Azər Qaraçənli
Nizami Gəncəvi[1] Tanrıya çox şükür eləyən bəndə olub. Şeyx Nizami “İskəndərnamə”də deyir sözləri bu dairədə düzəndə, yəni əsəri qələmə alanda Tanrını köməyə çağırdım, Tanrıdan bu naməni əziz, mübarək eləməyini, onu əziz tutanları da əziz eləməyini istədim, poemanın oxuculara sevinc gətirməyini, qəlbi qırıqların sinəsinə sığal çəkməyini, ümidsizləri diləyinə çatdırmağını, aciz adamların onu oxuyanda Tanrıdan güc almağını dilədim. Deyir bu minvalla Tanrıdan nə istədimsə verdi, verilənə də şükür elədim. Şair bunu “İskəndərnamə” poemasının birinci yarısında – “Şərəfnamə”də yazır (bütün iqtibasları filoloji tərcümələrdən gətirirəm):
Bu dairədə mən sözləri düzdüyüm vaxt,
Tanrımı köməyə çağırdım
Ki, bu naməni əziz və mübarək eləsin.
Onu əziz tutanları da əziz eləsin.
Onun (“İskəndərnamə”nin) qol-qanadını elə açsın ki,
Onunla fal açanda səadət ulduzu nəsib olsun,
Qoy oxuculara sevinc gətirsin.
Bilənlərə də şadlıq yetirsin.
Qoy qəlbi qırıqlara qüdrət versin,
Qəmli sinələrin qəmküsarı olsun.
O, yaralı sinələrə sığal çəkər,
Müşkül işləri də açar.
Onu bir aciz adam oxumaq istəsə,
Oxuyanda Tanrı ona güc versin.
Və əgər ümidsiz bir bəndə onu əlinə alsa,
Nə diləyi varsa, yerinə yetsin.
Bu minvalla Allahdan nə istədimsə
Allah verdi və verilmişə şükür elədim[2].
Şair “Sirlər xəzinəsi” poemasıyla “Leyli və Məcnun” poemasını şükürlə bitirir. “Sirlər xəzinəsi”ndə yazır:
Şükürlər olsun ki, bu kitab ünvanına çatdı,
Ömür sona çatmamış kitab sona yetdi.
Nizami ona bəzək verib
Onu başdan ayağa gövhərə qərq elədi[3].
“Leyli və Məcnun”da yazır:
Dastan tamamilə bitdi,
Allaha şükür elə, ey Nizami!
Bu dastan məhəbbət açarı olsun!
Oxunmasında xoşbəxtlik olsun!
Başlanğıcı səadətlidi,
Axırı da bəyənilmiş olsun![4]
“Xosrov və Şirin” poemasına görə hökmdar şairə Həmduniyan adlı kənd bağışlayanda bir nəfər deyib niyə Nizami o kəndə görə bu qədər təşəkkür eləyir? O adam deyib Həmduniyan belə bir təşəkkürə dəyməz, çünki bu, xaraba bir kənddi, darısqal kürəyə oxşayır, eniylə uzunu yarım ağac da olmaz, gəliri yox, xərci çox… Nizami o adama cavab verəndə deyib nemət yeyən gərək naşükür olmasın. Deyib sən mənim həmdimə, yəni şükürümə bax, Həmduniyan nədi, belə bir həmd iyirmi elə kəndə dəyər. Nizami deyib mən zəngin bir xəzinəyəm, qiymətim bir ölkə qədərdi, amma o kəndə görə hər saat Allaha şükür eləyirəm. Deyib mənim şükürüm mala görə deyil, ona görədi ki, bu halal muzddu. Nizami bu cavabını “Xosrov və Şirin”in sonuna əlavə eləyib. Poemasında şair paxıl adlandırdığı o adama belə cavab verdiyini yazır:
Mənə paxıllıq eləyənə belə cavab verdim:
“Nemət yeyən gərək naşükür olmasın.
Ey lağım vuran oğru, niyə gərək
Məhtab (gecənin aydınlığı) kimi o viranənin üstünə düşəsən?
Mənim həmdimə (yəni şükürümə) bax, Həmduniyan nədi,
Belə bir həmd onun iyirmisinə dəyər.
O kənddə bir iş – əkin görürsənsə,
Mənim hər sözümdə bir behişt taparsan.
Əgər onun dən dolu sünbülü varsa,
Mən sünbül-sünbül dürr dənəsi gətirirəm.
Onun sıx bir meşəsi varsa,
Mənim yüz qümari ud meşəm var.
Ondan Fərat suyu feyz alırsa,
Mənim sözümdə dirilik suyunun feyzi var.
Ona xarabalıq üz veribsə,
Şahın bəxti xarabaları abad eləyəndi.
Mənim kimi qiyməti bir ölkə olan, zəngin xəzinə,
O torpaqdan ucuz tutulmaram.
Lakin o behişt əsaslıya görə
Hər saat Allaha şükür eləyirəm.
Mənim şükürüm mala görə deyil,
Ona görədi ki, bu halal muzddu.
Bir xalvar sədəfdən bir dürr yaxşıdı,
Saf bulaq suyu gur seldən yaxşıdı…”[5]
Bir hədisdə deyilir Məhəmməd peyğəmbərin namaz qılmaqdan topuqları şişibmiş. Deyiblər, ey peyğəmbər, neyləyirsən bu qədər namaz qılmağı, onsuz da sənin bütün günahların bağışlanıb. Peyğəmbər belə cavab verib: “Şükür eləyən bəndələrdən olmayımmı?” Yəni peyğəmbər demək istəyib mən namazı günahlarımın bağışlanmağı üçün yox, Tanrıya şükür eləmək üçün qılıram[6]. O biri yandan da bu söz peyğəmbərin öz şükürünə böyük şükür kimi baxmadığını göstərir. Gecə-gündüz namaz qılmaqdan, yəni şükür ibadətlərindən ayağı şişsə də, peyğəmbərə elə gəlirmiş bundan az namaz qılsa, naşükürlük olar. Ona görə də peyğəmbər ibadəti azaltmağı təklif eləyənlərə belə cavab verib: “Şükür eləyən bəndələrdən olmayımmı?”
Tanrıya çox şükür eləyən hər bir bəndə kimi Nizami Gəncəvi də heç vaxt öz şükürünə böyük şükür kimi baxa bilməyib. Sözsüz, peyğəmbər yaxşı bilirmiş ki, Tanrıya başqalarından çox şükür eləyir. O bunu yaxşı görürmüş. Ancaq o biri yandan da Tanrını hər cür şükürdən yüksəkdə gördüyünə, Tanrının hər şükürdən qat-qat artığına layiq olduğunu bildiyinə görə, ürəyi Tanrıya vurğunluqla, heyranlıqla, minnətdarlıqla dolub-daşdığına görə elədiyi bütün şükürləri az bilirmiş.
Nizaminin “Xosrov və Şirin”də paxıl adlandırdığı adama cavab verəndə “Nemət yeyən gərək naşükür olmasın”, “Sən mənim həmdimə (şükürümə) bax, Həmduniyan nədi, belə bir həmd onun iyirmisinə dəyər”, “Hər saat Allaha şükür eləyirəm”, “Mənim şükürüm mala görə deyil” deməyi, “İskəndərnamə”də “Allahdan nə istədimsə verdi və verilmişə şükür elədim” yazmağı göstərir ki, şair Tanrıya şükür eləyən bəndələrdən olduğunu, özü də Tanrıya çox adamdan artıq şükür elədiyini yaxşı bilirmiş, yəni Nizaminin bundan xəbəri varmış. Ancaq o biri yandan da Nizami heç vaxt öz şükürünə qane olmayıb.
“Xosrov və Şirin” Nizami Gəncəvinin beş poemasından ikincisidi. Bu poemanı şair 40 yaşında yazıb, 4 il də üstündə işləyib. Poemanın başlanğıcında Nizami Tanrıya diləklərini çatdıranda bunu da diləyir:
İçərimi haqq nuruyla işıqlandır,
Dilimə öz şükürünü öyrət[7].
“Xosrov və Şirin”dəki minacatında şair Tanrıya yenə bu diləklə üz tutur:
Əvvəl məni torpaqdan yaradan sənsən,
Yaranmışların içindən də məni sən seçib ucaltdın.
Üzümü işıqlandırdın, gözümü də işıqlandır,
Mənə nemət verdin, şükür eləməyi də öyrət.
Çətinliyə düşəndə səbir ver, qoy dözümlü olum,
Asanlığa çıxanda qoyma səni unudum[8].
“İskəndərnamə” Nizaminin sonuncu poemasıdı. 68 il ömür sürmüş şair bu poemanı 62 yaşında yazıb. “İskəndərnamə”nin başlanğıcında şair Tanrıya diləklərini çatdıranda yenə Yaradandan onu şükürə qovuşdurmağını istəyir (“Şərəfnamə”də):
Əvvəl məni şükürə qovuşdur, sonra dövlətə,
Əvvəl mənə dözüm ver, sonra
Dözə bilməyəcəyim bəlaları
Məndən uzaqlaşdır, ey ədalətsizlikdən uzaq olan![9]
Beləliklə, Nizami bütün ömrü boyu Tanrıya şükür eləyə-eləyə bütün ömrü boyu da Tanrıdan onu şükürə qovuşdurmağı diləyib. Tanrıya çox şükür eləyən adam heç vaxt öz şükürünə böyük şükür kimi baxa bilməz. Tanrıya başqalarından artıq şükür elədiyini görməyi onu sakitləşdirə bilməz, çünki o, şükürə yarış kimi baxmır, şükürü başqalarının nə qədər şükür eləməyilə ölçmür. Şükür – Tanrıya vurğunluğun, heyranlığın, Yaradanın verdiyi nemətlərdən xəbərdar olmağın, buna minnətdarlıq duymağın nəticəsidi. Tanrının hədsiz vurğunu olan, Yaradana sonsuz minnətdarlıq duyan, Tanrının elədiyi yaxşılıqların, verdiyi nemətlərin saya-hesaba gəlmədiyini bilən, ürəyi şükürlə dolub-daşan adam heç vaxt şükürdən doya bilməz, şükürünə qane ola bilməz. Belə adam nə qədər şükür eləsə də, yenə Tanrını öz şüküründən, hər bir şükürdən qat-qat yüksəkdə görəcək, heç vaxt bəs deyincə şükür eləyə bilməyəcək, heç bir şükürə bəs deyə bilməyəcək. Ona görə Nizami 40 yaşında da, 62 yaşında da Tanrıdan onu şükürə çatdırmağı umub. Elədiyi şükürlər ona həmişə azlıq eləyib. O heç vaxt şükürünü Tanrıya vurğunluğunun, Yaradana minnətdarlığının həddinə, Tanrının elədiyi yaxşılıqlar, verdiyi nemətlər həddinə çatdıra bilməyib. O, ürəyindən tikan çıxaracaq bir şükür tapa bilməyib. Bu, Nizaminin zəifliyinin nəticəsi deyil, insanın alın yazısı belədi. Gecə-gündüz Tanrıya şükür eləyən bəndələrin də yazısı belədi. Məhəmməd peyğəmbərin də yazısı belə olub. İnsan Tanrıya şükür eləməlidi, ancaq insan Tanrıya şükür çatdıra bilməz. Heç kimin Tanrıya şükür çatdırmaq imkanı yoxdu.
Nizaminin şükürünü onun əsərlərində təkcə “şükür” sözünü işlətdiyi yerlərdə axtarmaq olmaz. Nizaminin əsərlərində bu sözü işlətmədiyi yerlər də şükürlə doludu. Özü də onun bu cür şükürlərinin sayı birbaşa “şükür” dediyi yerlərin sayından da çoxdu. Nizaminin Tanrıya alqışlarının, tərənnümlərinin (tövhidlərin), müraciətlərinin (minacatların), Məhəmməd peyğəmbərə yazdığı təriflərin (mədhlərin) hamısı şükürdü – “şükür” sözünü işlətsə də, işlətməsə də. Bəlli olduğu kimi, klassik şairlərimiz iri əsərlərini Tanrını alqışlamaqla, Tanrının birliyini tərənnüm eləməklə (tövhid), Yaradana müraciətlə (minacat), Məhəmməd peyğəmbərin tərifiylə (mədh) başlayardılar. Bu alqışların, tərənnümlərin, müraciətlərin, təriflərin hamısında şükür var. Yəni tək Nizaminin yox, başqa şairlərimizin də əsərlərinin bu hissələri şükürdü. Ancaq Nizami burda da seçilir. Əvvəla, o, poemalarında Tanrını alqışlamağa, tərənnüm eləməyə, Tanrıya müraciətlərə, peyğəmbərin tərifinə geniş yer ayırır. Hər poemasını başlayanda yüzdən çox misrada – 150, 200, 300 misrada ancaq Tanrıyla danışır, Tanrıdan, peyğəmbərdən danışır. İkincisi də, məsələ təkcə həcmdə deyil. Ruhca da burda şükür çoxdu. Nizaminin alqışlarında, tərənnümlərində, minacatlarında, mədhlərində şükür ovqatı başqa şairlərimizin eyni ənənəylə iri əsərlərinin girişində yazdığı alqış, tərənnüm, minacat, mədhlərdə duyulan şükür ovqatından güclüdü.
Şairlər Tanrıya alqışı, tərənnümü, minacatı, peyğəmbərə tərifi təkcə iri əsərlərinin girişində yazmayıblar. Ayrıca alqışlar, tərənnümlər, minacatlar, mədhiyyələr də var. Ancaq Nizaminin qəzəl-qəsidələrindən bizə yalnız bir neçəsi gəlib çatdığından, biz onun Tanrıya, peyğəmbərə yazdıqlarını əsasən poemalarında oxuyuruq. Ona görə də mən Nizaminin alqışlarını, tövhidlərini, minacatlarını, mədhlərini başqa şairlərimizin ancaq iri əsərlərinin girişindəki alqışlarla, tövhidlərlə, minacatlarla, mədhlərlə tutuşdururam.
Nizaminin padşahlara yazdığı mədhlər də var. Belə mədhlərdə də şairin Tanrıya şükürünə rast gəlmək olar. Çünki bu təriflərdə tək padşahlara yox, Tanrıya da minnətdarlıq ifadə olunur.
Nizaminin qəhrəmanları tez-tez Tanrıya üz tutur, Tanrıya alqış, şükür, dua eləyir, Yaradandan kömək istəyir. Onların belə müraciətlərində şükürə təkcə “şükür” sözünün işləndiyi yerlərdə yox, işlənmədiyi yerlərdə də rast gəlmək olur. Bunların hamısını nəzərə alanda Nizaminin yaradıcılığında şükürün – “şükür” sözünü oxuduğumuz yerlərdən nə qədər çox olduğu bir daha aydınlaşır. Biz Nizaminin istər öz dilindən, istər qəhrəmanlarının dilindən “şükür” sözünü işlətmədiyi, birbaşa şükür məsələsini qaldırmadığı, ancaq mahiyyətcə elə bunu dediyi, buna çalışdığı misralarını misal çəkmək istəsək, gərək şairin əsərlərindən xeyli hissəni bura köçürək. Ona görə Nizaminin sözün özüylə yox, havasıyla Tanrıya şükür elədiyi, qəhrəmanlarının diliylə yox, duyğusuyla, davranışıyla oxucunu şükürə yönəltdiyi yerlərin çoxunun üstündən keçib, onun əsasən birbaşa şükür məsələsini qabartdığı yerlərdə dayanmağa məcburuq.
“İskəndərnamə”nin ikinci yarısında – “İqbalnamə”də şair deyir biz Allaha Məhəmməd peyğəmbərlə şükür eləyirik:
Allahı tanıyan, mələkləri göstərən odu (yəni Məhəmməd peyğəmbərdi),
Biz Allaha onunla şükür eləyirik[10].
Nizaminin bu sözlərini bir yandan onun Məhəmməd peyğəmbərə yazdığı mədhlərin şükür olduğu haqda bayaq dediyimiz fikirə, o biri yandan da Nizaminin şükürünün islam dinindən gəldiyinə sübut kimi qəbul eləmək olar.
Nizaminin şükürü islam tərbiyəsindən, “Quran”dan, Tanrının Məhəmməd peyğəmbərlə çatdırdığı öyüd-nəsihətlərdən, peyğəmbərin yaşayışıyla, davranışıyla göstərdiyi örnəklərdən, kəlamlarıyla anlatdığı hikmətlərdən, bir də şairin özünün Tanrıya vurğunluğundan, heyranlığından, Yaradana minnətdarlığından, Yaradanın verdiyi nemətlərin saya-hesaba gəlmədiyini bilməyindən, nemətlərin qədir-qiymətini bilməyindən, xaraktercə, əxlaqca qədirbilən adam olmağından irəli gəlir. Nizaminin şükür konsepsiyası islam dinində, “Quran” ayələrində, Məhəmməd peyğəmbərin həyat tərzində, kəlamlarında, başqa böyük müsəlmanların həyatında, düşüncələrində təbliğ olunan şükür tezislərinin şairin ruhundan keçib beynində təsdiqini, qələmində qəlibini tapmış, bəzən fikir (fəlsəfi mühakimə), bəzən şəkil (poetik obraz), bəzən nağıl (maraqlı əhvalat) biçimində üzə çıxmış bir toplusu, külliyyatıdı. Bu “külliyyat” nəfis tərtibatda, nəfisdən də nəfis tərtibatdadı. O, “əl işidi”, ona görə də nadirdi, təkrarı yoxdu. Özü də dahinin əl işidi, ona görə qiyməti yoxdu. Nizaminin şükür konsepsiyası islam tezislərinin toplusu olsa da, təkrar deyil, orijinaldı, yamsılamaq deyil, yaratmaqdı, ikinci əldən deyil, birinci əldəndi.
“Quran”da deyilir: “Allahdan nə istəmisiz, hamısından sizə verib! Allahın nemətlərini saymaq istəsəz, sayıb qurtara bilməzsiz!”[11]
“Xosrov və Şirin”də Şirin Tanrıdan kömək istəyəndə deyir:
Mənim hər tüküm dil açıb,
Hər biri sənin şükürünü eləsə də,
Yüz şüküründən birini deyə bilmərəm[12].
Bu, Nizaminin öz düşüncəsidi – bir yandan dindən gələn, o biri yandan da şairin ruhundan doğub beynində təsdiqini tapan bir düşüncə: mənim hər tüküm dil açıb şükür eləsə, yenə Tanrının yüz şüküründən birini deyə bilmərəm. Yəni insanın şükür eləməli olduğu nemətlərin sayı-hesabı yoxdu, insan Tanrıya şükürünü deyib qurtara bilməz. Sənin hər tükün dil açıb Tanrıya şükür eləsə, yenə eləməli olduğun şükürün yüzdə birini deyə bilməzsən. Şükür eləməli olduğumuz nemətlərin sayı-hesabı yoxdusa, deməli, bizim eləməli olduğumuz şükürün də sonu yoxdu.
İnsanın şükür eləməli olduğu nemətlərdən biri, əslində birincisi onun yaradılışıdı. Nizami deyir insan dünyaya insan kimi gəldiyinə şükür eləməlidi. Şükür eləməlidi ki, tutalım, dünyaya heyvan kimi yox, insan kimi gəlib. “Leyli və Məcnun”da Məcnun maralı ovçunun torundan qurtaranda ovçuya deyir:
Dərdlilərin ahından qorxursansa,
Belə şikardan tamah dişini çək!
Taleyin hökmüylə
O ovçu, sən ov olsaydın, halın necə olardı?!
Buna şükürü nəylə eləyirsən ki,
O şikar olub, sən şikar tutan?![13]
Şair “Sirlər xəzinəsi”ndə yazır insan torpaq mədənindən çıxsa da gövhərdi, çünki onun öz ürəyindən xəbəri var, insanın ürəyisə xəzinədi, ona gələcəkdən xəbər verilib, onun keçmişdən də xəbəri var. Nizami deyir göylərin sirrini yer lövhəsində oxuyan bizik, bizə qədər heç bir varlığın bu imkanı olmayıb, bu ancaq bizim alnımıza yazılıb, ona görə də bu cahan bağının nübarı insandı – sənsən, mənəm. Nizami insanı bütün bunların qədrini bilməyə, bunun mənası, məqsədi haqqında düşünməyə çağırır. Bu vaxt şair insanı naşükür adlandırmaqla onu öz varlığının qədrini bilmədiyinə, yaradılışın hikməti haqqında düşünmədiyinə görə qınayır da. Şair yazır:
Sənin torpağını yoğrulan gün
Ürək məcunuyla qarışdırıblar.
Sənin torpağın məşəqqətlə qarışdırılıb,
Bu torpağın ürəyində çoxlu xəzinə var.
Bu torpağın qiymətini yüksək tut,
Ey naşükür, bu torpağa görə şükür elə.
Öz mənzilinə bax gör yol hansıdı,
Bu yerə gəlib-getməyin mənası nədi?
Bura səfərə gəlməkdə niyyətin nə idi,
Burdan qayıtmağın hikməti nədədi?[14]
Nizami bir qəzəlində deyir ömrü bada verirsən, halbuki onunla əbədi həyat qazanmaq olar. Deyir canı qızılla almamısan, ona görə qədrini bilmirsən, necə ki oğru müftə ələ keçirdiyi malın qədrini bilməz:
Cavanlıq köç üstündədi, bu cavanlığın qədrini bil!
Karvanla gedən qəribi şəhərli bir də hardan görər?
Dünya görmüş qocaların beli ona görə əyilib ki,
Gənclik günlərini yerdə axtarırlar.
Dünyanın nəqd və nisyəsindən qalan sərmayə yalnız bu ömürdü.
Haqqını taətdə tut, mənaları ona öyrət!
Gedəcəyini ki bilirsən, könlünü daha ayıq saxla,
Həyatı sərxoşlar kimi qəflətdə keçirmək yaramaz!
Nazənin (əziz) ömrü puç yerə bada verirsən, halbuki
Onun bəhəriylə əbədi həyat qazanmaq olar.
Canı qızılla almamısan, odu ki, qədrini bilmirsən,
Necə ki oğru müftə əldə elədiyi malın qədrini bilməz[15].
Nizami Gəncəvi hər bir nemətin Tanrıdan gəldiyinə, ruzini Allahın verdiyinə möhkəm inanan adamlardandı. Şair öz əsərlərində bunu dönə-dönə qeyd eləyir. O, hansısa personaja, yaxud hansısa personajın bir hərəkətinə oxucuda rəğbət oyatmaq istəyəndə də dərhal onu bu düşüncədə yaradır: neməti, xeyir-bərəkəti, uğuru Tanrıdan görən, buna şükür eləməli olduğunu bilib şükür eləyən adamın düşüncəsində. Tək öz dilindən yox, qəhrəmanlarının dilindən yazdıqlarında da Nizami adamı xeyir-bərəkətin, ruzinin Tanrıdan gəldiyinə inandırır, oxucunu qazandığı uğurlara, qismətinə düşən nemətlərə görə Tanrıya şükür eləməyə çağırır. “Yeddi gözəl” poemasında Bəhram-Gur şahlıq taxtında əyləşəndə ədalət nitqi söyləyir. Deyir:
Tacı mənə Tanrı bəxş elədi,
Tanrının verdiyi mənə mübarək olsun!
Tanrıya şükür, alqışlar olsun!
Tanrını tanıyana afərin olsun!
Tanrının nemətinə arxamı çevirmərəm,
Onun nemətinə görə şükür eləyirəm, niyə eləməyim?
İki şirin arasından tac götürməyi
Tanrıdan bilirəm, qılıncımdan yox.
Mən uca taxt-taca yetişib
Tanrının xoşuna gələn işlər görəcəm[16].
“İskəndərnamə” poemasında (“Şərəfnamə”də) İskəndər elçi qiyafəsində Bərdənin hakimi Nüşabənin görüşünə gəlir. Nüşabə gələn adamın İskəndərin elçisi yox, özü olduğunu başa düşür. Bərdə hakimi Makedoniyalı fatehin üzünə deyir sən elçi deyilsən, İskəndərsən. İskəndər bundan narahat olur, düşünür Nüşabə bir kinli düşmən olsaydı, burda onun boynunu vurardı. İskəndər ürəyində deyir burdan salamat çıxıb gedə bilsəm, bir də kimliyimi gizlədib belə oyun oynamayacam. Nüşabə İskəndəri xoş qarşılayır, məclis düzəldib onun şərəfinə süfrə açır. İskəndər Nüşabənin sarayından çıxıb gedəndə anlayır ki, fəth Tanrının işidi. O, Bərdədən salamat qurtarmağını da Tanrıdan görür, buna görə xilaskarına, yəni Tanrıya şükür eləyir:
O yerdən İskəndər çıxıb gedincə
Anladı ki, aldatmaq fələyin, fəth Tanrının işidi.
Qorxduğu təhlükədən xilas olduğu üçün
Xilaskarına yüz dəfə şükür elədi[17].
Ruslarla müharibədə çətinliyə düşən İskəndərə bir filosof (həkim) ağıllı məsləhət verir. Nizami yazır (“Şərəfnamə”də):
Ulduz tanıyan həkimin bu müjdəsindən
İskəndər Tanrını şükürlə yadına saldı.
Tanrıdan görüncə bu zəfəri
Öz xütli atına ayağını qoydu[18].
Ruslarla müharibənin çətin vaxtında İskəndər bir səhər yuxudan durub üzünü Tanrıya tutur:
Şah hövlnak yuxudan oyandı,
Saf qəlbini qorxudan təmizlədi.
İbadətxanaya gəlib dua elədi,
Dilinin qüdrətini şükür sözləriylə sınadı.
Ona yar olandan bu çətin işdə
Gah qüdrət, gah da yardım dilədi[19].
İskəndər rusları məğlub eləyir. Döyüşdən sonra ələ keçirdiyi qənimətləri görəndə o, Tanrıya şükür eləyir:
Şah qənimətlərlə varlanınca
Qənimət üçün Tanrıya şükür eləməyi qənimət bildi.
Dünyanı yaradana çoxlu şükür
Elədi, sonra da əlinə cam aldı.
Rudun xoş səsindən, dadlı şərabdan
Bahar buludutək səxavətə gəldi[20].
Qələbə yürüşlərindən vətəninə qayıdan İskəndər elmlə məşğul olmaq fikrinə düşür, bər-bəzəksiz, qızıl-gümüşsüz bir xəlvətxanaya çəkilib, tacını başından çıxarıb düşüncələrə dalır, ibadət eləyir. Nizami burda yenə İskəndəri hər uğuru, fəthi Allahdan görən, buna görə Allaha şükür eləyən adam kimi təsvir eləyir. Şair İskəndərin xəlvətxanasını, ordakı düşüncələrini, duyğularını qələmə alanda yazır (“İqbalnamə”də):
Bir otaq idi qırmızı söyüddən,
Ora ağ torpaq tökülmüşdü.
Elə ki İskəndər bu tələyə bənzər dünyadan cana gəlirdi,
Haman otaqda rahatlıq tapırdı.
Kəyan tacını başından çıxarırdı,
Yenidən ibadətə başlayırdı,
O pak torpağa üz sürtürdü,
Ürəkdən dərdli bir ah çəkirdi,
Ötüb-keçənlərə şükür oxuyurdu,
Gələcək işlər üçün kömək diləyirdi,
Qismətinə çıxan hər bir fəthi,
Öz cəhdindən deyil, Allahın fəzlindən görürdü[21].
Çinin türk xaqanı İskəndərə cavab məktubunda yazır (“Şərəfnamə”də):
Bu daşlıq diyarda sənin hüzurun,
Ölkəmə çoxlu nemət gətirdi.
Tanrını tanıyan verilən nemət qarşısında
Tanrısına çoxlu şükür eləyər.
İndi ki Tanrı mənim nemətimi artırdı,
Tanrıma nə üçün şükür eləməyim?
Nə qədər diriyəm işim Tanrıya şükür eləməkdi,
Ağıllı adam üçün bundan gözəl şey yoxdu[22].
“Nə qədər diriyəm işim Tanrıya şükür eləməkdi, ağıllı adam üçün bundan gözəl şey yoxdu” misralarıyla Nizami şükranlıq haqqında daha bir ideyasını ifadə eləyir: dünyada Tanrıya şükür eləməkdən gözəl şey yoxdu. Onda niyə həmişə (nə qədər canında can var) Tanrıya şükür eləməyəsən? Beləliklə, türk xaqanın İskəndərə cavabında iki ideya ifadə olunur: Tanrını tanıyan onun verdiyi nemətlərin qarşılığında çoxlu şükür eləyər; həmişə Tanrıya şükür elə, dünyada bundan gözəl şey yoxdu.
İskəndər peyğəmbərliyə başlayır, dünya səfərinə – peyğəmbərlik səfərinə çıxır. O, bir əkin yerində ayaq-başı yalın, üz-gözündən mərdlik yağan, yer belləməklə məşğul olsa da başı şahlıq tacına layiq, “məst aslan” kimi cavan bir oğlanla rastlaşır. İskəndər ondan Allah haqqında soruşur. Bəlli olur ki, oğlan Allaha inanır. Oğlan deyir gündə bir neçə dəfə yeri-göyü yaradana ibadət eləyirəm, mənə bu gözü-qaşı, daha neçə-neçə kəraməti verənə şükür eləyirəm, çünki Allahı tanıyan üçün şükür eləmək vacibdi. Oğlan İskəndərin Allah haqqında sualına cavabında deyir (“İqbalnamə”də):
Mən ürəyimi o kəsə bağladım ki, sən də ona bağlısan,
O qibləyə pərəstiş eləyirəm ki, sən də ona pərəstiş eləyirsən.
Dünyanı yaradanın,
Göy səmanı yaradanın,
Dağı, səhranı, çayı nəqş eləyənin
Önündə gecə-gündüz
Neçə dəfə üzümü yerə qoyuram.
Bu cür qəşəng gözü-qaşı
O, mən istəməyə-istəməyə mənə verib,
Mənə daha neçə-neçə kərəmini göstərib –
Hər birində də yüz cür fayda var.
Mən şükür eləyirəm, çünki şükür vacibdi
O adama ki, Allahı tanımış olsun[23].
Nizami əsərlərində naşükürlüyü həmişə qınayır. “Qınayır” demək azdı, Nizaminin naşükürü, nankoru görən gözü yoxdu. Şair “İskəndərnamə”də (“Şərəfnamə”də) yazır İran şahı Dara İskəndər Zülqərneynin atasından həmişə bac-xərac alardı. İskəndər taxta çıxandan sonra Daraya xərac verməyi dayandırır. Dara İskəndərin yanına elçi göndərib soruşur niyə çoxdandı ona bac-xərac göndərmir? İskəndər elçiyə deyir get Daraya çatdır ki, mən də onun kimi bir şaham, ona xərac vermək fikrində deyiləm. Üstəlik, deyir Daranın ixtiyarında böyük bir məmləkət var, bu ona bəs eləmirmi? İskəndər elçiyə deyir Daraya belə çatdırsın:
Sən fitnə qaldırma, kini coşdurma,
İranzəminə xarabalıq gətirmə.
Sənin asudə mülkün var – əzabsız, əziyyətsiz,
Bu qədər mala, sərvətə naşükür olma.
Özbaşınalığınla dünyanı təlatümə salma,
Bu xam fikirlərin üstündən qələm çək![24]
Daradan İskəndərə hədə dolu məktub gəlir. Məktuba cavab verəndə İskəndər Daranı yenə naşükürlük eləməməyə çağırır. İskəndər deyir sənə də, mənə də şahlığı Tanrı verib, Tanrının fərmanından heç kəs çıxa bilməz, bir də gördün götürüb dünyada tacdarlığı mənə verdi:
Sən də, ey müzəffər bəxtli padşah,
Taxtı-tacı ana bətnindən gətirməmisən.
Bu ehtişamı sənə Tanrı verib,
Tanrının verdiklərinə möhtəşəmlik eləmə.
Allaha şükür elə, çünki naşükürə
İnsantanıyan adam afərin deməz[25].
“İnsantanıyan adam naşükürə afərin deməz”. Yəni arif adam, sərraf adam naşükürü bəyənə bilməz, insanı tanıyan adama naşükürlüyü bəyəndirmək olmaz. İnsanı tanıyan adamlardan biri də Nizamidi. Nizami təkcə söz sərrafı deyil, həm də adam sərrafıdı. O, təkcə sözün yerini bilmir, adamın da yerini bilir, özü də sözün yerini bildiyi qədər – dahiyanə bilir. Nizami kimi nəhəngə, əlbəttə ki, naşükürlüyü bəyəndirmək mümkün deyil. Nizami kimi dahinin, əlbəttə ki, naşükürü görən gözü olmamalıdı. Çünki o, həyata, insana Yaradanın gözüylə baxır. Yaradanınsa naşükürlüyü görən gözü yoxdu. “Quran”da deyilir: “Allah heç bir xaini, nankoru sevməz!”[26] “Quran”da Tanrı naşükürlərdən həmişə qınaqla, naşükürlüyündə həddini aşan nankorlardansa qəzəblə danışır. Nizami də belədi. O, “İskəndərnamə”də (“İqbalnamə”də) yəcuclardan – “Quran”da adı fitnə-fəsad tayfası kimi çəkilən bir tayfadan söz açanda dərhal belə qeyd eləyir:
Hamısı yemək-içməkdə və gəzməkdə naşükürdü,
Onlarda bir nəfər də Allahtanıyan görməzsən[27].
“Xosrov və Şirin”də Şirin Xosrova göndərdiyi bir kinayəli cavab məktubunda deyir:
Tanrı nemət bəxş eləyəndə günahdan keçər,
Heyran qaldığın vaxt əlindən tutar.
Ona şükür eləməyi unudanda, bizə
Qulaqburması verər ki, ayılaq[28].
Tanrı nemət bəxş eləyəndə günahdan keçər, onun bəxş elədiyi nemətə heyran qalanda, minnətdarlıq duyanda adamın əlindən tutar, ona şükür eləməyi unudanda qulaqburması verər ki, ayılaq – Nizami buna möhkəm inanan adamlardandı. Naşükürlüyündə həddini aşanlarasa qulaqburmasından böyük cəza gəlir – Tanrının hökmündə də belədi, Nizaminin yaradıcılığında da. “Quran”ın neçə-neçə ayəsində Tanrı nankorların cəzasından, şükür eləyənlərin mükafatından danışır. Tanrı deyir: “Şükür eləsəz, nemətinizi qətiyyətlə artıracam, küfrə düşsəz, Mənim əzabım doğrudan çox şiddətlidi!”[29] Tanrı deyir: “Lut qövmü də xəbərdarlıq eləyənləri yalançı saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik, ancaq öz rəhmətimizi də göstərdik – Lutun ailəsini səhərçağı xilas elədik! Biz şükür eləyən kimsəni belə mükafatlandırarıq!”[30] Nizaminin “İskəndərnamə”sində Dara naşükürlük eləyir, nemətin qədrini bilmir, üstəlik, həddini aşır, İskəndərin üstünə qoşun çəkir, axırda da bunun cəzasını alır. İskəndər Daranı məğlub eləyir. Dara həlak olur. Nemətin qədrini bilən udur – neməti artır, nemətin qədrini bilməyən uduzur – nemətdən məhrum olur. Şükür eləyən qazanır, naşükürlük eləyən itirir, şükür eləyən mükafata, naşükürlük eləyən cəzaya çatır – Nizami bunu göstərir.
Nizami Tanrının şükürə mükafat, naşükürlüyə cəza verdiyinə, şükürün neməti artırdığına, naşükürlüyün neməti azaltdığına qəti inanan adamlardandı, onun buna zərrə qədər şübhəsi yoxdu. Nizami bunu əsərlərində dönə-dönə göstərir. “Yeddi gözəl” poemasında Bəhram-Gur taxta çıxanda ədalət nitqi söyləyir. Şahın ədalət vədini eşidənlər şükür səcdəsinə dururlar. Şair yazır:
Şah öz ədalətini bəyan eləyəndən sonra
Bütün eşidənlər şükür eləmək üçün səcdəyə durdular[31].
Nizami adamların şükür səcdəsinə durduğunu elə-belə yazmır. Bu, gəlişigözəl bir söz deyil. Adamlar şükür elədilərsə, deməli, bunun bəhrəsi olmalıdı, onların neməti artmalıdı. Şair bunu göstərəcək, şükürü göstəribsə, deməli, elə-belə yazmayıb, bunun bəhrəsini də göstərəcək. Şah da ədalət nitqini söyləyəndə şükür eləmişdi. Demişdi:
Tacı mənə Tanrı bəxş elədi,
Tanrının verdiyi mənə mübarək olsun!
Tanrıya şükür, alqışlar olsun!
Tanrını tanıyana afərin olsun!
Tanrının nemətinə arxamı çevirmərəm,
Onun nemətinə görə şükür eləyirəm, niyə eləməyim?
Şahın, rəiyyətin şükürü, bir də şahın sözünün üstündə durub ədalət vədinə əməl eləməyi bəhrəsini verir. Verir, özü də necə! Nizami bunu təsvir eləyəndə yazır nəfəslər açıldı, qısır inəklər doğar oldu, çayların suyu artdı, ağaclar barlandı, dövlətin pulu möhkəmləndi, hər kəs layiq olduğu rütbəni aldı, kasıbların işi sahmana düşdü, qaçqınlar yurd-yuvasına qayıtdı, əluzunluğun əli qısaldı, qoyunlar canavarların zülmündən qurtardı, çalağan göyərçinə dost oldu, heç kəs ruzisiz qalmadı, xəzinələr bir ucdan şahın hüzuruna axdı, qılınc-qırmanc ölkədən sürgün salındı[32].
Ancaq bu firavanlıq yarıda qalır. Var-dövlət adamları azdırır. Adamlar naşükürlük eləməyə başlayırlar. Elə bilirlər şükür eləməsələr də bolluq olacaq, arxayınlaşırlar, şükürü ürəklərindən çıxarırlar. Nemətə görə şükür eləməyəndəsə, – Nizami yazır, – bolluq darlığa çevrilər, onda adamlar ruzini daşdan-dəmirdən çıxarmalı olarlar. Şair yazır:
Əhali öz mal-dövlətiylə qürrələnib
İllərin bolluğuna güvəndi.
Onlar Tanrı şükürünü qəlblərindən çıxardılar,
Şəfqəti sinələrindən silib atdılar.
Tanrının yaratdığı insanlar
Nemətə görə Tanrıya şükür eləməyəndə
Bolluq onlar üçün darlığa çevrilər,
Onda onlar öz ruzilərini daşdan-dəmirdən çıxarmalı olarlar[33].
Beləcə şükür bar verdiyi kimi, naşükürlük də barı soldurur. Tanrı şükürə cavab verdiyi kimi, naşükürlüyün də cavabını verir. Tanrı Bəhram şahın rəiyyətinə bəla göndərir. Bəla, nə bəla! Nizami bunu təsvir eləyəndə yazır toxumlar cücərib bar vermədi, qıtlıq gen dünyanı dar elədi, darlıqdan dünyanın ürəyi daraldı, qəhətlik yeməyin yolunu elə kəsdi adamlar heyvan kimi otlamağa başladılar, çörək ən bahalı daş-qaşın qiymətinə qalxdı. Vəziyyəti Bəhram şaha söyləyəndə deyirlər qəhətlik dünyanı tutub, insanlar adamyeyən canavar kimi gah leş əti yeyirlər, gah da adam əti. Şah görür buğda olmazın dərəcədə bahalaşıb, anbarların qapısını taybatay açdırır. Göstəriş verir buğdanı adamların imkanına uyğun qiymətə satsınlar, imkanı olmayanlara pulsuz paylasınlar, anbarlarda yerdə qalan dəni quşların qabağına töksünlər ki, heç bir canlı acından ölməsin. Qıtlıq-quraqlıq dörd il çəkir. Adamların naşükürlüyü üzündən gələn bəlanı Bəhram şahın mərdliyi, qayğısı, səxavəti sovuşdurur. Şahın sayəsində xalq çətin vəziyyətdən çıxır. Qeybdən səslənən mələk şaha elə belə də deyir. Deyir Tanrı bu bəlanı sənin xeyirxahlığına görə dayandırdı. Quraqlıq illərində tək bircə nəfər acından ölür. Bəhram-Gur buna görə çox pərişan olur, üzünü Tanrıya tutub bir şah kimi öz təqsirinə görə üzr istəyir, ölən kişinin yaşayışından xəbəri olmadığını, indi o öləndən sonra bundan xəbər tutmağının bir faydası qalmadığını da deyir. Tanrı Bəhram şahın dörd illik aclıqda bir nəfərin də ölməyinə razı olmadığını görüb onun ölkəsini dörd il ölümdən uzaq eləyir. Quraqlıqdan sonrakı dörd ildə Bəhram-Gurun ölkəsində bir nəfər də ölmür, adamların sayı artır, çöllər, dağlar imarətlə dolur. Nizami yazır eşitmişəm o vaxt evlər, binalar bir-birinə elə sarmaşıbmış, kor adam istəsə damların üstüylə Reydən İsfahana gedə bilərmiş[34].
Bəhram-Gurun şahlığı bundan sonra bir sınağa da tuş gəlir. Sonra bir müddət sakitlik olur, ancaq ölkə yenidən sınağa çəkilir. Yeddi iqlim şahlarının qızlarını alıb özünə arvad eləyən, könlünü şadlığa verib yeddi gözəllə cavanlığından kam almaqda olan Bəhram şah bir gün baxıb görür ölkədə vəziyyət pisləşib, xəzinə boşalıb, dövlət də, xalq da vardan-yoxdan çıxıb, qoşun ondan üz döndərib. Şah aydınlaşdırır ki, bunu eləyən vəzirdi. Şah vəziri çağırıb hesab sorur, onun törətdiyi əməlləri üzünə sadalayır, vəziri naşükürlükdə qınayır. Deyir:
Mənim nemətimin haqqını yaddan çıxardın,
Məndən utanıb çəkinmədin, ar olsun sənə!
Hər millətin məzhəbində
Nemət küfrü (naşükürlük) məzhəb kafirliyindən pisdi.
Nemətin haqqını işdə gözləmək
Nemət yeyənin nemətini daha da artırar.
Sən mənə nə düzlük, nə aydınlıq göstərdin,
Düzgünlük aradan çıxdı, aydınlıq yox oldu[35].
Beləliklə, aydın olur ki, vəzir nemətin haqqını yaddan çıxarıb, yaddan çıxarmağı bir yana, nemətin haqqını danıb, bilərəkdən nemətə küfr, yəni naşükürlük eləyib. Nizaminin məntiqinə görəsə naşükürlük olubsa, mütləq bəla da olacaq, xeyir-bərəkət aradan qalxacaq. Həmin bəlanı təsvir eləyəndə Nizami yazır şahın başının eyş-işrətə, kef-damağa qarışdığını görən vəzir xalqa zülm eləyirdi, zülm həddini aşmışdı, vəzir daha heç kimi adam yerinə qoymurdu, evləri də talayırdı. Şəhərlərdə, kəndlərdə ah-nalədən savayı bir şey eşidilmirdi, vəzirdən özgə kimsədə var-dövlət, mal-mülk qalmamışdı, ən varlı adamlar da yoxsullaşmışdı, camaat ev-eşiyini atıb dağlara-daşlara dağılışmışdı. Örüşlərdən mal-qara yoxa çıxmışdı, torpağı əkən yox idi. Şahın xəzinəsi boşalmışdı, qoşun da vəzirin əlindən cana gəlmişdi, ölkə düşməndən qorunmaq gücünü itirmişdi.
Vəziyyətdən xəbər tutandan sonra şah vəziri zindana saldırır, ölkəyə car çəkdirib deyir kim haqsızlığa düçar olubsa haqqını tələb eləsin. Camaat, qoşun şahın hüzuruna şikayətə axışır. Şah vəzirin tutdurduğu adamları dinləyir, onları dustaqlıqdan qurtarır, əllərindən alınmış mal-mülklərini geri qaytarır. Axırda da vəziri dar ağacından asdırır. Bu yenə həmin məntiqdi: naşükürlük cəzasız qalmır. Birinci cəzanı ölkə – dövlət, xalq, qoşun, qoşunun üz döndərdiyi padşah çəkmişdisə, ikinci cəzanı vəzirin özü çəkir. Onun naşükürlüyü özgələrin başında çatlamışdı, axırda öz başında çatlayır. Nizami demək istəyir naşükürlük başqalarına da ziyan vura bilər, amma axırda naşükürün özü də bundan ziyan çəkəcək, mütləq çəkəcək. Nizami şükür eləyənin mükafatsız, naşükürlük eləyənin cəzasız qalacağına inanmır. Nizami naşükürlük aradan qalxandan sonra xeyir-bərəkətin yerinə qayıdacağına şübhə eləmir.
Bəhram şah vəzirdən hesab soranda deyir sən nemətin haqqını yaddan çıxardın. Nemətin haqqı – şükürdü. Nizami “Xosrov və Şirin”də paxıl adlandırdığı adama deyir: “Nemət yeyən gərək naşükür olmasın”. Yəni nemət yeyən gərək nemətin haqqını yaddan çıxarmasın, şükür eləsin, nemətin haqqını tanısın. Bəhram şah vəzirdən hesab soranda deyir: “Hər millətin məzhəbində nemət küfrü məzhəb kafirliyindən pisdi”. Nemət küfrü – nemətin haqqını danmaqdı, naşükürlükdü; məzhəb kafirliyi – məzhəbi danmaqdı, dinsizlikdi. Nizami şahın diliylə deyir naşükürlük dinsizlikdən də pisdi. Özü də deyir buna dinin özündə belə baxılır, hər millətin məzhəbində naşükürlük dinsizlikdən pis tutulur.
Bəhram şah vəziri asdırandan sonra onun ayrı xəyanətlərindən də xəbər tutur. Şah bunu vəzirin Çin xaqanına yazdığı gizli məktubları oxuyanda bilir. Onda şah vəziri edam elətdirdiyinə şükür eləyir:
Şah vəzirin məktublarını oxuyub
Katibin əlindəki qələm kimi itiləşdi.
Onu həlak elədiyinə görə şükür elədi[36].
Nizami Gəncəvi “Yeddi gözəl” poemasında yeddi gözəlin Bəhram-Gura danışdığı əfsanələrdə də şükür-naşükürlük məsələsini qaldırır.
Bu əfsanələrin birində deyilir bir qonaqpərvər şah varmış. Bir gün bu şah başdan-ayağa qara geyinmiş qonağından soruşur niyə belə qaraya bürünmüsən? Qonaq danışmaq istəmir, şah əl çəkmir. Qonaq deyir Çində cənnət bağı kimi gözəl bir şəhər var, orda kim badə nuş eləsə, o badə onun əyninə qara geyindirər. Qonaq sirrin dalını açmır, çıxıb gedir. Şahı maraq götürür, qohumlarından birini öz yerində oturdub məmləkətdən çıxır, gedib Çində o şəhəri tapır. Şah ölkəsindən çıxanda özüylə ləl-cəvahirat da götürür. Şəhərdə adamların qara geyinməyinin sirrini heç kimdən öyrənə bilməyən şah axırda bir qəssabla dostlaşır, ona çoxlu qızıl verir. Şah ona bu diyara niyə gəldiyini açıb deyir. Deyir padşahlığımdan ona görə əl çəkmişəm ki, bilim bu şəhərdə adamlar niyə şənlikdən məhrumdular, niyə burda heç bir müsibət olmaya-olmaya qəmlə əlləşirlər, qara paltar geyinirlər? Qəssab bunu eşidəndə çox narahat olur, ancaq axırda sirri şaha açmalı olur. O, şahı bir xaraba evə gətirir, orda onu kəndirə bağlanmış səbətə oturdub deyir qalx bu səbətlə göyə, yerə nəzər sal, onda bilərsən sükuta dalmış hər kəs niyə belə qara geyinib.
Qəssab kəndiri çəkir, səbət şahı qaldırıb başı Aya ucalan bir minarəyə atır. Minarədən yerə baxanda şahın gözləri qaralır. Şahın canını qorxu alır, öz sərgüzəştindən peşman olur. Ailəsini, evini arzulayır. Ancaq peşmanlıq yox, Allahdan qorxub, Allahı çağırmaq fayda verir. Şair yazır:
Lakin peşmanlıq bir fayda vermədi.
Allahdan qorxub, Allahı çağırmaqdan başqa[37].
Dağ boyda bir quş uca minarənin başına qonur. Şah quşun ayağından yapışır, quş uçub gedəndə şahı da özüylə aparır, onu minarənin kəlləsindən qurtarıb gözəl bir yerə gətirir. Bura gülab, ənbər ətrinə bürünmüş bir yerdi. Şah çox sevinir. Quşa xeyir-dua oxuyub əlini onun ayağından çəkir. Sevincək özünü yumşaq otun, incə güllərin üstünə atır. Bir saat sərilib qalır. Duranda Allaha şükür eləyir ki, halı yaxşılaşıb. Əfsanədə şahın dilindən belə nəql olunur:
Mən o quşa yüz xeyir-dua eyləyib,
Əlimi ayağından buraxdım.
Sevincək ürəklə şimşək kimi
Yumşaq otun, incə güllərin üstünə düşdüm.
Tam bir saat düşüb qaldım.
…O yorğunluqdan dincimi alandan sonra
Allaha şükür elədim ki, halım yaxşıdı[38].
Bəlkə də kimsə şahın burda şükür eləməyinə ötəri bir məqam kimi, eləcə vəziyyəti yaxşılaşan adamın vərdişdən irəli gələn bir şükürü kimi baxa bilər. Ancaq Nizami heç nəyi təsadüfən yazmır, hər sözünün, misrasının dərin mənası olan şairin bir misrada verdiyi bu şükürün də dərin mənası var. Bu, sistemdi, Nizaminin əxlaq sisteminin məntiqindən doğan bir şükürdü. Fikir verin, şah minarənin başında qalanda peşman olur, ancaq onun peşmanlığı yox, Allahdan qorxub, Allahı çağırmağı fayda verir: quş gəlib şahı ordan qurtarır. Bu quş ora təsadüfən gəlməyib, onu şahın Allahı çağırmağı gətirib, onu Allah göndərib. Şahın mənəviyyat qanununa əməl eləməyi ona xeyir verir, Allahdan qorxmağı onu başqa qorxudan qurtarır, çağırdığı Tanrı dadına çatır. Şah gül-ənbər qoxulu yerə düşəndə quşa çoxlu xeyir-dua eləyir. Bu da mənəviyyat qanununa uyğundu – minnətdarlığı unutmur. Şah dincini alıb duranda Allaha şükür eləyir. Nemət varsa, şükür olmalıdı, şükür varsa, nemət də olacaq, üstəlik artacaq da. Nizaminin inandığı həqiqət budu. Şairin öz əsərində bir daha oxucunun qarşısına çıxardığı əxlaq sistemi budu. Bu, Nizaminin əxlaq sisteminin hamısı deyil, bir parçasıdı. Nizaminin əxlaq sistemi təkcə şükür haqqında deyil, onun sistemi genişdi, bütün mənəvi dəyərlər haqqındadı. Ancaq mövzumuz şükür olduğuna görə mən Nizaminin sistemindən ancaq bir parçanı götürürəm, onun ancaq şükürə-naşükürlüyə aid hissəsinə diqqət yetirirəm.
Şah nemətin haqqını unutmur, gördüyü hər yaxşılığa görə Tanrıya şükür eləyir. Şahın şükürü artdıqca neməti də artır. Nizami belə məqamı təsvir eləməkdən zövq alır. Əsərdə şahın dilindən nəql olunur:
Belə bir yeri tapıb, mən
Xəzinə axtaranlar kimi sevindim.
Onun gözəlliyindən heyrətə daldım,
Ona “Əlhəmdülillah” (Allaha tərif) oxudum.
Eniş-yoxuşu dolandım,
Göz oxşayan bağları seyr elədim.
Dadlı meyvələrdən yeyib
Nemətə görə şükür elədim.
Nəhayət, azad sərv kimi
Bir sərvin altında şadyana özümə yer düzəltdim.
Axşamacan orda qaldım,
Min işim olsa da, getmədim.
Bir az yedim, bir az yatdım.
Hər dəfə də şükür eləyirdim[39].
Axşam yüz minlərlə huri bağda məclis qurur. Məclisin başında oturan gözəllər gözəli “burda torpaqpərəst naməhrəmlərdən kiminsə” olduğunu duyub o adamı tapmağı tapşırır. Şahı tapıb gözəllər gözəlinin yanında taxtda oturdurlar. Şah yeyir-içir, şənlənir, “utancaqlıq keşiyi aradan qalxır”. Şah onu yanında oturdan xanımlar xanımını öpməyə başlayır. Gözəl öz işvəkarlığıyla şahın ehtirasını daha da artırır. Gözəl deyir bu gecə öpməyə qane ol, görsən dözmürsən bu kənizlərdən birini sənə verərəm, atəşini söndürərsən. Belə də olur. Xanımlar xanımının ehtirasıyla alışan şah gecə ehtirasını məclisdəki xanımlardan biriylə soyudur. Beləcə şah hər axşam hurilərin məclisində xanımlar xanımının yanında oturur, amma ondan kam ala bilmir, hər dəfə gecəni məclisdəki başqa bir gözəllə keçirməli olur. Şah hər axşam məclisdə gözəllər gözəlinə nə qədər yalvarsa da ki, səni istəyirəm, o yalnız şahın onu öpüşə qərq eləməyinə razılaşır, başqa yaxınlıq eləmir, deyir bir az səbir elə, kama çatarsan. İyirmi doqquz gecə belə keçir. Əfsanədə şahın dilindən nəql olunur:
Günü bağda keçirirdim, gecəni behiştdə –
Müşklü torpaqda, qızıl kərpicli evdə.
Könül şənliyi iqlimində şah idim,
Gündüzü Günəşlə, gecəni Ayla keçirirdim.
Müyəssər olmayan heç bir kamım yox idi,
Ancaq bəxtim mənə elədiyini elədi,
O nemətə görə şükür eləmədiyimdən
Nemətin haqqı üstümdə həddən aşdı.
Varaqdan xoşbəxtlik hərflərini yudum,
Çünki artıqdan da artıq istədim[40].
Şah deyir şükür eləmədiyimdən nemətin haqqı üstümdə aşdı. Bu daha həmin şah deyil. Minarənin başında qalanda ürək-göbəyini yemişdi. Quş onu bu bağa gətirib çıxaranda o, heç bir yaxşılığı unutmurdu, hər şeyə qədirbilən yanaşırdı, hər nemətə, hər dada, hər gözəlliyə görə Tanrıya şükür eləyirdi, yatanda da, duranda da şükür eləyirdi. Onun şükürü onun xoşbəxtliyini – nemətini, ruzisini, dincliyini, sevincini artırırdı. İndi o, şükürü unudubsa, deməli, qulaqburması almalıdı, nemətin haqqı onun üstündə aşıbsa, deməli, o, bunun altında qalmalıdı, haqqı ödəməyibsə, nemət əlindən çıxmalıdı. Üstündə borc yığılıb, müflis olmalıdı.
Otuzuncu gecə şah dözmür. Taxtda gözəllər gözəlinə hücum çəkir. Gözəl yalvarır ki, bu gecə də döz, sabah səninəm. Deyir bir gecə səbir elə, səbir eləsən gecələr çoxdu, belə gecədən hələ mini qabaqdadı. Ancaq şah qulaq asmır, gözəldən əl çəkmir. Şahın inadkarlığını, səbirsizliyini görən gözəl deyir bir anlığa gözlərini yum, mən hazırlaşım, mən hazır olanda gözlərini açıb istəyinə çatarsan. Şah gözünü yumur, bir an sonra gözəl deyir: “Gözünü aç!” Şah gözünü açıb görür səbətin içindədi – qəssabın onu gətirib qoyduğu səbətin içində. Yan-yörəsində heç kim yoxdu. Şahı əsməcə tutur. Birdən səbət tərpənir, şah baxır ki, qəssabdı, səbətin kəndirini boşaldıb onu aşağı endirir. Qəssab deyir:
Sənə yüz il də söyləsəydim,
Bu əhvalatın doğru olduğuna inanmazdın.
Gedib o gizlin olanı gördün,
Belə bir hekayəti kimə danışmaq olar?
Mən bu qaynar qazanda qaynamışam,
Bu zülmü çəkdiyimə görə də qara geyinmişəm[41].
Şah deyir indən belə mən sitəmçəkmişə də susub qara geyinmək gərəkdi. Şah qara geyinib öz məmləkətinə qayıdır. Qara geyimli şahın əfsanəsi belə yaranır.
Başqa bir əfsanədə deyilir Rumda Bişr adlı ağıllı-kamallı, zahiri də, daxili də gözəl, pəhrizkar, yəni şəhvət düşkünü olmayan, təmiz əlaqəyə meyl eləyən bir adam vardı. Bir gün Bişr yolda bir qadınla qabaq-qabağa gəlir. Yel əsir, qadının örtüyünü üzündən götürür. Bişr baxır: gözəl, nə gözəl! Belə bir gözəlin qarşısında heç bir ürəyin səbirə taqəti ola bilməz. Bişr çimdiklənmiş uşaq kimi birdən-birə fəryad qoparır. Qadın o səsdən örtüyünü üzünə çəkir. Bişr tələsik addımlamağa başlayır. Ancaq öz-özünə deyir bu qadının dalınca düşsəm yaxşı olmaz, gərək durub səbir eləyəm. Səbir nə gəzir? Səbir əldən gedib. Bununla belə Bişr düşünür çarə yenə səbirdədi, qalanı rüsvayçılıqdı. Bişr öz-özünə deyir şəhvət məni yoldan çıxarsa da, mən kişiyəm, qəmdən ölmərəm ki. Deyir şəhvətə uymamaq dinin əlamətidi, pəhrizkarlığın şərti də elə budu. Bişr özünü ələ alıb qərara gəlir ki, Beytülmüqəddəsə (Qüdsə) ziyarətə getsin. Deyir qoy xeyiri-şəri bilən Tanrı özü bu işi məndən ötrü asanlaşdırsın.
Bişr ziyarətə yollanır, Qüdsdə Tanrıya yalvarıb-yaxarır, Yaradandan onu pis işlərdən qorumağı diləyir. Ziyarətdən qayıdanda o, hər sözdən bir söz çıxaran, özünü hamıdan ağıllı bilən Məlixa adlı bir boşboğazla yol yoldaşı olur. Dağdan qara bulud qalxanda özünü bilən adam kimi göstərən Məlixa Bişrdən soruşur niyə buludun biri ağ, o biri qaradı? Bişr deyir: “Özün ki bilirsən, Allahın hökmüylə belə işlər çox olar”. Məlixa deyir boşla bu söhbəti, bu bəhanədi, əslində qara bulud yanmış tüstüdü, ağ buludunsa məcazında xam rütubət var.
Yel əsəndə Məlixa deyir öküz kimi, eşşək kimi mənasız yaşamaq olmaz, de görüm bu əsən yel nədi? Bişr deyir: “Bu da Allahın buyruğuyla olan şeydi, Tanrının hökmü olmasa heç nə yarana bilməz”. Məlixa deyir qoca-qarı kimi danışma, hikmətin olsun. Deyir: “Yelin əsli havadı, onu yerin buxarı hərəkətə gətirir”. Sonra bir dağı göstərib soruşur niyə bu dağ o birilərindən əzəmətlidi? Bişr deyir: “Bu, Allahın işidi ki, dağın biri hündür, o biri alçaq olub”. Məlixa yenə etiraz eləyir, dağların bir-birindən seçilməyinə əsassız bir izah verir. Axırda Bişr acıqlanır. Deyir:
Sən Yaradanın hökmüylə höcətləşmə.
Mən işlərin sirrindən xəbərsiz deyiləm,
Bütün elmlərdə səndən üstünəm.
Ancaq yaradılışın səbəbi haqqında özbaşına danışmaq olmaz,
Yolu öz fikrinlə süpürmək yaramaz.
Biz pərdəyə yol tanımırıq,
Biz pərdənin üzündəki naxışları oxuyuruq[42].
Ancaq Məlixanın tükü də tərpənmir. O, boşboğazlığından qalmır. Bişrlə Məlixa bir neçə gün qızmar səhrada yol gedirlər, susuzluqdan yanırlar. Gəlib səhranın ortasında qollu-budaqlı bir ağaca çatırlar. Ağacın altı yaşıl ipək kimidi, burda bir saxsı küp də basdırılıb, içi dumduru, içməli suyla doludu. Məlixa yenə dilini dinc qoymur, Bişrə deyir:
Bişrə dedi: “Ey nəcib yoldaş,
Yenə soruşuram, de görüm nə səbəbə
Bu ağzı açıq saxsı küp
Dodağına qədər yerin içində gizlənib?
De görüm bu küpün suyu hardandı?
O ki dağ ətəyində deyil, səhradadı”.
Bişr dedi: “Yəqin bunu kimsə ehsan üçün
Düzəldib. Çoxları belə şey eləyir.
Nəsə dəyəndə iki yerə parçalanmasın deyə
Ehtiyatdan onu yerə basdırıblar”[43].
Məlixa Bişri lağa qoyur, deyir, bəli, camaatın işi-gücü qurtarıb, çiynində bura su daşıyır. Məlixa deyir bu küpü bura ovçular basdırıb ki, heyvanlar susuzlayanda gəlib burdan su içsinlər, ovçular da onları ovlasın. Yəni bu küp tələdi. Bişr deyir hərənin gizlində bir əqidəsi var, hər kəs başqası haqqında da o əqidəyə uyğun fikirləşir. Bişr deyir:
Mən sənə bayaq dedim pis fikirləşmə,
Pis fikirləşmək axırda pislik gətirər[44].
Onlar ağacın altında süfrə açıb çörək yeyirlər, küpün suyundan içirlər. Məlixa deyir qırağa dur, girib bu küpdə çiməcəm. Bişr onu fikrindən daşındırmaq istəyir, deyir belə eləmə, bədəninin çirkini suya tökmə, qoy başqaları da burdan keçəndə su içə bilsinlər. Məlixa, Nizaminin yazdığı kimi desək, “pisfikir kişi” qulaq asmayıb paltarını çıxarır, küpə tullanır. Demə, bu, küp deyilmiş, dərin quyuymuş. Məlixa quyudan çıxa bilmir. Bir az keçir, Bişr görür Məlixadan səs-səmir gəlmir. Ürəyində onun qarasınca deyinən Bişr küpə boylananda Məlixanın cəsədini suyun üzündə görür. İşin nə yerdə olduğunu, bunun küp yox, su quyusu olduğunu başa düşən Bişr Məlixanın meyitini sudan çıxarır. O, üzünü Məlixanın meyitinə tutub deyir bizim hər ikimiz bu küpün suyu haqqında yanlış düşünmüşük, nə demişiksə yanlış demişik, amma sən öldün, mən xilas oldum, çünki sən naşükür, mən şükür eləyənəm. Bişr deyir:
Bu haqda biz nə danışmışıqsa,
Hər ikimiz qələt fikir söyləmişik.
Sən ona qərq oldun, mən xilas oldum,
Çünki sən naşükür, mənsə şükür eləyənəm.
Sən deyirdin o heyvanlar üçün qurulmuş tordu,
Özün heyvan kimi o tora düşdün.
Mənsə onun haqqında yaxşı fikirdə olduğum üçün
Yaxşılığım yaxşılıqla bitdi, canım qurtardı[45].
Bişr Məlixanı orda basdırır, onun pal-paltarını, paltarında gizlətdiyi qızıl kisəsini götürüb yola düzəlir. Gəlib doğma şəhərinə çatır, qohum-əqrəbasıyla görüşəndən sonra soraqlayıb Məlixanın evini tapır. Bişr əhvalatı olduğu kimi Məlixanın arvadına danışır, ərinin pal-paltarını, qızıllarını onun qabağına qoyur. Örtüyə bürünüb Bişrin qarşısında oturmuş arvadın dərdi açılır. Aydın olur ki, o, Məlixanın əlindən çox zülm çəkib, ərinin ölməyinə də sevinir. Qadın deyir bu elə Allahdan oldu ki, mərdimazar Məlixa öldü, sənin kimi mərd adam gəlib bura çıxdı. Qadın Bişrə onunla evlənməyi təklif eləyir. O, üzünü açıb Bişrə göstərir. Bişr baxır bu o vaxt yolda gördüyü gözəldi – yel əsib örtüyü qaldıranda gördüyü gözəl. Bişr özündən gedir. Ayılanda köhnə əhvalatı qadına açır, deyir külək örtüyünü götürəndə səni gördüm, vuruldum, ancaq bunu heç kəsə bildirmədim, Tanrıma sığındım. Bişr də, qadın da baş verənlərin hamısına Tanrının yazısı, mükafatı kimi baxır, kəbin kəsdirib evlənirlər. Nizami yenə şükür eləyəni səadətə qovuşdurur, naşükürüsə bundan məhrum eləyir.
Bişrlə Məlixanın əfsanəsində Nizami naşükürlüyü Tanrı haqqında, onun hikməti, yaratdıqları haqqında pis fikirdə olmaq kimi təqdim eləyir. Burda naşükür (pisfikir adam) üstəlik lovğadı, o öz düşüncələriylə öyünür, təkəbbür göstərir, dərrakəsi çatmayan işlərə izah verir, bu izahların yanlış ola biləcəyi düşüncəsini yaxına buraxmır. Bişr Məlixanın meyitinə baxanda deyir biz hər ikimiz yanlış düşünmüşük, ancaq sən qərq oldun, mən xilas oldum, çünki sən naşükür, mən şükür eləyənəm, mən o küpün, əslində küp rəmzdi, demək istəyir mən Tanrı hikmətinin haqqında yaxşı fikirdə olduğuma görə aqibətim yaxşılıqla bitdi.
Bununla Nizami demək istəyir yaradılışın hikmətini, Tanrının məqsədini dərk eləməyə gücümüz çatmasa da, biz onun haqqında yaxşı fikirdə olmalıyıq. İnsan Tanrıdan bədgüman olmamalıdı. Belə olsa, insan lap yanlış düşünsə də nicat tapar, xilas olar. Nizami demək istəyir Tanrıya güvənsən, bu dünyada aqibətin, ən sonda da axirətin yaxşı olacaq. Güvənməsən, bu dünyada da, o dünyada da sənə pis olacaq, qurtuluş tapa bilməyəcəksən, batıb gedəcəksən. Nizami burda naşükürlüyü Tanrıdan bədgüman olmaq, yəni həqiqəti bilməyə-bilməyə gümanında pis olmaq kimi verir. Şükürüsə bunun əksi kimi göstərir: şükür eləyən də həqiqəti bilmir, amma onun gümanı yaxşıdı. Əfsanədə insanı həqiqəti bilməyi yox, gümanı qurtarır – Tanrıya gümanı çatan qurtulur, gümanı çatmayan məhv olur.
Nizami məntiqi deyir qaragümanlıq, yəni naşükürlük insanı məhvə, xoş niyyət, yəni Tanrı haqqında, onun məqsədi, yaratdıqları, insanın qabağına çıxartdıqları haqqında yaxşı fikirdə olmaq qurtuluşa aparır. Bişrin əhvalatıyla Nizami insanı Yaradan haqqında bəd gümanda olmamağa, Tanrının yaratdıqlarına xoş baxıb, başa düşdüyünə də, başa düşmədiyinə də şükür eləməyə çağırır. Şair şükürü qurtuluş kimi göstərir.
Nizami deyir biz hikmət pərdəsinin arxasına yol tapa bilmirik, biz bu pərdənin ancaq üzündəki naxışları oxuyuruq, ola bilər, yanlış oxuyuruq, ancaq biz hikmətin özü haqqında pis fikirdə olmamalıyıq. Düşüncəmiz yanlış ola bilər, ancaq niyyətimiz saf, gümanımız işıqlı olmalıdı, Tanrıya güvənməliyik, Tanrının hikmətini yaxşılığa yozmalıyıq, pisliyə yox.
Qara geyimli şahın əfsanəsindən danışanda dedik Nizaminin əxlaq sistemi genişdi, təkcə şükür haqqında deyil, bütün mənəvi dəyərlər haqqındadı, ancaq mövzumuz şükür olduğuna görə biz bu sistemdən yalnız bir parçanı götürürük, onun yalnız şükürə-naşükürlüyə aid hissəsinə diqqət yetiririk. İndi Nizaminin əxlaq sistemində çox yüksək yer tutan bir dəyərə – səbirə də diqqət yönəltməyin vaxtıdı. Araşdırsaq görərik Nizami əsərlərində səbirə şükürdən çox yer ayırır. Bəzən onlardan ayrı-ayrılıqda, bəzən eyni vaxtda danışır. “Quran”da da belədi. “Quran”da da Tanrı səbirlə şükürdən bəzən ayrı-ayrılıqda, bəzən eyni vaxtda danışır. İslam dinində səbirlə şükürə bir almanın yarısı kimi baxılır. İslama görə, səbir imanın bir yarısı, şükür o biri yarısıdı. Bəs iman nədi? İslamda ən vacib məsələlərdən biri. İslam dininə görə, iman – Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirətə, bəzi yanaşmalara görə, həm də qədərə ürəkdən inanmaq, buna sözdə, işdə əməl eləməkdi. İmana gedən yolun yarısı səbirdən, yarısı şükürdən keçir. Səbirsiz, naşükür adamın imanı ola bilməz. Səbiri, şükürü zəif adamın imanı da zəif olar.
Nizaminin səbirdən ayrıca danışdığı yerlərdən söz açmayacağıq, buna ayrıca araşdırma gərəkdi. Ancaq Nizamidə səbirlə şükürün iç-içə olduğu yerlərə toxunmalı olacağıq.
“Quran”da deyilir bu dünyada çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var: “Görmürsənmi gəmilər Allahın bir neməti kimi dənizdə necə üzür? Bununla Allah sizə öz nişanələrini göstərir! Həqiqətən, bunda çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var!”[46]
“Quran”da deyilir: “Dənizdə dağ kimi üzən gəmilər Onun nişanələrindəndi! Allah istəsə, küləyi dayandırar, gəmilər suyun üzündə durub qalar! Həqiqətən, bunda səbir eləyən, şükür eləyən hər kəs üçün dəlillər var!”[47]
Tanrı deyir: “Biz Musanı öz ayələrimizlə peyğəmbər göndərdik. Ona dedik: “Tayfanı qaranlıqdan aydınlığa çıxart, Allahın günlərini onlara xatırlat!” Şözsüz ki, bunda çox səbir, çox şükür eləyənlər üçün ibrətlər var!”[48]
Elə Nizaminin “Yeddi gözəl”indəki qara geyimli şahın əfsanəsi, Bişrlə Məlixanın əfsanəsi də təkcə çox şükür eləmək üçün yox, çox səbir eləmək üçün də ibrətdi. Bu əfsanələr təkcə şükür haqqında deyil, həm də səbir haqqındadı. Ancaq təkcə şükürlə səbir haqqında da deyil, bu əfsanələrdə ayrı mənalar, ayrı hikmətlər də var, onlara yenə toxunmayacağıq, eləcə Nizaminin əxlaq sisteminin nə qədər geniş olduğunu yada salmağı özümüzə borc bilirik.
Qara geyimli şahın əfsanəsində şah cənnəti (Nizaminin təsvir elədiyi cənnətməkan guşə, əlbəttə ki, cənnətin simvoludu) bir yandan naşükürlüyünə, o biri yandan da səbirsizliyinə görə itirir. Cənnəti itirdiyi anda o, nə qədər naşükürdüsə, o qədər də səbirsizdi. Əksinə də demək olar: nə qədər səbirsizdisə, bir o qədər də naşükürdü. Şah səbirlə şükürdən eyni vaxtda, eyni dərəcədə uzaqlaşır, bu mənəvi keyfiyyətləri birlikdə yadırğayır. Nizami burda səbirlə şükürü bir-birindən ayırmır. Ona görə bu iki fikri eyni haqla demək olar: şah neməti naşükürlüyünə görə itirir; şah neməti səbirsizliyinə görə itirir. Ən doğrusu bu iki fikri birləşdirib deməkdi. Şah naşükür olduğu qədər səbirsiz, səbirsiz olduğu qədər naşükürdü, üstəlik, naşükürlüyünə görə səbirsiz, səbirsizliyinə görə naşükürdü. Onun cəzası həm naşükürlüyün, həm də səbirsizliyin cəzasıdı.
Bişrlə Məlixanın əfsanəsində Bişr yolda qadını görüb vurulur, ancaq onun dalınca düşmür, səbir eləyir. Bişr həm də şükür eləyən adamdı. Axırda o qadın Bişrə qismət olur. Bu həm səbirin, həm də şükürün mükafatıdı.
Nizaminin əsərlərində şükür eləyən səbirlidi, səbirli adam həm də şükür eləyən adamdı. Nizamidə şükür eləyən səbirsizliyə başlayıbsa, deməli, həm də naşükürlüyə başlayıb. Səbir eləyən naşükürlüyə başlayıbsa, deməli, həm də səbirsizliyə başlayıb.
Bişr hər şeyə – xeyirə də, şərə də Tanrının hikməti kimi baxan adamdı. O, sevgiylə rüsvayçılıq arasında qalanda ziyarətə yollanmaq qərarına gəlir, deyir qoy xeyiri-şəri bilən Tanrı özü bu işi məndən ötrü asanlaşdırsın. Bişr Tanrının hikmətinin nədə olduğunu bilməsə də, bu hikməti xeyirliyə yozan, hikmət pərdəsinin arxasına gümanı çatan adamdı. Tanrı da axırda onu pərdə arxasında gizlətdiyi hikmətiylə xeyirə calayır. Bəlli olur ki, doğrudan da nəyin xeyir, nəyin şər olduğunu Tanrı bilirmiş, Tanrının örtülü hikmətləri varmış. Demə, Bişrin xeyiri elə Məlixa kimi bir bəlaya rast gəlməyindəymiş. Bu bəlaya rast gəlməsəydi, Məlixayla yol yoldaşı olmasaydı, Məlixa o nadanlıqları eləməsəydi, Bişr sevdiyi qadına qovuşa bilməzdi. Demə, Tanrı Məlixa bəlasıyla Bişri xeyirə çatdırırmış. Sözsüz, burda Tanrının sınağı da var. Özü də çoxqatlı sınaq. Bu sınaqlar da hikmət pərdəsinin arxasındadı. Sınaq təkcə Məlixa bəlasında deyil. Məlixayla Tanrı Bişrin səbirini, şükürünü yoxlayır. Burda Tanrının başqa sınağı da var. Nizami Məlixanın paltarından qızıl kisəsinin çıxdığını təsadüfən yazmayıb. Nizamidə təsadüf yoxdu. Nizami sistemdi. Nizami süjetləri sistemli ardıcıllıqla, zərgər dəqiqliyilə işləyir. Qızıl kisəsi sınaqdı. Bu sınaq Bişrin halallığını, mal-mülk hərisliyini yoxlamaq üçündü. Üstəlik, Məlixa kimi qızıl kisəsinin də xeyiri gizlindədi. Zahirən elə görünə bilər ki, Bişrin xeyiri qızılı özünə götürməyindədi. Ancaq belə eləsəydi, Bişr əsl xeyirindən məhrum olacaqdı, sevgisinə qovuşa bilməyəcəkdi. Zahirən elə görünə bilər ki, qızılı aparıb kiməsə verməyi Bişrin ziyanınadı. Ancaq Bişrin xeyiri elə bu ziyanın içindədi. Qızılı ölünün yiyəsinə çatdırmaq fikrinə düşməsəydi, Bişr Məlixanın arvadını axtarmayacaqdı, Məlixanın arvadı onun halallığına vurulmayacaqdı, ona evlənməyi təklif eləməyəcəkdi, üzünü açıb Bişrə göstərməyəcəkdi… Tanrı Bişrə xeyir göndərir, ancaq bu xeyiri zahiri ziyanlar içində göndərir. Bu zahiri ziyanlar həm də sınaqdı. Sınaqdan üzü ağ çıxan ziyanın cildini yırtıb xeyirə qovuşur.
Nizami Gəncəvi gözümüzə ziyan kimi görünən çox hadisənin xeyirə olduğuna inanır. Şair xeyirin insana ziyan cildində gələ bildiyinə inamını “Yeddi gözəl”də başqa əfsanədə də ifadə eləyir. Əfsanədə deyilir bir gənc xacə – mömin, elmli, var-dövlətli bir cavan oğlan şəhvətin təsirinə düşür, bir qızla gizli əlaqəyə can atır. Qız da buna razılaşır, ancaq onlar hər dəfə gizlinə çəkilib əlaqəyə girmək istəyəndə bir təhlükəli hadisə baş verib onlara mane olur. Neçə dəfə çalışırlar, istəkləri baş tutmur – hadisələr qoymur. Axırda xacə anlayır ki, təhlükəli hadisələr əslində onları daha böyük bir təhlükədən (xatadan) qoruyurmuş, Tanrı bir ziyanı (günahı) onlardan başqa ziyanla (fiziki cəhətdən təhlükəli hadisələrlə) uzaqlaşdırırmış. Xacə deyir:
O əngəllər bizi əzişdirərkən
Bizdən bir ziyanı başqa bir ziyanla qovurmuş.
Tanrı bizim bəxtimizə ismətli olmağı yazdığı üçün
Elə pis əməldən bizi xilas elədi.
…Yolumuzda ismət keşik çəkdiyi üçün
Günaha tərəf getmək mümkün olmadı[49].
Xacə tövbə eləyir, qızı Allahın izniylə, halallıqla özünə arvad eləmək qərarına gəldiyini deyir. Qızın onunla gizli görüşünü təşkil eləyənlər də “işi belə görüb oğlanın Tanrı qorxusundan qorxurlar”[50]. Onlar gənc xacəyə əhsən deyirlər. Əfsanənin bu yerində Nizami yazır:
Ey, nə qədər əzab şəklində görünən əziyyəti
Əzab hesab eləyiblər, əslində rahatlıq olub!
Ey, kişinin başına gələn çox bəla var
Ki, əslində o bəlalar can dərmanı olub![51]
Nizami “İskəndərnamə”də (“İqbalnamə”də) yazır:
Çox yuxu ki, əvvəl qorxulu olur,
Gün aydın olanda sevinc gətirir.
Ürəyə qorxu salan çox şey var ki,
Axırda ona şükür eləmək lazım gəlir[52].
Nizami demir bəlaya şükür elə. Nizami deyir bəlaya səbir elə. Deyir səbir elə, bəlkə də axırda görəcəksən ki, o bəlaya nəinki səbir, hətta şükür eləmək lazımmış. Deyir bəlkə də bu bəlaya axırda şükür eləyəcəksən, ona görə indi səbir elə, toxtaq ol, özünü darıxdırma, qəmə batma, gülərüz ol, Tanrının hökmüylə höcətləşmə, Tanrıya üsyankar olma, təslim ol, Yaradana bel bağla, sən Tanrının hikmətini bilməzsən, sən bilməzsən bu çətinliklər, bu bəlalar nədən ötrüdü, bəlkə də bunlar sənin xeyirin üçündü. Nizami deyir belə şey çox olur: ürəyə qorxu salan çox şey var ki, axırda ona şükür eləmək lazım gəlir; əzab şəklində görünən o qədər əziyyət var ki, əzab hesab eləyiblər, əslində rahatlıq olub; kişinin başına gələn çox bəla can dərmanı olub; bizi əzişdirən əngəllər, ola bilər, bizdən böyük bir ziyanı qovur. Beləliklə, Nizami bəlaya şükür eləməyə çağırmasa da, bəlanı narazılıqla, üsyanla qarşılamağa da çağırmır; o, bəlanı təmkinlə, Tanrıya güvənməklə, ovqatını pozmadan, toxtaq, arxayın qarşılamağa çağırır. Deyir hesab elə ki, sirkə baldı.
“Yeddi gözəl” poemasında Nizami oğlu Məhəmmədə nəsihət eləyəndə deyir:
İki rəngli dövrandan (zəmanədən) darısqallıq (çətinlik) yetişəndə
Ürəyini geniş tut, daraltma!
Çox düyünlər sirli açardı,
Çox çətinliyin içində asanlıq gizlənib.
Çox ürəksıxan yuxular yozulanda
Əslində ürəyə şadlıq gətirib,
Qəm oxu ciyəri yandırsa da,
Səbir zirehi belə gün üçündü.
Öz əhdini Tanrıyla möhkəm saxla,
Başqa əlaqələr üçün ürəyinə qəm salma,
Sən Tanrıyla əhdini pozmasan,
Səni əmin eləyirəm ki, hər şeydən xilas olarsan[53].
“Xosrov və Şirin”də Şirin Xosrova təsəlli verəndə deyir:
Şirin deyirdi: “İqbalda bunlar çox olur,
Gah sevinc, gah da kədər olur.
İş ki düyünləndi, düyünlənəcək,
Ona matəm tutmaq ölüm gətirər.
Gərək bir neçə vaxt üzügülər olasan,
Ayağı da, başı da bağlamaq olmaz.
Öz azarına zor eləmək olmaz, çünki
Çox xəstə gorun qırağından qayıdıb.
Demə ki, hər kəs sağlamdı, qızdırma tutmaz,
Hər qızdırmalı da ölməz.
Bir çox qıfıl var ki, bəndi görünməz,
Yenidən baxanda qıfıl yox, açar olduğunu görürsən.
Gərək qəmi ağılla könüldən siləsən,
Qum nəmi çəkən kimi, qəm qəmi gətirər”[54].
Şair “Leyli və Məcnun”da yazır Məcnun dünyaya gəlməmiş atası övlad həsrətiylə yaşayırdı, övladı olsun deyə dilənçilərə pul paylayırdı. Atasının xəbəri yox idi ki, oğlu dünyaya gəlsə, ona ömürlük dərd olacaq. Nizami yazır:
O xəbərsizdi ki, belə gecikməyin
Məsləhət olan gizli bir sirri olar.
O şeyi ki, istəyirsən, olmur,
Görünür ki, məsləhət belədi.
Rast gəldiyin hər yaxşıya, pisə
Nəzər salsan görərsən işin xeyrinədi.
O inciyə ki, ehtiyac duyursan,
Diqqət yetirsən görərsən tapılmasa yaxşıdı,
Bir çox qərəz var ki, göz qabağındadı,
Onun gizli qalması insanın xeyrinə olardı.
Kimi qaçaqaçdadı, kimi “dayan-dayanda”,
Heç kəs bilmir ki, məsləhət hansındadı.
Qəlb kələfinin ucu itib,
Hər qıfılın ardınca, görərsən ki, bir açar var.
Adəm övladı yazıq kimsədi,
Elə torpaqdı ki, püfləsən külək aparar.
Belə bir torpaq ikən gününü xoş keçir,
Torpaq toxumunu torpağa at![55]
Şair yenə “Leyli və Məcnun”da yazır:
Bir işin gedişindəki hər nöqtənin
Zərurət üzündən öz ixtiyarı (yeri) var,
Mövcud olan hər şeyin hərəkətində
Məqsəd yazılarından biri var.
Kağız varağının iki üzü var.
Yəni hər iki tərəfdən nişangahı var,
Varağın bu tərəfindən tədbiri oxu,
O biri tərəfindən təqdiri hesabla,
Düzgün qələmli katib çox az halda
Bu iki hesabın bir-birinə düz gəldiyini tapar.
Çox gül var ki, sən onu gül sanarsan,
Özünə sancılanda tikan olduğunu görərsən.
Zahirən qora görünən bir çox salxım
Sınaq zamanı üzüm çıxar.
Zəiflik gətirən aclıq çox halda,
Həzm cihazına sağlamlıq gətirər.
Belə zidiyyətin müqabilində
Təslim olmaq, qarşı durmaqdan yaxşıdı,
Xülasə, madam ki, əhvalat belədi,
San ki, sirkə baldı[56].
Şair deyir Leyli elə belə də eləyirdi, qəm yeyirdi, amma şükür eləyirdi:
Dilbərlər çırağı olan Leyli
Özü üçün əziyyət, başqaları üçün xəzinə idi.
Elə xəzinə ki, bir ilan
Halqa vurub onun dövrəsinə hasar çəkmişdi.
O darısqal işgəncəli dairədə,
Daşın bağrında olan ləl kimi yaşayırdı.
Çox qiymətli gövhər olsa da,
Ay kimi, əjdahanın ağzında idi.
Əri (İbn Salam) bütün günü onu güdürdü,
Leyli qəm yeyirdi, amma şükür eləyirdi[57].
Leylinin qəm yeyə-yeyə şükür elədiyini yazmaqla Nizami bəlalara şükür eləmək düşüncəsinin ona heç də yad olmadığını büruzə verir. Doğrudan da, bu düşüncə Nizamiyə yad deyil. Başqa cür ola da bilməz. Çətinliklərə, əzab-əziyyətlərə Tanrının hikməti kimi baxan, bu çətinliklərdə çox vaxt xeyirin gizləndiyinə inanan, “çox düyün sirli açardı”, “çox çətinliyin içində asanlıq gizlənib”, “çox ürəksıxan yuxu yozulanda ürəyə şadlıq gətirib”, “bir çox qıfıl var ki, bəndi görünməz, yenidən baxanda qıfıl yox, açar olduğunu görürsən”, “o şeyi ki, istəyirsən, olmur, görünür ki, məsləhət belədi”, “rast gəldiyin hər yaxşıya, pisə nəzər salsan görərsən işin xeyrinədi”, “o inciyə ki, ehtiyac duyursan, diqqət yetirsən görərsən tapılmasa yaxşıdı”, “zahirən qora görünən bir çox salxım sınaq zamanı üzüm çıxar”, “zəiflik gətirən aclıq çox vaxt həzm cihazına sağlamlıq gətirər” yazan, belə zidiyyətin müqabilində təslim olmağı qarşı durmaqdan yaxşı sayan adam bəlalara şükür eləmək düşüncəsinə yad ola bilməz. O, istər-istəməz bu düşüncəyə yaxın olmalıdı. Nizami başqa misralarında da bu düşüncəyə yaxınlığını büruzə verir. “Sirlər xəzinəsi”ndə yazır:
Bəlaları qəbul eləmək peyğəmbərlər üçün xoşbəxtlikdi.
Amma sənin xoşbəxtlik hesab elədiklərin bəladı[58].
Elə bu misraların ardınca şair bəlanın faydasına belə bir izah da verir:
Bəlanın yarası xudbinlikdən nicat üçün məlhəmdi.
Şərabın acılığı şirinlik mayasıdı (mənbəyidi)[59].
Deməli, Nizami hesab eləyir ki, bəlalar bizi özündənrazı olmaqdan da qurtarır, bizi yekəxana, eqoist olmağa qoymur, pislik (acılıq) yaxşılıq (şirinlik) doğurur. Nizami bütün bunlara Tanrının hikməti kimi baxır. O, “Xosrov və Şirin”də çətinliklərin, maneələrin bir xeyirindən də danışır. Deyir çətinliklər qədirbilənliyi artırır, fələk işləri düzəltmək istəyəndə bilərəkdən oyun çıxarıb adamı çətinə salır ki, adam işi düzələndə bunun qədrini bilsin, kol-kos olmasa gülün qədrini kim bilər?
Fələk işləri düzəltmək istəsə,
Əvvəlcə pərdədən oyunlar çıxarar.
Bir kəndliyə xəzinə bağışlamaq istəsə,
Əvvəlcə zəhməti onun yadına salar.
Yolun üstündə kol-kos olmasa,
Gülün, şümşadın qədrini kim bilər?
Neçə gün hicran dərdi çəkmək lazımdı ki,
Fəraqdan sonra vüsal ləzzət versin[60].
Bu düşüncədə ola-ola çətinliklərə, maneələrə necə şükür eləməyəsən? Nizami bəlalara şükür eləməyi birbaşa təbliğ eləməsə də, ya da belə deyək: Nizami bəlaya şükürü çox az təbliğ eləsə də, onun dolayısıyla buna gətirib çıxaran çoxlu fikri var. Nizami məntiqiylə bəlaya şükür eləmək düşüncəsinə asanlıqla gəlib çıxmaq olur, oxucunu bundan saxlamaq mümkün deyil. Qətiyyən təsadüfi deyil: “Quran”da eynən bu cürdü! “Quran”da da Tanrı bəlaya şükür eləməyə çağırmır, Tanrı nemətə şükür eləməyə çağırır. “Quran”da Tanrı bəlaya səbir eləməyə çağırır. Bəlaya səbir, nemətə şükür – Tanrının çağırışı bunadı. Ancaq insandan onun iradəsinə bel bağlamağı, onun qəzasına razı olmağı, ona üsyan eləməməyi, ona təslim olmağı, onun verdiyi nemətlərdə də, göndərdiyi bəlalarda da ibrətləri görməyi uman, səbir, şükür eləməyin xilas yolu olduğunu, heç bir yaxşılığın-pisliyin cavabsız qalmayacağını, zülm eləyənlərin cəzaya, zülm görənlərin mükafata çatacağını, səbir, şükür eləyənləri mükafat gözlədiyini, bu dünyadakı bəzi əzabların o dünyadakı cəzanı yüngülləşdirdiyini, bu dünyadakı zülmkarların əslində yalnız özlərinə pislik elədiklərini, o dünyadakı əbədi əzablarını artırdıqlarını deyən Tanrının bu çağırışlarından sonra hər kəs asanlıqla belə bir fikrə gəlib çıxa bilər ki, bəlaya da şükür düşür. Ona görə “Quran”da Tanrı insanı bəlaya şükür eləməyə çağırmasa da, Məhəmməd peyğəmbərin bəlaya şükür düşdüyü barədə bir hədisi olmasa da, islam aləmində bəlaya şükür düşdüyünü təbliğ eləyən görkəmli şəxsiyyətlər var. Onlar bu təbliğatı məntiqlə eləyirlər, havadan götürməyiblər. Nizaminin kitabları da Tanrının kitabı kimi belə bir təbliğata məntiqi əsas verir.
Ancaq Nizaminin əsas məntiqi bəlaya şükür eləmək deyil, nemətə şükür, bəlaya səbir eləməkdi. Nizami nemətə şükür, bəlaya səbir eləməyin qatı tərəfdarıdı. Bu məsələdə o, birbaşadı. Bu məsələdə onun mövqeyi tam açıqdı.
Nizaminin bəlalara səbir eləməyi niyə vacib saydığını dedik, indi də ümumiləşdirək. Birincisi, Nizami ona görə səbir eləməyin tərəfdarıdı ki, Tanrıya qiyam qaldırmaq olmaz, Tanrıya təslim olmaq lazımdı. İnsan Yaradanın hökmünü etirazla yox, razılıqla qarşılamalıdı. İkincisi, Nizaminin fikrincə, bəlalara ona görə səbir eləmək gərəkdi ki, ola bilər, bu, bəla deyil, xeyirdi, ziyan cildinə girib gəlib. Sən onu qəbul eləməsən xeyirini qəbul eləməmiş olursan, xeyirindən qaçırsan. Üçüncüsü, Nizaminin yanaşmasına görə, bəlaya ona görə səbir eləmək gərəkdi ki, o lap sənin xeyirin yox, ziyanın kimi gəlibsə də, sən səbir eləyəndə bu, Tanrıya xoş gedir, Tanrı onu – sənə ziyan kimi göndərdiyini sənin xeyirinə çevirir, yaxud onu sənin xeyirinə çevirməsə də, səni bir başqa cür mükafatlandırır.
“Sirlər xəzinəsi”ndə “Ovçu, it və tülkünün hekayəsi”ndə şair deyir bir ovçu vardı, ürəyini itinə bağlamışdı. Bu “aslan kişinin aslan iti” bir gün itir. Ovçunun ürəyi üzülsə də, dişini dişinə tutub səbir eləyir. Nizami yazır:
Ovçu o dözülməz səbirə qatlaşdı
Və səbirin hər arpası (misqalı) bir dirhəm xeyir verdi[61].
Birdən-birə it peyda olur. Ovçu səbirinin mükafatını qazanır. Özü də ikiqat: it o vaxt peyda olur ki, tülkü onun yiyəsinə lağ eləyirdi. İt tülkünü qapıb ovçunun ovuna çevirir. Kişinin çətinliyə səbirlə qatlaşmağı onu şükür eləyəcəyi bir vəziyyətə gətirib çıxarır.
“Xosrov və Şirin”in əvvəlində Nizami Xosrovun şahzadə (məlikzadə) vaxtlarından, yəni hələ atasının taxtda olduğu vaxtdan belə bir əhvalat danışır. Deyir bir gün Xosrov səhrada ova çıxır, çoxlu ov eləyir. Ovunu bitirəndə görür uzaqda bir kənd var, yan-yörəsi yaşıllıqdı. Gəlib çəməndə büsat qurur, süfrə açıb, şərab içir. Axşamacan məclis gedir. Axşam şahzadə kənddə bir evə gəlir, sərxoşluqdan burda da məclis qurur, gecə səhərəcən evdə dostlarıyla yeyib-içir. Onların dəlisov atlarından biri səhər bir kəndlinin əkininə girir. Şahzadənin qulamlarından birisə oğrun-oğrun bir neçə salxım qora dərir. Xəbəri Xosrovun atasına – şaha çatdırırlar, özü də elə çatdırırlar ki, şah çox qəzəblənir. Əmr eləyir xəncər götürüb Xosrovun atının peyini kəsirlər (yəni atı çolaq eləyirlər), şahzadənin qulamını qora sahibinə verirlər, qora əkilən yeri gülabla suvarırlar, Xosrovun kəndlinin evində saldırdığı yorğan-döşəyi ev yiyəsinə bağışlayırlar, onun məclisində çəng (musiqi aləti) çalanın dırnağını, çəngin simlərini qırırlar. Bundan sonra Xosrov kəfənə bürünüb atasının hüzuruna gəlir, qılıncını onun qabağına qoyub deyir günahkaram, ya bağışla, ya da boynumu vur. Xosrov yerə sərilib ağlayır, şahı da ağlamaq tutur, oğlunu bağışlayır. O gecə Xosrov ibadətgaha gedir, Tanrıya ibadət eləyəndən sonra əyləşir, oturduğu yerdəcə onu şirin yuxu tutur. Yuxusunda o, babası Ənuşirəvanı görür:
Yuxuda öz babasını gördü, babası ona
Dedi: “Ey dünyaya işıq saçan yeni günəş,
Əgər sənin dörd əziz malın əlindən çıxdısa,
Sənə dörd şeyin muştuluğunu verirəm:
Biri, o qoranın acılığına dözüb,
Üz-gözünü turşutmadığına görə
Elə bir dilbər sənin yanında olacaq ki,
Dövran ondan şirin bir can görməyib.
İkincisi, atının peyini kəsəndə (atı çolaq eləyəndə)
Sən üzünə toz qondurmadığına görə
Şəbdiz adlı bir qara ata sahib olacaqsan ki,
Ən şiddətli külək onun ayağının tozuna çata bilməz.
