“Allaha şükür” kitabını bu linklərlə tam şəkildə oxu: • “Quran”da şükür • Peyğəmbərin şükürü • Peyğəmbərləri heyran eləyən şükürlər • Qəzalinin şükürü • Xaqaninin şükürü • Nizaminin şükürü • Tusinin şükürü • Xətainin şükürü • Füzulinin şükürü • Bakıxanovun şükürü • Atalar sözlərində, deyimlərdə şükür • Əsatirlərdə, əfsanələrdə şükür • Nağıllarda şükür • “Kitabi-Dədə Qorqud”da şükür • Bayatılarda şükür
Azər Qaraçənli
El-obada şükürə, qədirbilənliyə, gözütoxluğa – az olanda aza, çox olanda çoxa qane olmağa həmişə yüksək qiymət verilir. Naşükürlük, nankorluq, qədirbilməzlik, azgözlük eldə-obada həmişə qınanır, buna ən pis xüsusiyyətlər kimi baxılır. Bu özünü atalar sözlərində, deyimlərdə də göstərir.
Birdən bir adam haqqında deyirlər: “Yaxşılıq bilən deyil”. Bu çox pis xarakteristika sayılır. Yəni naşükürdü, nankordu, qədirbilən deyil, yaxşılığı unudandı, yaxşılığa qiymət qoymur. El-obada beləsinə çox pis baxılır. Ancaq bundan da pisi odu, deyələr: “Çörəyi dizinin üstündədi”. Çörəyi dizinin üstündə olan da yaxşılıq bilən deyil, o da nankordu, naşükürdü, amma bu, daha pis xarakteristikadı. Bundan da betəri odu, desinlər: “Yediyi qaba tüpürəndi”. Yediyi qaba tüpürən – çörəyi dizinin üstündə olanın betər formasıdı. Bundan da betərinə “Anasının əmcəyini kəsən” deyərlər. Nankorun ən pisinə belə deyərlər.
Bu deyimlər, fikri ifadə eləmək üçün seçilən obrazlar xalqın naşükürlüyə, nankorluğa necə nifrət elədiyini çox aydın göstərir. Ona görə belə deyimlərin ardınca xalqın naşükürlüyə, nankorluğa nifrət elədiyini söyləməyə heç ehtiyac da qalmır. Çünki nə desən də, bu deyimlərdən təsirli söz tapa bilməyəcəksən.
“Çörəkitirən” ifadəsi də var, bunu çörəyi dizinin üstündə olanın bir tayı saymaq olar. Necə deyərlər, bu, çörəyi dizinin üstündə olanın daha qısa şəkildə xarakterizə olunmasıdı.
Nankorluğa eldə namərdliyin bir forması kimi baxılır. Əksini də demək olar: namərdliyə eldə nankorluğun bir formsı kimi baxılır. Namərdlik özünü nankorluğun daha pis dərəcələrində göstərir. Yaxşılıq bilməyən, çörəyi dizinin üstündə olan da hardasa namərddi, ancaq belələri namərd olmaya da bilər. Ola bilər, adam yaxşılıq bilən deyil, çörəkitirəndi, çörəyi dizinin üstündədi, amma elə də namərd deyil. Yediyi qaba tüpürən, anasının əmcəyini kəsənsə yüz faiz namərddi. Belə ifadələrdən bəzən sırf namərdliyi bildirmək üçün istifadə olunur.
Eldə nankorluğun ağır dərəcəsi namərdlik sayıldığı kimi, qədirbilənliyin də yüksək dərəcəsinə mərdlik kimi baxılır. Qədirbilənliyin yüksək dərəcəsi ən xırda yaxşılığa da böyük qiymət verməkdə özünü göstərir. Bu, yüksək qədirbilənlik, orta mərdlikdi. Ona görə orta mərdlik ki, mərdliyin bundan da yüksək dərəcələri var. Mərdlik çox böyük əxlaqdı, çox böyük xüsusiyyətdi, onun qədirbilənliyin ən yüksək dərəcəsindən də o yana dərəcələri var. Mərdliyin yüksək dərəcəsi yaxşılığa yaxşılıq deyil, yamanlığa yaxşılıqdı. Qədirbilənliyin belə dərəcəsi yoxdu.
