Azər Qaraçənli
Nəsirəddin Tusi[1] “Əxlaqi-Nasiri” əsərində yazır ən yüksək dəyər ədalətdi[2], ədalətin də birinci şərti Tanrının haqqını qaytarmaqdı. Tusi bunu yazanda Aristotelə söykənir. Yazır Aristotelin dediyi kimi ədalətin birinci şərti odu insan bütün xeyirli işlərin, faydalı əməllərin ilhamçısı olan, nemətləri yaradan Böyük Haqq Tərəfdarının haqqını qaytarsın, özüylə ibadətgahı arasında işlərə artıqlamasıyla əməl eləyib bəndəliyini yerinə yetirsin[3].
Sonra Tusi Aristotelin dediyi bu birinci şərti öz sözləriylə yozub genişləndirir, yazır: “Böyük Yaradanın haqqını qaytarmağın mənası odu ki, ədalət şərtləri yerinə yetirilsin, alma-vermə, bəxşiş, mal, kəramət və sairədə bu şərtlər özünü əyani göstərsin. Haqq-ədalət tələb eləyir ki, öz bacarığımız, imkanımız çərçivəsində Böyük Yaradanın bizə əta elədiyi sonsuz nemətlərin əvəzini çıxaq. Kimsə xırda xərclə başqasından xüsusi ənam alsa, bir yol tapıb bunun əvəzini çıxmasa, rüsvay olar. Onda insan ona sonsuz sayda naz-nemət verən, hədsiz bəxşiş əta eləyən, sonra da ara vermədən hər an onun əlindən tutan Böyük Yaradana bütün bunların qarşılığında niyə heç bir şükür, raz-niyaz, ya haqgüzəranlıq eləməsin?!”[4]
Tusi deyir ədalət tələb eləyir ki, hər kəs Tanrının verdiyi nemətlərin qarşılığında bacardığı qədər şükür eləsin. Tanrının verdiyi nemətlər arasında ən çox şükür olunub haqqı ödənəsi nemətsə, Tusinin fikrincə, ata-ananın övladına elədiyi yaxşılıqlardı. Tusi ata-ananın haqqını ödəməyi, onların razılığını qazanmağı çox vacib sayır. Yazır: “Allahın borcunu yerinə yetirəndən sonra ata-ananın haqqını yerinə yetirməkdən, onların hayına qalıb dərdinə əlac eləməkdən əxlaqlı iş ola bilməz. Bu haqqı yerinə yetirmək əvvəlki borcu ödəməkdən də vacibdi, çünki Allah verdiyi nemətlərin qarşılığında mükafata möhtac deyil, ata-ananınsa buna böyük ehtiyacı var, onlar bütün ömürləri boyu ümidlə gözləyirlər ki, övladları böyüsün, əli bir yerə çatsın, onlara əl tutsun”[5].
Tusi deyir əslində ehsan vermək, Allahın birliyini tanımaq, ibadət eləmək, şəriətə əməl eləmək, şükür, qədirbilənlik – bunların hamısı ondan ötrüdü ki, adamlar ata-ananın qayğısına qala biləcək səviyyədə bir əxlaqa yiyələnsinlər[6].
Tusi deyir ataların haqqını daha çox mənəvi yolla (təşəkkür, sitayiş, itaət, xeyir-dua eləməklə), anaların haqqını daha çox maddi yolla (mal-dövlət, hədiyyələr verməklə) ödəmək gərəkdi. Bunun əksini o, nankorluq sayır[7].
Tusi yazır ata-anaya kömək eləyib xeyir vermək əxlaqın saflığını göstərdiyi kimi nankorluq, kobudluq da tərbiyənin çürüklüyünü göstərir[8].