Üçüncüsü, şah sənin taxtını kəndliyə verəndə
Əhvalını pozmadığına görə
Şahlara layiq elə bir taxt sənin əlinə keçəcək ki,
Qızıldan tökülmüş ağaca bənzəyəcək.
Dördüncüsü, sənin mütrübünün əlindən
Sazını alanda dözdüyünə görə
Barbəd adlı bir müğənnini sənə verəcəklər ki,
Onu yad eləyəndə camda zəhər olsa, şərbət dadı verəcək.
Daş əvəzinə qızıl tapacaqsan,
Dörd sümük əvəzinə dörd gövhər tapacaqsan”.
Məlikzadə yuxudan duran kimi
Bir daha Allaha şükür elədi[62].
Nizami bəlaya səbir eləyən adamın nə vaxtsa şükür eləyəcəyi bir günə gəlib çıxacağına qəti inanır. Nizaminin məniqi belədi: səbir eləyən şükürə çatır, çətinliyə dözən asanlığa çıxır. Ola bilər, bu asanlıq əvvəlcədən o çətinliyin içində olub, ola da bilər, çətinliyə dözdüyünə görə mükafat kimi göndərilib. Bir sözlə, Nizaminin məntiqinə görə, səbirin sonu şükürdü. Səbir varsa, deməli, axırda şükür də olacaq.
“Xosrov və Şirin”in bir yerində Nizami Gəncəvi elə bil şükür təlimatı verir. Elə bil şair demək istəyir adamları şükürə öyrəşdirmək üçün onları özlərindən pis vəziyyətdə olanlara baxmağa məcbur eləmək lazımdı, çünki adamın özündən yaxşı vəziyyətdə olana baxmağı onu şükürdən məhrum eləyir. Şair yazır:
Dünya bilir ki, Xosrov kəmər bağlayanadək,
Onun kimi bir tac sahibi taxta oturmamışdı.
Onun tapşırığıyla adamlar qəbul günlərində
Şahın qarşısında beş cərgədə ayaq üstə dururdular.
Birinci cərgədə varlılar dayanırdı.
İkinci cərgədə ərzi olanlar və yoxsullar.
Üçüncü cərgə gorun ağzından güclə can qurtarmış
Taqətsiz xəstələrin yeri idi.
Dördüncü cərgədə dayananların ayağında
Ürəyə vurulmuş mismar kimi zəncir var idi.
Beşinci cərgədə qanlı müqəssirlər (qatillər) dayanırdı.
Heç kəs heç kəsdən soruşmurdu ki, necəsən?
Ümid vermək üçün qanlıların (qatillərin) qarşısında
Bağışlanmaq fərmanını asmışdılar.
Gözətçi car çəkib hamıya deyirdi:
“Hər cərgə yalnız aşağıya baxsın”.
Varlı kasıba baxanda
Öz halına daha çox şükür oxuyurdu.
Yoxsul xəstəyə sarı baxanda
Öz salamatlığına görə şükür deməyə başlayırdı.
Xəstə məhbusa baxanda
Öz azadlığına çoxlu şükür deyirdi.
Məhbusun gözü qanlıya baxanda
Öz gününə şükür deməyə başlayırdı.
Qanlı bağışlanmaq ümidini görcək,
Şükür şamının işığını artırırdı.
Xosrovun könlü hər il bununla şad idi,
Ölkə Misir kimi ədalətlə abad olmuşdu[63].
Bununla Nizami hər vəziyyətdə şükürə yer olduğunu, ancaq adamların bunu görmək istəmədiyini də bizə çatdırır. Şair demək istəyir özümüzdən yaxşı vəziyyətdə olanlara baxa-baxa naşükürə çevrilmişik, ona görə özümüzdən pis vəziyyətdə olanlara baxıb şükür eləməyi öyənməliyik.
Nizami “Leyli və Məcnun”da yazır:
Bu dünyada açıq ürəkli insan,
Əgər yaxşılığı, xeyirliyi düşünsə,
Haman anda hər şeyi bəxt gözüylə görər.
Tikanı gül, quyunu təxt görər[64].
Həmişə yaxşılığı, xeyirliyi düşünən, hər şeyi bəxt gözüylə görən açıq ürəkli insan – Nizami Gəncəvi bir qəzəlində yazır:
Günüm uğurludu, çünki sənin üzünü görmüşəm,
Bəxtim gətirib, çünki ətrini duymuşam.
Ey gözümün işığı, Allaha şükür eləyirəm ki,
Bu gün gözüm sənin camalına düşüb.
İki aləm dəyəri olan vüsal padzəhərinin (zəhərə qarşı dərman) qədrini
Mən bilirəm, çünki fəraqının zəhərini içmişəm.
Sənin camalını bir kərə görənlər
Səni seçib-sevdiyim üçün məni danlamazlar.
Ey dost, mən sənin məhəbbətini qəlbimdən necə çıxarım?
O məhəbbəti ki, onu canımla yanaşı bəsləmişəm.
Ey dost, elə ki vəslinin ətriylə canım şad oldu,
Əynimdəki qəm köynəyini parçalamışam.
Nizami ürək yanğısıyla bu sözləri deyir ki,
Günüm uğurludu, çünki sənin üzünü görmüşəm[65].
Böyük şair sonuncu poemasının sonunda – ölüm ayağında olan İskəndərin vəsiyyətində yazır:
Səma sirlərinin qapısını açdım,
Həm aydan, həm də günəşdən xəbər verdim.
Dünyagörmüşlərə haqq qazandırdım,
Dünyanı yaradana şükür elədim,
Ömrümü qəflətlə başa vurmadım,
Onu ancaq ağıl və hünər yoluyla keçirdim,
Hər bir elmdən bir dəftər oxumuşam[66].
“İskəndərnamə”nin “İqbalnamə” hissəsindən olan bu misralarda Nizami elə öz iqbalını çatdırır. “İskəndərin vəsiyyəti” elə Nizaminin öz vəsiyyətidi. Bu vəsiyyəti şair İskəndərin adından deyir, ancaq öz adından da deyə bilərdi. Çünki Nizaminin bunu deməyə haqqı çatır: səma sirlərinin qapısını açdım, dünyanı yaradana şükür elədim, ömrümü qəflətlə başa vurmadım. Nizami doğrudan da səma sirlərinin qapısını açıb, dünyanı yaradana şükür eləyib, ömrünü qəflətlə başa vurmayıb.
Azərbaycan ədəbiyyatında şükür mövzusuna ən çox fikir verən adam Nizami Gəncəvi olub. Azərbaycan ədəbiyyatının ən böyük adamı da Nizami Gəncəvidi. Ən böyük adamın şükürə ən çox fikir vermiş adam olmağı, şükürə ən çox fikir vermiş adamın ən böyük adam olmağı elə-belə deyil, bunun dərin mənası var, burda görk var, ibrət var. Yəqin ki, Nizaminin şükürünə onun böyüklüyünün nəticəsi kimi hamı baxar. Ancaq Nizaminin böyüklüyünə onun şükürünün nəticəsi kimi də baxmaq lazımdı. Tanrı deyib axı: “Şükür eləsəz, nemətinizi qətiyyətlə artıracam”.
_____________
[1] Şeyx Nizami Gəncəvi (1141-1209) – şair, mütəfəkkir
[2] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 52. “Şərəfnamə”nin filoloji tərcüməsi Qəzənfər Əliyevindi
[3] Nizami Gəncəvi “Sirlər xəzinəsi”. Filoloji tərcümə, izahlar, şərhlər və lüğət Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 186
[4] Nizami Gəncəvi “Leyli və Məcnun”. Filoloji tərcümə, izahlar və qeydlər Mübariz Əlizadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 255
[5] Nizami Gəncəvi “Xosrov və Şirin”. Filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 354-355
[6] Sahih-i Buhari “Muhtasarı Tecrid-i Sarih”. Çeviri, Tahric ve Notlar: Abdullah Feyzi Kocaer. Türkiyə, “Hüner Yayınları”. 3-cü baskı. Səh. 216. Kitabın “19. Teheccüd Namazı Bölümü”ndə
[7] Nizami Gəncəvi “Xosrov və Şirin”. Filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 24
[8] Orda, səh. 30
[9] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 26. “Şərəfnamə”nin filoloji tərcüməsi Qəzənfər Əliyevindi
[10] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 429. “İqbalnamə”nin filoloji tərcüməsi Vaqif Aslanovundu
[11] “Quran”, 14-cü surə – “İbrahim” surəsi, 34-cü ayə
[12] Nizami Gəncəvi “Xosrov və Şirin”. Filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 229
[13] Nizami Gəncəvi “Leyli və Məcnun”. Filoloji tərcümə, izahlar və qeydlər Mübariz Əlizadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 122
[14] Nizami Gəncəvi “Sirlər xəzinəsi”. Filoloji tərcümə, izahlar, şərhlər və lüğət Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 125
[15] Nizami Gəncəvi “Lirika”. Filoloji tərcümə, şərhlər və qeydlər Mübariz Əlizadənindi. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 38
[16] Nizami Gəncəvi “Yeddi gözəl”. Filoloji tərcümə, izahlar və qeydlər Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 88-89
[17] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 213. “Şərəfnamə”nin filoloji tərcüməsi Qəzənfər Əliyevindi
[18] Orda, səh. 337
[19] Səh. 345
[20] Səh. 350
[21] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 447. “İqbalnamə”nin filoloji tərcüməsi Vaqif Aslanovundu
[22] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 276-277. “Şərəfnamə”nin filoloji tərcüməsi Qəzənfər Əliyevindi
[23] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 560. “İqbalnamə”nin filoloji tərcüməsi Vaqif Aslanovundu
[24] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 115. “Şərəfnamə”nin filoloji tərcüməsi Qəzənfər Əliyevindi
[25] Orda, səh. 136
[26] “Quran”, 22-ci surə – “əl-Həcc”/”Həcc” surəsi, 38-ci ayə
[27] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 581. “İqbalnamə”nin filoloji tərcüməsi Vaqif Aslanovundu
[28] Nizami Gəncəvi “Xosrov və Şirin”. Filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 208
[29] “Quran”, 14-cü surə – “İbrahim” surəsi, 7-ci ayə
[30] “Quran”, 54-cü surə – “əl-Qəmər”/”Ay” surəsi, 33-35-ci ayələr
[31] Nizami Gəncəvi “Yeddi gözəl”. Filoloji tərcümə, izahlar və qeydlər Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 89
[32] Orda, səh. 90-92
[33] Səh. 92
[34] Səh. 92-94
[35] Səh. 268
[36] Səh. 281
[37] Səh. 134
[38] Səh. 135-136
[39] Səh. 136-137
[40] Səh. 146-147
[41] Səh. 152
[42] Səh. 171
[43] Səh. 171-172
[44] Səh. 172
[45] Səh. 175
[46] “Quran”, 31-ci surə – “Loğman” surəsi, 31-ci ayə
[47] “Quran”, 42-ci surə – “əl-Mumin”/”Mömin” surəsi, 32-33-cü ayələr
[48] “Quran”, 14-cü surə – “İbrahim” surəsi, 5-ci ayə
[49] Nizami Gəncəvi “Yeddi gözəl”. Filoloji tərcümə, izahlar və qeydlər Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 254-255
[50] Orda, səh. 255
[51] Səh. 255
[52] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 436. “İqbalnamə”nin filoloji tərcüməsi Vaqif Aslanovundu
[53] Nizami Gəncəvi “Yeddi gözəl”. Filoloji tərcümə, izahlar və qeydlər Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 48
[54] Nizami Gəncəvi “Xosrov və Şirin”. Filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 319
[55] Nizami Gəncəvi “Leyli və Məcnun”. Filoloji tərcümə, izahlar və qeydlər Mübariz Əlizadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 61
[56] Orda, səh. 214
[57] Səh. 214-215
[58] Nizami Gəncəvi “Sirlər xəzinəsi”. Filoloji tərcümə, izahlar, şərhlər və lüğət Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 109
[59] Orda, səh. 110
[60] Nizami Gəncəvi “Xosrov və Şirin”. Filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 93
[61] Nizami Gəncəvi “Sirlər xəzinəsi”. Filoloji tərcümə, izahlar, şərhlər və lüğət Rüstəm Əliyevindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 111
[62] Nizami Gəncəvi “Xosrov və Şirin”. Filoloji tərcümə, izahlar və qeydlər Həmid Məmmədzadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh. 61
[63] Orda, səh. 212
[64] Nizami Gəncəvi “Leyli və Məcnun”. Filoloji tərcümə, izahlar və qeydlər Mübariz Əlizadənindi. Bakı, “Elm” nəşriyyatı, 1981-ci il. Səh 238
[65] Nizami Gəncəvi “Lirika”. Filoloji tərcümə, şərhlər və qeydlər Mübariz Əlizadənindi. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 58
[66] Nizami Gəncəvi “İskəndərnamə”. Bakı, “Elm” nəşriyyatı, 1983-cü il. Səh. 594. “İqbalnamə”nin filoloji tərcüməsi Vaqif Aslanovundu
A.Qaraçənlinin “Allaha şükür” kitabının bölmələri:
- “Quran”da şükür
- Peyğəmbərin şükürü
- Peyğəmbərləri heyran eləyən şükürlər
- Qəzalinin şükürü
- Xaqaninin şükürü
- Nizaminin şükürü
- Tusinin şükürü
- Xətainin şükürü
- Füzulinin şükürü
- Bakıxanovun şükürü
- Atalar sözlərində, deyimlərdə şükür
- Əsatirlərdə, əfsanələrdə şükür
- Nağıllarda şükür
- “Kitabi-Dədə Qorqud”da şükür
- Bayatılarda şükür