Bizdə “Yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi”[1] məsəli var. Yamanlığa yaxşılıq, doğrudan da, ər kişinin işidi. Amma həyat göstərir ki, yaxşılığa yaxşılıq da hər kişinin işi deyil. Bu heç də asan tapılan xüsusiyyət deyil, adi xüsusiyyət deyil, bəzən onu da ancaq ər kişilər bacarır. Ola bilər, bu atalar sözü yaxşılığa yaxşılığı hər kişinin bacardığı dövrdə yaranıb, ola da bilər, onun bu hissəsi – “yaxşılığa yaxşılıq hər kişinin işidi” hissəsi “yamanlığa yaxşılıq ər kişinin işidi” hissəsini gücləndirmək xətrinə deyilib.
El deyimlərində şükranlıq özünü daha çox alqışlarda, gözaydınlıqlarında göstərir. Birinin sevincinə şərik olanda deyərlər: “Allaha şükür”, “Şükür”, “Çox şükür”. O da belə cavab verər: “Şükür içində olasan”. Ya da deyərlər: “Nə yaxşı”, “Nə gözəl”, “Çox yaxşı”, “Çox gözəl”. O da deyər: “Yaxşı günün olsun”, “Gözəl günün olsun”. Bunların hamısı şükranlıqdı. “Nə yaxşı”, “Nə gözəl” – “Allaha şükür”ün türkcəsidi, sinonimidi.
Elə alqış var indini alqışlayır, elə alqış var gələcəyi. İndini uğurlayan alqışlar şükür mənasını da verir, belə alqışların şükür qatı var. Tutalım, “Toyun mübarək”, “Bayramın mübarək”. Gələcəyi alqışlamaq belə bir gündən gələcək üçün də diləməkdi, yaxud indi belə bir gün yoxdusa, onun gələcəkdə olmağını istəməkdi. Tutalım, “Oğullu-qızlı olasan”, “Neçə belə bayrama çıxasan”. Belə alqışlarda şükür çaları yoxdu. Şükür – günün alqışlarındadı. “Bayramın mübarək”, “Toyun mübarək” kimi alqışlar bu günə sevinməkdi, günün alqışıdı, belə alqışlar “Bu günə şükür”, “Allaha şükür” kimidi, onların sinonimidi. Bunlar leksik baxımdan sinonim olmaya bilər, amma psixoloji cəhətdən sinonimlərdi, çünki eyni duyğuları ifadə eləyir.
“Allahın bu gününə şükür” – məşhur şükranlıqlardandı. Şükür ovqatında olanlar bu ifadəni tez-tez işlədirlər. Onu “Allaha şükür”, “Allah, sənə şükür”, “Allaha çox şükür”, “Şükür”, “Çox şükür”, “İlahi, şükür” kimi nidalardan sonra ən çox işlənən şükür ifadəsi saymaq olar.
Dindən gələn, milliləşən ənənəyə görə, çörək yeyəndə Allahın adını çağırarlar, “Bismillah” deyərlər, çörəyi yeyib qurtaranda Allaha şükür eləyərlər. Bu vaxt, çörək yeyilib qurtarılanda ən çox “İlahi, şükür” ifadəsi işlənər.
“Allahın böyüklüyünə şükür” – bu da şükranlığın tez-tez eşidilən nidalarındandı.
“Səni verənə şükür” – ən şirin şükranlıqlardan biridi, daha çox valideynlər övladları haqqında işlədir. Bu şükranlığın xalis türkcəsi “Səni verənə qurban”, “Səni verənə qurban olum”du. İlk baxışdan elə görünə bilər ki, “Səni verənə şükür”lə “Səni verənə qurban olum”un arasında məna fərqi var. Birində insan Tanrıya şükür eləyir, o birində özünü qurban deyir. Ancaq burda heç bir məna, məzmun fərqi yoxdu. “Qurban olum” burda hərfi mənada deyil, məcazi mənadadı, “Nə yaxşı”, “Nə gözəl” ifadələri kimi o da şükürün türkcəsidi, “şükür” sözünün sinonimidi.
“Qurban” sözü bütün deyimlərdə şükürün sinonimi kimi çıxış eləmir. Amma sevinci, şadyanalığı bildirəndə o həm də şükürün türkcəsi rolunu oynayır. Ümumiyyətlə “şükür” sözü türkcədə özünü ən çox “Nə yaxşı”, “Nə gözəl” tipli ifadələrdə, “qurban”, “sənə qurban”, “qurban olum” kimi sözlərlə düzələn deyimlərdə göstərir. Tutalım, nəyəsə sevinəndə dediyimiz “Allahıma qurban olum” ifadəsi birbaşa “Allaha şükür” mənasını verir. Yaxud “Balama qurban olum” elə “Balama şükür” deməkdi. Bu ifadələr eyni duyğunun, eyni ovqatın nəticəsidi, psixoloji sinonimlərdi. Sözlərdə fərq olsa da, mənada, məzmunda, onu doğuran vəziyyətdə fərq yoxdu.
“Şükür” kəlməsi adamın ağzından acıqla da çıxa bilər. “Allahıma qurban olum”u adam hirsindən də deyə bilər. Elə bir anda ki, əslində adam özünün, ya bir başqasının düşdüyü vəziyyətə heç də şükür eləmir, amma hirsindən belə deyir. Tutalım, bir adam ailə üzvlərini inandırmaq istəyir ki, bu bahalıqda qab-qacaq almağa ehtiyac yoxdu. Ancaq onun sözünə baxmırlar. Qab-qacağı alıb evə gətirəndə əllərindən salıb qırırlar. Belə məqamda bu alış-verişin əleyhinə olan adam “Allahıma qurban olum, nə yaxşı oldu” deyə bilər. Bu, hərfi mənada şükür kimi səslənsə də, həqiqi mənada şükür deyil, çünki şükürü yox, acığı, hirsi ifadə eləyir. Necə deyərlər, bu, tərs şükürdü. Adı şükürdü, özü şükür deyil. “Səni verənə şükür”ün də belə məcazi mənası ola bilər. Kimsə kiminsə yarıtmazlığına hirslənəndə, yaxud istehza eləyəndə deyə bilər: “Səni verənə şükür”. Əslində şükür eləmir, acığından belə deyir.
“Allaha ağır getməsin” – bir adam giley-güzar eləyəndə belə deyər. Şikayətlənən adam bu ifadəni işlətməklə bir növ Tanrıya üzrxahlığını bildirir. Yəni naşükür deyiləm, amma şikayətim də var. “Allaha ağır getməsin” – “Naşükürlük olmasın”, “Naşükürlük kimi çıxmasın” deməkdi. Bəzən onun yerinə elə “Naşükürlük olmasın”, “Naşükürlük kimi çıxmasın” ifadələri işlənir. Bu ifadələrin kökündə giley-güzarın Tanrıya xoş getmədiyinə, giley-güzarda naşükürlüyün olduğuna inam durur. Adamlar bu sözlərlə özlərini Tanrının qəzəbindən qoruyurlar. Bir də belə ifadələri işlətməklə çalışırlar başqalarının gözünə naşükür kimi görünməsinlər, şikayətlənəndə başqaları onlara naşükür kimi baxmasın. Bu ifadələrdə insanın öz şikayətinə içəridən müqavimət göstərməyinin, şikayətini cilovlamağa çalışmasının da əlaməti var. O biri yandan bu ifadələr insanın Tanrıdan incikliyini də göstərir. Yəni “Allaha ağır getməsin”, “Naşükürlük olmasın”, “Naşükürlük kimi çıxmasın” ifadələri bir az çoxçalarlı, həm də ziddiyyətli duyğuları çatdıran ifadələrdi.
Məsəl var, deyərlər: “Azı bilməyən çoxu da bilməz”[2]. Bu o deməkdi kiçik yaxşılığa qiymət qoymayan böyük yaxşılığa da qiymət qoya bilməz, kiçik nemətin qədrini bilməyən böyük nemətin də qədrini bilməz. “Bir tikəni bilməyən min tikəni də bilməz”[3], “Tikəni görməyən yekəni də görməz”[4] məsəlləri də eyni mənadadı.
“Pis olmasa yaxşının qədri bilinməz”[5] məsəlində fikir açıq ifadə olunduğundan, burda heç bir obrazdan istifadə olunmadığından onun açımına da ehtiyac qalmır. İnsanın pisi görməyincə yaxşıya qiymət verə bilməməyi fikri başqa atalar sözlərində də əksini tapır: “Köçən yurdun qədrini düşən yurdda bilərlər”[6], “Yaxşı getməyincə qədri bilinməz”[7], “Ata olarsan, ata qədrini bilərsən”[8].
“Zər qədrini zərgər bilər”[9] məsəli qədirbilənliyin biliklə, təcrübəylə bağlılığına işarədi. Bu həm də qədirbilməzliyin insanın anlamazlığından, təcrübəsizliyindən, məlumatsızlığından doğduğu mənasına gəlir.
“Südün qədrini qısırəmən dana bilər”[10] məsəlini daha çox bolluqda adamların israfçılığa yol verdiyinə, xeyir-bərəkətə düzgün qiymət qoya bilmədiyinə bir irad kimi başa düşmək olar. Bu məsəllə el demək istəyir qıtlıq, ehtiyac çəksən bilərsən bu nemətlər nə dəyərdədi.
Acgözlüyün də naşükürlüyə dəxli var. İnsanın gözü doymursa, demək, şükür eləməyi də bacarmır. Belə adam əlində olanları yox, olmayanları görür. Ona görə də el deyir: “Tamahkarın gözü kor olar”[11]. Bu, eynən naşükür adamın xasiyyətidi. O, olanına yox, olmayanına baxar. Şükür eləyən adamsa olanına baxır, onun gözü kor deyil, gözü onda-bunda deyil. Ona görə də ürəyi dinc, gözü toxdu. Şükür eləyən görməyi bacarar. Şükür eləyən gözütox olar.
Paxıllığın da naşükürlüyə aidiyyəti var. “Paxıla Tanrı verməz, versə də qarnı doymaz”[12] deyiblər. “Paxılın gözü doymaz”[13] deyiblər. Çünki o da tamahkardı, şükür eləyən deyil, özündə olanlara yox, özgəsində olanlara baxandı. Bəlkə də onun özündə olan özgəsində olandan çoxdu, dəyərlidi, ancaq şükür eləmədiyinə görə bunu bilmir. Paxıl da kordu.
Atalar deyib: “Allah verənə qane olan qəni olar”[14]. Yəni Allah verənə qane olan var-dövlətli olar. Bu məsəl şükürün, Allahdan razı olmağın insanın nemətini artırdığı haqqındadı. Bu məsəllə el demək istəyir insan qismətinə qane olduqca Allah adamın var-dövlətini, xeyir-bərəkətini daha da artırar.
Şükürün neməti artırdığına el-obada möhkəm inanarlar. Ona görə deyərlər: “Haqqın (Allahın) verdiyinə şükür eləmək nemət artırır”[15]. Bu, dindən gələn bir düşüncədi, şükürün neməti artırdığı barədə islam dinindəki ideyanın təkrarıdı.
“Çolaq koru görəndə öz halına şükür eləyər”[16] məsəli o deməkdi ki, insan öz vəziyyətinin şükürlü olduğunu özündən pis vəziyyətdə olanı görəndə anlayır. Yəqin ki, çətinliyi olan adama desən şükür elə, deyəcək nəyə şükür eləyim, belə problemim var. Amma daha ağır problem içində olanı görəndə o, istər-istəməz öz vəziyyətinə şükür eləyəcək. Çolaq koru görəndə öz halına şükür eləyəcək. Korun da öz halına şükür eləməyi üçün əsaslar var. Ona görə deyiblər: “Yuxarı baxıb qəm eləyincə, aşağı baxıb dəm elə”[17]. Bu, təkcə məsəl deyil, həm də məsləhətdi. Bu məsəlin başqa variantı da var: “Yuxarı baxıb fikir eləyincə, aşağı baxıb şükür elə”[18].