Nəsirəddin Tusi xalqına xeyir verən adil-alim padşaha ürəkdən, can-başla xidmət eləməyi də vacib sayır, deyir bunun əksi zülmə, ədalətsizliyə aparıb çıxarır. Tusinin fikrincə, belə hökmdarla bir yerdə olmamaq, bilə-bilə onun əmrlərini yerinə yetirməmək, onu pisləyib hörmətdən salmaq xəyanətdən, ədalət qayda-qanunlarını tapdalamaqdan başqa bir şey deyil, çünki alıb heç bir şey verməmək vicdanla, insafla bir araya sığmır[9].
Tusi yazır nemət, mərhəmət çox olduqca qədirbilməzlik də tez gözə çarpır. Tusi qədirbilməzliyi insanın nemətə-mərhəmətə zülmlə cavab verməyi adlandırır. Deyir zülm onsuz da pisdi, amma elə zülmlər var lap pisdi. Tutalım, elə nemət var onun əldən alınmağı başqa nemətin əldən alınmağından, elə haqq var onun danılmağı başqa haqqın danılmağından daha iyrəncdi. Burda Tusi yenə Tanrının elədiyi yaxşılıqların qədrini bilmək məsələsinə qayıdır, yazır yaxşı başçıların üzünə ağ olmaq günahdısa, indi gör hədsiz-hüdudsuz səxavətindən hər an, hər saat maddi-mənəvi xeyir gördüyümüz Tanrıya şükür, sitayiş eləməmək nə boyda günahdı, haqsızlıqdı. Tusi deyir əslində Tanrının borcundan çıxmaq heç mümkün deyil, təkcə elə onun bizə verdiyi ilk nemətdən – yaradılmağımızdan, bu dünyaya gəlməyimizdən başlasaq, heç təsəvvür eləmək olmur bunun əvəzini necə ödəmək olar[10].
Nəsirəddin Tusi deyir bir adamla dostluq eləmək istəyəcəksənsə, ondan sədaqət umacaqsansa, gərək onun xaraktercə qədirbilən, yoxsa naşükür olduğunu araşdırıb öyrənəsən. Yazır: “Qədirbilənlik ona deyərlər ki, yaxşılıq əvəzinə yaxşılıq eləsin, mükafat versin. Ancaq bəzən adamın əli aşağı olur, mükafat verə bilmir. Belə olanda qədirbilən adam mükafatı sonraya, imkanlı vaxtına saxlasa da, dilində təşəkkürünü eləyib, razılığını bildirər. Naşükür adamsa hamının deyə biləcəyi bir “sağ ol”u da dilinə gətirməyi əskiklik sayar, əlinə keçəni qənimət bilər, elə “bu mənimdi” deyər. Açığı, dünyada nemət qapılarını öz üzünə bağlamaqda naşükürlükdən böyük bədbəxtlik ola bilməz. Bir az diqqət yetirilsə, naşükür adamın xasiyyətindən murdar xasiyyət tapmaq olmaz. Ərəbcə “küfr” sözü də bu mənada işlənir. Ən yaxşı xasiyyətlər içində də qədirbilənlikdən gözəli ola bilməz. Nemətlərin bolluğu, arasıkəsilməzliyi qədirbilənliyə, şükürə bağlıdı”[11].
Tusi deyir dostluq-qardaşlıq eləmək istədiyin adamda belə xasiyyətin olub-olmadığını yoxlamalısan ki, sonra qardaşlıq qaydalarını tapdalayan, nemətlərə nankor çıxan bir adamın əlində qalmayasan[12].
___________
[1] Nəsirəddin Tusi (1200-1274) – filosof, riyaziyyatçı, astronom, ilahiyyatçı, tarixçi, hüquqşünas, dövlət xadimi
[2] Xacə Nəsirəddin Tusi “Əxlaqi-Nasiri”. Farscadan çevirəni: Rəhim Sultanov. Bakı, “Elm” nəşriyyatı, 1980-ci il. Səh. 97
[3] Orda, səh. 101-102
[4] Səh. 102
[5] Səh. 167
[6] Səh. 167
[7] Səh. 168
[8] Səh. 168
[9] Səh. 103
[10] Səh. 103
[11] Səh. 226
[12] Səh. 226
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri: