Otuz ildən sonra (Saday Budaqlının “Yolüstü söhbət” kitabına ön söz)
Aradan otuz il keçib, ancaq o əl boyda kitabdan ürəyimə düşən gümüşü işıq hələ də öləziməyib. “Yazıçı” nəşriyyatında “Müəllifin ilk kitabı” seriyasından nəşr olunsa da, “Döngə” Saday Budaqlının heç də ilk kitabı deyildi; bundan bir il qabaq, yəni 1984-cü ildə onun Moskvada da “Uduş” (“Vıiqrış”) adlı hekayələr toplusu çapdan çıxmışdı, üstəlik, həmin kitab sovetlər ölkəsində yaşayan gənc qələm adamlarının ala biləcəyi ən nüfuzlu Maksim Qorki mükafatına layiq görülmüşdü. Bu da hələ hamısı deyil; ona qədər Sadayın hekayələri Moskvada “Drujba narodov” jurnalının, “Nedelya” həftəliyinin mükafatlarını da almışdı. Bilənlər bilir: sovetlər dönəmində rus olmayan, ya da rusca yazmayan bir gənc yazıçının öz vətənindən qabaq imperiyanın mərkəzində kitab çıxartdırması, orada tanınması, parlaması çox müşkül məsələydi. O zaman əyalətdən gələn cavan sənətkar Moskvada hansı uğurlara əl yetirə bilərdisə, hansı mükafatlara yiyələnə bilərdisə, Saday Budaqlı öz istedadı, zəhməti hesabına bunlara nail olmuşdu. Ancaq burada bir az da insafsızlıq elədim, çünki təkcə əyalətdən gələnlərin yox, elə imperiyanın mərkəzində doğulub-böyüyən gənclərin də Sadayın qazandığı ədəbi uğurlara imza atması asan başa gələn məsələ deyildi.
Demək, Saday bir çox yurddaşından, nəsildaşından fərqli olaraq Moskvada – Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğu illəri yelə verməmişdi. Tələbəlik illərindən sonra onun böyük paytaxtdan kiçik paytaxta yetişmiş, bişmiş, tanınmış, bir sözlə, “hazır” yazıçı kimi qayıtması indi mənə qədim Roma sərkərdələrinin zəfər yürüşündən “əbədi şəhər”ə triumfal dönüşünü andırır. Bundan sonra qalırdı “Roma”da öz layiqli yerini, mövqeyini tutmaq. O vaxtlar harada yaşayır yaşasın, hansı dildə yazır yazsın, bütün sovet yazıçılarının dünyaya qapısı, pəncərəsi Moskvadan açılırdı; mənə – onun məktəbli oxucusuna elə gəlirdi Saday Budaqlı o qapı-pəncərə önündə öz növbəsini tutub gəlib, çox keçməz, bir Azərbaycan yazıçısının da dünya arenasına yolu açılar, həm də o yazıçı təkcə özünə yox, bütün çağdaş ədəbiyyatımıza, özündən sonra gələnlərə də cığır açar. Hər halda Saday Budaqlının yazdıqları da, qazandıqları da buna inanmağa tam əsas verirdi.
İki il sonra – 1987-ci ildə Saday Budaqlının Bakıda “Çat” adlı bir kitabı da nəşr olundu. Əsgərlik çəkdiyim 88-ci ilin bir qış günündə atamın göndərdiyi bağlamanın arasından o kitab çıxanda nə qədər sevindiyimi ömrümdə unutmaram. Kitabdakı yazıların çoxunu ədəbi jurnallardan oxumuşdumsa da, o yazıların bir kitaba yığılması ayrı-ayrı kəndlərdə, şəhərlərdə yaşayan bacı-qardaşların xeyirdə-şərdə ata evinə toplanması kimi adamda bir ayrı ovqat yaradırdı. Sadayın da ədəbi taleyində böyük rol oynamış yazıçı Elçin kitaba yazdığı “On ildən sonra” adlı ön sözdə hələ tələbəlik illərindən tanıdığı müəllifin on ildə gördüyü işlərə yekun vurur, Saday Budaqlı yaradıcılığının ilk onilliyini, necə deyərlər, qənaətbəxş saymaqla yanaşı sonrakı onillik üçün nikbin proqnozlar verirdi: o hesabla 1997-ci ilə qədər Sadayı da, ədəbiyyatımızı da böyük uğurlar gözləyirdi…
Ancaq dünyaya qəlbinin, vicdanının gözüylə baxan yazıçının hesabı heç də həmişə amansız, vicdansız fələyin hesabıyla uzlaşmır. Fələyin öz sayğacı var.
O zaman növbəti on ildə dünyanın, xalqların, o cümlədən də bizim başımıza nələrin gətiriləcəyi kimin yuxusuna girərdi? Sadayın da, ədəbiyyatımızın da yeni uğurlar qazanmalı olduğu həmin on ildə şəhərlərimizin, kəndlərimizin yer üzündən silinəcəyini, sözün-sənətin fələyin fəndləri, şeytanın qurmacaları qarşısında aciz, əliyalın qalacağını, yazıçılığın bir peşə kimi az qala sıradan çıxacağını kim deyərdi o vaxtlar? Doğrudu, 1990-cı ildə Saday Budaqlının Moskvada “Torpaq” (“Zemlya”) adlı daha bir kitabı işıq üzü gördü, ancaq onda artıq nə ölkə, nə də millət kitab-dəftər hayındaydı; neçə-neçə sadayları qanadının altına alıb oxudan, yerbəyer eləyən dövlətin canındakı xərçəng şişi bütün orqanizmə kök atıb son həddinə çatmışdı, imperiya sınıq-salxaq gövdəsiylə ögeyli-doğmalı cəmi övladlarının çiyninə çökməkdəydi. O günlər kitab da, yazı da, qələm də çox miskin, çox əlacsız görünürdü.
Beş-altı ildə dörd kitabı çapdan çıxmış, otuz beş yaşına qədər adını Azərbaycan ədəbiyyatı tarixinə yazdıra bilmiş, şöhrətə aparan yolun keçdiyi səhralıq boyu təmkinlə, haysız-küysüz, arxayın-arxayın, ancaq inadla, inamla köçünü sürən yazıçının növbəti kitabının bir də – nə az, nə çox – düz iyirmi beş ildən sonra işıq üzü görəcəyi kimin ağlına gələrdi onda?..
***
Bu illər boyu ədəbiyyatın, sənətin, qəlbin, vicdanın üstündən çəkilməyən qara buludlar mənim içimə düşən o gümüşü işığa kölgə sala bilmədi. Sadayın “ilk” kitabını oxuyanda mən eynən Kafkanın hekayələriylə tanış olan Markesin (yanılmıramsa, o zaman onun da on yeddi yaşı olub) keçirdiyi duyğuların tilsiminə düşmüşdüm: demək, belə də yazmaq olarmış, əgər bunlar ədəbiyyat üçün yarayırsa, demək, yazmağa dəyər…
Məsələ çox sadəydi: mən Sadayın hekayələrində yaşantılarımı yazıya çevirməyin yollarını tapmışdım. Ona qədər daha çox öz təcrübəmə yad olan mətləblərdən, özümün yox, özgələrin dərdindən (onları öz dərdimə çevirə bilmədən) yazırdım. Saday Budaqlını oxuyandan sonra ədəbiyyata, nəsrə baxışım dəyişdi, elə bil çoxdan əlimin altında yatan, ancaq dilini bilmədiyim bir alətin nəyə yaradığını, ondan necə istifadə olunduğunu mənə anlatdılar. Onun hekayələrindəki Heminquey sayağı “aysberqlər”, bir cümlənin arxasından boylanan on cümlə, bir dialoqun arxasında gizlənən on söhbət mənə nəyi yazmaq lazım olduğundan da çox nəyi yazmamaq lazım olduğunu öyrətdi. On səkkiz yaşımda yazdığım bir hekayədə Sadayın təsiri açıq-aşkar görünür.
Onun qəhrəmanları böyük tarixi proseslərdən kənarda, gurultulu ictimai-siyasi hadisələrdən uzaqda təkbaşına dolaşırlar. Onları hansısa tarixi zərurət, ya kütlələrin hərəkətverici qüvvəsi işə salmır. Bu adamların hansı zamanda, hansı dövrdə, hansı ölkədə yaşadığını da düz-əməlli kəsdirmək olmur, elə bil tarix onları hardasa salıb itirib, ya da heç əvvəldən karvana qoşmayıb. Zaman-məkan onlardan ötrü elə bir əhəmiyyət daşımır, bu adamlar hayana getsələr, harada olsalar da, təhtəlşüurun zirzəmisindən çıxa bilmirlər. Keçmişin çaxmağı çəkili tüfənginin lüləsi bir an onların kürəyindən aralanmır, adına gələcək deyilən qəza-qədər bir an onların yedəyini əldən buraxmır.
Bu adamlar daim “döngə situasiyasında” yaşayırlar: qəfil qarşıdan kimsə çıxacaq, ya da qəfildən nəsə baş verəcək. Çox vaxt onların adını da bilmirik, görkəmindən, boy-buxunundan, yerişindən-duruşundan da xəbər tutmuruq, çünki Sadayın personajı müdam öz dərisinin içində, öz beyninin şırımları arasında, düşüncələrinin burulğanında yaşayır. Qələmiylə can verdiyi adamlar onun dünyasında xəyal kimi, kölgə kimi, təhtəlşüurun yeriyən obrazı kimi dolaşırlar. Onlara qıraqdan baxmaq da olmur, çünki Sadayın bütün “kamera”ları personajların içində qurulub, müəllif də, oxucu da dünyanı onların gözüylə görür. Personajların başı üstündə yazıçı əli, müəllif zəhmi duyulmur – Saday Budaqlının ədəbi demokratizmi bu mənada sərhəd tanımır. Onun əsərlərində müəllifin yeri məsələsi Floberin dediyi sayaq həllini tapıb: “Allahın təbiətdə iştirakı kimi – hər yerdə var, ancaq gözə görünmür”.
Doğrudan da, Saday Budaqlı “obyektiv” yazı manerasından uzaq duran yazıçıdı; o, yaratdığı obrazları öz arxasınca çəkib aparmır, özü onların ardınca gedir, özü onların izinə düşür, onların ömrünün qaranlıq döngə-dalanlarına işıq tutur. Onun əsərlərində müəllif münsif deyil, hakim deyil, olsa-olsa şahiddi. Sadayın yazıçı obyektivliyi də elə onun danışdığı subyektiv tarixçələrin muxtariyyətində, göydəki ulduzlar sayaq həm çox yaxın, həm də çox uzaq insanların yer kürəsi deyilən bir şəbəkə içində var ola bilməsində özünü göstərir – “Şəbəkə” povestində olduğu kimi. Bu əsərdə danışılan beş əhvalatdan (beş monoloq da demək olar) sonra gələn yekun fəslin üç personajın iştirak elədiyi dramatik formada verilməsi insanın əslində öz subyektiv dünyasında səmimi olduğu, “obyektiv” sayılan aləmin Şekspirin dediyi teatrda qoyulmuş riyakar tamaşadan başqa bir şey olmadığı qənaətini yaradır.
Kəskin süjet, macəraçılıq, kütləvi səhnələr, ictimai pafos – bunlara Saday Budaqlı yaradıcılığında rast gəlmək olmaz. Onun əsərlərində zahirən az qala heç nə baş vermir, çünki Saday insanın fiziki-bioloji, dini-milli, ictimai-siyasi kimliyini yox, psixoloji kimliyini (bəlkə də nəliyini) araşdırır, yaratdığı personajların bioqrafik macəralarını yox, psixoloji macəralarını qələmə alır. Bu əsərlərdə inqilablar, çaxnaşmalar, ölümlər, qətllər, alçalmalar, alçaltmalar – hamısı insanın içində baş verir. Onun qəhrəmanlarının başına nə gəlirsə, cəmiyyətin gözündən qıraqda, şüurun alt qatında, fələyin məxfi əməliyyat sahəsində, instinktlərin gizli reaksiyalarının aparıldığı qaranlıq zirzəmidə gəlir. O zirzəmidə nə kimyalar qaynadılır, nə maddələr alınırsa, sonunda bu maddələrdən insanın taleyi bişirilir. Bəzən Sadayın personajı arxasınca silahlı konvoy kimi hərlənən taleyinin gözündən yayınıb azad olmağa, xoşbəxt olmağa can atır, onda da ya lotereyasının vaxtı keçmiş olur (“Uduş”), ya yolu yarı mənzildə qırılır (“Zədə”), ya ölümünə qurtuluş kimi göz dikdiyi qardaşı sağ qalır (“Fevral”), ya beynindəki qarışıqlığa aydınlıq gətirmək üçün bir dindarın məbəd qapısına üz tutduğu ümidlə qaça-qaça getdiyi kafeni yerində tapmır (“Qırxıncı otaq”), ya da kimisə (əslində özünü) intizardan qurtarmağa gecikir (“Firuzə qaşlı sırğa”). Kəskin süjetlər olmasa da, Saday Budaqlının əsərlərində kəskin dönüşlər, sərt döngələr, qəfil gedişlər bəs deyincədi.
Sadayın özünün də öz qəhrəmanlarına bir şəksiz bənzərliyi var: o da onlar kimi dünyaya içinin dərinliklərindən, ağlın mikroskopla belə seçə bilmədiyi qatlardan baxır. Oradan aləm bir özgə cür görünür. Elə buna görə də Sadayın həyata, hadisələrə çox ayıq, hay-küysüz, orijinal, çox da dərin yanaşması var – necə deyərlər, dərin çaylar sakit axır. Nəsri nə qədər apolitik olsa da, mən bu illər ərzində onun ölkədə, dünyada baş verən ictimai-siyasi proseslərə biganə qaldığını görməmişəm. İntəhası, Saday Budaqlı dövrün, cəmiyyətin sosial mənzərəsini yaradan yazıçılardan deyil, o, ictimai yüklü hadisələri də kütlənin “əlindən alıb” fərdin psixoloji mülkiyyətinə çevirə bilir. Məsələn, Qarabağ köçkünlərinin taleyi barədə çox deyilib, çox yazılıb, neçə-neçə film çəkilib; ancaq az-az fakt, tək-tək sənəd insanı “Əclaf” hekayəsindəki Feyzi kişinin taleyi qədər sarsıda bilər. Müharibədə təkcə yurdunu yox, oğlunu, gəlinini, nəvələrini, bir sözlə, bütün var-yoxunu itirmiş qoca kişiyə əclafcasına aydın bir sual verilir: “Sən axı niyə yaşayırsan, niyə ölmürsən?..” Bir savaşçı bəlkə bu suala asan cavab tapardı, məsələn, qisas almaq üçün, düşmənlərini öldürmək üçün yaşadığını deyərdi; fələyin qumarında bütün həyatını uduzmuş, əlindən heç nə gəlməyən, dünyanın bazarında fağır-fağır hərlənib tərəzi qabağında qalmış tərəvəzlə dolanan qoca qaçqınsa bu qəddar sualın qabağına öz miskin, iddiasız ölümündən başqa nəylə çıxa bilərdi?..
***
“Yolüstü söhbət” Saday Budaqlının latın qrafikasıyla nəşr olunan ilk kitabıdı. “Döngə”də, “Çat”da toplanmış yazıların hamısı olmasa da, çoxu bu kitabda yer alıb. Üstəlik, Sadayın doxsanıncı, ikimininci illərdə yazdığı “Yağmursuz havalar”, “Yolüstü söhbət”, “Əclaf”, “Yaxşı oğlan”, “Nisgil”, “Bir yaz günü”, “Qoca” kimi hekayələr də yeni kitaba salınıb. Sadayın vaxtında hər biri ədəbi hadisəyə çevrilmiş “Şəbəkə”, “Fevral” povestlərini, “Zədə” romanını kiril əlifbasını bilməyən gənclər yalnız indi oxumaq imkanı qazanacaqlar. Bu əsərlərin yenə də oxunacağına inanıram, çünki Saday Budaqlının yaradıcılığı dövrdən, zamandan, məkandan asılı yaradıcılıq deyil.
Otuz il qabaq mənə – Sadayın “ilk” kitabını əlindən yerə qoymayan bir məktəbliyə “düz otuz il sonra Saday Budaqlının kitabına ön söz yazacaqsan” desəydilər, inanmazdım. O vaxt Sadayın otuz yaşı vardı, indi bir otuz da üstünə gəlib. Bu otuz ildə mən onun oxucusundan həmsöhbətinə, dostuna çevrilmək şərəfinə nail oldum. O zamanlar mən Saday Budaqlıya bir salam vermək, onun sözünü-söhbətini eşitmək üçün fürsət güdürdüm; sonralar onunla saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz oldu, Azərbaycanın bölgələrinə səfərlərə çıxdıq, bəzən gecə səhərə qədər yatmayıb dərdləşdik, dağlara dırmandıq, bulaqlardan içdik, çaylarda çimdik, dostlarla birgə məclislər qurduq, şəkillər çəkdirdik… Hətta bir səfərimizdə Saday bizi qəhrəmanlarından birinin prototipiylə tanış elədi – o kişinin öz “müəllifini” necə duz kimi yaladığı heç yadımdan çıxmaz…
Noyabrın 13-də Saday Budaqlının 60 yaşı tamam olur. Məndən ötrü Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan könül dostumu, əqidə qardaşımı bu yubiley münasibətilə hamıdan qabaq təbrik eləmək imkanı qazandığıma görə çox sevinirəm. Birinci otuzillikdə Saday öz təxəllüsünü ədəbiyyat tariximizə tanıda bildi. İkinci otuzilliyin böyük hissəsi təkcə onun üçün yox, bütövlükdə ədəbiyyatımız üçün çox da uğurlu keçmədi. Ömrün üçüncü otuzilliyində Saday Budaqlının yeni bir güclə ədəbiyyat meydanına girəcəyinə qəti şübhə eləmirəm, çünki onu yaxşı tanıyıram, əsla tükənmədiyini, hələ deməyə sözünün çox olduğunu, masasının gözündə bir yarımçıq romanın müəllifin “qəbulunda” növbə gözlədiyini bilirəm. Bir otuz il də gözləyək…
Fəxri Uğurlu
26 sentyabr 2015-ci il
Mənbə: Sim-sim.az