Şəhriyar Məcnun
Gözümün bəbəyi, gözümün nuru,
Damarda çağlayan qanım, a bayraq!
Namusum, qeyrətim, şərəfim, şanım,
Sənə qurban olsun canım, a bayraq!
Qız-gəlin başında örpəyə dönüb,
Analar saçında dən olmalısan.
Şəhid oğulların qanlı kəfəni,
Sağ ikən libası sən olmalısan.
Sən gərək Qırxqızın zirvələrindən
Ucalıb Ağdama əl eyləyəsən.
Sən gərək Dərbənddən üzü Təbrizə
Kərbəla dəştinə yol eyləyəsən.
Sənsiz Dəlidağın, Qızılqayanın
Bürüyüb zirvəsin duman, çən, qırov.
Şəhidlər kəfəni, a şanlı bayraq,
Həsrətlə yolunu gözləyir Murov.
Nə gərək dikəlib Badi-Kubədən
Xəzərin üstündə dalğalanasan.
Sən gərək boyanıb mənim qanıma
Laçın dağlarıyla lovğalanasan.
Sən gərək Qarakənd səmalarında
İsmətim deyibən qan ağlayasan.
Sən gərək Xocalı aeroportunda
Əlifin heykəlin qucaqlayasan.
Odlar ölkəsinin bayrağı gərək
Elə ucalsın ki, Günəşə çatsın.
Nura qərq eyləsin Turan ellərin,
Hayastan ölkəsi zülmətə batsın.
Mənim ürəyimdə ay-ulduz, üç rəng –
Müqəddəs beşliyin simvolu demək.
Bayılda yüz metr yüksəliş nədir,
Yeddiqat göylərə ucalmaq gərək.
Ucalmaq necə də yaraşır sənə,
Mənim hilal-ulduz, şanlı bayrağım.
Azadlıq, türkçülük, islam simvolu,
A mənim üçrəngli qanlı bayrağım.