“Birin gör – fikir elə, birin gör – şükür elə”[19] məsəli də məsləhətdi, ancaq bir az başqa formada. Atalar bununla demək istəyir şükür elə, amma geri də qalma, fikirləş, başqasına baxıb irəliyə getməyi də düşün, inkişaf elə. Yaxud əksinə: başqasına baxıb fikirləş, irəli getməyi düşün, ancaq sarsılma, şükür də elə. Bu məsəli məsləhət yox, izah kimi də qəbul eləmək, “elə” sözünü burda “eləyəcəksən” mənasında da başa düşmək olar. Yəni birini görüb fikir eləyəcəksən, birini də görəndə şükür eləyəcəksən.
“Yaxşılıq eləyənə “4” düşür, bilənə “5”[20]. Bu məsəl elin qədirbilənliyə verdiyi yüksək dəyərlərdəndi. Maraqlı cəhət odu ki, burda yaxşılıq bilən yaxşılıq eləyəndən də üstün tutulur, qədirbilənlik xeyirxahlıqdan uca tutulur. Eldə qədirbilənliyə doğrudan da belə baxılır. El yaxşılıq bilənə, doğrudan da, yaxşılıq eləyəndən yüksək qiymət verir.
__________
[1] “Atalar sözü”. Tərtib və ön sözün müəllifi: Cəlal Bəydili (Məmmədov). Bakı, “Öndər nəşriyyat”, 2004-cü il. Səh. 235
[2] “Atalar sözü”. Toplayanı, tərtib eləyəni və nəşrə hazırlayanı: Əbülqasım Hüseynzadə. Bakı, “Yazıçı” nəşriyyatı, 1981-ci il. Səh. 40
[3] Orda, səh. 354
[4] “Xalqımızın deyimləri və duyumları”. Toplayıb yazıya alanı, işləyəni və tərtib eləyəni: Mürsəl Həkimov. Bakı, “Maarif” nəşriyyatı, 1986-cı il. Səh. 139
[5] “Atalar sözü”. Toplayanı, tərtib eləyəni və nəşrə hazırlayanı: Əbülqasım Hüseynzadə. Bakı, “Yazıçı” nəşriyyatı, 1981-ci il. Səh. 105
[6] Orda, səh. 14
[7] Səh. 104
[8] Səh. 72
[9] Səh. 164
[10] “Arazam Kürə bəndəm”. Tərtib eləyəni və işləyəni: Bəhlul Abdullayev. Bakı, “Yazıçı” nəşriyyatı, 1986-cı il. Səh. 95
[11] “Atalar sözü”. Toplayanı, tərtib eləyəni və nəşrə hazırlayanı: Əbülqasım Hüseynzadə. Bakı, “Yazıçı” nəşriyyatı, 1981-ci il. Səh. 51
[12] Orda, səh. 50
[13] Səh. 50
[14] Paşa Əfəndiyev “Azərbaycan şifahi xalq ədəbiyyatı”. Pedaqoji institutların tələbələri üçün dərslik. Bakı, “Maarif” nəşriyyatı, 1981-ci il. Səh. 100
[15] “Atalar sözü”. Tərtib və ön sözün müəllifi: Cəlal Bəydili (Məmmədov). Bakı, “Öndər nəşriyyat”, 2004-cü il. Səh. 122
[16] “Atalar sözü”. Toplayanı, tərtib eləyəni və nəşrə hazırlayanı: Əbülqasım Hüseynzadə. Bakı, “Yazıçı” nəşriyyatı, 1981-ci il. Səh. 114
[17] “Arazam Kürə bəndəm”. Tərtib eləyəni və işləyəni: Bəhlul Abdullayev. Bakı, “Yazıçı” nəşriyyatı, 1986-cı il. Səh. 89
[18] “Atalar sözü”. Tərtib və ön sözün müəllifi: Cəlal Bəydili (Məmmədov). Bakı, “Öndər nəşriyyat”, 2004-cü il. Səh. 244
[19] Orda, səh. 61
[20] İlham Qəhrəman “Laçın folkloru”. Bakı, “Adiloğlu” nəşriyyatı, 2009-cu il. Səh. 117
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür