlib padşahın bağına çatır. Bəxt quşu qızı, uşaqları bağda qoyur, özü uçub gözdən itir. Qız yavaş-yavaş səs-küy gələn yerə gedib görür əri burda bir kefdədi, gəl görəsən. Qıraqdan boynunu büküb başlayır yazıq-yazıq baxmağa. Oğlan başını qaldıranda qızı görür, yüyürüb onu qucaqlayır. Sarmaşıq kimi bir-birilərinə sarmaşırlar. Sonra padşah oğlu uşaqlarını bağrına basıb öpür. Arvadından soruşur: “Bu nə işdi, sən nə cür oldu ki, sağ qaldın?” Qız başına gələn əhvalatları ərinə tamam-kamal söyləyir, axırda da bir ah çəkir. Oğlan soruşur bəs niyə ah çəkdin? Qız deyir mənim başıma bu qədər məşəqqət gəlib, ölüb ölümdən qayıtmışam, səni yadımdan çıxartmamışam, amma sən gündə burda kef-damaq çəkirmişsən. Oğlan deyir: “Sən səhv eləyirsən, bircə bu gün mənim üzüm gülüb, sən gedəndən qara geyib, yas saxlamışam. Bu gün bir rəmmal mənə dedi nə qədər ki ah-uf eləyirsən, bəxtindən şikayətlənirsən, onda həmişə əzab çəkəcəksən, elə ki şadlıq elədin, onda bəxtin də yaxşı gətirəcək. Mən rəmmalın sözünə baxıb bu gün şadlıq elədim, doğrudan da bəxtim açıldı, arvad-uşağım qəbirdən dirilib gəldi yanıma”. Qız görür əri düz deyir, özünün başına gələn ərinin də başına gəlib, odu ki, onun sözünə inanır. O gündən təzədən ömür sürüb gün keçirirlər.
“Naşükür qız” nağılını şükürün neməti artırdığı, naşükürlüyün neməti azaltdığı fikrinə – islam dinindən gələn bu düşüncəyə bir misal da saymaq olar. Bu nağıl həm də insanın öz qismətini, qəzavü-qədəri qəbul eləməyə çağırışdı. Nağılda qisməti qəbul eləmək onun yaxşılaşmayacağı anlamına gəlmir. Burda insanın qisməti elə onu qəbul elədikcə yaxşılaşır. Qəbul eləmədikcə pisləşir. İnsanın neməti ona şükürlə yanaşanda artır, şükürlə yanaşmayanda azalır. Nağıla görə, adamın bəxti – bəxtindən gileylənməyəndə açılır, gileylənəndə bağlanır. Bu nağıl adama deyir sən elə bilirsən taleyindən, qismətindən narazı olanda onu yaxşılaşdıra biləcəksən, amma sən taleyini, qismətini onu qəbul eləməklə, ondan, daha doğrusu, onu verən Tanrıdan narazılıq eləməməklə yaxşılaşdıra bilərsən. Nağıl deyir insan şükür eləyəndə Tanrı onu mükafatlandırır, naşükürlük eləyəndə cəzalandırır; insan taleyini, qismətini qəbul eləyəndə bu, Tanrıya xoş gedir, qəbul eləməyəndə xoş getmir. Nağıl deyir Tanrıdan şikayətlənmək olmaz, Tanrı payı şikayətlənən adama vermir, şikayətlənməyən adama verir.
Nağılda tikançı danışır ki, günə iki quruşdan artıq qazana bilmirmiş, buna görə də deyinirmiş, gileylənirmiş. Bir gün yuxusuna nurani kişi girib deyir indən belə sənin qazancın daha da azalacaq, günə bir quruş olacaq. Ancaq sonradan aydın olur ki, nurani kişi qərarını dəyişib, tikançını kasıblatmaq qərarını geri götürüb, onu dövlətləndirməyi qərara alıb. Səbəbi? Səbəbi odu ki, nurani kişi tikançıya iki quruşunu bir quruşa endirdiyini deyəndə tikançı bundan narazı olmayıb, ah-uf eləməyib. Nurani kişi görüb ki, bu, naşükür adam deyil, ona görə də onu dövlətləndirib.
Padşah oğlunun da bəxti, bəxtindən gileylənməyəndə açılır. Nağıldan aydın olur ki, arvad-uşağı itəndən padşah oğlu qara geyinib ömrünü ah-vayla keçirirmiş. Buna görə də işi düz gətirmirmiş. Elə ki gülüb-danışmağa, şadlıq eləməyə başlayır, rəmmalın dediyi kimi, dərddən, qəmdən qurtarır, arvad-uşağına qovuşur.
Beləliklə, “Naşükür qız” nağılında eyni ideya üç əhvalatla ifadə olunur. Birincisi, qızın başına gələnlərlə, ikincisi, tikançının danışdığı əhvalatla, üçüncüsü də padşah oğlunun arvad-uşağından ayrı qaldığı vaxtdakı əhvalatla.
“Naşükür qız” nağılı belə bitir: “Göydən üç alma düşdü. Biri bəxt quşunun, biri tikançının, biri də nağıl söyləyənin”. Bəxt quşu, tikançı, nağıl söyləyən – bunlar nağılda naşükürlüyün, şikayətlənmənin əleyhinə təbliğat aparan əsas qüvvələrdi. Göydən düşən almalar onlara çatır. Dördüncü alma olsaydı, yəqin o da rəmmala çatardı.
Adamların naşükürləşməyinin zəmanəyə dəxli varmı? “Zəmanənin hökmü” nağılından[2] belə çıxır ki, var. Bu nağıl adamların zəmanənin təsiri altında olmağı haqqındadı. Nağılda göstərilir ki, zəmanə, dövrün ab-havası adamı korlaya da bilər, yaxşılaşdıra da. Nağılda eyni adam pis zəmanədə pis, yaxşı zəmanədə yaxşı olur. Belə çıxır eyni adamlar naşükürlük zəmanəsində naşükür, qədirbilənlik zəmanəsində qədirbilən ola bilərlər. Burdan o nəticə də çıxır ki, adamlar yaxşılığa qiymət verirlərsə, bu hələ onların naşükür, nankor olmayacağı demək deyil. Çünki yaxşılığa qiymət vermək hələ adamın doğrudan da belə olmağı demək deyil, bu, zəmanədən asılıdı, zaman belədi, adamlar da zamana görə belə olublar. Zaman dəyişsə, bu adamlar asanlıqla naşükürə, nankora çevrilə bilərlər. Deməli, naşükürlük, nankorluq artıbsa, hələ bu da adamların həqiqətən naşükür, nankor olduğunu söyləməyə əsas vermir. Zaman belədi. Zəmanə dəyişsə, bu adamlar asanca qədirbilən olacaqlar, yaxşılığa qiymət verməyi bacaracaqlar.
Nağılın qəhrəmanı Allahın aciz bir bəndəsi – Kür qırağında yaşayan Əlmərdan kişidi. Nağılda deyilir Əlmərdan kişinin əli xamırlı, qarnı ac idi. Ha işləyərdi, şumlayardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yandan, kovxa bir yandan, borclu bir yandan onun məhsulunu elə xırmandaca qurtarardılar. Payız gələndə kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı.
Günlərin bir günündə Əlmərdan kişi gecə arvadıyla sözü bir yerə qoyur ki, ta bundan sonra ruzisini şəhərdə qazansın. Olsun ki, bu qoca yaşlarında bəxtləri açıldı. Səhər tezdən Əlmərdan kişi düşür yolun düzünə. Gəlib Cinli dərəyə çatır. Bu dərəyə girən sağ-salamat çıxmazmış. Əlmərdan kişi düşünür nə olur olsun, təfavütü yoxdu, acından evdə ölməkdənsə canavara yem olmaq, cinə rast gəlmək yaxşıdı. Dərədə kimsə onu arxadan çağırır:
– Əlmərdan, Əlmərdan, dayan!
Əlmərdan qorxusundan dönüb baxmır, boğazı quruyur, amma birtəhər özünə toxtaqlıq verə bilir. Görür onu çağıran bir ağ ilandı. İlan arxadan özünü yetirib deyir:
– Əlmərdan, xoş gördük! Niyə belə yeyin gedirsən?
– Başına dönüm, aclıqdan şəhərə gedirəm, görüm bir çörək pulu çıxarda bilərəmmi? Kənddə lap binəva olmuşam.
İlan deyir:
– Əlmərdan, bu dərədən gəldin, qorxmadın?
Qoca deyir:
– Ay balam, ac özünü qılınca toxuyar. Mənimçün nə təfavütü var, ya kənddə ölüm, ya burda ilan-çayana yem olum!
İlan deyir:
– Əlmərdan, mən görürəm sən çox comərdsən, özün də əhli-əyal sahibisən. Gəl səninlə qardaş olaq.
– Nə deyirəm ki, olaq.
İlan deyir:
– Bax, burdan düz şəhərə gedərsən. Görəcəksən camaat dükan-bazarı bağlayıb padşah meydanına qaçır. Sən də qoşularsan camaata. Şəhərin padşahı bir yuxu görüb. O deyəcək ki, ay camaat, kim mənim yuxumu yoza bilər? Yuxusunu danışacaq ki, mən bu gecə yuxuda gördüm göydən canavar yağır, qorxudan özümü itirdim. Bir adam çıxsın bu şəhərdən, gəlsin mənim yuxumu yozsun. Camaat kiriyəcək. Onda sən səslən ki, mən yozaram. Səni apararlar padşahın hüzuruna. Yeyərsən, içərsən, padşahla bağçada seyrana çıxarsan. Bağın ortasında hovuzun qırağında oturarsan. Padşah səndən xəbər alacaq ki, ey mənim şəhərimin dünyagörmüşü, mənim bu vaqiəmin mənası nədi? Mənə əyan eylə. Sən də bir az fikirdən sonra bir hovuza baxarsan, bir göydəki Aya, bir də buluda baxarsan. Deyərsən: “Padşah sağ olsun, böyük adamın yuxusunun mənası da böyük olar. Sənin gördüyün vaqiənin mənası budu ki, bir zaman gələcək, dünya qapışdırma dünyası olacaq. Dünyanın adamları canavara dönəcək. Bir-birini parçalamağa atılacaq. Güclü gücsüzün başını əzib, əlindəkini alacaq”. Sən onun yuxusunu yozandan sonra sənə bolluca xələt, qızıl verəcəklər. Hər nə versələr hamısı sənin, ancaq qızılın yarısı qardaşlıqda mənə çatacaq.
Əlmərdan arxayın şəhərə çatır. Hər şey ilan deyən kimi olur. Görür hamı padşahın sarayına axışır. Padşah çıxıb camaata deyir bu gecə yuxuda görmüşəm göydən canavar yağır, mənim bu yuxumu kim yoza bilər? Aləm kiriyir. Əlmərdan kişi papağını qaldırır. Qocanı yuxarı aparırlar. Yeyir, içir, kefi durulur. Axşam da bağçada hovuzun qırağında padşaha yuxusunu yozur. Deyir, padşah sağ olsun, böyük adamların yuxusunun mənası da böyük olar. Sən gördüyün yuxudan bu məna çıxır ki, dünya çox qarışacaq, insanlar canavar kimi hər yerdə bir-birinin ətini gəmirməyə çalışacaq. Bir-birinin əlindəkini qarmalayacaq.
Əlmərdanın sözləri padşahın xoşuna gəlir. Vəzir-vəkilinə deyir məni istəyən Əlmərdana xələt versin. Qoca kişini başdan-ayağa geyindirirlər. Bir neçə kisə qızıl verib yola salırlar.
Qoca yenə Cinli dərəsiylə gəlir. İlanın yuvasının ağzından keçir. Ağ ilan görünmür. Əlmərdan düşünür ki, a kişi, qızılın yarısını ilan neyləyəcək? Gəl bunu apar evinə, balaların acdı. Əlmərdan belə də eləyir.
Bir qədər keçir. Padşah xəbər göndərir ki, Əlmərdan gəlsin. Əlmərdan arvadıyla halal-hümmət eləyib, yola düşür. Gəlib Cinli dərədən keçəndə öz-özünə düşünür ki, yəqin padşah bu dəfə məni öldürəcək. Düşünür indi ilan çıxıb məni çalsaydı, heç “uf” deməzdim. Təki el içində risvay olmayım. Bu vaxt ilanın səsi gəlir. Əlmərdanın boğazı lap quruyur. Öz-özünə deyir: “Ürəyimə gələn başıma da gələcək”. İlan yaxınlaşıb soruşur:
– Ay kişi, hara gedirsən?
Əlmərdan ədəb-ərkanla salam verib deyir:
– Ağa, padşah hökmüdü, çağırıb, gedirəm. Bu dəfə yəqin məni öldürəcək.
İlan deyir:
– Qorxma, bu dəfə sən ona deyərsən ki, padşah, sən bir yuxu görmüsən. Görmüsən ki, göydən qılınc yağır. Padşah bunu eşidəndə səndən yuxusunun mənasını xəbər alacaq. Deyərsən ki, zaman gələcək dünya bir-birini qıracaq. Padşahlar arasında çoxlu dava olacaq. Sən də özünü gözlə. Qan su yerinə axacaq.
Əlmərdan padşahın yanına gəlir. İlan deyən kimi padşahı ağzını açmağa qoymur, deyir:
– Padşah sağ olsun, məni niyə çağırdığını bilirəm. Sən yuxuda görmüsən ki, göydən qılınc yağır.
Padşah sevinir. Əlmərdanın kəramətinə lap inanır. Yuxunun mənasını soruşur. Əlmərdan kişi deyir:
– Padşah sağ olsun, dünya çox qarmaqarışıq olacaq. Padşahlar bir-biriylə çox dava eləyəcəklər. Qan su yerinə axacaq. Sən də özünü gözlə.
Padşah çox razı qalır. Əlmərdana xələt, qızıl-gümüş verirlər. Padşah əmr eləyir Əlmərdana tövləsindən ən yaxşı atlardan birini versinlər. Xəzinəsindən də ən yaxşı daş-qaşlardan, bir də qızıl qılınc versinlər.
Əlmərdan atın üstdə kefikök Cinli dərədən gələndə uzaqdan ağ ilanı görür. Qılıncı sıyırıb, atı çapır ağ ilanın yuvasına tərəf. Onda yetirir ki, ağ ilan özünü dəlikdən içəri soxur. Əlmərdan deyir:
– Ta bundan sonra padşah nə yuxu görəcək, nə də məni çağıracaq. Səni də öldürərəm, canım qurtarar. Bir də, səninlə qızılı bölən kimdi!
Qılıncı endirir, ilanın quyruğunu çapır, atı sürüb gedir.
Günlərin bir günündə padşah yenə Əlmərdanı çağırır. Əlmərdanın dizləri qırılır. Deyir ta bu dəfə ölümdü. Ya ilan məni öldürəcək, ya padşah. Mən ki heç bir şey bilmirəm, padşaha nə deyəcəm? İlanı da yaralamışam, qardaşlığımız pozulub.
Əlmərdan arvad-uşağıyla halal-hümmət eləyir. Yenə gəlib ilanın yuvasının qabağından keçəndə daldan ağ ilan onu çağırır. Deyir:
– Bax, padşah yuxuda görüb ki, göydən qoyun yağır, səndən xəbər alsa, deyərsən ki, dünya düzələcək. İnsanlıq, qardaşlıq zəmanəsi olacaq. Heç kəs bir-birinin haqqını yeməyəcək. Fağır-füqəra ağ gün görəcək. Nə dava olacaq, nə də qılınc.
Əlmərdan gəlir. Ağ ilan dediyi kimi padşaha deyir. Padşahın kefi durulur. Əlmərdana beş o qədər xələt, qızıl, qaş-daş verir ki, getsin oğulbaoğul yesin, dolansın.
Əlmərdan fikirləşə-fikirləşə gəlir:
– Yaxşı, bu ilan mənə nə qədər yaxşılıq elədi. Mən hər dəfə ona pislikdən başqa bir şey eləməmişəm. Bu ağ ilanın sayəsində vara, dövlətə çatmışam. Budəfəki xələtə, qızılların heç birisinə ehtiyacım yoxdu. Gəlsənə, bu qızılların hamısını kisələriylə aparım qoyum ilanın yuvasının ağzına. Vurduğum yaraya görə də ona yalvarım, bəlkə qanından keçə, yox, istəyər çalsın öldürsün. Təki balalarım məndən sonra farağat yaşaya bilsinlər.
Əlmərdan fikirləşir, fikirləşir, qızıl-mızılı gətirir ilanın yuvasının ağzına. Çağırır, ilan çıxır. Əlmərdan başlayır ilana yalvarmağa. İlan deyir:
– Əlmərdan kişi, mənə qızıl da, xələt də lazım deyil. Get bunların hamısını apar balalarına. Sən mənə heç yalvarma. Mən səni təqsirləndirmirəm. Təqsir zəmanədədi. Onda ki, canavar zəmanəsiydi, hər kəs bir-birinin əlindəkini qamarlayırdı, sən də mənim payımı yedin. Ondan sora qılınc-qalxan zəmanəsi gəldi. Adamlar bir-birinin ətini didirdi. Sən də qılıncbazlıq eləyib, məni yaraladın. İndi insanlıq zəmanəsi gəlib, heç kəsin haqqı yeyilmir. Aciz ağac altda qalmır. Sən də zamanın hökmüylə xasiyyətini dəyişdirdin. Get, qızılların hamısı ana südü kimi halalın olsun.
Bunu deyib, ilan yuvasına çəkilir. Əlmərdan kişi gəlir evinə, arvadı, uşağı, qonşusuyla dövran sürür, ağ günə çıxır.
Naşükürlük, nankorluq, insanın öz qismətinə təpik atmağı – nağıllarda belə süjetlər çoxdu. Həmişə də bunu eləyənlər çətinə düşürlər, ya məhv olub gedirlər, ya pərt vəziyyətdə qalırlar, ömürlük peşman olurlar, ya da yollarından dönüb qurtulurlar. Belə süjetlərdə nağılda birbaşa “naşükür”, “nankor” kəlmələri işlənməyə də bilər, çoxunda heç işlənmir də. Birincisi ona görə ki, naşükürlük, nankorluq o nağılların çoxunun ana xəttini təşkil eləmir, bu, ikinci, üçüncü, bəzən dördüncü, beşinci dərəcəli xətt kimi gedir. İkincisi də, nağıllarda şükür, naşükürlük, nankorluq çox vaxt məzmunca, mahiyyətcə çatdırılır, əhvalatla, şəkillərlə çatdırılır, nağılçı kimin şükür eləyən olduğunu, kimin naşükür, nankor olduğunu birbaşa açıb deməyə ehtiyac duymur. Ona görə nağılların şükürə, naşükürlüyə aid yerlərinin çoxunda “şükür”, “naşükür”, yaxud buna oxşar kəlmələrə rast gəlməzsən.
Nağıllarda “şükür” kəlməsi qəhrəmanların Tanrıya, Tanrının verdiyi nemətlərə, qismətə, taleyə şükürlə yanaşdığı yerlərin hamısında işlənmir. Bu kəlmə çox vaxt adi, epizodik şükranlığı bildirən yerlərdə gözə dəyir. Nağıllarda insanın şükürünü “şükür” kəlməsi işlənən yerlərdən daha yaxşı ifadə eləyən məqamlar var. Həmin məqamlarda şükür əsasən insanın davranışında, duyğularında, düşüncələrində, məsələyə yanaşma tərzində özünü göstərir. Belə məqamlarda şükürü nağılın havasında, ya bütün havasında, ya da bir parçasının havasında tapmaq olur. Ancaq mövzumuz şükürdü, ona görə birbaşa bu kəlmənin işləndiyi yerlərin üstündən – lap zəif şükürlər də olsa – keçmək doğru olmaz. Hamısının üstündən keçmək doğru olmaz, ona görə bir neçəsinə də olsa nəzər yetirək.
“Quş dili bilən İskəndər” nağılından:
“Bir gün məktəbdən çıxanda padşahın vəziri gəzişirdi, İskəndəri gördü, gəldi onu bir az danışdırdı, gördü çox ağıllı, çox qanacaqlı, mərifətli bir uşaqdı. Vəzir onunla siğə oxudub qardaşlıq oldu. İskəndəri götürdü gəldi evinə. Xörəkdən-zaddan yedilər.
İskəndər qayıtdı evlərinə, axşam oldu. Atası (atalığı) gəldi evə.
Dedi:
– Ata, sabah mənim bəxtimə bir tor at, nə düşər-düşər. Aparacam vəzir qardaşıma.
Bu kişi də İskəndəri çox istərdi. Səhər açıldı, kişi toru götürdü, “Bismillahir-rəhmanir-rəhim” dedi, getdi. Siftə toru atdı dəryaya, gördü tor çox ağırdı, çəkdi gördü bir qızıl balıq. Dedi:
– Bizim ata-babamız da deyərdi ki, bu dəryada qızıl balıq olmaz. Gör İskəndər nə qədər xoşbəxtdisə, bu balıq tora düşüb.
Balığı da götürdü sevinə-sevinə gəldi evlərinə. Arvad bu balığı yardı, təmizlədi, qoydu xonçaya. İskəndər məktəbdən qayıtdı. Dedi:
– Ata neylədin?
Atası dedi:
– Bala, sən çox xoşbəxt adamsan. Mən yaşımdan bəri o dəryada qızıl balıq olduğunu eşidib-görməmişəm. Ata-babamız deyərdi ki, bu dəryada qızıl balıq olmaz.
Səhər cümə günüydü. İskəndərin dərsi yoxudu. Xonçanı götürdü apardı vəzirə. Vəzir baxdı gördü bu bir qızıl balıqdı, dedi:
– İskəndər, bu necə işdi, heç mən yaşımdan bəri bu şəhərdə eşitməmişəm qızıl balıq ola.
Xörəyi yedilər, içdilər, həmən xonçanı doldurdular qızılla, İskəndər gətirdi evlərinə.
Hər gün adına axşamı atasına tapşırardı ki:
– Ata, sabah mənim dərsim yoxdu. Bu gün toru mənim bəxtimə at. Səhər aparacam vəzirə.
Hər atanda da bir qızıl balıq düşərdi. O da qızıl balığı xonçada gətirərdi vəzirə. Hər evə qayıdanda da xonçasını qızılla doldurardılar. O da gətirib atasının qabağına qoyardı. Bu kişi başladı o qızıllarla yaxşı ev tikdirdi. İmarətlər tikdirdi ki, nə təhər. Öz-özünə deyirdi, Allah, sənə şükür, nə yaxşı bunu mənə yetirdin. Adamın öz oğlu da belə olmaz”[3].
“Zərnigar” nağılından:
“Səhər qız biləyini çırmayıb ev-eşiyi təmizlədi. Arvadı suya saldı. Arvad dedi:
– Ay Allah, sənə şükür, bunu mənə hardan yetirdin?!”[4]
“Şah Abbasın oğlu” nağılından:
“İbrahim düşdü yola. Az getdi, çox getdi, dərə-təpə düz getdi. Dərələrdən yel kimi, təpələrdən sel kimi, acı biyanlıq, çax-çax qamışlıq, gəldi çatdı İsfahana. Qərib adamıdı, gəzdi o yan-bu yana. Gəldi bir aşbaza şəyird oldu. Gündə xörək bişirərdi, onun da əlinin altında dolanardı.
Aşbaz baxdı gördü gündə yüz tümən qazanırdısa, indi İbrahim gələndən gündə iki yüz tümən nəfi olur. Öz-özünə deyirdi:
– Allah, sənə şükür. Nə yaxşı, bu gəldi çıxdı. Bunu mənə hardan yetirdin?!”[5]
“Nazikbədən” nağılından:
“Gətirdilər bunu padşah elədilər. Gördülər bu bir padşahdı ki, heç belə padşah olmayıb. Xülasə, camaat şükür-səna elədi ki, nə yaxşı belə yaxşı padşah olub”[6].
“Hazarandastan bülbülü” nağılından:
“Vəzir dedi:
– Padşah sağ olsun, burda nə var ki, səni fikrə salır? Şükür olsun, üç oğlun var. Çağır, əmr elə, gedib gətirsinlər. Bəs onlar nə vaxt sənə lazım olacaqlar?
Padşah gördü ki, vəzir doğru deyir. Onun doğrudan da üç oğlu vardı. Əmr elədi, çağırdılar”[7].
“Ax-vax” nağılından:
“Hambal ona da bir çay gətirtdi. Bir az hal-əhval tutandan sonra hambal bildi ki, Səlim özünə iş axtarır. Amma Səlim ona tacir oğlu olduğunu deməmişdi. Hambal ona dedi:
– Bacıoğlu, elə mən sənin kimi bir adam axtarırdım. Mən bu şəhərdə, bax, o körpünün hambalbaşısıyam. Yaxşıca pul qazanıram. Bu şəhərdə bir adam mənim kimi taya girəmməz. Amma, Allahın məsləhətinə çox şükür, övladım yoxdu. Bir ərik, bir arvad. Gündüz işləyirik, gecə dişləyirik, dolanırıq. Gəl mən səni götürüm özümə oğulluğa. Görürəm, maşallah, namxuda, özün də elə yaxşısan, yaxşı taya girə bilərsən. Hamballıq ki var, başağrısız bir sənətdi. İşlə, ye! Bax, yeməyin, içməyin, geyməyin, hamısı məndən. Hər nə də qazansan, deyirsən ki, öz vilayətində arvad-uşağın var, göndər onlara.
Səlim baxdı ki, heç pis iş deyil, oldu razı, getdilər hambalgilə”[8].
“Ölü Məhəmməd” nağılından:
“Qızlar birbaşa onun yanına getdilər. Qızın qılığına girib, xəbər aldılar:
– Sənin nə dərdin var belə gündən-günə saralıb solursan? Allaha şükür, anan sağ, atan sağ, nə qəmin var? Dərdini bizə de, sənə əlac eləyək”[9].
“Şəms-Qəmər” nağılından:
“Bir padşah var idi. Bu padşahın övladı yox idi. Bir gün padşah bədənnüma güzgünün qabağında durub özünə baxırdı. Gördü ki, paho, saqqalına dən düşüb. Padşah qəm dəryasına qərq oldu. Vəzir, vəkil tökülüb işdən hali olmaq istədilər. Baş vəzir ədəblə baş əyəndən sonra xidmət məqamında əl-əl üstündə dayanıb dedi:
– Qibleyi-aləm, niyə qəm dəryasına qərq olmusan? Allaha çox şükür dövlət, cah-calal səndə. Sən də fikir eləyirsən?
Padşah üzünü çevirib vəzirə baxdı və qəm buludunu üzündən kənar eləyib dedi:
– Vəzir, nə olsun ki, cah-calal, şan-şövkət məndədi. Saqqalıma dən düşüb, bir övladım yoxdu ki, mən öləndən sonra yerimdə əyləşsin, taxt-tacıma sahib olsun.
Vəzir dedi:
– Qibleyi-aləm, elə dərdlər var ki, onun çarəsi ancaq Allahdadı. Bizim əlimizdə nə əlac var? Qırx gün, qırx gecə fağır-füqəraya pay ver, bəlkə Allah sənə bir övlad kəramət eyləyə.
Hamı yerbəyerdən vəzirin sözünü bəyəndi. Padşah xəzinəsinin ağzını açdı, qırx gün, qırx gecə fağır-füqəraya pul, paltar, yemək payladı”[10].
“Tapdıq” nağılından:
“Minagərdən xanım ona təsəlli verdi. Süleyman tacirin aynası açıldı, durub şəhərə çıxdı ki, bir qədər gəzsin, qəmi lap dağılsın. Bir neçə küçə gəzdi, bir hücrə keçdi, axırda gecə yarı oldu. Süleyman tacir evə tərəf gəlirdi, bir də gördü bir nərilti gəldi, bir işıq qaranlığı yara-yara yerə düşdü. Süleyman tacir bu işə məəttəl qaldı, yavaş-yavaş işıq düşən yerə gəlib gördü ki, burda bir uşaq var.
Süleyman tacir öz-özünə dedi: “Xudaya, sənə çox şükür. Yəqin rəhmin gəlib, göydən bu uşağı mənə saldın”. Süleyman tacir uşağı qucağına alıb düz evinə gətirdi”[11].
“Sehrli üzük” nağılından:
“Keçəl balıqları alıb, bir az çır-çırpı yığıb, bir yaxşı ocaq çatdı. Balığın birini kabab bişirdi. İtlə pişiyə də verəndə onlar yemədilər. Keçəl nə qədər elədisə, yemədilər. Axırda keçəl dedi ki, ay Allahın heyvanları, niyə naşükürlük eləyirsiz, yeyin də. Birdən it dilə gəlib dedi:
– Ey keçəl qardaş, biz naşükür deyilik, bizim insafımız götürmür ki, onu yeyək. O ana balığın cəmi iki balası vardı, onların ikisini də sənə peşkəş eləyəndə, gərək sən insafa gəlib balasının birini özünə qaytaraydın. Amma sən bunu eləmədin. Odu ki, bunun altını çəkəcəksən. Balığın gözü balalarının dalınca qalmışdı, ona görə yemədik.
Bu söhbətdən sonra keçəl gördü ki, səhv eləyib. Durdu dəryanın qırağında əllərini yumağa, bir-iki ovuc su götürüb əllərini ovxalayırdı ki, birdən üzük barmağından sürüşüb düşdü dəryaya, nə qədər axtardısa, tapa bilmədi. Axırda kor-peşman evlərinə qayıtdı. Evləri lap yaxındaydı deyə, bu dəfə heç xalçaya da minmədi, büküb qoltuğuna vurdu, başladı getməyə. İtlə pişik də bu işə peşman olmuşdular. Odu ki, dedilər:
– Ay qardaş, sən get, biz bir az buralarda hərlənək, görək üzüyü tapa bilərikmi?
Keçəl gəldi evlərinə, itlə pişik qaldılar dəryanın qırağında. Bir də gördülər ki, bir qoca balıqçı gəlib torunu atdı dəryaya, başladı balıq tutmağa. Qocanın toruna bir yekə balıq düşdü, ha çəkdisə gücü çatmadı. İt dişiylə toru tutub çəkdi, qocaya kömək elədi. Toru birtəhər kənara çıxartdılar, içindən bir yekə balıq çıxdı. Qoca fikirləşdi ki, bu itlə pişik buna kömək elədilər. Odu ki, balığın qarnını yarıb içalatını itlə pişiyin qabağına atdı ki, yazıqdılar, acdılar, yeyib doysunlar. İtlə pişik leşin içini axtarıb üzüyü ordan tapdılar. Sevinə-sevinə aparıb keçələ verdilər. Keçəl üzüyü alıb itlə pişiyin başını sığalladı, onlara çoxlu yemək verib razılıq elədi”[12].
“Keçəlin kefi lap kökəlmişdi, odu ki, dedi:
– Nənə, bu kişilikdən deyil ki, mən burda duram, arvadım Hindistanda. Allaha şükür, var-dövlət desən bizdə, ev-eşik desən bizdə, gəl sən burda ye-iç, dolan, mən gedim bəlkə qızı tapa bildim”[13].
“Keçəl şükür elədi ki, bu lap yaxşı oldu. Papağı qoyaram başıma, heç kim məni görməz, kefim nə istəyər eləyərəm”[14].
“İlan və qız” nağılından:
“Yeddi qardaş dev bacılarının günü-gündən geri getdiyini görüb dedilər:
– Ay bacı, axı sənin dərdin nədi ki, belə saralırsan? Allaha şükür, sən dünyada nə istəmisənsə, hamısını hazır eləmişik. Səni and veririk anamızın südünə, aç dərdini de”[15].
_____________
[1] “Azərbaycan nağılları”. 5 cilddə. V cild. Tərtib eləyəni: Nurəddin Seyidov. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 257-269. Nəşrin sonluğundakı “Nağıllar haqqında məlumat”da “Naşükür qız” nağılını 1956-cı ildə 73 yaşlı Gəncə sakini Allahverdiyeva Dursun Qasım qızının söylədiyi göstərilib (səh. 296). Kitabda o da qeyd olunur ki, bu nağılın xalq arasında “Bəxt quşu”, “Tale quşu” adlı variantları da var (səh. 286)
[2] “Azərbaycan nağılları”. 5 cilddə. I cild. Toplayıb tərtib eləyəni: Hənəfi Zeynallı. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 21-26
[3] Orda, səh. 95
[4] Səh. 327
[5] Səh. 345
[6] Səh. 242
[7] Səh. 276
[8] “Azərbaycan nağılları”. 5 cilddə. II cild. Tərtib eləyəni: Məhəmmədhüseyn Təhmasib. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 177
[9] “Azərbaycan nağılları”. 5 cilddə. III cild. Tərtib eləyəni: Əhliman Axundov. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 183
[10] “Azərbaycan nağılları”. 5 cilddə. IV cild. Tərtib eləyəni: Əhliman Axundov. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 5
[11] Orda, səh. 39
[12] “Azərbaycan nağılları”. 5 cilddə. V cild. Tərtib eləyəni: Nurəddin Seyidov. Bakı, “Şərq-Qərb” nəşriyyatı, 2005-ci il. Səh. 26
[13] Orda, səh. 33
[14] Səh. 34
[15] Səh. 237
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür